Tənha qadın

                                                                                                                                                   

Hekayə

 

Dəhlizdəki bədənnüma güzgünün qarşısında ayaq saxladı. Çevrilib arxası güzgüyə sarı stulda oturdu. Son vaxtlar sanki buna adət etmişdi.

Bir neçə dəfə dərindən nəfəs aldı. Özünü sakitləşdirməyə çalışdı. Son vaxtlarda tez yorulduğu fikri yenə ağlından keçdi. "Otuz yaşım yoxdur, amma belə tez yoruluram. Bütün dostlarımın həsəd apardığı yaddaşımdan da indi əsər-əlamət qalmayıb".

Ətrafa göz gəzdirdi. Ev sanki məzar sükutuna qərq olmuşdu. Hər dəfə evdə onu kimsənin qarşılayacağını zənn etsə , heç vaxt belə olmamışdı, indi olacağına isə heç ümid yox idi. Bunu özü bilirdi, amma olmağını o qədər istəyirdi ki... Bunun olmayacağını bilə-bilə özünü aldadırdı bu aldanışdan da "həzz" alırdı.

"Allahım mənə kömək ol!". Etdiyi duadan sakitləşməyə çalışdı. Ayağa durdu. Arxasındakı bədənnüma güzgüyə tərəf boylanmadı, bu anlarda üzündə olacaq qüssəni görməkdən qorxdu. Sellofan torbaları götürüb mətbəxə keçdi.

Asta addımlarla yataq otağına keçdi. Paltar dolabından ev paltarlarını götürdü. Əynini dəyişib mətbəxə keçdi. Torbalarda olan ərzağı meyvə-tərəvəzi soyuducuya yığdı. İstilik batareyasını əli ilə yoxladı, soyuqdan əli gizildədi. Elektrik plitəni yandırdı. Şam yeməyi üçün tədarük görməyə başladı.

İnadla özündən qovmaq istədiyi düşüncələr Nərmini yenə ağuşuna aldı.

"- Düz deyiblər ki, xoşbəxtliyin vaxtı-vədəsi, ölçüsü, çəkisi, heç məkanı belə olmur. İnsan bir anlıq xoşbəxtliyini bütün ömrü boyu yaşaya bilər. Nihatla olduğum səkkiz il sanki bir göz qırpımında ötüb keçdi. Necə xoşbəxt idik, İlahi! Sanki bir yuxuydu, gördüm. Hər gecə Nihatı yuxuda görmək üçün onunla keçirtdiyim xoş anları xatırlayıb yatsam da, bu etibarsız yuxuma gəlmir ki, gəlmir. Ay vəfasız, bu qədər müddətdə heç yadına düşmədim, heç darıxmadın mənim üçün? Bəs deyirdin sənsiz bir gün belə yaşaya bilmərəm".

Nərmin Nihat ilə tələbəliyin sonuncu ilində universitetin bufetində təsadüfən tanış olmuşdular. Nərminin halı pisləşən rəfiqəsi Gülnara Nihat göz qırpımında su gətirib vermiş, hətta zəng edib təcili yardım maşını da çağırmışdı. Xəstəxanaya da maşınla bir yerdə getmişdilər. Bir-iki saatlıq yardımdan sonra halı düzələn rəfiqəsi ilə xəstəxanadan çıxan Nərmin sona qədər yanlarında olan Nihata rəfiqəsindən çox minnətdarlıq etmişdi. Növbəti gündə, növbəti görüşdə isə Nərmin Nihat köhnə tanışlar kimi görüşüb hal-əhval tutmuşdular. İki ildən sonra isə Nərmin ilə Nihatın toyunda hamıdan çox rəqs edən Gülnar oldu. Hər ikisinin üzündən öpüb bir ömür xoşbəxtlik arzulamışdı.

Nərmin tavada yağın içində pörtən əti çömçə ilə qarışdırandan sonra kasadakı dilimlənmiş kartofu tavaya tökdü, qapağını örtüb taburetə çökdü. Nədənsə, Gülnarın toyda Nihatla ona bir ömürlük xoşbəxtliklə bağlı təbrikini xatırladı:

"- Bir ömür xoşbəxtlik olmur, gözəl bacım. Ömrün qısa olması səbəbindən xoşbəxtlik insanları daha çox ovsunlayır. Özün necə, xoşbəxt ola bildinmi? Ailə qurduğun ilk aylarda dilindən düşməyən xoşbəxtliyin həyatında bir hərfi belə qalmayıb. Sənə zəng edib halını belə soruşa bilmirəm, çünki eşitdiklərimdən günlərlə çobalaya-çobalaya qalıram. səsim yetir sənə, harayım".

Nərmin yeməyi həmişəki kimi iki boşqaba tökdü, birini qarşısına çəkib nazik dilim çörəklə yeməyə başladı. Bu dəfə masaya, ətrafındakı boş stullara diqqət kəsildi qəhər boğazını necə tutdusa, az qala boğulsun. Əlindəki çəngəli boşqaba qoyub boğazını tutdu. Bir-iki öskürəkdən sonra hər iki əlini qabağa verib barmaqlarını araladı. "Nərmin rahat ol, Nərmin özünə gəl," - deyərək sakitləşməyə çalışdı, dərindən nəfəs aldı. Birdən əlləri ilə üzünü örtüb qəfil hönkürtü ilə ağlamağa başladı

Ağladı, ağladı ... qəflətən sakitləşdi.

Ayağa durub yeməkləri bir boşqaba yığdı. Düşüncəsindən üzünə təbəssüm qondu. "Məstanın keyfidir. Mənim , Nihatın da payını yeyib şellənəcək".

Nərmin yemək dolu boşqabı götürüb mənzilin giriş qapısına tərəf getdi. Qapını açıb "Piş, piş" - deməsi kifayət elədi. Gözlərinin ətrafı, beli ayaqları qara zolaqlı pişik qarşısında peyda oldu düz üzünə zillənərək miyoldamağa başladı. Nərmin boşqabdakı yeməyi divar dibində olan plastmas boşqaba tökdü.

Mətbəxə keçib incə naxışları olan fincana çay süzdü. Stolun üstündəki digər boş fincan diqqətini çəksə üzgün baxışlarla üzünü yana çevirdi. Çay dolu fincanı götürüb qonaq otağına keçdi, fincanı divanın qarşısındakı yazı masasının üstünə qoydu. Otağın hər tərəfi Nihatla bağlı xatirələrə bürünmüşdü. Xüsusən, otaqdakı servantda, divarda, kitab şkafında Nihatla bir yerdə olan xoşbəxt anları əks edən şəkillərə baxmaqdan doymurdu.

Görüşlərin birində Gülnar ona gələcəkdə yeni ailə qurmağı vacib bilmişdi. Bunun üçün isə mənzildən Nihatın bütün şəkillərini yığışdırmağı məsləhət görmüşdü ki, hər dəfə köhnə xatirələr dil açıb danışa bilməsin. Bu təklifdən Nərminin halı qəfil pisləşmişdi. Handan-hana özünə gələn Nərmin üzgün halda bunu edə bilməyəcəyini demişdi. Söz arası onu da xatırlatmışdı ki, Nihatla keçirtdiyi səkkiz il bir qadın olaraq bütün həyatına bəs edir.

Nihat bir qadın bir xanımı olaraq ona çox şey vermişdi. Bircə...

Nərminin Nihatdan son istəyi uşaqla bağlı oldu. Həmin söhbət elə burada, qonaq otağında divanda oturub televizoru seyr edərkən olmuşdu:

"- Nihat, əzizim, artıq evliliyimizin səkkiz ilinə az qalıb. Bizim hələ uşağımız yoxdur. Anam da məni hər dəfə danlayır, problem olub-olmadığını soruşur, cavab verə bilmirəm.

Nihat sevgi dolu baxışlarla Nərmini qucaqlayıb saçından, üzündən öpmüşdü:

- Nərmin, əzizim, özün bilirsən ki, uşaqla bağlı bizim heç bir problemimiz yoxdur. Doğru, uşaq olmağını mən istəmədim. Dedim ki, hələ çox gəncik, bir az gəzib dolaşaq, dünyanı görək, istirahətin ləzzətini çıxardaq. Vallah, uşaq olandan sonra bunlar olmayacaq. Şükür ki, ölkəmizin əksər gəzməli yerlərində olmuşuq. Bir neçə xarici ölkəni gördük. Düz deyirsən, artıq vaxtdır. Bizimkilər məni bezdiriblər. Bu il inşallah bu məsələni həll edərik".

Nərmin sevindiyindən için-için ağlamışdı. İllərlə sevgilisinin istəyinə tabe olsa da, indi ana olmaq istəyindən alışıb yanırdı. Amma

Bu söhbətlə Nihatın avtoqəzada faciəli ölümü arasında vaxt cəmi bir ay çəkdi.

Axı niyə?.. üçün?.. Heç ölümün yeri idi?..

Daha bu sualların da mənası yox idi. Onsuz da heç bir cavab Nərmini qane etmirdi.

Nərmin pultu götürüb televizoru qoşdu. Bu dəfə divanda deyil, kresloda oturdu. Televizorda nəyə baxırdısa, onsuz da yenə öz xəyallarına, Nihatla bağlı düşüncələrə qayıdırdı.

Dərindən köks ötürdü.

Özünün ölümü necə olacaqdı? Daha ölümdən qorxur, onu vecinə alırdı. Hər şey bitmiş, dağılmış, qurtarmışdı.

Jurnal masasının üstündəki fincanı götürdü. Çaydan bir qurtum içib fincanı ovucları arasına aldı.

"- Günlər tez keçdi, Nihat? - gerçək səslə dedi. Sanki Nihat indi burada, onun yanında idi. - Bu gün üç ay on gündür ki, yanımda yoxsan, Nihatım. Düz yüz gün. Bilirsən bu yüz gün mənə nələri öyrətdi, nələri yaşatdı? Yox, deyib əhvalını korlamaq istəmirəm. Amma... Amma bir bunu bil ki, sənsiz yaşamaq mənə çox ağırdır, çox. İşləməsəydim bu dərdə dözə bilməzdim, inan mənə. Məni ən çox ağrıdan bilirsən nədir? Bizim ailə həyatımızdan heç bir nişanə qalmadı".

Nərmin fincanı masanın üstünə qoyub qoşa əlləri ilə çiyinlərini qucaqladı. Canına qəribə bir üşütmə gəldi. Qalxıb divanın bir küncünə büküb qoyduğu adyalı götürüb çiyinlərinə atdı. Çaydan bir neçə qurtum da içdi. "Onunla" söhbətini davam etdirdi:

"Nihat, səhhətim yaman pisləşib. Bədənim ağrıyır, amma dəqiq haranın ağrıdığını heç bilmirəm. Dünən həkimə getdim, müayinə olundum. Dedilər problem əsəb, stresdir. Hələ bəzi müayinələrin cavabı sonraya qaldı. Məncə dəqiq diaqnozum onda bilinəcək. Dedilər müayinənin cavabını telefonla bildirərlər. Dava-dərman da yazdılar. Dünəndən qəbul edirəm, hələ ki, təsirini görmürəm. Başa düşmürəm bu ağrılardır belə..."

Masanın üstündəki mobil telefonu götürüb asta addımlarla yataq otağına keçdi.

Telefonu çarpayının kənarında tumbanın üstündəki gecə fənərin yanına qoydu. Yorğanı qaldırıb içinə girdi. Buz kimi soyuqdan büzüşdü. Sağ böyrü üstə çevriləndə baxışları qarşıdakı termonun üstündəki Nihatın iri şəklinə sataşdı. Dəhlizdəki işıq şəklin üstünə düşdüyündən sanki Nihat kənardan boylanıb gülümsər baxışlarla onu seyr edirdi. Yenə onunla gerçək səslə danışırdı:

"- Nihat, deyəsən, halıma gülürsən. Doğrudan da, gülməli haldayam. Yəqin yerin rahat, keyfin kökdür. Getdin, canın qurtardı, bu dünyada təklik əzabının demək olduğunu bilməyəcəksən. Əzabdır, özü dözülməz əzabdır. Mən hər gün, hər saat bu əzabdan ölüb dirilirəm. Məni tək qoydun. Demədin ki, bu yazıq çiynindəki ağır yükü daşıya bilərmi? Bilirsən, böyük dərd imiş tənha qalmaq. İşləyirəm, yaxşı maaşım da var. Amma..."

Nərmin əks tərəfə, üzü divara çevrildi. Sanki ürəyindəkiləri Nihatın şəklinə belə deməkdən utandı, həya elədi.

"- Tənha yaşamaq çox ağırdır. Sənsiz çox darıxıram, əzizim. Nəfəsinə, nəvazişinə, qayğına, o şirin sözlərinə bilsən qədər ehtiyacım var, Nihat. Bilsən, bəlkə , qaçaraq yanıma gələrsən, məni dərd çəkməyə, üzülməyə qoymazsan. Bilirəm mənim Nihatım belə edər. Əlin çatmasa da ruhunun daima üstümdə gəzdiyinə əminəm. Dözmək çox çətin Nihatım. Ətrafında olanlar səni halınla qəbul edə bilmirlər. Xüsusən, kişilər...

Başından ayaq barmaqlarına kimi bütün bədənini bürüyüb ürəyində cəmləşən ağrıdan qıvrılan Nərmin yenidən üzü divara çevrildi.

"- Nihatım, sən demə tənha qadınlar baxışından, yerişindən, duruşundan bilinirmişlər. Bütün fərqliliklərə rəğmən onları birləşdirən yeganə səbəb tənhalıq dərdi imiş. Özlərini qədər şux tutsalar da alınmır. Bu sıraya qoşulandan sonra bunları bilmişəm, əzizim. Amma Böyük Yaradan onların da yaşamaqlarına çıraq yandırıb. Tənha qadınlar xoşbəxt sonluğu olan ümidlərlə günlərini başa vururlar. Qapılarının vaxtsa döyüləcəyinə, qarşılarına namuslu birisinin çıxacağına, dərdini bölüşən, sevincinə, kədərinə şərik çıxa bilən kimsənin tapılacağına həmişə ümid edirlər. Bu yalançı ümidlər onların yaşamalarına vəsilə olur".

Gözlərini yumdu, göz yaşları qulaqlarına tərəf aşağı süzülürdü.

"- Yox Nihat, mənə təsəlli vermə. Xoşum gəlmir o sözdən. Demə mənim həyatım hələ qabaqdadır. Mənə xoşbəxtlik arzulama. Xoşbəxtlik səninlə idi. Sənin olmadığın yerdə mənim üçün xoşbəxtlik yoxdur. Heç kəslə yoxdur. Səndən sonra kimsənin ola bilmərəm, bacarmaram bunu. Məni yaşamağa həvəsləndirən nəsə qalmayıb. Hər gün əzablar içində ölürəm, yanıb kül oluram. Bir dəfəlik ölməyim yaxşı olmazmı? Belə yaşamağın mənası varmı? Bu cür yaşamağım kiməsə lazımdırmı? Yox, yox heç kimə lazım deyil. Sən vəfasız çıxdın, mən isə səni tək qoymaram, yox qoymaram. Gəlirəm yanına Nihat, məni qarşıla, gəlirəm".

Nərmin qəfil yorğanı üstündən atdı. Çarpayıdan elə tez durdu ki, sanki kimsə qolundan tutub yuxarı dartdı. O, iti addımlarla kresloya yaxınlaşıb pəncərə önünə itələdi. Kreslonun üstünə çıxıb pəncərəni açdı. Aşağı - həyətə baxdı. Həyətdə hər tərəf zülmət qaranlığa qərq olmuşdu. Yerə olan məsafə o qədər uzun göründü ki, bir anlıq gözləri qaraldı. Gözlərini açanda dairəvi bir işığın içində Nihatın yerdə əllərini yellədərək nəyəsə işarə etdiyini gördü. Gözləri hədəqəsindən çıxmış halda: "Gəlirəm Nihatım, yanına gəlirəm" - deyib sağ ayağını pəncərə silləsinə qoydu.

Havadan ölüm qoxusu gəlirdi. Nihat əli ilə işarə verməkdə davam edirdi. Bir şey anlamadı, "Gəlirəm əzizim, gəlirəm" - dedi. Sol ayağını qaldıranda mobil telefonuna ard-arda bir neçə mesajın gəldiyini eşitdi. Bu dəfə Nihatın əlindəki mobil telefona işarə etdiyini aydınca gördü. Bir anlıq duruxdu. Nihat ona mesajmı göndərirdi? Astaca kreslodan yerə düşdü. Tumbanın üstündəki telefonu əlinə götürüb mesaj blokuna girdi. Ekranda yazılanları əlləri titrəyə-titrəyə oxumağa başladı: "Hörmətli Nərmin xanım. Müayinə zamanı sizin üç aylıq oğlan uşağına hamilə olduğunuz təsdiq olundu. Təbrik edirik. Müayinənin nəticəsi ilə bağlı sənədi gəlib götürə bilərsiniz".

Nərmin qaçaraq açıq pəncərəyə yaxınlaşdı. Aşağı baxanda küçə fənərlərinin gur işığında hər tərəfin gün kimi aydın göründüyünü müşahidə etdi. Həyətdə kimsə yox idi. Nərmin çarpayının bir küncündə oturub telefonu sinəsinə sıxdı.

Kənardan Nərminin güldüyünü, ya da ağladığını bir kimsə ayırd edə bilməzdi.

 

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                               Lənkəran, 8-9 noyabr 2023

 

Qafar Cəfərli

Yazıçı - publisist

 

Ədəbiyyat qəzeti. - 2023. - 16 dekabr, ¹ 48- 49. - S. 16.