El üçün ağlayan gözüm  

 

1989-cu il martın 17-də dünyadan gedən Fərman Kərimzadə 1937-ci il martın 3-də dünyaya gəlmişdi. Olum ölüm tarixinin baharın ilk ayı olan martın ünvanına düşməsi qəribədir. Heç bilmirəm «ölüm» sözünü işlətməyə dilim necə gəldi. Axı, cismani yoxluq ölüm deyil, insanın yaşamaq haqqı «öləndən» sonra bilinir. Yəni, əsl insan, əsl sənətkar ölməzliyə qovuşur. Elə Fərman Kərimzadə kimi...

 

 ...Həmişə gülərüz görərdim onu. Üz-gözündəki işıqlı təbəssüm, sadə səmimi söhbətləri adamı ovsunlayardı. Özünə «cızmaqaraçı» deyərdi. Tarixi romanlar müəllifi, müasir nəsrimizin görkəmli nümayəndəsi F.Kərimzadənin bu təvazökarlığının mahiyyəti əfsuslar olsun ki, çoxlarına çatmırdı. Özünü öyməkdən çəkinən bu sənətkar ədəbi mühitin təşkili təriflərindən uzaq bir aləmə - öz sirli dünyasına çəkilib yazardı, yaradardı. Həmişə deyərdi ki, yazılan qalır, başqa heç ...

Yazıçının «Qarlı aşırım», «Xudafərin körpüsü», «Təbriz namusu» kimi həmişəyaşar əsərlərində Azərbaycan koloritindən doğulan, mənəvi böyüklüyümüzü, əxlaqi təmizliyimizi özündə əks etdirən milli obrazlarla qarşılaşırıq. Uzun zaman bu oğrazlar unutqan yaddaşımızı silkələyərək bizi özümüzə qayıtmağa vadar edir. Tarixi mövzuda roman yazmağın məsuliyyətini dərindən duyan F.Kərimzadə təsvir etdiyi dövrün ictimai-siyasi iqstisadi mənzərəsinə yaxından bələd olmadan əlinə qələm almırdı. Ona görə , istedadlı yazıçının romanlarında oğrazların danışığından, hərəkətindən tutmuş baş verən tarixi hadisələrin xronoloji təsvirinədək hər şey inandırıcı görünür.

Tale balaca Fərmanı uşaq yaşlarından sınağa çəkmişdir. O, Azərbaycanın qədim bölgələrindən olan Vedi rayonunun Vedi kəndindən ayrılanda 7-8 yaşı olardı. O dağlar, qayalar, çaylar, bulaqlar, isti nəfəsinə öyrəşdiyi el-oba Beyləqana köçəndən sonra uzun zaman yaddaşından silinmir.  Beyləqanda boya-başa çatan, orta təhsil alan, adamlarından xoş üz qayğıkeşlik görən Fərman həmişə Vedini - ilk addımlarını atdığı dədə-baba yurdunu xatırlayır. Yəqin ki, oxucuların yadına gələr... «Azərbaycan» jurnalında F.Kərimzadənin «Vedinin yanı dağlar» adlı publisistik yazısı dərc olunmuşdu. Həmin yazı tale yazısı, ömür-gün tarixi idi Fərman üçün. Oxuduqca məni kövrəldən yurd yanğılı, vətən həsrətli o cümlələr, ağılar, bayatılar bu gün yaddaşımda gözərir...

F.Kərimzadəni şəxsən tanımayan oxucular onun yaratdığı sərt obrazlara istinadən müəllifin sərt təbiətli bir adam olması qənaətinə gələ bilərlər. Xatırladım ki, «sərt» dediyim bu tarixi obrazlar əslində tariximizin, milli naturamızın özündən gələn kişi obrazlarıdır.

«Qarlı aşırım»da Abbasqulu bəy, Kərbəlayı, «Xudafərin körpüsü»ndə Şah İsmayıl Xətai xalqımızın, millətimizin kişilik zirvəsi, qəhrəmanlıq mücəssəməsidir. «Xudafərin körpüsü»ndə Uzun Həsən, Şeyx Heydər, Sara xatın, Aləmşahbəyim, Fərrux Yasar, Şeyx Əli başqa neçə-neçə irili-xırdalı obrazların öz yeri, öz nəfəsi hiss olunur. Əsərin əsas qayəsi Azərbaycanın vahidliyinə xidmət edir. «Bütün roman  boyu müəllif belə bir mühüm ideyanı diqqət mərkəzində saxlayır ki, tökülən qanlar, aparılan çəkişmələr, çarpışmalar bu başqa şəkildə xalqın, torpağın, vətənin birliyinə mane olmuşdur. Bədbəxtlik faciənin çoxu da buradan yaranmışdır». (Q.Xəlilov, «Azərbaycan» jurnalı, N 8, 1985.)

Kiçik Haşiyə: Bəli, bugünkü faciəmizin kökü çox-çox qədimlərə gedib çıxır. Biz «budaqlar» kökümüzdən ayrı düşə bilmərik ki! damarımızda babalarımızın qanı axır, döyüşən, parçalayan ... birləşdirmək istəyən ulu babalarımızın. Biz onların nəvələri - milli «ağacımızın» yeni irsiyyət «meyvələriyik»...

...Bayaq dediyim kimi, F.Kərimzadəni şəxsən tanımayan oxucu onu yaratdığı obrazlara müvafiq olaraq çox ciddi, çox sərt inadkar bir xislətin sahibi kimi təsəvvür edə bilərlər. Lakin, o «təsəvvürləri» yanıltmaq naminə deməliyəm ki, Fərman bəy o yaşda uşaq idi. Rəftarında, danışığında, təbəssümündə bir uşaq saflığı vardı. Yaradıcı adam dünyasnıdan dikələn bu uşaq saflığına söykənəndə böyüyür, müdrikləşir. Bu, bütün ədəbi nəsil dönümlərini əhatə edən yeganə atributdur. Əsl yaradıcılıq məhz bu saflıqdan mayalanır...

F.Kərimzadə ilə yoldaşı da olmuşam, yol yoldaşı da. Lakin onu yoldaşı olanda yox, yol yoldaşı olanda daha yaxından tanımışam...

Üç gün bir yerdə

...1988-ci ilin son ayında Yazıçılar Birliyindən şair dostum Musa Ələkbərli ilə məni Beyləqana yaradıcılıq ezamiyyətinə göndərdilər. Biz Beyləqana çatanda ilk dəfə görüşdüyümüz Fərman Kərimzadə oldu. Gülə-gülə, həmişəki zarafatından qalmayaraq:

- Mənim vətənimə xoş gəlmisiniz, - dedi. Sonra da əlavə etdi ki, yerli nümayəndə kimi mən qoşuluram sizə... - Biz ədəbi görüşlərimizin, çıxışlarımızın yüksək səviyyədə keçəcəyini qabaqcadan hiss etdiyimiz üçün çox sevindik. Fərman bəyin bələdçiliyi ilə el-obanın, maraqlı adamların, müdrik ağsaqqalların görüşünə getdik. Onun, qoynunda ərsəyə çatdığı Şahsevən kəndində olarkən kövrəldik. Qoca bir kişi Fərman bəyə yaxınlaşdı. Onun əlindən öpüb gözləri üstünə qoydu. Səsi titrəyə-titrəyə dedi:

- Ay oğul, sən gələn yollara canım qurban olsun. Bəs niyə bizi unutmusan. Axı, sənin burada el-oban var...

Üçümüz qəhərləndik. Fərman bəy kişinin boynunu qucaqlayanda necə hönkürdüyünü, uşaq kimi ağladığını bu gün unuda bilmirəm. İlahi, bu araya yığışan kənd adamları onu - Fərman Kərimzadəni necə sevirmiş. Elə bil obaya səs düşmüşdü. Uşaqlı, cavanlı, qocalı onun görüşünə tələsirdilər. Elə bil gələnlər ziyarətə, müdəqqəs bir varlığın görüşünə gəlirdilər. Musa Ələkbərli mən yerimizdə donub qalmışdıq. Bu anlar mənim beynimdən, ürəyimdən keçən yeganə fikir, duyğu belə idi:

«İnsanlıq insanı göylərə qaldırarmış». Bu məqamlarda mən yazıçı qardaşıma yer oğlu kimi yox, göylərin oğlu kimi baxırdım. Elə hesab etməyin ki, bu cümlələr hissimin, duyğumun, emosionallığımın diqtəsidir. Əsla! Bu, gözümlə gördüyüm insani münasibətlərin gerçək təzahürləridir. Bəli, əvvəlcə öz elinin oğlu olmalısan ki, sonra xalqının oğlu ola biləsən. Min illərin sınağından keçən bu həqiqətə bir daha inandım...

Fərman bəylə üç gün, üç gecə bir yerdə olduq. Beyləqan torpağını oba-oba gəzdik. Arazboyu kəndlərin bir toy məclisində iştirak etdik. Məclis əhli o taylı, bu taylı Azərbaycanın taleyindən romanlar yazan bir insanın bu toya gəlişindən qədər fərəhlənirdi. Fərman bəyə söz verildi. Həmişəki kimi qısa danışıb fikrini belə ümumiləşdirdi:

- Arzu edirəm ki, bu tayın toyuna o tay uzaqdan baxmasın...

Sonra, Bakıya qayıdanda məni tərpədən bu fikrə laqeyd qala bilməyib «Sərhəd boyunda toy» adlı bir şeir yazdım. İndi o şeirin bəzi misraları yadıma düşür:

 

...Bir qəmli toy idi Araz boyunda,

Araz aralıqdan axa bilmirdi.

Ana oynayırdı oğul toyunda,

Qolları yuxarı qalxa bilmirdi.

 

İldırım qopurdu, şimşək çaxırdı,

Sanki dağ tərpənir, daş oynayırdı.

Bu tayın toyuna o tay baxırdı,

Ana çöhrəsində yaş oynayırdı...

 

Beyləqanda bir yerdə olduğumuz üç gün ərzində deyib-gülsə , zarafatından qalmasa da Fərman bəyin gözlərində gizli bir nisgil oxuyurdum. O nisgil qələm qardaşımızı ürəkdən gülməyə, ürəkdən sevinməyə qoymurdu. 1988-ci ildə ata-baba yurdundan didərgin salınan qaçqınlarımızın, köçkünlərimizin fəryadı Fərman Kərimzadənin ürək ağrısı, dərdi, kədəri gözlərindən çəkilməyən ömürlük nisgili idi. O dərdin yaralarına az da olsa məlhəm qoymaq istəyən Fərman bəy didərgin yurddaşları üçün maddi, mənəvi köməyini əsirgəmirdi. Hətta dəfələrlə Moskvaya - haqqımızın davasını döyməyə getmişdi. Lakin, qüvvələr nisbəti bərabər olmayan bir döyüşdə xalqımızın təkləndiyini, haqsızlığın meydan suladığını görən yazıçı ürəyi öz döyüntüsündən qaldı. 1989-cu il martın 17-də Fərman Kərimzadə qəfil aramızdan getdi.

Dəfn günü yazıçılar, oxucular, dostlar, qohumlar tanışlar dünyamıza vaxtsız göz yuman gözəl insanın, istedadlı sənətkarın tabutunu dövrəyə almışdılar. Göz yaşları, hıçqırıqlar, «ata hey» fəryadları son təsəllimiz idi. Kimsə ağı deyib ağlayırdı. Dönüb ona baxdım dərhal tanıdım: Beyləqanda bizi kövrəldən həmin qoca kişi idi...

...Tabutdan yapışıb yola düzəldik. Yol boyu dilimdən bu misralar süzüldü:

 

El üçün ağlayan gözüm,

Xalq üçün çağlayan sözüm,

Sürünərəm dizin-dizin

Bu ayrılıq düzlərində...

 

Əslində heç kəsimizi «ayrılıq düzündə» qoymamaq üçün yaşamalı yaratmalıyıq. Bu gün biz unuduruqsa, sabah bizi unudacaqlar. Dünyada ən qorxulusu unutmaq dəhşətidir. Gəlin unutqanlığımıza qarşı qiyam qaldıraq, üsyan başlayaq. Yaşamağa mənəvi haqqı olanlarımızın ömrünə ömür calayaq... Allah sənə rəhmət eləsin, Fərman bəy, qəbrin nurla dolsun, qardaşım...

 

Ədəbiyyat qəzeti. -  2023. - 30 dekabr, ¹ 51. -  S. 26.