Mirzə Fətəli Axundzadənin məktubları
Üçüncü yazı
"Mövhumat bəşər nəslinin ən dəhşətli düşmənidir"
M.Volter
M.F.Axundzadənin məktublarında yer
alan iki böyük problemdən biri Yeni əlifba layihəsi uğrunda mübarizə idisə, ikinci əsas problem "Kəmalüddövlə məktubları"
fəlsəfi traktatının
nəşri idi. O yeni
əlifba layihəsini
həyata keçirmək
uğrunda ömrünün
axırına qədər
mübarizə aparıb,
"Kəmalüddövlə məktubları"nın nəşri
(və yayılması!)
uğrunda isə 15 il
çalışıb. Cəlaləddin
Mirzəyə 1871-ci il mayın
20-də yazdığı məktubda
deyilir. "Allah 1280 ildən
sonra halınıza rəhm edib iltifat göstərmiş Fətəli şah Qacarın oğlu Cəlaləddin və Ovrənk - Zibi Bərlasın
oğlu Kəmalüddövləyə
ilham vermişdir ki, bütün hicri tarix boyunca qaranlıq
pərdə dalında
gizlənən həqiqət
sirlərini kəşf
edib meydana qoysunlar...
Lakin Kəmalüddövlənin əsərinin
yolu hələ bağlıdır. Çünki
Kəmalüddövlənin özü də gizlənir və guşənişindir... Kəmalüddövlənin
əsərləri çap
edildikdən sonra onların üzünə
səadət və xoşbəxtlik nəsimi əsəcəkdir və hər yerdə olurlarsa-olsunlar, əziz və hörmətli sayılacaqlar" (s.162). M.F.Axundzadə
bu zaman müasirlərinin
(mollaların) ona hücumlar edəcəyindən
ehtiyat edirdi.
1874-cü il tarixli bir
məktubunda yazırdı:
"Ancaq olmaya-olmaya, mənim tərcümeyi-halımı,
yəni bioqrafiyamı
fars dilində çap edəsiniz və olmaya-olmaya, farsca işarə edəsiniz ki, bu əsəri ("Kəmalüddövlə
məktubları"nı!) Axundzadə yazmışdır:
çünki mənim
xalqım hələ fikir azadlığına
malik deyildir" (s.233). "Doğrusu, mən bu zəmanənin adamı olmağımdan utanıram" (s.312). Fəzilət
məlum, M.F.Axundzadəni
islam dinini tənqid və ifşa etməkdə suçlayırdılar. Hətta
sovet dönəmində
bəzi alimlərimiz onu ateist kimi
qələmə verirdilər.
Milli mətbuatımızın banisi Həsən bəy Zərdabiyə 15 fevral
1877-ci il tarixli məktubunda
belə sətirlər
yer alır: "Bu məktubda dini - islama toxunan əsla söz yoxdur. Hər kəs desə var, anlamır. Qoy bizim millətimiz də bir az
gözü açılıb
fanatiklikdən çıxsın,
patriot olsun, onda hər nə etsən, baş tutar" (s.262).
M.F.Axundzadə dini yox, fanatizmi, cəhaləti, xurafatı tənqid edirdi. Əsəri çap edənə
1872-ci ilin 6 dekabrında
göndərdiyi bir məktubunda yazırdı:
"Əsərin orijinalında
mənim adım çəkilməməlidir. Çünki
mən hələ məqsədimi başa düşməyən öz
həmdinlərimin mənə
qarşı ədavətindən
xətircəm deyiləm"
(s.215).
"Kəmalüddövlə məktubları"
M.F.Axundzadənin şah
əsəri idi, onun ədəbi-tarixi və ictimai məqsədi bu əsərdə ifadə olunmuşdu. Və təbii ki, "baltanı
kökündən vuran"
bir əsər özünə belə çətinliklə yol açmalı idi.
Bu əsərə görə,
habelə ərəb əlifbasını islah etmək və dəyişdirmək istədiyi
üçün bəzi
vəzifə sahibləri
onu "din və dövlətin düşməni"
adlandırırdı. "Müasirlərimin qanacaqsızlığından
təngə gəlmiş
və taqətdən düşmüşəm" (s.213), - deyə Əli xana yazırdı.
M.F.Axundzadənin məktubları onun
özünün bir şəxsiyyət kimi kimliyini, mühitini, zəmanəsinin tarixi mənasını dərk
etmək üçün
ən doğru, obyektiv sənədlər idi. Bunu hamıdan
yaxşı Mirzə Fətəli
özü dərk edirdi. Ümumən, məktublar göstərir
ki, o (Rusiyaya aldansa da)
çox yaxşı dərk edirdi. O özünün qiymətini
bilən, məqsədyönlü
və inadkar bir şəxsiyyət idi.
"Qardaşımız" - deyə
müraciət etdiyimiz
erməni Mirzə Melkum
xana etibar (!) edərək, 8 iyun 1871-ci
il tarixli məktubunda yazırdı: "Mənim
bütün məktublarımı
əvvəldən axıra
qədər xüsusi
bir dəftərə köçürüb saxlayın
ki, biz öldükdən sonra
gələcək nəsillər
üçün tarixi
və əntiqə sənədlər olacaqdır"
(s.180). Ümumən, M.F.Axundovda
gələcək nəsillərə
(və rus dövlətinə!) böyük
inam var idi. Fəqət, təəssüf
ki, bu inam özünü doğrultmadı.
Bəs nə idi "Kəmalüddövlə məktubları"nın
həqiqi elmi-nəzəri
və fəlsəfi qayəsi? Burada məktublar publisistik məna daşımırdı.
Mirzə Fətəli qaragüruhdan,
fanatiklərdən, dövrünün
vəzifə sahiblərinin
iftirasından yayınmaq
üçün əsərini
məktub adlandırmışdı.
Bu əsər dörd
məktubdan ibarətdir:
Hindistan şahzadəsi,
Kəmalüddövlənin İran şahzadəsi Cəlalüddövləyə
üç məktubu
və İran şahzadəsi
Cəlalüddövlənin Hindistan şahzadəsi Kəmalüddövləyə bir
cavab məktubu (Axundov
M.F. Əsərləri, üç
cilddə, II c. Bakı,
Az. SSR.EA nəşriyyatı, 1961, səh. 1-151. Qeyd. Sitatlar bu nəşrdən
verilir!). Məktublarla
bağlı iki akademikin - Feyzulla Qasımzadənin və Firudin Köçərlinin
fikirlərini qeyd edək.
Akademik Feyzulla Qasımzadə yazıb: "Axundov Azərbaycanda
və bütün Yaxın Şərq ölkələrində materialist fəlsəfəni sistemləşdirən
və yüksəklərə
qaldıran, onu elmi təbiətşünaslıqla
əlaqələndirməyə və xalqın azadlıq hərəkatı
ilə bağlamağa
çalışan, materialist dünyagörüşünü qabaqcıl ictimai-siyasi baxışlarla, mütərəqqi
ideyalarla vəhdətdə
təbliğ edən filosof, islam ideologiyası, bütün
dini mövhumat və cəhalətə qarşı yorulmadan və amansız mübarizə aparan ateist olmuşdur" (Qasımzadə F. XIX əsr
Azərbaycan ədəbiyyatı
tarixi. Bakı,
"Maarif" nəşr. 1966, s.323).
M.F.Axundzadənin bu yazıda göstərilən cildinə
yazdığı "M.F.Axundovun
ictimai-siyasi və fəlsəfi görüşləri"
adlı geniş müqəddimədə akademik
F.Köçərli belə
zikr edir: "Azərbaycan
gerçəkliyinin irəli
sürdüyü tələb
və vəzifələrə
bilavasitə uyğun olaraq ictimai fikirdə materialist fəlsəfə
və estetika, mübariz ateizm, demokratik maarifçilik, hətta inqilabi demokratizmə qədər
yüksələn siyasi
və sosioloji baxışlar mühüm
yer tutmağa başlayırdı" (sov).
Hər iki misalda M.F.Axundzadə
materialist filosof, mübariz
ateist, demokratik maarifçi, "hətta
inqilabi demokratizm"in
nümayəndəsi kimi
təqdim olunub. Bütün sadalananlar indi öz əhəmiyyətini
itirib, tarixin arxivinə göndərilib...
Bunlar totalitar sovet ideologiyasının basqısı
altında yaşayıb
fəaliyyət göstərən
elm funksionerlərinin mülahizələridir.
"Kəmalüddövlə məktubları"
əsərini akademik
Məmməd Cəfər 1943-cü ildən
tamamladığı "Mirzə Fətəlinin ədəbi-tənqidi
görüşləri" əsərində nisbətən
(o dövrün) qiymətləndirmişdir:
"Azərbaycanın və
Yaxın Şərqin əsrlərdən
bəri əql ilə etiqad arasında tərəddüdə
qalan fəlsəfi fikri ilk dəfə qüvvətlə hərəkətə
gətirən və ona tamamilə yeni bir istiqamət verən M.F.Axundov olmuşdur.
Şərqdəki müstəmləkə siyasətini, ingilislərin
hindlilər üstündəki
zülmünü kəskin
tənqid etməyə
qədər yüksəlmişdir.
"Kəmalüddövlə məktubları" islam Şərqini öyrənmək
üçün çox
zəngin bir kitabdır. Mirzə Fətəli
Şərqi yalnız
izah etməmiş, Şərq irticası ilə ardıcıl mübarizə aparmışdır.
İrana qayıtdıqdan
sonra Kəmalüddövləyə
elə gəlir ki, qaranlıq bir dünyaya qədəm qoyur" (Məmməd Cəfər. Seçilmiş əsərləri.
İki cilddə, I cild. Bakı, Azərnəşr. 1973, s.131,132,133).
M.F.Axundzadə müasirlərini çox
yaxşı tanıyırdı:
"Adamların damarlarına isti qan dağıtmaq
və onları hərəkətə gətirmək
lazımdır" (M.F.Axundzadə).
Mənim
ustadım, AMEA-nın
müxbir üzvü,
böyük mütəfəkkir
Yaşar Qarayev "Realizm: sənət
və həqiqət"
(1980) monoqrafiyasında yazır
ki, XX əsrdə ən
əsas problem şüur
yoxsulluğu problemi idi. Cəlil Məmmədquluzadə "Danabaş
kəndinin əhvalatları"
əsərində Məmmədhəsən
əminin itmiş eşşəyini yox, Məmmədhəsən
əminin içərisində
itmiş şəxsiyyəti,
vətəndaşı axtarırdı.
M.F.Axundzadə Yaşar Qarayevdən bir əsr əvvəl
- 1874-cü ildə elə
həmin fikri belə yazırdı:
"Mənim xalqım
hələ fikir azadlığına malik deyildir"
(III c.s.233).
M.F.Axundovu bədxahları (qaragüruh!)
xalqı üsyana hazırlamaqda suçlayanda
o, qəzəb və istehza ilə yazıb: "Olmaya, belə zənn edirsiniz ki, mən doğrudan da, bu fikirdəyəm ki, xalq üsyan edəcək və qavğa düzəldəcəkdir. Kül
belə millətin başına. Bu əsrdə
millətdə o hal qalmamışdır ki, əlifbanın
dəyişdirilməsi üstündə
müharibəyə qalxmış
olsun" (III c. s.190). M.F.Axundzadəni
xalqın öz haqqını tələb
etməməsi, hüquqlarını
bilməməsi düşündürürdü...
M.F.Axundzadə əlifba islahatı
apararkən, əvvəlcə,
əsas vəzifə olaraq nöqtələri atır. Quran kufi əlifbası
ilə yazılmışdı.
"Müqtədir Billahi,
Vəziri İbn Müqlə
(hicri 316) kufi əlifbasını
nəsx çevirir və nöqtələri icad edir. O üç
dəfə həbs və sürgün olunmuş son dəfə Əbubəkr Məhəmməd bin-Raiqin əmri ilə həbsə alınıb sağ əli kəsilir" (Bax: M.F.Axundov əsərləri üç
cilddə, III c. 1961, s.367).
M.F.Axundzadə Ağa Mirzə Məhəmmədrəfi
sədrül-üləmaya 7 mart
1874-cü il tarixli məktubunda
yazır: "İbn - Müqlə
kufə xəttini nəsxə çevirdi və onda nöqtələri
icad etdi, bizi bu qədər
böyük əzaba saldı. Çox yaxşı oldu ki, ondan elə bir günah baş verdi ki, xəlifə onun əlini kəsdirdi" (Əsərləri, 1988-ci il nəşri
III c. s.236).
Bir daha qeyd edirik:
maarifçi filosof M.F.Axundzadənin şah əsəri məhz məktub formasında yazdığı "Kəmalüddövlə
məktubları" idi.
Bu məktublarda o Hindistan
və İran şahzadələrinin
dili ilə cəhaləti, xurafatı,
fanatizmi, mövhumatı
- Şərqi geridə
qoyan hər şeyi əsaslı şəkildə tənqid
edirdi.
Kəmalüddövlə elə ilk sətirlərdən Avropadan
İrana qayıtmağından
peşmançılığını bəyan edir: "Ey mənim dostum Cəlalüddövlə, axır
sənin sözünə
baxdım, ingilis və firəng, Dünya səfərindən sonra
İran torpağına səfər
etdim. Amma peşman olmuşam, kaş gəlməyəydim, kaş
bu vilayətin əhlini ki, mənim ilə həmməzhəbdirlər
(!) görməyəydim... Ciyərim
kabab oldu" (s.9). Bu peşmançılığın
səbəbi nə idi?
M.F.Axundzadə İranın şöhrətli
şəxsiyyətlərini Kəyyümərsi, Cəmşidi
Nüşirəvanı, Pərvizi
dilə gətirir və İranın indiki vəziyyəti ilə müqayisə edir. "Heyif sənə, ey İran, hanı bu dövlət
(Sasaniləri nəzərdə
tutur - N.Ş.) hanı
bu şövkət, hanı bu səadət?
Ac, çılpaq ərəblər
səni min iki yüz həştad ildir bədbəxt etdilər. Sənin torpağın xarabdır və əhalin nadandır" (s.12).
M.F.Axundzadə (Kəmalüddövlə!) cahiliyyə dövründən
çıxmış səhra
ərəbini - bədəvi
ərəbi nəzərdə
tutur. Cahiliyyə dövrünün vəhşi
ərəbini cəhalətdən
xilas etmək üçün Hz.Məhəmməd
gözəl bir din yaratdı. Quran əslində
mənəviyyat ensiklopediyası
idi. Və ərəblər zor gücü ilə onu bütün dünyaya yaydılar. Halbuki qədim türk sivilizasiyasının
şah əsəri Zərdüştün "Avesta" əsəri idi. Zərdüştlük təbiət
dini idi, orada cəhalətə, xurafata yer yox
idi, bunu dünya şöhrətli
Novruz mərasimi bu gün də əyani şəkildə
sübut edir. Sənin xalqın... "belə bilir padşahlıq ibadətdir,
yaxşı libas geyinmədən, yaxşı
xörək yeməkdən...
və axmaq şairlərin onu uşaq aldanmaları ilə tərifləməsindən
sivilizasiya cahandan bixəbərdir və azadiyyətdən məhrumdur
və padşahlığı
despotdur və despot zülmünün təsiri
ilə üləma fanatizminin zarü sənin zəif və nadanlığına
səbəb olub"
(s.12 və 14).
Bu yerdə Mirzə Fətəli
"sivlizasion" və
"despot", "proqres", "fanatizm" sözlərini
şərh edir, yazır ki, "şah bu cür axmaq
yaltaqlardan şadlanır
və yalançıya
ənam verir"
(s.15). XX əsrin filosof
şairi Ələkbər
Salahzadə belə suallar verib:
Yaltaqlığın kökü varmı?
Yaltaqlığın layı varmı?
Daş-qaşında, tunc qatında
Görən, yaltaq tapılarmı?
Nadanlığın, cəhalətin,
dini fanatizmin mövcud olduğu hər bir cəmiyyətdə
yaltaqlıq işə
keçir və mükafat alır. M.F.Axundzadə orta əsrlərin məşhur
filosofu, Şərq sosiologiya elminin banisi Əbdürrəhman
ibn Xəlduna istinadən
ərəbləri vəhşi,
işğalçı və
qarətçi adlandırır.
Nizaməddin ŞƏMSİZADƏ
Əməkdar elm xadimi, professor
Ədəbiyyat qəzeti. - 2023. - 30 dekabr, ¹ 52. - S. 7.