Məhəbbət ölüncədi
Əsrlər boyu İraqda yaşayan soydaşlarımızla bir
bayraq altında birləşmişdik. Hətta
Uzun Həsənin vaxtında ölkənin paytaxtı yayda Təbriz, qışda Bağdad olmuşdu. Lakin 1747-ci ildə Nadir şah qətlə yetiriləndən
sonra Bağdad, Kərkük, Mosul osmanlı türklərinin
təbəəliyinə keçdi.
İraqla əlaqələrimiz
kəsilmək dərəcəsinə
çatdı. Məhz
buna görə də Azərbaycan hakimləri İraqda məskən tutmuş qəbilələri geri qaytarmağa təşəbbüs
göstərdilər. Bu
münasibətlə Mirzə
Camal Cavanşir yazır: "1747-ci ildə
Nadir şah qətlə yetirildikdən
sonra Pənah xan yanında olan adamlarla birlikdə Qarabağ ellərini qarşılamaq
üçün İraq
və Azərbaycan sərhədlərinə qədər
getdi. Onların bu səfəri bir nəticə vermədi" (Mirzə Camal Cavanşir Qarabağlı. "Qarabağ
tarixi". Bakı,
1959, s.14-15).
Doğrudur, Şah
İsmayılın vaxtında
Bağdad, Mosul, Kərkük yenidən Azərbaycana qaytarıldı.
Lakin bu çox çəkmədi.
"Çaldıran vuruşu"nda
səfəvilər məğlub
olduqdan sonra Bağdad, Kərkük, Mosul birdəfəlik xan itirib, paşa
qazandı.
Demək lazımdır
ki, Bağdad və ətraf yerlərdə təkcə
Qarabağ elləri deyil, Güney və Quzey Azərbaycanın
hər yerindən qəbilələr məskən
salmışdılar. Ara
kəsiləndən sonra
soydaşlarımız qəm,
qüssə, kədərini
həsrət nəğmələrində
tapdılar:
Əslim qarabağlıdı,
Sinəm çarpaz
dağlıdı,
Kəsilib gəlib-gedən,
Demə, yollar bağlıdı.
Bağdad yolu Gəncədi,
Gülü pəncə-pəncədi.
Demə, sizdən
irağıq,
Məhəbbət ölüncədi.
Eysim qərib;
Eysim, yoldaşım
qərib.
Bilmirəm, haralıyam,
Torpağım-daşım
qərib.
Ayrılıq - əlacı olmayan dərdə bənzəyir,
ağrısı-acısı insanı yandırır. Ayrılıq hər bir dərddən betər olur.
O ayrılığın
təsiri günümüzdə
də davam edir. Təsadüfi deyil ki, yazıçı
Mövlud Taha Qayaçı
və görkəmli müğənni Əbdülvahid
Kuzəçi haqqında
"Vida" sözüm "O da Bakı həsrəti ilə yaşayırdı"
cümləsi ilə bitir.
Qəribədir ki, görkəmli İraq-türkman
şairi, ədəbi-mədəni,
elmi əlaqələrimiz
yolunda misilsiz xidmətlər göstərən
Əbdüllətif Bəndəroğlu,
hələ Bakını
görmədən "Bakıya
həsrət" şeirini
yazmışdı.
Azərbaycana çoxsaylı gediş-gəlişindən
sonra da ayrılıq qəlbini sızıldadırdı:
Yaşar könlüm;
Çırpınar,
yaşar könlüm.
Bağdadda bir ah çəkər,
Bakıda yaşar könlüm.
Yuxarıdakı bayatı-xoyratlardan da göründüyü
kimi, nə kəsilən yollar, nə ayrılığa gətirib çıxaran illər bu elatın
dilinə təsir edə bilməmişdir.
Bu münasibətlə
kərküklü tədqiqatçı
Səid İrmaq yazmışdır:
"Vətən torpağı kiçilib-genişlənə
bilər, tamamilə əldən çıxa bilər, sərhədləri
tükənə bilər,
tarixi təhrif edilə bilər. Hətta şan və şərəfi tapdalana bilər, dini dəyişdirilə bilər, lakin bir şey dəyişmir.
Qalan bu tək varlıq ana dilidir. ("Qardaşlıq",
¹5, Bağdad, 1962)".
O vaxtdan ədəbi dil osmanlı türkcəsi kimi qəbul olunsa da, danışıq
dili Azərbaycan dilini təmsil edir. Xalq dil
məsələsindəki qətiyyətini
bayatılarda bəyan
edir:
Dilim-dilim;
Kəs qovun dilim-dilim.
Mən dilimnən vaz keçməm,
Olursam, dilim-dilim.
Biz bütün bunlardan xəbərsiz idik. İ.V.Stalinin
ölümündən (1953) sonra, Sovet İttifaqında
ab-havanın yumşaldığı
keçən əsrin
60-cı illərində xəbər
tutduq.
İraqa gediş-gəliş başlayandan
sonra məlum oldu ki, İraqda Türkman adlanan, azərbaycanca danışan,
dilini, adət-ənənəsini,
folklorunu, ədəbiyyatını
qoruyan elat vardır. Rəsul Rzanın "Uzaq ellərin yaxın töhfələri", Xalq
şairi ilə birgə çap etdirdiyimiz "Kərkük
bayatıları" (1968), mənim "Elm və həyat" dərgisində
çap olunan
"İraq azəriləri" (1987),
"Ulduz" jurnalında
işıq üzü
görən "Kərkük
şairləri" (1968), kərküklü
Sinan Səid və Nərminə Məmmədovanın
birgə oxuduqları Kərkük mahnıları
ölkəmizdə görünməmiş
marağa səbəb
oldu.
O da məlum oldu ki, keçən əsrin 50-ci illərindən
başlamış, kərküklü
tədqiqatçı, universitet
təhsilli Əta Tərzibaşı dil və folklor birliyimizdən bəhs edən, ədəbi-mədəni,
elmi əlaqələrimizə
həsr olunan qiymətli əsərlər
yazmışdır.
İraq-türkman folklorşünaslıq və
ədəbiyyatşünaslıq elminin patriarxı Əta Tərzibaşının
bütün əsərlərini
ölkəmizdə çap
etdik. Tədqiqatçının
birliyimizdən bəhs
edən əsərləri
və fəaliyyəti
Azərbaycanda yüksək
qiymətləndirildi. Azərbaycan
Sovet Ensiklopediyasında
haqqında oçerk verildi (ACE, IX cild, 1986,
s.257). Əta Tərzibaşı,
eyni zamanda Azərbaycan Yazıçılar
Birliyinin fəxri üzvü seçildi.
1994-cü ildə Füzulinin
500 illik yubileyinə gedəndə Anar, Yaşar Qarayev, Sabir Rüstəmxanlı, Ayaz Vəfalı
kərküklü Mustafa Ziyanın
bələdçiliyi ilə
Əta bəyi ziyarət etdik. Anar Yazıçılar Birliyinin üzvlük vəsiqəsini təqdim edəndə Əta bəyin çöhrəsində
bir məmnunluq duydum.
Ədəbi və elmi əlaqələrimiz
yolunda böyük xidmətlər göstərən
Əbdüllətif Bəndəroğluna
da Azərbaycan Sovet Ensiklopediyasında oçerk
həsr olunub (ACE, IV cild, 1980, s.126).
Ə.Bəndəroğlu
da Azərbaycan Yazıçılar
Birliyinin fəxri üzvüdür.
Əta Tərzibaşı, Əbdüllətif Bəndəroğlu
və Nəsrin Ərbil haqqında
Professor Teymur Əhmədovun "Azərbaycan
yazıçıları (XX-XXI yüzillikdə) Ensiklopedik
məlumat kitabı"nda
(Bakı, "Nurlar",
2011) geniş oçerklər
vermişəm.
Mən Yazıçılar Birliyinin
sədri Anarın təklifi ilə İraq türkman ədəbiyyatı
üzrə Birliyə
müşavir təyin
edildikdən sonra əlaqələrimiz təşkilati
status qazandı və
onun daha geniş vüsət alması üçün
çeşidli tədbirlər
keçirməyə mənəvi
stimul oldu.
İndi İraq türkmanlarından
13 nəfər: Əta
Tərzibaşı, Nəsrin
Ərbil, Əbdüllətif
Bəndəroğlu, Məhəmməd
Bayat, Mustafa Ziya, Şəmsəddin Kuzəçi,
Fövzi Əkrəm,
Mövlud Taha Qayaçı,
Nicat Kövsəroğlu,
Aydın Kərkük,
Faruk Köprülü, Əsəd
Ərbil, Rıza Çolakoğlu Azərbaycan
Yazıçılar Birliyinin
fəxri üzvüdür.
Yeri gəlmişkən,
Yazıçılar Birliyində
Şəmsəddin Kuzəçinin
Ankarada çap etdirdiyi "Rəsul Rza. Uzaq ellərin
yaxın töhfələri"
əsərini İraq türkman
yazarlarının (40 nəfər)
hamısının iştirak
etdiyi təqdimat mərasimində (1.XI.2023) Birliyin
İraq türkman ədəbiyyatı
üzrə müşaviri
səlahiyyətindən istifadə
edərək, şairlərdən:
Əli Yavuz, Qədriyyə
Ziya, professorlar: Mehmet Ömər Qazançı,
Mahir Naqib və Süphi Saatçının Yazıçılar
Birliyinə fəxri üzv seçilməsinə
dair Birlik qarşısında vəsatət
qaldırdım.
Onu da deyim
ki, ilk dəfə İraq türkmanlarından
professorlar Süphi Saatçı və Mahir Naqibi Akademiyanın
Ədəbiyyat İnstitutunun
direktoru Yaşar Qarayevin təşkilatçılığı
ilə Ədəbiyyat
İnstitutunda İraq türkman
folkloruna həsr olunmuş konfransa öz hesabıma mən dəvət etmişdim. Eləcə də, Nəsrin Ərbil və Mövlud Taha Qayaçını
Bakıya ilk dəfə
mən dəvət etmişdim.
Şükürlər
olsun, indi İraq türkman yazarları tez-tez ölkəmizə gəlir, dövlət universitetlərində, Milli Kitabxanamızda,
Yazıçılar Birliyində,
Ədəbiyyat İnstitutunda,
"Ədəbiyyat qəzeti"
redaksiyasında, Folklor
İnstitutunda, Atatürk Mərkəzində,
özəl universitetlərdə,
orta məktəblərdə
və s. onlarla görüşlər, kitabların
təqdimatı keçirilir.
İraqlı soydaşlarımız
dövlət əhəmiyyətli
tədbirlərə dəvət
olunurlar.
Keçən il, oktyabr ayında keçirilən Azərbaycan
yazıçılarının qurultayında Nəsrin Ərbil iraqlı türkman şairləri təmsil etdi.
Şəmsəddin
Kuzəçi isə,
təklifimlə Yazıçılar
Birliyinin orqanı
"Ədəbiyyat qəzeti"nin
Redaksiya Şurasına
seçildi.
Yeri gəlmişkən,
Dr. Şəmsəddin Kuzəçi
bu ilin oktyabr
ayında Azərbaycan
Milli Elmlər Akademiyasının
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun fəxri doktoru seçilib. İndiyə qədər ölkəmizdə dövlət
qurumlarında iraqlı
soydaşlarımızdan yalnız
Əbdüllətif Bəndəroğlu
Bakı Dövlət Universitetinin fəxri doktoru seçilmişdi.
Azərbaycanda İraq türkman folkloruna, ədəbiyyatına və
ləhcəsinə neçə-neçə
dissertasiyalar, monoqrafiyalar,
publisistik və elmi məqalələr həsr olunmuşdur. Hazırda iki nəfər dissertant Ədəbiyyat İnstitutu
və Pedaqoji Universitetdə İraq türkman
ədəbiyyatından, bir
nəfər isə, Folklor İnstitutunda mərasim folklorundan dissertasiya yazır.
Sevindirici haldır ki, son vaxtlar ədəbi-mədəni, elmi
məqalələrimiz dövlət
səviyyəsində inkişaf
edir. Azərbaycan Milli
Elmlər Akademiyası
Rəyasət Heyətinin
12 iyul 2023-cü il tarixli
qərarı ilə Akademiyanın nəzdində
"İraq Türkman Araşdırmaları
üzrə Əlaqələndirmə
Şurası" yaradıldı.
Yığıncaqda "Azərbaycan
İraq türkman araşdırmaları"
mövzusunda geniş məruzə etdim. Məruzəm "525-ci qəzet"də
çap olundu
(24.07.2023). İyirmi bir
nəfərdən ibarət
Şuranın sədri
akademik Teymur Kərimli, müavini mən təyin olunduq.
Sevindim ki, arzularım yerinə yetir.
Bu ilin oktyabr
ayında dövlət
səviyyəsində böyük
bir tədbir keçirildi.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Beynəlxalq Münasibətlərin
Təhlili Mərkəzinin
birgə təşkilatçılığı
ilə "İraq türkmanları
və türk dünyası: tarixi yaddaşın bərpası"
adlı Beynəlxalq elmi-praktik konfrans keçirildi. Yüksək
səviyyədə keçən
konfransda azərbaycanlı
alimlərlə bərabər,
40-dan artıq İraq türkman
yazarları, şairləri,
radio və televiziya işçiləri, dərgi
və qəzet redaktorları, ictimai xadimlər iştirak etdilər. Onlar İraq, Almaniya, Hollandiya, Türkiyə və s. ölkələrdən gəlmişdilər.
Konfransda professorlardan: Çoban Xıdır Uluxan (Kərkük Universiteti), Məhməd Ömər Qazançı (Bağdad Universiteti), Mahir Naqib (Çankaya Universiteti), Ömər Türkmanoğlu (Qazi Universiteti),
Fövzi Əkrəm
(İraq Ədəbiyyatçılar və Yazıçılar
Birliklərinin türkman
bürosunun sədri),
Aydın Kərkük
(İraq türkman Ədəbiyyatçılar
Birliyinin sədri),
Faruk Abdullah (Bağdaddakı Türkman Ocağının
sədri, İraq Türkman
Cəbhəsinin sabiq sədri), Gürşad Çavuşoğlu
(Türkman Həmrəylik
Təşkilatının sədri),
Neset Bacalan (Niderlandda Türkman diaspor Təşkilatının
rəhbəri), Şəmsəddin
Kuzəçi (Kərkük
Mədəniyyət Dərnəyinin
rəhbəri), Yıldız
Səadəddin (Bağdad
Universiteti), Gülzar Bayatlı (Türkmaneli Televiziya kanalının aparıcısı), Əhməd
Haşim Muxtaroğlu
(jurnalist, Türkman Təhsil İdarəsinin müdiri), Qənim Osman
(İraq Türkmanları İnsan
Haqları Birliyinin Almaniya təmsilçisi) və başqalarının
məruzələri böyük
maraqla qarşılandı.
Azərbaycan tərəfindən çıxış
edən Sabir Rüstəmxanlı,
Rəşad Məcid,
Əflatun Amaşov, Vüqar Zifəroğlu, Əfzələddin Əsgər,
Xatirə Bəşirova,
Güllü Yoloğlu,
Elçin Əsgərov,
Səkinə Qaybalıyeva,
Ləman Süleymanova,
Adil Zeynalov və başqalarının məruzələri
elmiliyi ilə seçilirdi.
Elə buradaca deyim ki, Ərbildən Əsəd
Ərbilin, Ankaradan Nəsrin Ərbil və Mustafa Ziyanın, İstanbuldan professor Suphi Saatçı və Ərşad Hürmüzlünün
konfransa dəvət olunmaması təəssüf
doğurdu. Bununla belə, konfrans mənəvi və fiziki birliyimizin bariz nümunəsinə çevrildi.
Sevincimin həddi-hüdudu yox idi. Təkcə ona görə yox ki, İraq Mədəniyyət
Naziri Dr. Əhməd Əl-Fikək və
İraq Yazıçılar Birliyində Türkman Mədəniyyət bürosunun
sədri, sabiq millət vəkili Fövzi Əkrəm Tərzioğlunun imzası
ilə mənə ünvanlanan "İraq türkman
mədəniyyətinin dost Azərbaycan dövlətində
tanıdılması və
dəstəklənməsində böyük xidmətinizi nəzərə alaraq, səylərinizi yüksək
qiymətləndirir və
Sizə Yaradıcılıq
Plaketini təqdim edir, təşəkkür
və minnətdarlığımızı
bildiririk" - Yaradıcılıq
Plaketi ilə təltif olundum, bir də ona
görə ki, ürəyimdə
boy atan arzularım yerinə yetir.
Ulu öndər Heydər Əliyev İraqdakı soydaşlarımızın
"Qardaşlıq" dərgisinə
verdiyi müsahibədə
demişdir:
"Tarixi araşdıranda gördüm
ki, Güney Azərbaycan,
Quzey Azərbaycan və İraq türkmanları
bir bütövün parçalarıdır" ("Qardaşlıq" dərgisi,
¹8, s.4, İstanbul, 2000).
Hədsiz dərəcədə sevinirəm
ki, müəyyən tarixi-siyasi
səbəblər üzündən
parçalanmış xalqımız
mənəvi cəhətdən
bütövləşir.
P.S. Bakıda
"İraq türkmanları və türk dünyası: tarixi yaddaşın bərpası"
adlı Beynəlxalq elmi-praktik konfransın plenar iclasında
(30.10.2023) çıxışımdan sonra iraqlı
soydaşlarımızdan bəzisi xahiş etdi ki, çıxışımı məqalə
halında mətbuatda çap etdirim. "Türkmaneli" və ya "Kərkük" qəzetlərinin birində,
eləcə də soydaşlarımızın İstanbulda
çıxan "Qardaşlıq"
dərgisində çap
etdirəcəyimi nəzərə
alaraq, məqalədə
bəzi təfsilatlara
varmışam.
Qəzənfər Paşayev
Əməkdar elm
xadimi, professor
Ədəbiyyat qəzeti.
- 2023. - 16 dekabr, ¹ 48- 49. - S. 2 - 3.