Ədəbiyyatımızda “köç” ağrısı
( Fərman
Kərimzadənin, Məmməd
Orucun və Hidayətin əsərləri
əsasında)
Xalq şairi Sabir Rüstəmxanlının bir şeiri həmişə, zaman-zaman yaddaşımda səslənib və məni tarixin dərinliklərinə çəkib aparıb.
Bu Vətən deyilən dünyam sirlidir,
Bir paytaxtı sevinc, bir paytaxtı
qəm.
Bu Vətən torpağı çox qəribədir
Hələ sərhədini
tapa bilmirəm.
Zaman-zaman sınırları
qəsbkarlar tərəfindən
pozulan Vətənin bağrından qopan torpaqlarımız yağıların
tapdağı altında
qalıb. Tarix boyu torpaqlarımıza göz dikənlər olub, yurdun birliyini,
gücünü, əzmini
sarsıtmaq istəyən
imperiyalar millətimizin
qüdrətini zəiflətmək
üçün işğalçılıq
siyasəti yürütmüş,
ucsuz-bucaqsız məmləkəti
yüz yerə parçalayıblar. Hələ
yeniyetməlik çağlarımda
dəyərli yazıçımız
Məmməd Orucun “Köçürülmə” romanını
oxuyanda böyük sarsıntı keçirmişdim.
Azərbaycanlıların Ermənistandan,
öz tarixi torpaqlarından didərgin
salınmasının bədii
salnaməsidir bu əsər. “Köçürülmə” romanında
İkinci Dünya müharibəsindən sonra
Vedibasar əhalisinin vaqonlara doldurularaq, əzab-əziyyətlə Azərbaycanın
İranla sərhəd
ərazilərinə mühacirəti
təsvir olunur. Romanda o qədər acınacaqlı, təsirli
səhnələr var ki, oxucunun
qəlbində fırtınalar
qoparır. Bu köçün
balaca iştirakçılarından
olan müəllif özü bütün bu hadisələri gözləri ilə görmüş, canlı
şahidi olmuşdur.
Bu faciələrin miqyası
bir romana sığası deyildi.
Buna görə də
yazıçı sonralar
eyni mövzuda “Qara güzgü” və “Qısa qapanma” romanlarını yazdı. Onu da qeyd edək ki, əvvəlcə, “Köçürülmə”
romanı qələmə
alınsa da, müəllifin
özü "Qara güzgü” romanını
"Köçürülmə”nin
əvvəli, "Qısa
qapanma”nı isə
"Köçürülmə”nin axırı kimi nəzərdə tutaraq, bunları bir yerdə "Üç
roman” şəklində çap
etdirmişdir. Hər üç romanda hadisələr Azərbaycanın
əzəli torpağı
Vedibasarda cərəyan
edir. Oxucu XX əsrdə müxtəlif
vaxtlarda azərbaycanlıların
öz doğma torpaqlarından deportasiya edilməsinin şahidi olur.
Daha sonra, 80-ci illərin sonunda “Azərbaycan” jurnalında görkəmli yazıçımız
Hidayətin “Burdan min atlı keçdi” əsərini oxuyanda da yurddaşlarımızın faciəli
taleyi yaddaşımda
ağrılı bir iz qoydu. Bu yaxınlarda
Hidayət müəllimlə
görüşəsi olduq,
o əsərdən söz
saldım, mənə
danışdı ki, “Azərbaycan”
jurnalında həmin əsər böyük çətinliklə, özü
də ixtisarla çap olundu. Onda hələ sovetlər imperiyası çökməmişdi, can üstəydi,
senzuranın qılıncı
hələ başımız
üzərində idi.
Jurnal əsəri ixtisarla çap etmək məcburiyyətində
qalmışdı. Sonralar
bu əsər bütöv halda, dəfələrlə kitab halında
çap olundu. Bu yazını işləyərkən,
Hidayət müəllimin
mənə bağışladığı
“Burdan min atlı keçdi” kitabını böyük ürək ağrısıyla oxudum.
Ömrünün on səkkiz
ilini İrəvanda yaşamış yazıçının
birbaşa şahidi olduğu hadisələrlə
tanış olduqca bədnam qonşularımızın
illər boyu üzümüzə gülüb,
içlərində bizə
qarşı kin, nifrət
bəsləməsinin səbəbləri
haqda düşünürsən
və anlayırsan ki,
natamamlıq kompleksindən
əziyyət çəkən,
özlərinin yaratdıqları
yalanlara özləri də inanan bu xəstə təxəyyüllü insancıqlar
tarix boyu başqalarının olanını
mənimsəməyə çalışıblar.
Kitabda yazıçı
azərbaycanlıların qədim
yurd yerlərimizdən
zorla çıxarılmasını
və sonra həmin kəndlərin adlarını dəyişib
erməniləşdirməsi prosesini qələmə alıb. Yurddaşlarımız
son ana qədər mübarizə
aparıblar, dədə-baba
torpaqlarından çıxmaq
istəməyiblər. Qarşı
tərəf isə amansızlıqla onları
köçə məcbur
edib. Bunun üçün
faciələr törətməkdən
belə çəkinməyiblər.
Yazıçı yazır:
“Bir əsrdə üç
dəfə hərbi təcavüzə, iki dəfə deportasiyaya məruz qalan mənim doğma kəndim ermənilərin
dincərliyinə – bağ
evlərinə çevrildi”.
Mığrı rayonundakı
kəndlərin hər
biri bu taleyi
yaşadı: Mərzə,
Mülk, Tağəmir,
Tuğut, Lehvaz, Maralzəmi, Əmrah daşı, Eynəzir, Lök, Aldərə, Bənövşəpuç, Buğakar...
Hidayət müəllim
qeyd edir ki, qədim Mığrı rayonunun ərazisində
IX-X əsrlərə aid çoxlu
tarixi abidələr,
Alban kilsələri, qalalar
və tikintilərin qalıqları vardı. Onların izlərini itirmək üçün
ermənilər hər
cür saxtakarlığa
əl atırdılar.
Hidayət bu saxtakarlıqları tarixi faktlarla qələmə alaraq, bədnam qonşularımızın iç
üzünü açıb.
Əsəri bu dəfə bütöv halda oxuyandan sonra Hidayət müəllimlə telefon söhbətimiz oldu. Dedim ki, kitabınızı
oxuyub bitirdim. Dedi ki, səbrin çatdı? Dedim ki, hər bir azərbaycanlı
bu kitabı oxumalıdır və əsər dünyanın
bütün dillərinə
tərcümə edilməlidir.
Qoy, bütün dünya həqiqətlərdən
agah olsun.
Ulu öndərimiz
Heydər Əliyev daim tarixi taleyimizin
yaralı yeri olan bu mövzunu
diqqətdə saxlayır,
çıxışlarında dəfələrlə bu barədə geniş söhbət açırdı.
Hələ 1994-cü il fevralın
23-də Böyük Britaniya
Kral Beynəlxalq Münasibətlər İnstitutundakı
çıxışında demişdi: “Əgər tarixi faktları araşdırmalı olsaq,
onda xatırlatmalıyam
ki, indiki Ermənistan ərazisinin bir hissəsi də vaxtilə Azərbaycan torpaqları idi. Mən həmin ərazini sizə göstərə bilərəm.
O, Zəngəzur adlanır.
Bir vaxtlar bu yerlər Azərbaycana məxsus olmuş, lakin 1918-1920-ci illərdə
Ermənistana keçmişdir.
Bir sözlə, tarixə
müraciət etməli
olsaq, onda görərik ki, Ermənistan
Azərbaycana çox
şey qaytarmalıdır.
Amma indi mən onu deyirəm ki, biz Ermənistan ərazisinə,
mövcud sərhədlərə
göz dikməmişik,
onların iddiasında
deyilik. Bununla bərabər, biz öz ərazimizin bir metrini də verməyə razılaşa
bilmərik”.
O zaman hələ
görüləsi işlər
çox idi və Heydər Əliyev Azərbaycan gəncliyinə istiqamətlər
verirdi, deyirdi ki, o torpaqları işğaldan
azad etmək hər bir azərbaycanlının
müqəddəs borcudur.
Vaxtilə işğal
altına düşmüş
yurd yerlərimizi qaytarmalı və o yerlərə qayıtmalıyıq.
Bu uğurlu siyasət
müasir tariximizin sonrakı illərində
– İlham Əliyevin prezidentliyi
dövründə də
davam etdirilib. Dövlətimizin başçısının
müxtəlif tribunalardan,
mötəbər qurumların
tədbirlərindən səsləndirdiyi
faktlar daim qonşularına kəm baxan separatçı erməniləri narahat etməyə başladı.
Əlbəttə, həqiqət
olan yerdə yalanlar, iftiralar ayaq tuta bilməz.
Əksinə, prezident
İlham Əliyev elm adamlarına,
araşdırmaçı mütəxəssislərə,
illərdir bu sahədə çalışan
tarixçilərə çeşidli
və vacib tapşırıqlar verib.
Qərbi Azərbaycandan
olan ziyalıların vahid mərkəzdə birləşməsi də
ali rəhbərin şah əsəridir. Onun "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır,
bunu bir çox tarixi sənədlər təsdiqləyir,
tarixi xəritələr
təsdiqləyir, bizim
tariximiz təsdiqləyir”,
– deməsi, prezident
İlham Əliyevin bu
məsələdə nə
qədər qərarlı
və inamlı olmasının göstəricisidir.
Bu yazı üzərində işləyərkən,
unudulmaz yazıçımız
Fərman Kərimzadə
gözlərimin önündən
keçdi. 1989-cu ildə
Ermənistandan azərbaycanlıların
sonuncu köçü
gələndə onun
ruhi sarsıntılarını
xatırladım. O, Vedidə
doğulmuşdu, öz
həmyerlilərini Bakının
küçələrində əsir-yesir günündə
gördükcə ürəyi
qubarlanırdı, bu didərgin köçünün
ölçüyəgəlməz faciəsi içində ağır bir yükə çevrilirdi.
Elə bu ağır yüklə də dünyadan köç etdi, yazıçı ürəyi
bu faciəyə dözmədi... Bu günlərdə
“Qarlı aşırım”
romanını yenidən
oxudum və anladım ki, Vedinin, Zəngibasarın hər qayasına, hər daşına bələd olan Fərman Kərimzadə o doğma yerlərin yad tapdağı
altında qalmasına
dözə bilməzdi.
“18-ci ildə Böyük Vedi kəndinin müsibəti başlandı. Hər tərəfdən mühasirəyə
aldılar. Taxıl zəmilərinin içində,
qarağac meşəliyində,
sarı rəngli təpənin üstündə,
ayran axan qurumuş kimi ağ görünən enli çaylağın kənarında səngərlər
qazdılar. Heç yerdən kömək gözləmirdilər. Abbasqulu
bəy getdikcə tutqunlaşır, sərtləşirdi.
Hamı onun üstünə qaçırdı,
o isə heç kimin üstünə qaça bilməzdi. Odur ki, “nə bilim”, “necə eliyək”, “görəsən,
axırımız necə
olacaq” sözlərini
işlətməməli idi.
Ümidlər ona bağlanmışdı” (“Qarlı
aşırım” romanından).
“Qırmızı
tabor”un komandiri,
əfsanəvi qəhrəman
Abbasqulu bəy Şadlinskinin faciəli taleyi haqqında düşündüm. “Qırmızı
tabor"çuların daşnaklara
qarşı döyüşlərdə
göstərdikləri igidlik
və şücaətlər
hər kəsə bəllidir. Şadlinski ilk
vaxtlar Naxçıvan
sərhədlərinin qorunmasına,
sonra Zəngəzur istiqamətində öz dəstəsinin daşnak hissələri ilə fəal döyüş əməliyyatlarına başçılıq
edib. Onlar cəllad Dronun daşnak qüvvələrini
darmadağın edərək,
Naxçıvanda Sovet
Hakimiyyətini qurmuş,
burada ingilis-daşnak işğalına son qoymuşdur.
1921-ci ilin yayında Şadlinskinin döyüşçüləri
Dərələyəz və
Zəngəzurda daşnak
quldurlarının darmadağın
edilməsində qəhrəmanlıq
göstərmişdilər.
Abbasqulu bəyin
nəticəsi Xırdaxanım
Əliyeva bir vaxt mətbuata verdiyi müsahibədə
ulu babası haqqında
maraqlı faktları dilə gətirmişdi:
“Ceyran bibimdən eşitdiyimə
görə, Abbasqulu bəy xasiyyətcə bir az sərt
və ciddi adam olub. Amma Vedi camaatı üçün ata olub, qardaş olub, bir sözlə,
hər işlərinə
yarayan, böyüklük
eləyən, hər çətinlikdə köməklərinə
çatan bir insan olub. O vaxtı
çox cavanların Peterburqda təhsil almasına o səbəbkarlıq
eləyib və həmişə onlardan maddi köməyini əsirgəməyib.
O vaxtı bütün
evlərdə silah olub. Yoxsa, erməninin
içində silahsız
necə yaşamaq olardı? Sonra Abbasqulu bəy Şura hökumətinə işləyirmiş.
Savadlı, vəzifəli
adamıymış. Bütün
mahalda hörməti, sambalı varmış.
Ona görə də ermənilər həmişə
ondan çəkiniblər,
elə bir məqam axtarıblar onu aradan götürməyə.
Bibim danışırdı
ki, cəmi bir gün Abbasqulu bəy Vedidə olmamışdı, bunu bilən ermənilər müsəlman kəndlərinin
birində böyük
faciə törədiblər.
Andranik başına buxara papaq qoyub,
dəstəsiylə gəlib
kəndə. Ermənilərin
çoxu da təmiz türk dilində danışa bilirdi. Özlərini müsəlman
kimi qələmə verib, adambaşına taxıl paylamaq adıyla camaatı yığırlar kəndin
içində böyük
at tövləsi varmış,
ora. Tövlənin bir tərəfində atlar, bir tərəfindəsə,
kükürd tayları.
Hamı gələndən
sonra qapını bağlayıb tövləyə
od vurublar. İndi təsəvvür eləyin
də, kükürd alışanda necə olur, hələ bir tərəfdə də atlar... Adamların çoxu elə atların ayağı altında tapdanıb ölür. O kənddən qalan təkcə səkkiz nəfər körpə olur, o da qundaqda. Sonra o körpələri bizim kənddə ailələrin
arasında bölüb
saxlayırlar”.
Jurnalistin “Abbasqulu
bəyin məzarı
hardadır?” sualına
nəticəsi belə
cavab vermişdi: “Vedi rayonunda «zavodun yanı» deyilən yerdəydi, indi yəqin ki, ermənilər dağıtmış
olarlar. Elə yeri gəlmişkən, bir əhvalatı da danışım sizə.
Sovet dövründə
atam Vedidə “İspalkom”un sədri işləyən
vaxtı, İrəvanda
kənd təsərrüfatı
sərgisi keçirilirmiş.
Atam da orda iştirakçıymış. Baxır ki, Abbasqulu bəyin şəklini qapının ağzında
qoyublar, gələn-gedənə
erməni xalqının
düşməni kimi
təqdim eləyir və şəkli təhqir edirlər. Ondan sonra atam
gəldi, İsfəndiyar
bibioğlu ilə danışdı ki, Abbasqulu
bəyin məzarını
Azərbaycana köçürsünlər.
Amma Minasyan (Vedidə raykom
katibi olub) icazə vermədi, guya qəbrin açılması ekologiyaya
ziyan vura bilər. Atam Abbasqulu bəyin heykəlinin Vedidə qoyulması məsələsini
də qaldırmışdı,
ermənilər ona da imkan vermədilər. Amma özləri İrəvanda
Andranikə «erməni
xalqının mili qəhrəmanı» kimi heykəl qoymuşdular”
(Modern.az, 19 oktyabr 2011-ci il).
“Qarlı aşırım” romanında
bir məqam diqqətimi çəkdi.
Vedi ermənilər tərəfindən mühasirəyə
alınanda Abbasqulu bəy qərar verir ki, əhalini müvəqqəti olaraq kənddən çıxarmaq
lazımdır. Öz
ailəsi də bu köçün içində gedirdi. Fərman Kərimzadə yazır:
“Axırıncı
arabada Abbasqulu bəyin ailəsi gəlib keçdi. Abbasqulu bəy arvadından nə soruşdusa, dönüb Xəlilə dedi:
– Evə qayıdaq, yaddan çıxan şey var.
Atları kəndə
tərəf çapdılar.
Evlər boşalmış,
səs-küy kəsilmişdi.
Xəlil soruşdu:
– Yadından çıxan nədir? Puldu, qızıldır?
– Yox, heç gör, arvad yadından pul çıxar?!
Evə çatdılar.
Atdan düşüb içəri qaçdı.
Çardağa çıxdı.
Arvadının büküb
pərdiyə keçirtdiyi
bağlamanı götürdü.
– Mirzə Cəlilin məcmuəsidir.
“Molla Nəsrəddin”dir...”
Abbasqulu bəy Mirzə Cəlilin məcmuəsinə görə
həyatını riskə
atıb geri qayıtmışdı. Elə
bircə bu fakt onun nə
qədər mənəviyyatlı,
daxilən zəngin bir insan olmasının
göstəricisidir. Onu
da əlavə edim ki,
az sonra, əhali elə Abbasqulu bəyin başçılığı altında öz doğma torpaqlarına qayıtdı. Tarix bu böyük kişini heç vaxt unutmayacaq.
Qoca tarix çox belə köçlərə şahidlik
edib. Qoca tarix bu dəfə
köçün qayıdışına
da şahidlik etməkdədir.
44 günlük Zəfərimizdən
sonra Müzəffər
Ali Baş Komandanımız
İlham Əliyev növbəti
hədəfləri nişan
verdi. 2022-ci ilin 24 dekabrında Qərbi Azərbaycandan olan bir qrup ziyalı
ilə görüşündə
Azərbaycan Prezidenti
İlham Əliyev proqram
xarakterli çıxışında
dedi:
“Qərbi azərbaycanlılar qanunsuz
olaraq dəfələrlə
deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz
doğma torpaqlarına
qayıtmalıdırlar”.
Çıxışının sonunda isə gələcək istiqamətləri müəyyənləşdirmək
məqsədilə ictimaiyyət
və ziyalılar qarşısında mühüm
vəzifələr qoydu:
“Mən bununla paralel olaraq hesab edirəm
ki, biz birgə səylərlə
Qərbi Azərbaycana
Qayıdış Konsepsiyasını
da işləməliyik. Qarabağ
münaqişəsi həll
olunandan sonra indi bizim gündəliyimizdə
duran məsələ
budur. Əlbəttə
ki, Qarabağ münaqişəsi
həll olunmayana qədər bu haqda danışmaq, bəlkə də tez idi. Ancaq
məncə, bu gün biz vaxt itirməməliyik. Qayıdış
Konsepsiyası hazırlanmalıdır.
Yenə də bu, necə deyərlər,
sülhsevər konsepsiya
olmalıdır. Biz bütün
beynəlxalq konvensiyalarda
bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Qayıdış
Konsepsiyası olmalıdır.
Bizim tarixi yaşayış yerlərinin
bir çoxu, mütləq əksəriyyəti
indi bomboşdur. Biz bunu bilirik. Biz öz keçmişimizi yaxşı bilirik. Qərbi Azərbaycandan olan hər bir
insan öz ulu babalarının yaşadıqları
yerləri yaxşı
bilir. İndi müxtəlif
yollarla bu informasiyanı əldə
etmək olar. Azərbaycanlıların yaşadıqları
yerlərin əksəriyyətində
heç kim yaşamır. Ermənistanda
bütövlükdə indi
depopulyasiya dövrü
hökm sürür. İnsanlar oradan gedir. Həm təbii artım yoxdur, eyni zamanda
dözülməz siyasi
vəziyyət, repressiyalar,
faktiki olaraq diktatura və iqtisadi çətinliklər
onları buna vadar edir. Bizim kəndlərimiz
dağıdılır. Biz buna dözə bilmərik. Ona
görə biz Qayıdış
Konsepsiyası üzərində
işləməliyik” (Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin Qərbi
Azərbaycandan olan bir qrup ziyalı
ilə görüşdəki
nitqindən).
Ölkə başçısının Qayıdış Konsepsiyasının həyata keçirilməsində hər bir düşüncə adamının, ziyalının, hər bir vətəndaşımızın payı olmalıdır. Çünki o torpaqlarda dədə-babalarımızın məzarı qalıb. Bir gün onların ruhu mütləq dinclik tapacaq. Açılan hər səhər bizi o günə bir addım da yaxınlaşdırır
Kənan HACI
Ədəbiyyat qəzeti.
- 2023. - 30 dekabr, ¹ 51. - S. 31.