Nə sevincək uzaqlaşdı yaxınlar,

     Axınlar nə qarğış yiyəsi oldu, zalım axınlar

 

Şam ağacı

                                      Nizamiyə baş əyən şam ağacına

 

            Ucalığı kimsə düşünmədi,

kimsə uzanmadı ucalığın dalınca,

kimsə sürünmədi ucalığa,

təkcə sənmi süründün, şam ağacı?

Sənmi tapdın, sənmi cavabladın

ucalığın kirli yolunu?

 

            Sənmi süründün Nizaminin ayaqları altına,

sənmi sevdin haqq sözü bu çuxurda?

Bu enişdə sənmi ucaldın yüksəkliyə,

enişlərin ucalığına,

çöküşlərin fövqünə,

acıların sevincinə

sənmi qaldırdın Nizamini?

Yarı adam, yarı ağac, şam ağacı.

            Əyilmək çətin şeydi, şam ağacı,

illahım da, ucalığa əyiləsən.

Döyüləsən, söyüləsən, qovulasan,

yenə əyilməkdən əl çəkməyəsən.

Böyük adamsan, böyük ağacsan, şam ağacı,

icazə ver, öpüm alnından,

alnını göstər mənə, ustad.

Bilmirəm, əyilməkdə var,

bilmirəm, bəlkə mən əyilim?!

            Ancaq bu təkcə əyilmək deyil,

təkcə sevmək, təkcə oxşamaq deyil,

təkcə anlamaq deyil bu, şam ağacı.

Bu nədi axı, şam ağacı?

Bəlkə bu bir şam ömrüdü,

bəlkə bir şam höcətidi.

            İncimə, şam ağacı,

heç kim səni düşünməyəcək bu çuxurda.

Heç kim səni görməyəcək,

heç kim səni ağac hesab etməyəcək.

Ağaclar güləcək sənə,

adamlar güləcək sənə.

Kimsə əyilib yerdən qaldırmayacaq səni,

kimsə qoluna girməyəcək.

            Beləmi olur sevgi, şam ağacı?

beləmi olur vurulmaq,

beləmi olur sovrulmaq?

Ucalmaq beləmi olur, bədbəxt ağac?

Halal elə, yanında qalan deyiləm,

mən gedirəm daha,

mən səninçün ağac olan deyiləm.

 

 

Şəkilləndir

 

            Gəl ətəyindən tök illəri,

sözləri, baxışları ətəyindən ələ.

Ələ götürməyə çalışma

ağrıları, acıları.

İşgəncələri ətəyinə toplama,

umu-küsünü qəsd eləmə.

Qulaq batıran səssizliyi,

uğursuzluğu, hissizliyi

yolumuzdan süpür,

süpürgə çəkməyi unutma.

            Gəl ətəyini şəkilləndir,

dağı, daşı, dərələri şəkilləndir.

Ətrini, nəfəsini, səsini,

hıçqırıqlarını şəkilləndir.

Təlaşlarını, savaşlarını,

göz yaşlarını şəkilləndir.

Şəkilləndir axşamları, sabahları,

ahları, ufları şəkilləndir.

Fərəhsizliyi ətəyindən çırp.

            Şillələ, dəhmərrə talesizliyi,

naxışını ətəyindən sil.

Boğma, çıxart qədərimizə,

qismətimizi küləklərə ver.

Qoy küləklər aparsın

ağırrığımızı, uğurruğumuzu.

Umacağımızı şəkilləndir,

itirəcəyimizi şəkilləndirmə.

Acılara söykənib,

sabahlarımızı ətəyindən tökmə,

şəkilləndir, şəkilləndir sabahlarımızı.

            Şəkilsiz havaları,

şəkilsiz nəğmələri şəkilləndir.

 

 

Zalım illər

 

            İllər tez keçdi, zalım illər,

zalım sözlər, zalım üzlər, zalım əllər.

tez keçdi, zalım sevgilər,

zalım gözləntilər, zalım əzgilər.

Həstəklər, köstəklər tez keçdi,

tez şay oldu göstərilər,

diləklər, istəklər tez zay oldu.

Ömür yaman uçdu,

günlər tez ay oldu.

            Saatlar tez keçdi, zalım saatlar,

zalım sabahlar, zalım axşamlar,

zalım dəqiqələr tez apardı bizi.

tez alacalandı baxışlar,

gözlər dərin çuxura düşdü.

Ümidlər tez-tələs küyə döndü,

Xəyallar yeyin suya düşdü.

            Ayrılıqlar necə hərəkətləndi, zalım ayrılıqlar,

yetirdilər gözlə-qaş arasında.

Zalım gözlər, zalım qaşlar,

zalım ürkək baxışlar.

Acılar tez ayaq açdı,

tez unuduldu ağrılar,

çağrılar tez uduldu.

sevincək uzaqlaşdı yaxınlar,

axınlar qarğış yiyəsi oldu, zalım axınlar.

Uzandı, uzandı sabahlar,

üfüqlər çatmaz oldu.

Axşamlar yetməz,

gecələr bitməz oldu.

            Gələnlər gəlməz oldu,

zalım gələnlər.

 

 

Təklənmək

 

            Olası ağır şeydi təklənmək,

yüklənmək, dolub-daşmaq ağır şeydi

Dağlar, daşlar tərəfindən təklənmək,

Sellər, sular axdığından təklənmək,

insan selində təklənmək ağır şeydi.

            Ağır şeydi üzmək insan selində,

baxışlarda üzmək, dildə-ağızda üzmək,

xəyallarda üzmək ağır məsələdi.

Ağır oturub, batman gəlmək ağırdan ağırdı,

əslində pis deyil, süfrə acısıdı,

çörək acısıdı, göz görətidi.

            Olası ağır vəzifədi təklənmək,

dərininə boylandıqca təklənmək,

dərininə quylandıqca təklənmək.

Tək əl olmaq tale barışığıdı,

tale bataqlığıdı köklənmək.

Olası ağır şeydi, Tanrım,

sənin adına üzmək,

sənin adına yazmaq,

sənin adına dözmək ağır savaşdı.

Təklənmək, təklənmək ağır görəvdi, Tanrım,

necə dözürsən?

Necə oxuyursan üzləri,

fikirləri necə çözürsən,

necə qəbul edirsən göz yaşlarını?

            Olası ağır şeydi təklənmək

yaşıl yarpaqlar arasında.

Yaşıl gözlərdə, yaşıl xəyallarda,

yaşıl sevgilərdə dolaşmaq cansıxıcıdı.

            Olası ağır şeydi, Tanrım,

üzməyi öyrənmək.

 

Aydın Uluxanlı

 

Ədəbiyyat qəzeti. - 2023. - 30 dekabr, ¹ 51. - S. 27.