Can sağlığının
sorağında
Hekayə
Unutmaq mümkün
deyil. Yanğısı
qora bişirən yox, daş qaynadan
o istilərin göynərtisi
yadıma düşəndə
başımdan tüstü
çıxır. Planetin
hər yerində, o cümlədən Bakıda
da cövlan edən istiləşmələr get-gedə
qızışırdı. Hərarət gecələr
də səngimirdi. Havanın quruluğu təngnəfəslik və
boğulmalarla müşayiət
olunurdu. Arktikada neçə milyard il bundan əvvəl özünü tutan buz dağlarının zirvələri əriməyə
başladı. İsti
sellər qocaman buzların özüllərini
laxladır, binə-bəndlərini
sökürdü. Buz
qayaları aysberqlərin
belinə böyrü
üstə çırpılır,
gurultuya üfüqlər
titrəyir, ağ ayıların qulaqlarından
qan açılırdı.
Amma insanlar guya bu iqlim dəyişməsini
görmür, gurultuları
eşitməməzliyə vururdular.
Okeanlarda qasırğalar
gəmiləri batırır,
sellər, qabarmalar sahil şəhərlərini
altına alırdı.
Təbiətin belə
acışmasına səbəb
nəydi? Günəşi
yaradan, o günəşin
tacından qopub ətrafa səpələnən
kösöv parçalarının,
alov dilimlərinin qarşısında müdafiəçi
- qalxan rolunu oynayan bir "Ozon qatı"nı da yaratmışdı.
Min dəfə əhsən!
Ustadına min bir bərəkallah! O, son dərəcə
qızmar kütlə
"Ozon qatı"nın filterindən keçərkən
bir növ yuyulur, təmizlənir, mülayimləşir, həyat
üçün yararlı
hala salınır. Yer üzündə canlıların və təbiət qüvvələrinin
həmahəng, barışıq
şəraitində yaşamasına
zəmin yaranır. Durna gözü suyunu içib, kristal havasını udub, meyvələriylə
qidalanıb xoşbəxt
günlərimizi yaşayarkən,
çox təəssüf
ki, ətraf mühitdən
muğayat olmağı
unutduq. Dahi Ələkbər Sabir demişkən,
"öz qövmümüzün
başına əngəl-kələf
olduq". Nəticədə,
"Ozon qatı"nın səthi yerdən üzüyuxarı şığıyan
qaz, tüstü süngüləriylə deşim-deşim
oldu, süzəyə
döndü. Kimyəvi
tullantılarla parçalandı,
dağıntılara məruz
qaldı səmamız.
İstiləşmələr gücləndi. Nəfsi, tamahı quduzlaşan bəzi güclülər,
daha çox torpaq zəbt etmək, seçilmək,
zənginləşmək yoluyla
dünyaya hakim olmağa
can atırdılar. Silah-sursat
zavodlarının bacalarından
qalxan kimyəvi tullantılar, raket başlıqlarından, bomba
və qumbara partlayışlarından atmosferə
atılan qurğuşun,
benzol, kükürd qazları,
vulkan püskürmələrindən
yaranan hidrogen, xlor birləşmələri
də "Ozon qatı"nın
qatlarını sökür,
şüaların sərbəst
axını yer-göyü
yandırmaqda davam edirdi.
Lakin bəşəri
faciədən xəbərsiz
dünya eyş-işrətdədir.
Toy-toya qarışır,
məhsul bayramları
el şənliklərinə
çevrilirdi. Arabir televiziya kanallarında görünən alimlər
bu hadisəni təbiətin "şıltaqlığı"
kimi qələmə verirdilər. Çox nüfuzlu din və məscid alimləri bu vəziyyətin Allah tərəfindən tezliklə
nizamlanacağını söyləyir,
xalqa təsəlli verirdilər. Amma bəzi başbilənlərdən və
ziyalılardan fərqli
olaraq, uzaqgörən
şair Səməd Vurğun cəmi insanlığa qənim kəsilən istiləşmələrə
qarşı barışmaz
mövqe nümayiş
etdirdi.
Xalq şairi Səməd Vurğun ceyrana, quşa nə qədər güllə atsa da, patrondaşı daim dolu olsa da, ovçu
Səməd Vurğun
qələmi əsərdən-əsərə
püxtələşən, ilham çeşməsi boşaldıqca dolan şair idi. Onun İkinci Dünya müharibəsi ərəfəsində yazdığı
"Vaqif" pyesi uşaqlı-böyüklü xalqın
tamaşasıydı. Hitler faşizmi ilə ölkəmiz arasında gedən müharibənin ağrı-acılarından yaxa
qurtarmaq istəyən,
teatrlara da gedirdilər.
Sifətində barmaq qalınlığında qırışları
titrəyən, başındakı
şah-tacında rəngbərəng
daş-qaşları bərq
vuran Şah Qacar vəhşi görkəmiylə vahimə
doğururdu. Oğlundan
qara kağız alan analar, nişanlısından
nigaran gəlinlər,
Qacarın timsalında
Hitleri görür, nahaq qanlar axıdan
o faşistə lənətlər
yağdırırdılar. Onun atəşfəşanlıqla
parlayan "Zəncinin
arzuları" əsəri
qara dərililərin azadlıq yollarında mayaka çevrildi.
Şairin 1956-cı ilin
baharında Opera və
Balet Teatrında keçirilən 50 illik yubileyinə ədəbi aləmdə yaxşı tanınan qələm dostları da gəlmişdilər.
Tədbir ərəfəsində
şairin səhhətində
problemlər üzə
çıxmış, "dağıntılar" yaranmışdı.
Tədbir iştirakçıları
yubilyarı öz yanlarında görmək istədiklərini bildirdilər.
Bu istək baş tutmayanda "heç olmasa, səsini eşidək" dedilər.
Mərəz şairin
boğazını tutmuşdu.
Xırıltılı səs
eşidənləri şoka
salar, sarsıda bilərdi. Yubiley komissiyasının sədri
Rəsul Rza əlindəki zərfi hamıya göstərərək:
- Səməd Vurğun
məktub göndərib,
- dedi. - Şair ən çətin anlarda da həssaslığından,
insanpərvərliyindən qalmır. Qulaq asın, görün bizə necə can yandırır Səməd.
Qurbağa gölünə
daş atdılar sanki, Rəsul müəllim, böyük
şairin siqləti çoxsaylı cildlərə
sığmayan iki cümləlik məktubunu
oxudu. - "Axır vaxtlar havalar çox istiləşib! Sizə cansağlığı
arzulayıram".
Səməd Vurğun
əsər müzakirələrində
və rəsmi çıxışlarında da sözaltı sözlərə,
ideomatik ifadələrə
daha çox yer verirdi. Yüz
ölçüb, bir
biçən şairin
bişirilməmiş bir
söz çıxmazdı
ağzından. İstiləşmələrdən
gələn narahatçılığını
siqləti qalın tomlara sığmayan, iki sadə cümləylə
"qızım, sənə
deyirəm, gəlinim,
sən eşit" zərb-məsəlinə rəğmən
yubiley iştirakçılarına
deyib, dünyanın qulağına çatdırdı.
Qonaqlar təəcüblə
bir-birlərinə baxdılar. - Hava istiləşməsinin cansağlığına
aidiyyatı varmı?
- soruşdular bir-birindən.
- Var! Özü də
əsaslı dəxli
var - dedi, - titrəyən
çənəsini əliylə
qamarlayan qoca. - Səməd Vurğun
"havalar istiləşir"
deyəndə ona işarə vurur ki, yerdən göyə qalxan tüstülər, kimyəvi tullantılar, zəhərli qazlar atmosferin "Ozon qatı"nı
söküb-dağıdır! İstiləşmələr gücləndikcə
xəstəlik daşıyan
bakteriyaların doğulub
törəməsinə münbit
şərait yaranır.
"Donuz qripi"nin qılçasını qırdıq,
"Quş qripi" süngüsünü dirədi
boğazımıza. İndi də "Koronovirus"un
əlində aciz qalmışıq. Ustad bizi dünyamızdan muğayat olmağa çağırır - deyə
havanı yumruqlayan qoca, birdən fağırlaşdı, doluxsundu:
- Ay pir olmuş, Səməd qağa! Cansağlığı arzulayırsan,
çox yaxşı!
Ancaq onu necə əldə eləyək? Bilirsənsə,
yerini göstər. Dükanda, bazarda satılırsa, biz də alaq, tökək uşaqların qabağına.
Bir-ikisini də ataq ağzımıza. Yoxdu belə bir həb! Amma faciədən qurtulmaq yolu var. Biologiya elmləri doktoru Mirəli deyərlər mənə. Qlobal istiləşmə və parazitlərin artması barədə yüzlərlə
məqalə çap
etdirmişəm. Qoca üzü şir dərisi kimi qırışan portfelini
ağzı aşağı
çevirdi. Masanın
üstündə əl
boyda blaknotlar, cildli kitablar, rəngi solmuş qəzet və jurnal nüsxələri üst-üstə qalaqlandı.
- Bu necə işdi,
ay balam? Aidiyyatlı şəxslər susurlar. Ancaq Allah sənin canına dəyməsin,
ay Səməd qağa.
"Nə? Nə? Xəstə hüceyrələr?"
Lov xəbər. Xəstə hüceyrələrlə
yüklənmiş səma
qalın bir yorğan kimi çəkilib üstümüzə.
İldırım kimi
çaxdı başımda!
Canıma qorxu düşdü. "Vaxsey!
İşimiz bitdi! Evimiz yıxıldı ki!
O yorğanın altından
salamat çıxa biləcəyikmi
biz? Düşünür, üzülürdüm.
"Mərifətli danış!
Ağzını yuyucular
yusun. Bizi diri-diri torpağa basdırma". Öz aləmində hədələyirdi
qocanı. Hay-küy salıb baykot eləmək istədim".
Amma deyəsən, həqiqət
vardı sözündə.
Əlbəttə, o bakteriyaların
bir neçəsi keçib qanıma. Bel tirimi, yançaq sümüklərimi, oynaqlarımı
gəmirən də elə o bakteriyalardı.
Məktubun məzmunundan
vəcdə gələrək
"Yaşamaq gözəl
şeydir, qardaşım"
- dedi, dünya poeziya artilleriyasının
uzaq vuran topçusu - şair Nazim Hikmət. Amma o, "gözəl
yaşamaq, firavan, geninə-boluna təminatla,
şessotka maşınlarla,
bağ evləriylə
yaşamaq, vəzifə
pillələrini qalxa-qalxa
yaşamaq gözəl
şeydi" demədi.
Çox sadə və adi yaşamağa
üstünlük verdi
Nazim əfəndi.
Səhər tez oyanasan. Aynəbəndin pəncərələrini həyətə
tərəf itələyib
açasan. Yarpaqların
üstündən sürüşən
şeh damcıları
əllərini sanca.
Bu gicitkan iynələri
kirpiklərinin ucunda olan-qalan yuxunu qaçıra. Qollarını
velosiped təkərləri
kimi fırladıb, xırman vəli kürəklərinin sığnağında
büzüşən damarlarını
cana gətirsin! Cuşa gələn qanın bədəninin bütün nahiyələrinə
fəvvarələrlə atılsın!
Sinə dolusu nəfəs alasan, udduğun kövrək hava keçən axşam içdiyin rakının çöküntülərini
yuyub nəfəs yollarını təmizləyə.
O hava - məlhəm hisi-pası üzə çıxan içərilərini
yaxşı-yaxşı qalaylaya!
Başını krantın
alnına tutasan, şaqqaşaqla axan sular kürəklərindən
qayış yerlərinə
süzülə, biləsən
ki, yaşayırsan!
Nazim Hikmət ustad saydığı Səməd Vurğunun iki cümləlik məktubunu Qlobal istiləşməyə qarşı
mübarizə proqramı
kimi qəbul etdi. "Mən",
"Sən", "Biz" deyərkən kürreyi-ərzi
bu mübarizədə
əlbir olmağa çağırırdı.
Mən yanmasam,
sən yanmasan, biz yanmasaq, -
Necə çıxar
qaranlıqlar aydınlığa?
Yaşa dolduqca həyatın ətəyindən
bərk-bərk yapışırıq.
Di gəl ki, əlimizdə
saxlaya bilmirik. Mənim davam-divanım da kəskin ağrılar-sancılarla
əsayişimi pozan, hələ həkimlərin
də dəqiq baş tapmadığı
xəstəlikdir. Neçə
vaxtdı ki, Təcili
yardım, Hospital, Poliknika
yollarında həlak-yorğunam.
Həblər atmışam,
iynələr vurdurmuşam,
heç tükü də tərpənməyib
xəstəliyimin. Yüz
faiz əminəm ki, anamı ağladan da o Mirəli kişinin dediyi bakteriyalardı ki, bir neçəsi boynuma, əlimə daraşıb, qanıma keçib. "Yüz imama yalvarınca, bir Allaha yalvar"
deyiblər. İmkanlarımı
götür-qoydan sonra
mənə tanış
hospitala gəldim. Dərdimi-şikayətimi soruşmadılar.
Qoluma girib qan vermə kabinetinə gətirdilər.
Dedim axı, keçən həftə
elə bu kabinetdə olmuşam. Qan da alıblar,
"UZİ"-dən də
keçmişəm. Analizlərin
cavabı cibimdədi.
Gəldim ki, bu dəfə əlli min rubla institutu qurtaran yox, bəlkə
savadlı bir həkim o analizlərə
baxsın, sağaltsın
məni.
- Xeyr, - dedi üzümə irişən, həvədiş
həkim. - O analizlər
köhnəlib. Bu dəfə
qanınızı üç
aspektdə yoxlayarıq.
Diabetə, yəni şəkərə görə,
mədəaltı vəzində
prostata görə, bir də qara
ciyərin sirrozuna görə. Düzdü, bir az qiymət
artacaq! No, zato cansağlığı hər
şeydən qiymətlidi.
- Ay doktor, deyirlər axı, xəstə viruslarla dolu səma, yorğan kimi çəkilib üstümüzə.
Bəlkə o bakteriyalardan
bir neçəsi keçib qanıma?
- Ola bilər! No,
zato, uzun müddət İranın
Kosmos Agentliyində həkim işləmiş
kolleqam Ağayi Firdovsi loğman bir-iki seansa sizi sağaldar. Ağzımı doldurmuşdum
"Yalan deyənin atasına lənət! İranda hələ Kosmos Agentliyi yoxdu. Orda belə
qurum ancaq 2004-cü ildə təsis olunacaqdır - deyib həvədişə bir turşulu aş yedirmək istədim.
"Ancaq göyərçinin
canı bardaqdadı, bardaq da Devin əlində.
Meşədən çıxana
kimi ayıya dayı deməliyəm".
"İranlı Kosmos
həkimi"nin dərman
nüsxəsində heç
bir dənə də təzə dərman görmədim. Ümumi ağrıkəsicilər
yazılmışdı. "UZİ" həkimi müayinələrin
qiymətini baha oxudu. Səbəbini soruşdum. Saçları
ənsəsində xoruz
pipiyi kimi qızaran oğlan dedi ki, dayı, bu importnu aparatları
öz şotuma gətirtmişəm. Orqanları
super göstərir. Tanış
əczaçılar dəfələrlə
işlətdiyim "Ketanol",
"Voltoren", "Novalis" qutularını çantama
doldurub vurdular qoltuğuma. Həbləri
atdım, iynələri
vurdurdum, xeyri olmadı. Köhnə hamam, köhnə tas! Bəlkə dərmanlar saxtadı? Deyirlər ki, Bakının
podvallarında doldururlar.
Yanmayan yerdən tüstü çıxmaz.
Əldə düzəltmə
olsa da eybi yoxdu, az-maz təsirini
göstərər. Amma narazılığım
əlli min rubla
AMİ-ni qurtaran həkimlərdəndi ki, diaqnozları
dəqiq olmur. Xəstəni ram etməkçün
minbir cildə girirlər.
Xirosima və Naqasaki şəhərlərinin
hərəsində bir
atom bombası partladı.
Yüz minlərlə
insan dünyasını
dəyişdi. Bombaların
partlayışından yaranan
vakuum, sərt iqlim dəyişikliyi
"Ozon qatından" yan
ötmədi. Bu təbii
qorunma qatının, özəyi, səthi də müxtəlif dərəcəli zədələr
aldı. Az sonra "Çernobıl" atom-elektrik
stansiyası qəzaya
uğradı. "Ozon qatı"
müqavimətini bir az da itirdi. Ərazilərini
müharibə, istila yoluyla genişləndirmək
istəyənlərin sayı
xeyli artdı. Silah zavodlarının bacalarından "Ozon qatının"
dəyirmanına su yox, bol-bol qaz
birləşmələri axıdıldı,
istiləşmələr gücləndi.
Xəstəlik çəlləkdə
şərab deyil ki, saxalandıqca suyu çəkilib tündləşsin!
Özbaşına buraxılan
viruslar saatlarla yox, saniyələrlə, özü də həndəsi silsiləylə
çoxalır, pəhləvan
cüssəli insanları
iynədən keçən
sapa döndərir.
(Davamı olacaq)
Yusif Həsənbəy
Ədəbiyyat qəzeti.
- 2023. - 16 dekabr, ¹ 48- 49. - S. 26.