Nurəngiz Günün həyat və yaradıcılığına həsr
olunmuş nəşrlərin
təqdimatı keçirilib
Yazıçılar Birliyində müasir Azərbaycan ədəbiyyatının
parlaq ismi, mərhum Nurəngiz Günün 85 illiyi münasibətilə "Nurəngiz
Gün 85 - Ədibin həyat və yaradıcılığına həsr
olunmuş nəşrlərin
təqdimatı" adlı
tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə texnika və filologiya elmləri doktoru, şair-publisist Elçin İskəndərzadənin Nurəngiz
Günə həsr edilmiş "Günəşin
elçisi" esse-monoqrafiyası,
şair-tərcüməçi Səlim Babullaoğlunun rəhbəri olduğu Tərcümə Mərkəzinin
və Türkiyənin
məşhur ədəbiyyat-sənət
toplusu olan "Temrin" jurnalının
birgə təşəbbüsü
ilə şairəyə
həsr edilən xüsusi nömrəsi, Həsən bəy Zərdabi İrs Mərkəzinin təsis etdiyi "Nurəngiz Gün Beynəlxalq Ödül" yarışmasının
qaliblərinin, eyni zamanda Nurəngiz Günün xarici ölkələrdə yayınlanan
şeirlərindən ibarət
antologiyanın və şair Maşallah Məftunun Nurəngiz Gün haqqında qələmə aldığı
"Güllərin soyqırımı"
kitabları geniş oxucu kütləsinə təqdim edilib.
Tədbiri açan Səlim Babullaoğlu Nurəngiz Günün müasir poeziyada xüsusi bir yer tutan,
şeirləri və bütün yaradıcılığı
ilə ədəbiyyat
tarixində əbədi
yaşayacaq görkəmli
şair olduğunu diqqətə çatdırıb.
Səlim Babullaoğlu
Nurəngiz Günə
həsr edilən nəşrlər haqqında
danışıb, bu nəşrlərin hər
birinin Nurəngiz Gün yaradıcılığının
və şəxsiyyətinin
daha böyük arealda tanınması və təbliğ edilməsi baxımından
daşıdığı əhəmiyyətdən
söz açıb.
Yazıçılar Birliyinin sədri, xalq yazıçısı
Anar Nurəngiz Günlə bağlı xatirələrini danışıb,
təkrarsız və
bənzərsiz yaradıcılığının
xüsusiyyətlərindən bəhs edib, onun yoxluğunun ədəbiyyatın itkisi
olduğunu deyib.
"Günəşin
elçisi" esse-monoqrafiyanın
müəllifi Elçin
İskəndərzadə Nurəngiz
Günün Azərbaycan
ədəbiyyatındakı müstəsna yeri və müstəsna xidmətlərindən danışaraq,
esse-monoqrafiyanın yazılma
səbəblərindən, xanım şairəyə
olan böyük sevgi və ehtiramından
bəhs edib.
Tədbirdə çıxış edən
akademik Teymur Kərimli, deputat Arzu Nağıyev, professor
Vaqif Yusifli, ədəbi tənqidçi,
"Azərbaycan" jurnalının
baş redaktor müavini Əsəd Cahangir, "Qobustan" jurnalının baş redaktoru, yazıçı
Pərvin, filologiya üzrə elmlər doktoru Bahar Bərdəli,
"Zərdabi Nəşr"
nəşrlər evinin
direktoru Elman Qasımov,
tarix üzrə fəlsəfə doktoru, milyonçu Ağamusa Nağıyevin nəvəsi
Dilarə Nağıyeva,
şairə Aləmzar
Sadıqqızı, Narıngül
Nadir və başqaları
təqdim edilən nəşrlərin ədibin
həyatı və yaradıcılığı haqqında
müfəssəl məlumat-mənbə
xarakteri daşıdığını,
bu nəşrlərin
Nurəngiz Gün haqqında tədqiqat aparacaq gənc tədqiqatçılar, alimlər
üçün sanballı
bir qaynaq olduğunu bildiriblər. Çıxışçılar şairənin ədəbiyyatımıza
bəxş etdiyi əsərlərin mənəvi
dəyərindən, bu
əsərlərin aşıladığı
vətən, torpaq, yurd, insan, təbiət,
ana sevgisindən bəhs
edib, bəşəriyyətə
xitab edən dünyəvi poemalarından
söhbət açıblar.
Çıxış edənlər
Nurəngiz Günün
yaradıcılığının daha geniş və əhatəli şəkildə, elmi əsaslarla tədqiq edilməsinin vacibliyini vurğulayıblar.
Sonra çıxış
edən şairənin
qızı, filologiya elmləri doktoru, deputat Jalə Əliyeva anasının xatirəsinə göstərdikləri
ehtiram üçün
kitab müəlliflərinə, Yazıçılar Birliyinə
təşəkkürünü bildirib.
Sərvaz Hüseynoğlu
Ədəbiyyat qəzeti. - 2023. - 30 dekabr,
№ 52. - S. 10.