Səni görüb cannan olan...

 

Səni görüb cannan olan

tapsa, səndə canı tapar.

Yerişindən, duruşundan

ədəbi, ərkanı tapar.

İstər min dərd, bəla gətir,

Qail olar sənə xətir.

Ötər səni sətir-sətir,

dərdinə dərmanı tapar.

Olmayıbdı, hətta qurban

bu ləzzətdə, dadda qurban.

Mən boyda, mən adda qurban

sən adda ünvanı tapar.

Baxan səmtə, yönə baxar,

baxar, dönə-dönə baxar.

Kafər belə sənə baxar,

səndə Yaradanı tapar...

 

 

Dərdimə şükür, İlahi...

 

Dünya yaman sıxır məni,

Çəkirəm fikir, İlahi...

Yıxanlarmı yıxır məni,

Yer-göymü çökür, İlahi?..

Bu tində, küncdə qədər,

Dözüm bu gücdə, qədər?

Ehtiyac səcdənə qədər

belimi bükür, İlahi...

Hərə bir adnan çıxarır,

Çörəyi oddan çıxarır.

Yoxluğun yaddan çıxarır,

Varlığın çəkir, İlahi...

Gün varmı, bu gündən betər,

Bu dumandan, çəndən betər?

Dərdli gördüm, məndən betər,

Dərdimə şükür, İlahi...

Heç bilmədik var göydə,

Ahlar qalxıb susar göydə.

Ya durmağı bacar, göydə,

Ya da ki, çəkil, İlahi...

 

 

Şansını bir sına

 

Bir gün aşiq olasan

nur üzlü bir qadına.

Üç-beş aya bir kitab

bağlayasan adına.

Necə gözəl sevirsən

sevilirsən, sanalar.

Ona hər gün yazdığın

şeiri qısqanalar.

Asılasan özündən,

özünə dar olasan.

Dilə-dişə düşəsən,

aləmə car olasan.

Yaşına irad tuta,

saçda dəni sevməyə.

Üzünə xoş baxmaya,

bir gün səni sevməyə.

vaxt dinsən, hədd qoya,

araya sərhəd çəkə.

Sənə çəkdirsə, var,

özü həsrət çəkə.

Ölümünə gün qala,

el gəlməmiş yasına

Ondan bir mesaj gələ:

"Şansını bir sına..."

 

 

Yolu ürəyimin

     üstdə gedirəm

 

Odur ən güclüsü dayaqlarımın,

Yolu ürəyimin üstdə gedirəm.

Xəbəri varmıdır ayaqlarımın

yolu ürəyimin üstdə gedirəm?

 

Göylərə şöhrətin başı tez dəyir,

Yanağa gözlərin yaşı tez dəyir.

Tikanı tez batır, daşı tez dəyir,

Yolu ürəyimin üstdə gedirəm.

 

Bu adam bir ömür barışda, deyin,

Haqq üçün savaşda, yarışda, deyin.

Qorxub-eləməsin qarışqa, deyin,

Yolu ürəyimin üstdə gedirəm.

 

Yerin qulağı var, eşidə bilir,

Beş gözəl sevmişəm, beşi bilir.

Meşədə qurdu da, quşu da bilir

Yolu ürəyimin üstdə gedirəm.

 

Ömür bitəbitdə, gün batabatda,

Can hansı qatdadı, ruh hansı qatda...

Başqa yol qalmayıb Allahın altda,

Yolu ürəyimin üstdə gedirəm...

 

 

Başımda

 

Qalmasa da o dağların havası,

Qalır, ancaq qarı mənim başımda.

Gözlərində çiçəkmi saçlarım,

fırlanır arı mənim başımda?..

 

Ömür deyil, bu elə bir səfər ki,

Səfər boyu bitməyəcək bu şərqi.

Varı kimin, pulu kimin, fərqi,

İpi mənim, darı mənim başımda.

 

Darıxmışam, zaman ki kəm olub,

Məni elə mən eləyən qəm olub.

Kimlər kimin ətrafında cəm olub,

Lalı mənim, karı mənim başımda...

 

Adamların ölümü var, qeybi yox,

Bundan belə yaşamağın keyfi yox.

Oyunun var, oyna, qardaş, eybi yox,

Yarıyırsan, yarı mənim başımda...

 

Bürküsündə sıxıla kim, sıxa kim,

Sazağında yelçəkən kim, yuxa kim...

Kim qaldı ki, yenə qalxa, çıxa, kim,

Yermi qoydu Tanrı mənim başımda?..

 

 

Göz yaşlarım kimiydin...

 

Nədən Tanrıdan gələn

buta bilmədim səni?

Saydım bir dadlı bəla,

xəta, bilmədim səni...

Bu bəxtdi, qədərdi,

becərdim, dərdim?!.

Vəsf eləyib döndərdim

bütə, bilmədim səni...

Səhvəm bilirdim nədə,

Öldüm, dirildim nədə...

qala bildim,

ötə bilmədim səni...

Bircəmdin, təkimiydin,

Qəlbimə hakimiydin.

Göz yaşlarım kimiydin,

Tuta bilmədim səni...

 

 

Adam ki var...

 

Əvvəl haqmış, sonra haqmış, son haqmış,

Yalan dedik, kələk dedik adına.

Günü, ayı imtahanmış, sınaqmış,

Xəlbir dedik, ələk dedik adına...

 

Seçən kimmiş, canım, kimmiş seçilən,

Topuqlara dəyən daşmış keçilən.

Doğulandan əynimizə biçilən

kəfən imiş, bələk dedik adına...

 

Sevgisi elə bir cür həvəsdi,

Bilinmədi mövsümü, fəsli.

Sevdiyimiz ya Leyliydi, ya Əsli,

Huri dedik, Mələk dedik adına...

 

Adam ki var, bir quruca bədənmiş,

Torpaq belə göyərtmədi, dənmiş...

Güldürəndə Tanrı dedik, nədənmiş,

öldürəndə fələk dedik adına?

 

 

Daha fərqi var...

 

Qoşulub beləcə günün boşuna,

əldən-ayaqdan, haldan düşəsən...

qaxınc ola ömür başına

yaşayıb abırdan, ardan düşəsən...

 

Dünyada bəxtmi var, qara gəlməyən,

Tuş olub borana, qara, gəlməyən?..

Lap elə bir arzun kara gəlməyə,

Düşəsən, lap elə kardan düşəsən...

 

Nolar, sıxılasan, sıxılanda da,

Sıradan çıxasan, çıxılanda da.

Deyirəm, kaş elə yıxılanda da

çətindən yıxılıb, dardan düşəsən.

 

Özünlə davan da özündən düşə,

Yanğın da odundan, közündən düşə.

Ay özü-özünün gözündən düşən,

Daha fərqi var, hardan düşəsən?..

 

 

Gəlmir

 

                                      Bir yaşlı həmkəndlimin mənə

                        ünvanladığı məktubundan təsirləndim...

 

Qalmayıb əvvəlki səsi-sorağı,

Ha qalxır, qırılır yarıda, gəlmir.

Hanı o əvvəlki bağçası, bağı,

Əvvəlki bəhəri, barı da gəlmir.

 

Yolçusuz bu yollar, yolaqlar batır,

Kəhrizlər quruyur, bulaqlar batır.

Sükut haray təpir, qulaqlar batır,

Eşitmir bu səsi, karı da, gəlmir.

 

Yerin gözəliydi, yerin göyçəyi,

günə salmışıq görün, göyçəyi...

Şirədənmi düşüb gülü-çiçəyi,

Üstünə qonmağa arı da gəlmir?!

 

Dərədə quzusu, qurdu "yollaşıb",

Yamac keçəlləşib, zirvə çallaşıb.

Çəni yol itirib, dumanı çaşıb,

vaxtdı, bu dağa sarı da gəlmir.

 

Çoxalıb tikanı, artıb qanqalı,

Çatan yox bir dikdə qoşa tonqalı.

Kimə baxırsansa, yarıcan qalıb,

Yarını gəzirlər, yarı da gəlmir...

 

Kimə dərdimizi açaq bu kənddən,

Baş alıb hayana qaçaq bu kənddən?

Ölüm qaçaqdı, qaçaq, bu kənddən,

Arada gəlirdi... Arada gəlmir...

 

 

Mən adda biri var

           daş tərəzidi

 

Kim deyir, tək elə fikir çəkənəm,

Çəkir gözümə gözüm şəklini.

Mən, həm çox gözəl şəkil çəkənəm,

Çox gözəl çəkirəm sözün şəklini...

Gündüz gülər görüb surətimi ,

Aldanma, çəksəm, gecə çəkirəm.

İllərdi mən sənin həsrətini

gülüm, bilirsən ki, necə çəkirəm...

Canımın bir gizli sirri yox artıq,

Vicdan dedikləri baş tərəzidi.

Dünyada mən adda biri yox artıq,

Mən adda biri var - daş tərəzidi...

Dərdi tuturam dilə, çəkirəm,

Kənardan eşidib, duyanı olmur.

Vallah, ağrını da elə çəkirəm

bir qram o yanı, bu yanı olmur...

 

 

O necə gedişdi,

bu necə gəliş...

 

O necə gedişdi, bu necə gəliş,

Gərək elə gedən belə gəlməyə...

Tutub da yükünü dərddən, kədərdən,

çiynində dağ boyda şələ gəlməyə...

 

Satılıb getsən , bahadan-baha,

Çevrilib dönsən , şah oğlu, şaha,

Elə gələsən ki, dalınca daha

bəla arxasınca bəla gəlməyə...

 

Demirəm, çevrilib qula gələsən,

Gözlərin buludtək dola, gələsən.

Lap, elə əcəlin gələ, gələsən,

Baxasan... Ölümün gələ, gəlməyə...

 

Olub da belə car qayıtmayasan,

Çuğlaya boran, qar, qayıtmayasan.

Bu qədər tarimar qayıtmayasan,

nəyinsə tapıla, ələ gəlməyə...

 

Axtarma, nəyini qoymusan kəsir,

Bıçaq saplamağa kürək gəzir?..

Məndə o əvvəlki ürək gəzir

dilə tutulmağa, yola gəlməyə...

 

 

Dərd bilir, qəm bilir məni

 

Azı özündən az sayır,

kəmi kəm bilir məni.

Bütövə bütövəm, bəlli,

cəm görüb, cəm bilir məni.

 

Altmışını ötdüm, dədə,

Günahkaram, haqqam nədə?

Bilməsin, kim bilməsə ,

dərd bilir, qəm bilir məni.

 

Mən damı, qəbri özünnən,

Hesabı, cəbri özünnən,

Daşlaşmış səbri özünnən

daha möhkəm bilir məni.

 

qapılar qıfıllanır,

rəqəmlər sıfırlanır...

Dünya başıma fırlanır,

Baxan da dəm bilir məni...

 

Kəmaləddin Qədim

Ədəbiyyat qəzeti. - 2023. - 16 dekabr, ¹ 48-49. - S. 25.