İnsanlardan qaçan, özündən
qurtula bilməyən türk şairi
Nəcib Fazıl Qısakürək
1904-cü ildə İstanbulda
Maraşlı ailəsində
anadan olub. Atası Abdulkabi Fazilbəy o zamanlar hüquqşünas kimi çalışıb, anası
Mediha xanım evdar qadın idi.
O, ailənin tək uşağıydı. Ona Ahmet Nəcib
adını verdilər.
Gələcəyin böyük
şairi lap balaca vaxtından özü ilə baş-başa qalmışdı...
Təklikdən sıxılan Nəcibi babasının malikanəsinə
yollayırlar. 15 yaşına
qədər ciddi xəstəliklər yaşayan
Nəcibi, sözün
həqiqi mənasında,
ədəbiyyat xilas edir. Oxumağı nənəsindən öyrənən
oğlan artıq ədəbiyyatın, kitabların
xəstəsi olur...
Dəcəl Nəcib
Xarakterindəki dəyişkənlik onu həyatda fərqli edən ən böyük səbəbdir. Həqiqət
axtarışında olan,
daim özünü təkmilləşdirmək istəyən
Nəcib, bu xasiyyəti ucbatından neçə-neçə məktəb
dəyişməli olur.
Qısa zaman ərzində
Gedikpaşadakı Fransız
Məktəbində oxuyan
gələcəyin şairi
oradan Amerika liseyinə
göndərilir. Yaramazlığı,
dəcəlliyi nəticəsində
məktəbdən qovulan
Nəcib bir neçə müddət
özüylə baş-başa
qalmalı olur. Axır-axırda özündən
də bezən Nəcib yatılı məktəbdə oxumağa
qərar verir. Ancaq bu hələ
harasıdır? Nəcibin
şuluqluğu bitmək
bilmir və o, məktəblərdən qovula-qovula
axırda Haybeli Nümunə məktəbində
orta məktəbi yekunlaşdırır.
Nazim Hikmət və Nəcib eyni məktəbdə
Nəcibin təhsili daha sonralar Bahriyə məktəbində davam edəcəkdi. Onun qəbul olunduğu vaxt Yəhya Kamal Bayatlı, Ahmet Hamdi kimi müəllimlər burada işləyirdi. Türk poeziyasına və eləcə də həyata baxışında
tamamilə ayrı dünyaların insanı olan Nazim Hikmət də Bahriyədə Nəcibdən iki sinif yuxarıda oxuyurdu. Sosialist və millətçi şairlərin bir yerdə oxumağı, yəqin ki, taleyin oyunlarından biriydi.
Nəcib
Fazil Bahriyə məktəbində şeirlər
yazmağa, əllə
yazılmış bir
nüsxəlik "Nihal" dərgisi çıxarmağa
başladı. Bu onun
ilk nəşriyyat işi
olaraq tarixə düşəcəkdi...
Məktəbdə ingilis dilini yaxşı öyrənən
Nəcib, dünya ədəbiyyatının şedevr
əsərlərini, Bayronu,
Şekspiri ana dilində
oxumaq imkanı tapdı.
Nazim Hikmət o vaxtlar Bahriyədə oxuyarkən,
Yəhya Kamalın tələbəsiydi. Nəcib
kimi o da millətçi
şeirlər yazırdı.
Anası Cəmilə
xanımın Yəhya
Kamalla münasibətini
öyrəndikdən sonra
Nazim Bahriyədən və
öz evlərindən
getməli olur. Onun sonrakı taleyindəki dəyişiklik,
sosialist olması, Trotskiyə pərəstiş
etməsi, bəlkə
də, Yəhya Kamalın onu aldatması ucbatından baş verdi.
Nəcib
isə burada oxuduğu müddət şeirləriylə tanınmış,
ad çıxarmışdı. Ancaq içindəki qərarsızlıq Nəcibə
sonuncu, dördüncü
ili burada oxumağa imkan vermədi və ordan ayrıldı...
Bu zamanlar Nəcib Fazil çox acı bir xəbər
aldı: atası gənc yaşında vəfat etmişdi...
Parisə
açılan yol
Darülfünunda oxumağa qəbul
olunan Nəcib Fazil burada da dönəmin ən tanınmış ədəbiyyatçılarıyla
tanış oldu: Ahmet
Haşim, Yaqup Kadri, Faru Nafiz, Ahmet Kutsi...
"Yeni məcmuə" adlı dərgidə ilk şeirləri
yayımlanan Nəcibi
Yaqup Kadri və dostları yüksək qiymətləndirmiş, onun
gələcəkdə böyük
şair olacağına
inanmışdılar.
1924-cü
ildə digər məktəblərdən və
eləcə də Darülfünundan xaricdə
oxumaq üçün
bir qrupun göndəriləcəyi məlumatı
verildi. Bir azdan aydın olacaqdı ki, o qrupun içində bir gənc şair
də var - Nəcib Fazil Qısakürək. Gələcəyin böyük
şairi poeziya, şərab şəhəri
Parisə gedirdi...
Paris
Nəcib
Fazil Parisdə Sarbonna Universitetinə daxil oldu. Burada
dönəmin mistik filosofu Henri Berqsonla tanış oldu. Ancaq Nəcibin içindəki qərarsızlıq
burada da üzə çıxdı. O, Parisdə
avara və sərgərdan günlər
keçirdi, qumar sevdasına tutuldu. Bir il belə davam edən boş gəzintilər nəticəsində
Nəcibin illik təhsil haqqı ödənilmədi və
geri qayıtmağa məcbur oldu.
İstanbul
Şair
İstanbulda da bir neçə il avara həyatına davam etdi. Az keçmədi ki, onun "Hörümçək
toru" şeirlər
kitabı çapdan çıxdı. Şeirləriylə
təsəlli tapan Nəcib o zamanlar məşhur olan bank işinə girdi. Xarakterindəki dəyişkənlik
burada da üzə çıxdı: o müxtəlif
bank yerlərində çalışdı.
Şair təbiəti
ona bir yerdə
uzun müddət qalmağa imkan vermirdi.
1928-ci ildə "Qaldırımlar"
adlanan ikinci şeir kitabı çıxandan sonra Nəcib Fazilə böyük bir maraq yarandı. Qumar, qadın sevdasından qurtula bilməyən şair şöhrətin yaxasından
bərk-bərk tutmuşdu.
Deyilənə görə,
bu dönəmlərdə
"Beyza Xanım"
deyə kod adı verdiyi kokain sevdasına da düşmüşdü. Nəcib
Fazil İstanbul küçələrində
yıxıla-dura, buludlar
üstündə gəzə-gəzə
dünyaya meydan oxuyurdu. Artıq onun üçün həyatın üst qatı deyilən bir şeyi qalmamışdı.
O, həyatın dibinə
yuvarlandıqca daha çox şair, daha çox insan olduğunu anladı...
Ankara. Əsgərlik.
Şöhrət
Ankarada
bank idarəsinə çağırılan
Nəcib Fazil burada işləyə-işləyə
müfəttişliyə qədər
yüksəldi. Paytaxt
şəhər İstanbula
bənzəmirdi. İstanbul dağınıq, sərsəri
şəhərdi, Ankara isə
kostyum geyinmiş, yaxasına qalstuk vurmuş şəhərdi.
Burda yaşamağın
tək yolu da özünü mədəni
göstərməyə çalışmaq,
ayağının büdrəməyinə
imkan verməməkdi.
Eynən Avropa və Şərq kimi.
Ankarada mütləq siyasətə
bulaşmalısan. Nəcib
Fazil də burada aydınlarla tanış oldu. Darülfünundakı müəllimləriylə
də əlaqəni kəsmir, tez-tez görüşürdü.
1931-ci ildə əsgərliyə
çağırıldı. Millətçi şair olan Nəcib Fazil üçün əsgərlik mühüm
bir yer tuturdu.
O, bəlkə də,
yalnız burda, əsgər ocağında
Vətənin nə demək olduğunu iki il içərisində
öyrəndi.
Əsgərliyi bitəndən sonra
təzədən Ankaraya
qayıtdı. Bu zaman onu
şöhrətin zirvəsinə
qaldıran və bütün Türkiyədə
tanıdan "Mən
və digəri" şeirlər kitabı çap olundu. Artıq Nəcib Fazil Qısakürək bir şair kimi
açıq-aydın görünürdü...
Təsəvvüf
1934-cü
ildə Nəcib Fazilin dünyagörüşünün
dəyişməsində mühüm
bir hadisə baş verdi. Nəqşi şeyxi olan Əbdulhakim Arvasiylə tanışlığı
onun şeirlərində
irfan düşüncəsini
ortaya çıxardı.
İçinə hopan
təsəvvüf, irfan
düşüncəsi Nəcib
Fazili Tanrıya bir az daha
yaxınlaşdırıb, onu real həyatdan uzaqlaşdırdı.
Evlilik. Həbs
1941-ci ildə Fatma Neslihan Balabanla evlənən Nəcib Fazil Qısakürəyin Mehmet, Ömər,
Ayşə, Osman və
Zeynəb adlı beş uşağı oldu. Xoşbəxtliyin zirvəsinə qalxan Nəcibi, sən demə, irəlidə pis günlər gözləyirmiş: 1942-ci ilin
qışında 45 günlük
əsgərlik üçün
Ərzuruma aparılır.
Və elə ordaca siyasi yazısına
görə həbs olunur. Bu, şairin ilk həbs həyatıydı.
O, çala-çuxura düşə-düşə
həyatın əsl üzünü gödü.
Bütün yaşantısı
da bunu təsdiqlədi...
Nəcib
Fazil müxalif mövqedə
Nəcib
Fazil 1943-cü ildən
siyasi mövqeyini və türk modernləşməsinə öz
tənqidi münasibətlərini
ortaya qoydu. Müxalif düşüncələri
ifadə edən "Böyük Şərq"
jurnalında çap olunurdu. Bu jurnal o dönəm çıxan
ilk İslamçı dərgiydi.
Başlanğıcda tanınmış
yazarların yazıları
dərc olunsa da, sonradan Nəcib Fazilin dəyişik imzalarla yazdığı məqalələr jurnalın
əsas tərkibini tuturdu. Dərgi çox keçmir ki, tirajladığı düşüncəyə
görə bağlanır.
Nəcib Fazil isə yenidən əsgərliyə sürgün
edilir...
1945-ci ildə "Böyük Şərq" jurnalı
yenidən fəaliyyətini
bərpa etdi. Nəcib Fazilin düşüncələri daha
da qatılaşmışdı. Müxalifyönümlü dərgidə
ancaq dini yazılar gedirdi. 1945-ci ildə "Tan basqısı"
adlanan yürüşdə
Nəcib Fazil mitinqi alqışlamış
və gənclərə
dəstək olmuşdu.
Bir ildən sonra dərgi yenidən bağlandı. Nəcib Fazilin dərc olunan "Su" pyesi isə "milləti qanlı təşviqə yönəltmək"
səbəbiylə məhkəməyə
çıxarıldı.
1947-ci ildə dərgi təzədən yayımlanmağa
başlasa da, bu dəfə Rıza Tevfikin dərc olunan şeirinə görə yenidən fəaliyyəti dayandırıldı
və Nəcib Fazil həbs olundu. Şairi 1 ay 3 gündən sonra buraxdılar. Ancaq bəraət üçün
Nəcib Fazil evindəki bütün əşyaları satmalı
oldu...
Daha sonra, Nəcib Fazil "Böyük Şərq Cəmiyyəti"
qurdu. Çox keçmədi ki, məhz
bu səbəbdən xanımı Neslihanla birlikdə həbs olundu. Əfv qərarından sonra şairi və xanımını azad etdilər.
1951-ci ildə "Qumarxana basqını"nda Nəcib
Fazil həbs olundu. Şair ilk açıqlamasında orada
olduğunu bildirsə
də, daha sonra bunu təkzib
edərək belə demişdi: "Mən bir nəfəri tutmaq üçün ordaydım və bütün bunlar Demokrat Partiyasının qurduğu tələdir".
Cavanlığında qumara
marağı şairi
bir daha azadlıqdan məhrum etdi.
Bundan sonra çıxartdığı
jurnal və qurduğu partiya ucbatından dəfələrlə
həbs olunan Nəcib Fazilin həyatının yarısı
dörd divar arasında keçdi...
Oğuz Ayvaz
Ədəbiyyat qəzeti. - 2023. - 16 dekabr,
¹ 48-49. - S. 4.