Arifin canı qəzəldir
Arif Buzovnalının yaradıcılığına
bir baxış
Klassik Azərbaycan şairləri
həm yazdıqları
əsərlər, həm
yaratdıqları məktəb
və göstərdikləri
təsir vasitəsilə
Şərq ədəbiyyatında
əhəmiyyətli yer
tutmuşlar. Əsrlərlə
davam edən klassik şeir ənənəsi müasir
Azərbaycan ədəbiyyatında
da davam etməkdədir.
1920-1950-ci
illərdə Sovet totalitar mühitində digər sahələrdə
olduğu kimi ədəbiyyat da radikal metodlarla idarə olunurdu və beləliklə, sosialist-proletar
ədəbiyyatı formalaşdırılmışdı.
Sosrealist ədəbiyyatı
yaratmaq üçün
klassik ədəbi irsin üzərindən xətt çəkilmiş,
klassik şeiri yaşadan ədəbi məclislərin fəaliyyəti
dayandırılmış, muğama, milli musiqi alətlərinə qarşı
kampaniya başlanmışdı.
Bu zaman kəsiyində ədəbiyyat,
dil, din və mədəniyyət sahəsində
həyata keçirilən
tədbirlər klassik
şeirə də təsirsiz ötüşməmiş
və "yumşalma"
dövrünə qədər
bu sükut davam etmişdi. 1923-cü ildə fəaliyyətinə
son verilən `"Məcməüş-şüəra"
öz fəaliyyətini
yalnız 1980-cı ildə
bərpa edə bilmişdi. Lakin hətta sovet rejiminin qılıncının ən
kəskin zamanında sosrealist poeziyasının
öndə gedən nümayəndələrinin belə
əruz vəznindən
tamamən imtina etməsi mümkün olmamışdır.
Qəzəlxan Arif Buzovnalıya görə,
XX əsrdə qəzəlin
yaşamasında həm
Əliağa Vahidin yaradıcılığı, həm
də muğam sənəti önəmli
rol oynamışdır.
Vahid klassik şeirin qorunmasına, sosrealizm şəraitində yayılmasına
və gələcəyə
ötürülməsinə imkan yaratdı. Məzmun fərqinə və məna dayazlığına baxmayaraq,
"qəzəl" libasında
klassik şeir sosial mühitdə özünə yer tapa bildi.
Klassik şeiri yaşadan bir digər qüvvə də satira idi. Sovet
hakimiyyəti illərində
hakim sistem cəmiyyətdəki
çatışmazlıqları aradan qaldırmaq və xalqın arasında ictimai qınağı formalaşdırmaq
üçün satirik
şeirin yazılmasına
icazə vermişdi. Əruzun oynaq bəhrlərində daha gözəl səslənən
və digər vəznlərdən akustikası
ilə seçilən
satirik şeirlərin
sevilməsi və sovet rejimi tərəfindən
qəbul edilməsi həm də əruz ədəbiyyatının
yaşaması demək
idi. Belə ki, əruz vəzninin ahəngi, ritmi və oynaq bəhrləri
satirik şeir üçün münasib
idi. Klassik şeirin yaşamasının
digər səbəbi
də dini mərasimlər idi.
Hər hansı bir ictimai quruluş dəyişkənliyi zamanı
dini, mənəvi dəyərlərin mərkəzdən
uzaqlaşdırılmasına səy göstərilirdi. Bəzən isə bu dəyərlər quruluşun diktəsinə
tam tabe olaraq, onun istəklərini həyata keçirərək
mövcudluğunu davam
etdirirdi. XIX əsrin sonlarında yaranmış
ədəbi məclislər
sovet hakimiyyətinin qurulması ilə bağlanmış və dağıdılmışdı. Bakıda bir neçə yerdə şəxsi evlərdə
gizli ədəbi məclislər fəaliyyət
göstərirdi. Bu məslislərin
adı yox idi. Bu toplantılarda Məşədi Azər, Əbdülxalıq Yusif, Məmmədağa
Cürmi və digərləri şeirləşir,
ədəbiyyatdan danışır,
klassik ədəbi nümunələri təhlil
edir, fikir mübadiləsi aparırdılar.
Beləliklə, klassik
şeirin sirləri və min illik ədəbiyyat texnikası
da o məclislərdə iştirak
edənlərə ötürülürdü.
XX əsrin 90-cı illərində
"Füzuli ədəbi
məclisi", "Məcməüş-şüəra",
"Vahid" ədəbi məclisinin
fəaliyyət göstərməsi
bu ənənənin qırılmadığını göstərirdi. Bu gün
klassik şeir ənənəsi Azərbaycanda
Şərq dünyasının
heç bir yerində olmadığı
qədər güclüdür.
Son araşdırmalarımız zamanı 1991-ci ildən bu günə qədər 30 divanın və 7 təzkirə xarakterli əsərin yazıldığının şahidi
oluruq.
Mərhum
Bəxtiyar Məmmədzadə XX əsrin sonu - XXI əsrin əvvəllərində
- klassik irsə yeni yanaşma şəraitində,
klassik ənənələrin
yeni dirçəlişi mərhələsində
növ, janr-forma və heca-əruz münasibətlərinin doğmalığının
davam etdiyini yazır. Belə ki, müasir dövrdə klassik irsin nuru,
ənənə şüası,
qəzəl-müsəmmət işığı səviyyə
və keyfiyyəti ilə müəyyən ədəbi-nəzəri hava
yaratmışdır. Bu gün
qəzəl, qəzəl-müsəmmət
yazılırsa, bəhri-təvil
(uzundərya) yaranırsa,
bu, normal, təbii ədəbi inkişafın
nəticəsidir, ifadəsidir.
Bu nümunələr filoloji
təhlil predmeti olaraq dəyərləndirilməlidir.
Bədii ədəbiyyat
yalnız bunlardan ibarət olmadığı
kimi, bunlarsız da deyildir.
Vaqif Yusifliyə görə isə zamanlar dəyişir, ədəbiyyatda
yeni cərəyanlar, yeni poetik
formalar meydana gəlir, məzmun dəyişir, şairlər
yeni ideyaların bədii
təcəssümünə can atır, qəzəl isə öz taxt-tacını, əbədi
yaşam haqqını
itirmir. Olsun ki, zamanın hansı dönəmindəsə qəzəl
bir qədər arxa plana keçir, hətta "köhnəlik"
nümunəsi elan edilir,
amma yenə boy göstərib
öz missiyasını
yerinə yetirməyə
başlayır. XXI əsrin
birinci rübündə
qəzəl özünün
yeni bir dövranını
yaşayır.
Professor Firəngiz Əlizadə, qəzəl janrını
inkişaf etdirməklə
Azərbaycan musiqisinə
yeni bir pəncərə
açıla biləcəyi
fikrindədir. Bəstəkarın
fikrincə "qəzəl
və musiqinin vəhdətinin məktəbi
də Azərbaycandır.
Elə bu səbəbdən də qəzəl janrını
kölgədə qoymamalıyıq.
Təbii ki, klassik şeir çətin bir janrdır. Gənc bəstəkarlar
da bu çətinliyi
dərk edirlər. Düşünürəm ki, bunun
məktəbi olmalıdır.
Əruz vəznini öyrənib musiqidə tətbiq etmək böyük məharət
tələb edir. Qiymətli operalarımız
var ki, qəzəl janrına
müraciət edilərək
ərsəyə gəlmişdir.
Üzeyir bəy musiqi
tariximizdə ilk olaraq
belə möhtəşəm
əsərlərə imza
atmışdır. Dünyada
məşhur olan simfonik muğam əsərlərimiz də
məhz qəzəl janrı ilə birbaşa vəhdət təşkil edir. Ü.Hacıbəylinin
"Sənsiz" və
"Sevgili canan" romansları
örnək olaraq bizi bu janrda
yeni əsərlər yazmağa
sövq edir. Bir bəstəkar kimi çox istərdim ki, bu musiqi janrında
yeni əsərlər meydana
çıxsın".
Müasir
Azərbaycan ədəbiyyatında
klassik şeir ənənəsini - vəzn,
janr və formalarını yaşadan
şairlərdən biri
də ustad qəzəlxan
Arif Buzovnalıdır. Burada
çağdaş Azərbaycan
ədəbiyyatında sevgini,
eşqi, sosial, dini, irfani mövzuları
klassik vəzn və janrlar vasitəsiylə şeirləşdirən,
Azərbaycan şeirində
ilk dəfə sərbəst
əruzu istifadə edən, Xəzər Təzkirəsini
tərtib edən, çox sayda tələbə yetişdirərək
ustad şair məqamına
yüksələn Arif Buzovnalının
yaradıcılığını dəyərləndirməyə çalışacağıq.
Arif Buzovnalı, Bakıda və Abşeronda fəaliyyət göstərən
müxtəlif ədəbi
məclislərin, o cümlədən
"Füzuli" və
"Məcməüş-şüəra"
məclislərinin üzvü
olmuş, "Azərbaycan
Gəncləri", "Kaspi", "İki sahil",
"Yol", "Olaylar", "Ədəbiyyat qəzeti",
"Tək səbir",
"Nəbz", "Şəhriyar"
və başqa qəzetlərdə, həmçinin
"Hikmət", "Kəlam",
"Ulduz", "Karvan", "Azərbaycan"
jurnallarında bədii
əsərləri və
müxtəlif mövzulu
məqalələri ilə
çıxış edib.
2014-2021-ci illərdə Azərbaycan
Dövlət Televiziyasında
"Məclisi-Üns" verilişinin
daimi iştirakçısı
olmuşdur. 2018-2019-cu illərdə
keçirilmiş 1-ci və
2-ci "Nəsimi - Şeir,
incəsənət, mənəviyyat"
festivalı çərçivəsində
"Nəsimi məclisi"
və "Bir qəzəlin
şərhi" proyektlərinin
müəllifi və aparıcısı olmuşdur.
"Ömrün ötən
anları" (1999), "Mərifətdən
həqiqətə" (2005), "Səhərimə nə qalıb ki" (2007), "Xəzərim"
(2009), "Sarı güllər"
(2010), "Seçilmiş əsərlər" (2014), "Vadi"
(2022), "Qəzəllər" (2023) kitabı işıq üzü görmüş
və müxtəlif almanaxlarda əsərləri
yer alıb. Şairin Ömər Xəyyam, Sergey Yesenin və
Leyla Əliyevadan tərcümələri
var. 2022-ci ildə 50 illik
yubileyi münasibətilə
haqqında təbriklər,
ithaflar və məqalələrdən ibarət
"Arif" kitabı çap
olunub.
Arif Buzovnalı 2011-ci ildən
Azərbaycan Yazıçılar
Birliyinin üzvü,
2016-cı ildə təsis
edilmiş Xəzər Yazıçılar
Birliyinin sədri,
2017-ci ildən "Poeziya
klubu"nun sədridir.
Azərbaycan Yazıçılar
Birliyi Xəzər Bölməsində
fəaliyyət göstərən
poeziya klubunda Arif Buzovnalının rəhbərliyi
ilə klassik janr və formalarda
şeir yazan bir ədəbi nəsil yetişməkdədir.
Bunlar arasında Elsər Qədri, Kamal Hüseynzadə, Yaqub Sahil, Əşrəf
Pirşağılı, Vəlixan
Vəli, Zaur Rəxşanın adlarını çəkə
bilərik. Ədəbi
məclisdəki bu fəaliyyəti nəticəsində
Arif Buzovnalı ustad şairə
çevrilmişdir.
Arif Buzovnalı şeirlərinin
böyük bir hissəsi əruzun rəməl, müzare, həzəc, müctəs,
münsərih, xəfif
bəhrlərindədir. Şairin,
eyni zamanda heca və sərbəst
vəzndə də şeirləri vardır.
Azərbaycanda fəaliyyət göstərmiş
ədəbi məclislər
klassik şeir ənənəsinin yaşamasında
əhəmiyyətli rol
oynamışdır. Belə
ki, klassik ədəbiyyatın,
bəlağətin, Şərq
fəlsəfəsinin, təsəvvüfün,
İslam tarixinin və
s. öyrədildiyi ədəbi
məclisləri ədəbi
emalatxana hesab etmək olar. 1991-ci ildə müstəqilliyin
əldə edilməsindən
sonra Hacı Mail, Həkim
Qəni kimi klassik şeir vurğunlarını, ədəbi
məclislərdə şairləri
toplamış və klassik ənənəni istər məzmun, istərsə də forma baxımından davam etdirən bir nəslin yetişməsinə
nail olmuşlar.
Arif Buzovnalı da bu məclislərin üzvlərindən
olmuş, bu mühitdə yetişmiş,
ədəbi tərbiyəni
ədəbi məclislərdə
almışdır. Hal-hazırda
şair özü də rəhbərlik etdiyi ədəbi məclisdə şairlər
nəsli yetişdirir.
Şairin kitablarını
nəzərdən keçirdiyimiz
zaman klassik şeirin qəzəl, qəsidə,
müstəzad, mürəbbe,
müsəddəs, müsəbbe,
müəşşər, tərcibənd,
tərkibbənd, növhə
və digər janrlarında şeirlər
qələmə aldığını
görürük.
"Ey nigarım, can gedib, zülfünlə bican olmuşam" qəzəlində
şair dini-irfani ənənəyə bağlılığını
bir daha səmimi şəkildə
göstərir və qəzəlxan olmasının
səbəbini açıqlayır:
Ey bəlakeşlər, sizə
həmdərd olan Arif
mənəm,
Həqqi elan eyləməkçün mən qəzəlxan olmuşam.
Arif Buzovnalı da Hacı Mail məktəbində
yetişmiş və bu mühitdən təsirlənmiş şairlərdəndir.
Şair qəzəllərində
böyük bir hörmət və qədirşünaslıqla ustadını
yad edir:
Arifa,
Vahid əgər fəxr
eləyib Azər ilə,
Sən də fəxr eylə ki Mail kimi ustadın olub.
***
Mail, sənə sidq ilə bu gün
söz verir Arif,
İllər keçər, amma ki, bu ünvan unudulmaz.
***
Vadiyi-eşqdi aşiq kəsə
dünyada Vətən,
Kimdə var eşqi-Vətən, Maili ünvan bilsin.
"Qələm" rədifli
qəzəlində isə
Arif öz şeirini
Hacı Mailin təshih etməyə
haqqının çatdığına
işarə edir:
Axıdar yaşı müdam
səhfeyi-cananə qələm,
San çəkər nəqşi-füsun
bağü gülüstanə
qələm...
Neçə müddətdi ki həsrətdi
ədibanə sözə,
Nə qədər tab eləsin
möhnəti-hicranə qələm.
Elmdən ayrı düşünmək
onu olmaz, çünki,
Xilqətindən bəri həmxanədi irfanə qələm...
Hacı
Maildi səbəbkarı
bu şeirin, Arif,
Yeri
vardır çəkə
şeirindəki nöqsanə
qələm.
Ədəbi məclislərdə yetişən və ədəbi tərbiyə
alan şair məclis ədəb-ərkanı
haqqında nəsihətlər
də verir:
Sözünü, ey danışan kimsə, ləyaqətlə danış.
Ya hədisdən, ya da Qurandan əlamətlə danış.
Qanmaz olma, sözə
güc vermə, ədəb gözləginən,
Ürəfa məclisidir, incə
işarətlə danış.
Kişisən, ağır otur,
ortaya pıç-pıç
salma,
Bizdən üstün danışırsansa,
cəsarətlə danış.
Ali məclisdi, qulaq ver, sözün ahəngini tut,
Dinlə, öyrən, sonra
get xəlqə bəlağətlə
danış.
...Həq biləndən xəbər al həqqi ki,
bil həqq nədir,
Sonra gəl məclisə iffətlə, ədalətlə
danış.
Arif Buzovnalının şeirlərini
nəzərdən keçirib
yaradıcılığını dəyərləndirdiyimiz zaman daha
çox sevgi şeirlərinə rast gəlirik. Məlum olduğu kimi klassik şeirdə eşq, sevgi mütləq tərənnüm
edilməsi vacib olan mövzulardandır. Klassik şeirimizdəki şairlərin hamısı
eyni tipli gözələ aşiqdirlər,
sevginin eyni mərhələsindədirlər və bu sevgi
tək tərəflidir.
Gözəl insana duyulan
sevgi ilahi eşq üçün bir körpüdür. Çünkü ilahi eşqin yolu məcazi eşqdən - insan gözəlliyinə olan sevgidən keçir. Şair bu mərhələdə qalmamış, əsl gözəlliyi idrak edərək ilahi gözəlliyin eşqinə
çataraq irfani şeirlər də qələmə almışdır.
Arif Buzovnalının şeirlərində
vətən sevgisinin,
Cənubi Azərbaycan
həsrətinin, Qarabağ
dərdinin, zəfər
yanğısının, sosial
həyatın və problemlərin klassik vəzn, janr və formalarda ifadə edildiyinə şahidi oluruq.
Arif Buzovnalının şeirləri
içərisində vətən
mövzusu əhəmiyyətli
yer tutmaqdadır. Şairin "Seçilmiş
əsərləri" içərisində
vətən mövzusunda
çoxsaylı şeirlərə
rast gəlirik. Bu şeirlərin böyük
bir qismində Birinci Qarabağ Müharibəsində
itirilmiş torpaqların
həsrəti duyulur:
Küsdümü səndən, görən, azadə çağlar, ey Vətən,
Dad edib ağlar səni sönmüş ocağlar, ey Vətən...
Oldu
viran vəhşi əllərdə çəmənlər,
bağçalar,
Bayquşa mənzildi bülbülsüz
budağlar, ey Vətən...
Ölsə də düşmanə
təslim etməyib öz yurdunu,
Qanlı torpağın şəhid
canlar qucağlar, ey Vətən.
Arif Buzovnalı "Ey şah,
qında tutma ədalət qılıncını"
qəzəlində də
kafirlərin Azərbaycana
iştahlandığını, sülh ilə bu problemin həll
olunamayacağını, hərbi
müdaxilə ilə
çözüləcəyini, bunun üçün cəsarət qılıncını
qaldırmaq vaxtının
çatdığını, düşmənin bu xalqı güclü görmədiyi təqdirdə
ədavətə son qoymayacağını
illər əvvəl dilə gətirmişdir:
Ey şah, qında tutma ədalət qılıncını,
Meydanda qaldır ərşə
cəsarət qılıncını...
Sülh ilə mümkün
olmur əgər həqqi söyləmək,
Hərb ilə dindir onda fəlakət qılıncını.
Bu xalqı güclü görməsə sülh istəməz rəqib,
Qoymaz yerə əlindən
ədavət qılıncını...
Hərbin gücü ilə
al Qarabağ torpağın
geri,
Düşmən başında oynat əsarət qılıncını...
Arif bu xalqın əsgəridir,
var dəyanəti,
Hazır tutub əlində
səadət qılıncını.
Şairin
2020-ci ildə qazanılmış
zəfərə qədər
Qarabağ mövzusunda
yazdığı şeirlər
həsrət, xəcalət,
peşmanlıq və
ümid motivləri üzərində işlənmişdir.
O, "Qarabağdan yeni il məktubu"
adlı şeirində
düşmən tapdağı
altında inləyən
Qarabağın fəryadını
bədii ifadə vasitələrindən ustalıqla
istifadə edərək
oxuculara çatdırmışdır:
Əvvəla, hamıya məndən
salam olsun,
Yeni il bayramınız da haram olsun!
Üzünüz ağ,
Canınız sağ dolanırsız,
Hərəniz bir işlə məşğul
Kef içində yaşayıb
qurdalanırsız...
Ayaq
altında qalan mən, dikələn siz,
Kiçilib xırdalanan mən,
yekələn siz,
Dağılıb parçalanan mən, tikilən siz.
Sizə mən gözdağı
olmaqdan isə adi göz oldum,
Dilinizdə neçə illərdi
ki növbətçi söz
oldum.
Adıma gör nə qədər mahnı qoşublar,
Mənim uğrumda şeirlə
yarışıblar,
Nə qədər arzu
deyib boş danışıblar,
Buna artıq alışıblar,
Yoxluğumla barışıblar...
Deyirəm son dəfə hər
bir kəsə, mənsiz Vətən olmaz,
Heç vaxt Vətənsiz
Vətən olmaz...
Özümə sizləri mən bilmişəm övlad,
Məni mənsiz eləyib
yad.
Bəs edər qəlbimə
çəkdiz bu qədər dağ,
Yeni il məktubu yazdım sizə. İmza: Qarabağ.
Azərbaycan ikiyə bölündükdən
sonra şair və yazıçılarımız
Cənubi Azərbaycan
mövzusunda irili-xırdalı
əsərlər yazaraq,
bu məsələni həmişə gündəmdə
saxlayıblar. Təbrizi
"şəhərlər şahı, Şərqin rəşadət
rəmzi" olaraq görən şairin şeirlərindən cənub
mövzusuna nə qədər həssas yanaşdığını, otuz
milyon həmvətənimizi
unutmadığını görürük:
Təbrizim, sən can alan bir nazlı afətsən, nəsən?
Hüsnsüz dünya üçün
kani-məlahətsən, nəsən?..
Hər küçən bir
canlı tarixdir əsrlərdən baxır,
Daş
dil ilə söylənən sonsuz hekayətsən, nəsən?..
Sən şəhərlər şahısan, Şərqin rəşadət
rəmzisən,
Heydəri-Kərrardən qalmış vilayətsən, nəsən?
Qövsinin qövsi-quzehdən başına
tac qoymusan,
Şəhriyarın şeirinə təxti-səadətsən, nəsən?
Arifəm, min dəfə görsəm
doymaram səndən yenə
Qeybdən möcüz, İlahidən
kəramətsən, nəsən?
2020-ci ildə müzəffər
Azərbaycan ordusunun işğal altındakı
torpaqları azad edərək qələbə
qazanmış və beləcə, şairin arzuları gerçək olmuşdur. Arif Buzovnalının
vətənlə bağlı
yaradıcılığı artıq nisgilli notlar üzətində deyil zəfər, qələbə mövzuları
üzərində köklənmişdir.
"Zəngəzurdan məktub"
şeiri qələbə
sevincinin misralara düzüldüyü şeirlərdəndir:
Salam olsun sənə, ey sevgili Azərbaycan!
Salam olsun sənə, qalib əsgər!
Salam olsun sənə, mərd sərkərdə!
Halal olsun sənə bu şanlı zəfər!
Bayrağın dağlara salmış kölgə,
Qucmuş öz ulduzunu ayparası.
Şuşa ki millətimin şah
əsəri,
Şuşa ki tariximin şah
qalası.
Burda çarpışdı qaranlıqla
işıq,
Ölümə burda zəfər çaldı
həyat.
Söylədik hər kəsə düşmənqarışıq,
Şuşasız yoxdu Vətən, yoxdu nicat.
Şairin
yaradıcılığında "Xəzərim" şeirinin
xüsusi yeri vardır və bu səbəbdəndir ki,
2009-cu ildə nəşr
olunan şeirlər kitabına "Xəzərim"
adını vermişdir.
"Xəzərim" Azərbaycan
ədəbiyyatında əruz
vəznində yazılmış
ilk sərbəst şeirdir.
Şeirdə rəməl
bəhrinin müxtəlif
bölgülərindən istifadə
edilmiş və variantlararası gəzişmə
ortaya çıxmışdır.
Arif Buzovnalı, Xəzəri
həm sahilində doğulduğu, həm də sahilində yaşadığı üçün
çox sevir. Eyni zamanda vətəninin
bir parçası olaraq müqəddəsləşdirir.
Şeirdə bədii
ifadə vasitələri
yerində və ruha xitab edəcək
bir şəkildə istifadə olunmuşdur. Şair, mərdliyin himni, azadəliyin nəğməsi olan göy Xəzəri dözümlü, güclü,
əzəmətli bir
şəkildə təsvir
edir və haqsızlıq qarşısında
əyilənlərin nə
üçün ona bənzəmədiklərindən heyrətlənir, heyfsilənir;
cavabını da Xəzərdən
gözləyir:
Daş
bədənlərdəki boş
başlara aqil əyilərmiş,
Əyriyə düz deyilərmiş,
Əyri yollar düzə
düz göstərilərmiş,
Bəndədən bəndəyə
taət və sücud istənilərmiş,
Həqq nahəqq qabağında
yenilərmiş
Bu yazıqlar qəvi tufanlara güc gəlməyi səndən
niyə öyrənmədilər bəs, Xəzərim?
Arif Buzovnalı öz şeirlərində ədalətsizlik,
zülm, riya və s. kimi mövzulara da tənqidi prizmadan müraciət etmişdir. Şair "Baxan görmür, görən bilmir, bilən dinmir, əcaibdir / Zülm başdan aşır, şeytan alıb dünyanı, ya Mövla!" deyərək
Yaradana xitab edir. Onun "Dünya deyilən yerdə səfa vardır - inanma!", "Vicdanın
əgər varsa sənin bir gilə, qafil" və s. qəzəllərində
zülm ilə barışmamağı dilə
gətirir:
Bimara təbib çarə
edər - kar ol, eşitmə!
Qanlar tökən əllərdə
şəfa vardır
- inanma!
...Məhşər gününü
gözləmə, zülm
ilə barışma,
Dünyada zülmkara cəza
vardır - inanma!
Aşağıdakı qəzəlində
isə qafillərə
səslənərək zülm
etdikləri insanlardan halallıq istəmələrini,
ondan sonra Allahdan şəfqət diləmələrini nəsihət
edir:
Zülm eyləmisən hər
kimə, get, istə halallıq,
Ondan
sora üz tut göyə,
şəfqət dilə,
qafil.
İstərsən əgər çəkməyə övladın
əziyyət,
Zalimlik edib vermə əziyyət elə, qafil...
Nəfsin, təməhin inkişaf
etməklə bərabər,
Cəhlin də tərəqqi
edib ildən-ilə, qafil.
Qəzəllərində qafil və cahillərdən uzaq olmağı tövsiyə edən şair bəzən riya və məkri
şirin dildə gördüyünü də
bildirir və görüntüyə, zahirə
aldanmamağı tövsiyə
edir:
Mən söz demək
məramını qafildə
görmüşəm,
Söz anlamaq məqamını
aqildə görmüşəm.
Dildə şirinliyin səbəbi
bilmirəm nədir,
Amma riyanı, məkri şirin dildə görmüşəm.
Vicdanın işlədən kəsə
dövran olub qənim,
Mən daima qaçan atı qəmçildə
görmüşəm...
Allah deyib ucalmağı məruf şəxsdə,
Mən-mən deyib yıxılmağı
cahildə görmüşəm.
Şeirlərində sosial problemlərə də nüfuz edən şair xalqa xəyanət edənləri
tənqid edir və nəfsinə "bəsdir, yetər!" deməyi tövsiyə edir:
Eləmə xalqa xəyanət,
adam oğlu adam ol.
Qorxma qopmaz ki qiyamət,
adam oğlu adam ol.
Düzlüyü maska kimi taxma üzə,
millətinə
Canü dildən elə
xidmət, adam oğlu adam ol.
Gah gözün, gah da əlin
eylədi qarət Vətəni
Nəfsinə söylə kifayət,
adam oğlu adam ol.
...Yaxşılıq eylə,
halallıqla ucaldıqca
ucal,
Haramı bilmə qənimət,
adam oğlu adam ol.
Arif Buzovnalı yaradıcılığının
böyük bir hissəsini irfani şeirlər təşkil
etməkdədir. "Çoxdu
dünya şövqü
insanlarda xülya olsa da", "Dünya deyilən
yerdə səfa vardır - inanma!",
"Aşiq o kəsdi
dövləti fəryadü
ah ola" kimi qəzəllərində
irfani mövzulara müraciət etmişdir.
Şair bir qəzəlində gerçək
aşiqin portretini də çəkir:
Aşiq o kəsdi dövləti
fəryadü ah ola,
Bu dövlət ilə aləmi-eşq içrə
şah ola.
Hicrində imtəhan olunub
vəslə gec yetər,
Hər kəs ki son muradına
Xaliq pənah ola.
...Aşiq sevinc bilərmi nədir, qüssə bilməsə?
Eşq əhlinin gərəkdi
ki, bəxti siyah ola.
Şair
fani dünyanın gücünün insanın
nəfsində olduğunu,
nəfsinə tabe olanların məğlub olacağını bildirir
və
Ehtiyat et ki, səni cəzb
etməsin əlvanlığı,
Daxili puçdur, fənadır,
üzdə əla olsa da.
- nəsihətini verir.
O, "Aləmin sənsən pənahi, yoxdu sən səndən səva" qəzəlində
Allaha qovuşmaq - vüsal arzusunu dilə gətirir:
Aləmin sənsən pənahi,
yoxdu sən səndən səva,
Ey mənə məndən yaxın,
ey məndə mən məndən səva.
Kuyinə yetməkdi arzum,
istəməm bir özgə yer,
Xoş olurmu bülbülə
bir guşə gülşəndən səva?!
Canfədayəm, ey Xuda, ruhum vüsalın
gözləyir,
Dəhrə aid yoxdu bir şey məndə bu təndən səva.
...Tab edir zülmə fəna mülkündə
Arif, çün bilir,
Bir ədalət məskənin
vardır bu məskəndən səva.
Arif Buzovnalı dini mövzuları minacat, nət, qəsidə, mərsiyə şəklində
oxuculara çatdırmışdır.
"Ey bəxş eyləyən
hüsnü cəlal cümlə cəhanə",
"Aləmin sənsən
pənahi, yoxdu sən səndən səva", "Cəmal
əhlində bir kəsdə cəmal olmaz cəmalincə",
"Ədalətdən xəbərsizdir
cahan meydanı, ya Mövla!" və s. şeirləri minacat örnəkləridir.
Bir minacatında özünün
günahkar bəndə
olduğunu və Uca Yaradandan onu bağışlamasını təmənni
edir:
Qul
oldum nəfsimə,
qarşında
çox şərməndəyəm,
Ya Rəb!
Qəbul et üzrümü,
çünki
günahkar bəndəyəm,
Ya Rəb!
Ədalət istəməkçün yox üzüm,
rəhminlə
hökm eylə,
Buyam, halım budur,
sən seçdiyin məskəndəyəm,
Ya Rəb!
Giley etdimsə hərdən,
Xaliqimsən,
keç günahımdan,
Məni xəlq etdiyin dəmdən
sənin
hökmündəyəm, Ya Rəb!
Səni zikr etdiyimdəndir üzümdə
qəm izi yoxdur,
Vəli
napüxtələr zənn
eyləyir xoş gündəyəm, Ya Rəb!
Həzrəti Peyğəmbərin əziz nəvəsinin şəhid edildiyi Kərbala faciəsi klassik ədəbiyyatımızda
ən çox müraciət olunan və daimi oxucusu
olan mövzulardandır.
Kərbala hadisəsini
anmaq zülmü unutmamaq üçün önəmlidir. Şair
"O dəm ki dəydi
qılınc Şahi-Kərbəla
başına" adlı
Kərbəla mənzuməsində
hadisəni bir daha yad etmişdir.
Əhli-beyt sevgisi klassik ədəbiyyatın heç
bir zaman köhnəlməyən
mövzularındandır. Arif Buzovnalı da bu ənənəni davam etdirmiş və Əhli-beyt sevgisini misralara, beytlərə düzmüşdür. Onun
"Ey olan layiqli şahənşah qiyamət
taxtına", "Etməsən
sidq ilə ünvan Şəhi-Mərdan
qapısın", "Hər
iki aləmdə şahimsən mənim, ya Mürtəza!" kimi şeirləri dini məclislərdə dönə-dönə oxunmaqdadır.
Ey olan layiqli şahənşah
qiyamət taxtına,
Ey kəmaliylə verən zinət imamət taxtına.
Sən ürəklər tacidarı,
sən könüllər
şahısan,
Hər üzü Yusif oturmaz
bu məlahət taxtına.
Hansı sultan ki qul olmaqla
sənə fəxr eylədi,
Ta əbəd lütfünlə
bəxş oldu səadət taxtına.
Heyf
ki səndən sora hər
kim ki gəldi şahlığa,
Satdı vicdanın yetişməkçün
vilayət taxtına.
Nəticə etibarilə, Arif Buzovnalı
rəhbərlik etdiyi Azərbaycan Yazıçılar
Birliyi Xəzər Poeziya
Klubunun sədri olaraq ədəbi məclis ənənəsini
yaşadır. Eyni zamanda, o, klassik ədəbi janrlarda - qəzəl, qəsidə,
növhə və s. yazaraq klassik ədəbi ənənəni
günümüzdə yaşadır,
bu günün sözünü klassik şeirin janrları ilə dilə gətirir. Həmçinin
şair "Xəzər təzkirəsi"ni
tərtib etməklə
müasir Azərbaycan
ədəbiyyatında klassik
irsə bağlı olan şairlərin həyat və yaradıcılığı haqqında
məlumatları bir yerə toplamış, onların adlarının ədəbiyyat tarixində
qalmasına vəsilə
olmuşdur.
Bu gün ali təhsil
müəssisələrində klassik şeirin və xüsusilə əruzun tədrisində problemlərin olduğu ciddi şəkildə hiss
edilməkdədir. Bu problemin
praktik həlli Arif Buzovnalının ustad dərsləri
ilə və ədəbi məclislərdə
iştirakla mümkündür.
Vüsalə MUSALI
Ədəbiyyat qəzeti. -
2023. - 30 dekabr, ¹ 52. -
S. 2-3