Bədii həqiqətlər ssenarisi
Xalq yazıçısı Anarın
"Azad bir quşdum" kinossenarisi haqqında qeydlər.
Xalq yazıçısı
Anar Azərbaycan ədəbiyyatında, mədəniyyətində,
incəsənətində, o cümlədən, milli kino tarixində dərin izləri, dəyərli sənət
əsərləri ilə
milli-mənəvi dəyərlər
arsenalını zənginləşdirən
dahi, fenomenal, fədakar sənətkarlardan
biridir. Onun ölkəmizdə və dünyada sevilə-sevilə
seyr edilən, onilliklərdən bəri
aktuallığını, baxımlılığını
qoruyub saxlayan "Dədə Qorqud",
"Torpaq. Dəniz. Od. Səma", "Gün keçdi",
"Ötən ilin son gecəsi", "Təhminə", "Otel
otağı", "Evləri
köndələn yar"
və b. əsərləri,
fəlsəfi deyimləri,
çoxəsrlik milli
ənənələrdən bəhrələnən, barınan
düşüncələri, çağdaş və modernist qiyafəli obrazları ilə kino tariximizdə silinməz izlər qoymuşdur.
Anar sənətkar
ömrünü əbədiləşdirən,
canlı boyalarla, unudulmaz cizgilərlə, rəngarəng effektlərlə
biçimlənən, görüntülənən
"Sübhün səfiri"
(Mirzə Fətəli
Axundzadə), "Üzeyir
ömrü" (Üzeyir
Hacıbəyli), "Qəm
pəncərəsi" (Cəlil
Məmmədquluzadə), "Bu - Səttar Bəhlulzadədir" (Səttar
Bəhlulzadə), "Cavid
ömrü" (Hüseyn
Cavid), "Bu - Cavaddır" (Əhməd
Cavad), "Çinar ömrü" (Rəsul Rza) və digər
görkəmli sənətkarlarımız
haqqında çəkilmiş
ekran əsərlərinin
ssenari müəllifidir.
Onun eyni silsilədən yazdığı
və Azərbaycanın
görkəmli dramaturqu,
böyük sənətkarı
Cəfər Cabbarlıya
həsr etdiyi "Azad bir quşdum"
adlı ədəbi ssenarisi 2020-ci ildə
"Azərbaycan" jurnalında
(¹ 2-3) nəşr olunmuş,
oxucularda güclü təəssürat oyadan əsərin tezliklə ekran həyatı yaşayacağına ümidləri
artırmışdır.
Etiraf edilməlidir
ki, Cəfər Cabbarlının həyat və yaradıcılığına
həsr edilmiş sənədli-xronikal filmlərdən
1944-cü ildə Həbib
İsmayılovun, 1969-cu ildə
Oqtay Mirqasımovun və 1973-cü ildə Nicat Bəkirzadənin rejissorluğu, Oqtay Orucovun və Akif Hüseynovun ssenari müəllifliyi ilə bir-birindən fərqli, dövrün ideoloji çərçivələrinə
uyğun ekran əsərləri çəkilərək,
geniş tamaşaçı
auditoriyasının ixtiyarına
təqdim edilmişdir.
Böyük zəhmət
və maliyyə vəsaiti hesabına araya-ərsəyə gətirilmiş
bu ekran əsərləri həqiqət
naminə qeyd edək ki, böyük
sənətkarın Cümhuriyyət
dövrü yaradıcılığına,
azadlıq, istiqlal ideyalarına, milli dövlətçilik məfkurəsinə,
sovet dönəmi basqılarına, məhbəs
həyatına, mübarizə
yoluna işıq salmamış və bu istiqamətdəki cəhdlər də, şübhəsiz ki, o zaman mümkünsüz idi
Xalq yazıçısı
Anarın böyük
sənət adamı Cəfər Cabbarlının
həyat və yaradıcılığına həsr
etdiyi "Azad bir quşdum" adlı, ikihissəli kinossenarisi dövrü və mühiti bütün yönlərdən
reallıqları ilə
əks etdirən, siyasi məhdudiyyətlərdən
uzaq, faktlara, gerçək hadisələrə,
mötəbər xatirələrə
dayalı, bədii təxəyyülün qüdrətli
fırçası ilə
süslənmiş, çağdaş
oxucu və tamaşaçının intellektual
zövqünə və
müstəqillik dövrünün
yüksək ideallarına
cavab verən, peşəkarlıqla yazılmış
dəyərli ədəbi
ssenaridir. Məlum məsələdir ki, ssenari, əsasən, çəkiliş üçün
nəzərdə tutulan
bədii, publisistik mətndir. Anar müəllim zəngin təcrübəsinə arxalanaraq,
elə bil xəyalən gördüyü,
öncədən seyr
etdiyi təsvirləri
rejissor mizanı ilə ardıcıllıqla
düzmüş, hər
ilmənin, hər rəngin, hər cizginin yerini və məna yükünü zərgər
dəqiqliyi ilə müəyyən etmiş,
C.Cabbarlı obrazını
görünməyən, yasaqlanan
tərəfləri ilə
birlikdə yaradaraq onu birtərəflilik, yarımçıqlıq kompleksindən
xilas edərək böyük məharətlə,
sevgiylə bütövləşdirməyi
bacarmışdır.
Anarın ikiseriyalı
bədii filminin ədəbi ssenarisi Cabbarlı ailəsinin Xızıdan Bakıya araba ilə köçündən başlanır.
Bu məlum və xatirələrdə
vurğulanan fakt müəllif remarkası ilə simvollaşır, şifrələnir... "Çağırır
- Cəfər! Cəfər!
Evin damında 4-5 yaşlı Cəfər göyərçin yuvasından
quşları havaya buraxır. Mavi səma fonunda ağ göyərçinlər
dəstəylə uçur.
Balaca Cəfər arabadan onların ardınca baxır. Tozlu yollarla irəliləyən araba və göydə uçan göyərçinlərin
fonunda filmin titrləri gedir və zümzüməylə
oxunan mahnı səslənir: Azad bir quşdum. Yuvamdan uçdum..."
Xatırlayıram ki, Anar müəllim C.Cabbarlının 110 illiyi
ilə əlaqədar
"Ədəbiyyat qəzeti"ndə
dərc etdirdiyi "Azad bir quşdum"
adlı irihəcmli məqaləsində dramaturqun
eyniadlı şeirinə
yeni, fərqli baxış bucağından
yanaşaraq, ədəbiyyatşünasların
təsəvvürə belə
gətirmədiyi obrazlılıqla
təhlil etmiş, misralar arasında yuvalanmış gizli məna qatlarını üzə çıxarmış
və yetərincə
qabartmışdır. C.Cabbarlının
iki bəndlik mahnı mətnini yalnız yüksək yazıçı həssaslığına
və fitri şairlik duyğusuna malik olan ancaq
Anar müəllim belə orijinal, inandırıcı təqdim
edə bilərdi:
"Cəfər Cabbarlı
daxilən azad, insan olaraq doğulmuşdu
- azad quş olmuşdu. Öz yuvasından - müstəqil
Azərbaycanın mənəvi
mühitindən uçaraq,
yad yerə - "sovet bağı"na düşmüşdü. Ovçunun
- rejimin gülləsinə
tuş gəlir, torpağa düşür,
həbs olunur... Cəfər Cabbarlı torpağa düşsə
də, nəfəsi kəsilmədi. Antey gücünü torpaqdan aldığı kimi, o ayağa qalxdı, durdu və olduqca
sərt şərtlər
hüdudunda özünün
qeyri-adi istedadının
qüdrətiylə demək
istədiyinin çoxunu
deyə bildi."
Anar müəllim
"Azad bir quşdum" ssenarisinin eyniadlı mahnı ilə başlanmasının
və sonuclanmasının
böyük rəmzi mənası olduğunu müəllif yüksək
məharətlə, peşəkarlıqla
diqqətə çatdırır.
Filmin ssenarisində
"Azad bir quşdum" mətn üçün bədii tapıntı olmaqla yanaşı, Cabbarlı ömrünün həyat
nəğməsi, yaşam
manifesti kimi də səslənir. Ssenarinin süjetini ecazkar və nisgilli mahnının sədaları fonunda qısa və eyni zamanda dolğun
sənətkar ömrünün
xəyal və gerçəkliklərlə əvəzlənən
qaranlıq mühitdən
keçən işıq
xəttinə bənzətmək
olar. Nikbinliklə cilalanmış, ümid, nur, inam yüklü
bu xətt sonadək qırılmayan,
əbədiyyətə tələsən,
insanları azad, ləyaqətli yaşam tərzinə səsləyən
mübarizə nümunəsidir.
Ssenaristin yozumundakı
"azad bir quşdum" deyiminə xalq şairi Səməd Vurğunun
"Vaqif" (1937) mənzum
dramında Qacarla Vaqifin qarşılaşdığı
səhnədə də
rast gəlirik: "Mən ellər bağında azad bir quşam". Səməd Vurğunun Molla Pənah Vaqifi, Anarın isə Cəfər Cabbarlını "azad bir quş"a bənzətməsində daxili-mənəvi
bağlılığın reallığı, təzahürü
mümkün və şübhəsizdir.
Anar müəllimin
vurğuladığı kimi,
"sərt şərtlər
hüdudunda", nəinki
yazıb-yaratmaq, hətta
yaşamaq, gün-güzəran
keçirmək, sakit
ömür sürmək
də müşkülə
çevrilmişdi. Bununla
belə, Cəfər xalqımızın milli-mənəvi
dəyərlərinə çevrilmiş,
millətsevərlik, vətənpərvərlik
ruhlu əsərlərini
yazıb-yaratmaqdan usanmayaraq
özündən sonra
zəngin ədəbi
irs qoyub getdi.
"Gənclik illərimdə mənim üçün ən sevimli Azərbaycan yazıçısı Cəfər
Cabbarlı idi", - deyən Anar müəllim böyük
dramaturqun yaradıcılıq
irsini dərindən öyrənmiş, düşüncələrini,
müşahidələrini zaman-zaman formalaşdırmış,
xüsusilə, Cabbarlını
yaxından tanıyan,
onunla birlikdə çalışan insanların
canlı xatirələri,
elmi araşdırmalarda
incələnən yeni
faktlar və qənaətlər əsasında
ikiseriyalı bədii
filmin mükəmməl
ədəbi ssenarisini
araya-ərsəyə gətirmişdir.
Ssenarinin növbəti
remarkası video-görüntü
üçün nəzərdə
tutulmuş və müəllif real xatirəyə əsaslanaraq
yazmışdır: "Cəfər
Cabbarlının Bakıda,
Dağlı məhəlləsində
evi. Otaqların birində 15-16 yaşlı
Cəfər yerdə oturub, arxasını iki üç balışa dayayaraq - dizlərinin üstündə
karton - nə isə yazır."
Bu bir cümləlik mənzərədə
Cəfərin ailə
mühiti, sıxıntıları,
ehtiyacları, gəncliyi,
yaradıcılıq eşqi
canlı cizgilərlə
təqdim edilmiş, gənc dramaturqun söz dünyasına, sənət aləminə
Bakının Dağlı
məhəlləsindən "azad bir quş"
kimi qanadlandığı,
pərvaz etdiyi ekran əsərində vurğulanmışdır. Ssenaridə
rəmzi məna daşıyan və unudulmaz hisslər yaşadan bu lövhənin mənbəyi,
qaynağı Sona xanım Cabbarlının xatirələridir. Əsərdə
Cəfər Cabbarlı
yalnız ədəbi-tarixi
mühiti ilə deyil, eyni zamanda
yaxınları, dostları,
məsləkdaşları ilə
də təqdim olunmuşdur. Sona xanım, Zərnişan xanım, Mirzə Bala, Ərəblinski, Tuqanov, İsmayıl Hidayətzadə ... bu obrazlar Cabbarlı sənətinin və şəxsiyyətinin panoramını
bütün incəlikləri
və aydınlığı
ilə görmək üçün olduqca dinamik, çevik və mübarizdirlər.
Anar müəllim
"Qəm pəncərəsi"ndə
olduğu kimi, bu əsərində də qəhrəmanının
- Cəfər Cabbarlının
teatr tamaşalarına
yerli-yerində istinad edərək, film üçün zəruri
sayılan əlvanlığı
və dinamikanı qoruyub saxlamış, emosional-ekspressiv əhval-ruhiyyəni
uğurla gücləndirməyi
bacarmışdır.
Anar müəllim
"Azad bir quşdum" kinossenarisinə
Cəfər Cabbarlının
"Ədirnə fəthi",
"Aydın", "Oqtay
Eloğlu", "Od
Gəlini", "Sevil",
"Almas", "1905-ci ildə",
"Yaşar", "Dönüş"
tamaşalarından yaradıcı
şəkildə fraqmentlər
daxil etmiş, "Əhməd və Qumru", "Papaq" hekayələrinin motivlərindən
bəhrələnmiş və
eyni zamanda F.Şillerin "Qaçaqlar",
V.Şekspirin "Hamlet"
əsərlərindən səmərəli,
yaradıcı formada faydalanaraq böyük dramaturqu teatr fenomeni, kinorejissor, yaradıcı qüvvələr
arasında birləşdirici
üstünlükləri ilə
tanıtmağa və
sevdirməyə çalışmışdır.
Ssenaridə 1918-ci il
Mart soyqırımı və
onun fəsadları, Bakının qurtuluşu,
Nuru Paşanın Qafqaz İslam Ordusu ilə Bakıya gəlişi və Cəfər Cabbarlı ilə görüşü, Azərbaycan
Cümhuriyyəti Parlamentinin
açılışı, Mirzə Bala ilə Cəfərin qanunvericilik orqanında stenoqrafçı vəzifəsində
çalışması, Cümhuriyyətin
süqutu və s. iri planda "kadr"lar yer almışdır. Parlamentin
son, təslimedilmə
iclasında Əsəd
bəyin söz alaraq "...Bu təklifdən qorxmaq lazım deyil. Burda təhlükəli bir şey yoxdur.
Necə deyərlər,
o olmasın, bu olsun. Ağa deyir, sür dərəyə, sür dərəyə" - sözləri
son iclasın stenoqrafik materiallarından
da hansı saxta bolşevikə məxsus olduğu bəllidir. Birinci seriya bolşevik işğalçı qüvvələrinin
hərbi təzyiqi ilə Azərbaycanın üçrəngli bayrağı
Parlament üzərindən
endirilir və C.Cabbarlının "Yaşamaq"
şeirinin hüznlü
sədaları altında
başa çatır...
İkinci seriya Cəfər Cabbarlının
həbsxana barmaqlıqları
arasından görüntüləri,
müstəntiqlə mübahisələri
ilə başlayır.
Sənətkarın əzablı
məhbəs həyatı,
işgəncəli aylar
uzun sürmür. O yenidən evinə, doğma teatra, ictimai həyata dönür, ailə qurur; rejissor Aleksandr Tuqanovla "Od gəlini"ni tamaşaya hazırlayır.
Qəzetçilərin qarayaxmaları,
ədəbi mühakimələr
Cəfər Cabbarlıya
Azçekanın zindanından
daha çox mənəvi əzab verir...
Ssenaridə müəllifin
xatirələrdən barınmaqla
yaratdığı təbəssüm
doğuran səhnələr
də az deyildir. Teatrda "Sevil" pyesinin məşqləri gedir. Rza Təhmasib - Balaş və Tamara (əslində Mərziyə) Dilbər rolunda öpüş səhnəsini təbii oynamaqda çətinlik çəkirlər. Məşqlər
təkrarlansa da, Cəfər razı qalmır. Nəhayət, dramaturq səhnəyə atılaraq Edilyanı necə qucaqlamaq lazım olduğunu Rza Təhmasibə göstərir. Zala dönəndə gənc həyat yoldaşı Sona xanımı orada görür və maraqlı dialoq başlayır:
"Cəfər: Sonası! Burdasan? (tələsik səhnədən
düşüb ona yanaşır)
Sona: Sənə
qutab gətirmişdim
ki, ac-acına, günün-gecən bu teatrda keçir. Demə, günün heç pis keçmirmiş.
Cəfər: Bu olmadı da, özün görürsən
ki, məşq edirik, bu mənim
işimdir.
Sona: Pis iş deyil... Elə çarpayını
gətir, gecəni də burda qal..."
Ssenaridə Cabbarlının
yeni əsərlərinə
"Məqaləçi"nin yersiz və əsassız "tənqidləri"nə
tutarlı cavab verilməsində dramaturq daha çox gənclərə inanır
və güvənir.
"Gənc işçi"
qəzetinin redaksiyasında
istedadlı yazarların
"1905-ci ildə" əsərinin
müzakirəsini keçirməsi
və "Məqaləçi"nin
Cabbarlıya qərəzli
yanaşması tənqid
edilmişdir. Ssenariyə
salınmış bu epizodu müəllif xalq şairi Rəsul Rzanın söhbətindən eşitdiyini,
hətta atasının
dramaturq haqqında həmin vaxt - 1931-ci ildə resenziya yazdığını məqalələrindən
birində qeyd etmişdir.
Ekran əsərinin
son hissəsində
"Dönüş"ün qızğın müzakirəsi
keçirilir. Özlərini
münəqqid hesab edən Hikmət Kamal, Fikrət Kamal və Kamal
Fikri böyük dramaturqu ideoloji sapıntıda, pantürkizm
və panislamizmdə,
teatrda monopoliya yaratmaqda günahlandırırlar.
Cəfər Cabbarlı
haqsız ittihamlara, ədalətsiz hücumlara,
qarayaxmalara qarşı
açıq, sərt
və tutarlı cavablar versə də, ağır sarsıntılar keçirir.
İkinci seriyanın
sonunda Cəfər pərişan, "rəngi-rufu"
qaçmış halda
evə gəlir, Sona ilə ömrünün
son dəqiqələrini
yaşayır, arzularını
söyləyir, xəyalların
qanadında yuxuya gedir... Yanaqlarında iki damla yaş
parıldayır. Sonanın
"Cəfər!" - deyə
dəhşətli qışqırıq
səsindən damdan bir dəstə göyərçin pırlayıb
uçur. Mavi səmada yüksəklərə
pərvaz edən ağ göyərçinləri
"Azad bir quşdum" mahnısı
həzin-həzin müşayiət
edir...
Xalq yazıçısı
Anarın "Azad bir quşdum" adlı iki seriyalı
kinofilminin ədəbi
mətni qüdrətli
söz ustası Cəfər Cabbarlının
həyat və yaradıcılığının, ictimai fəaliyyətinin az öyrənilən, kölgədə qalan tərəflərinə gur
işıq salmaqla yanaşı, böyük
dramaturqumuz haqqında
yazılmış mükəmməl
sənət əsəri,
bədii həqiqətlər
ssenarisidir.
P.S. Bu ilin mart
ayında istedadlı rejissor, Xalq artisti Ramiz Həsənoğlu
"Moderator.az" saytına verdiyi müsahibəsində
bildirmişdi ki, Xalq yazıçısı
Anarın Cəfər
Cabbarlıya həsr etdiyi "Azad bir quşdum" kinossenarisi qəbul edilib, amma istehsalata
başlanacağı tarix,
hələlik dəqiq
deyil.
Ümid edirik ki, Mədəniyyət
Nazirliyimiz Cəfər
Cabbarlının anadan
olmasının 125 illiyi
ərəfəsində Anarın
"Azad bir quşdum" kinossenarisinin
çəkilişi üçün
xeyir-duasını əsirgəməyəcəkdir.
15.12.2023
Asif RÜSTƏMLİ
Fililogiya elmləri doktoru, professor
Ədəbiyyat qəzeti. - 2023. - 16 dekabr, ¹ 48 - 49. - S.
14 - 15.