Tənhalığın addım səsi
Yeni təqvim ilinin gəlişi münasibətilə ətraf
bəzədilib. Bəzənmiş
şam ağaclarının
fonunda harada üşüyən və
tənha bir qadın görsəm, dərhal təəssüratım
belə olur: üşüyür... ancaq
bəlli deyil, ən çox nədən üşüyür?
Dekabr ayının soyuğundan, yoxsa, tənhalıqdan? Beləsini
elə indicə H.Cavid prospektində
gördüm, üşüyən
əllərini ağzına
tutaraq hovxurur, nəfəsi ilə barmaqlarını isidir və yaxınlıqdakı
kafeteriyaya girir. Sizcə, ilk ağlıma gələn kim olur?! Anarın "Ötən ilin son gecəsi" hekayəsinin
qəhrəmanı Həmidə
xanım.
O zaman iki ilin qovuşağında yazdığım "Tənhalığın
addım səsi" adlı təəssürat
dolu yazımı böyük məmnunluq hissi ilə "Ədəbiyyat qəzeti"nə
təqdim edirəm.
Tənhalığın addım
səsi, bayram həvəsi... Qəribə
səslənir, nəsə.
Diksindim birdən, qəribə şəkildə
mənə Anarın
"Ötən ilin
son gecəsi" adlanan
hekayəsini andırır
bu sözlər. Anar müəllimin əsərlərinin 1-ci cildliyində
"Keçən ilin
son gecəsi" adı
ilə uşaq ikən oxuduğumu xatırlayıram - ağ üzlü kitabı.
Bayram axşamında tənha
qalan Azərbaycan anasının keçirdiyi
təlatümlü hissləri
necə də gözəl verib. Əslində hər kəs və hər nəsnə azacıq da olsa, tənhadır bu dünyada. Dünyasını
dəyişən Qəzənfər
kişinin övladları
- Gülarə, Rüstəm,
Dilarə, Tofiq yeni ili müxtəlif səbəblərdən öz
ailələrində keçirmirlər.
Həmidə xanım
da tək qalır, gah
televizor qarşısında
oturub, xəyali olaraq diktorla söhbət eləyir, gah
"09 Məlumat bürosu"na
zəng edib növbətçi xanımı
təbrik edir...Gerçəkdən də,
kimsə tənha olmamalı bu dünyada, ünsiyyət,
birgəlik insan oğlunun tapdığı
ən böyük nailiyyətdir, desənə.
Desənə, Həmidə
xalanın anidən fikrinə gələn
"Görəsən, niyə
adama ömrünün
axırında bircə
bu cihazlar qalır?" fikrini başdan qovmağın tək yolu mehrdir,
məhəbbətdir, ülfətdir,
insanın bir-birinə
bağlılığıdır. Bunların olmaması nə böyük boşluq, nə böyük faciədir, desənə. Bütün
bu düşüncələr
içimdə qayır-qayır
qaynayarkən, 5 ildir çiyin-çiyinə çalışdığım
gözəl sənətkarımız,
Xalq artisti Mehriban Zəki "Monoloq" verilişində bayram buraxılışında nəyi
hazırlayacağımızı soruşdu? Qəfildən:
"ayyyyy, nə yaxşı olardı,
"Ötən ilin
son gecəsi"ni hazırlasaq",
- deyə ikimiz bir yerdə dilləndik. İkimizin ürəyinə gələn
yəqin ki, çoxunun
könlündən keçib
bu yeni təqvim ilinin astanasında. Qolumu çırmayıb mən ssenarini yazmağa başladım,
Mehriban xanım da hekayədən
monoloqu seçməyə,
daha doğrusu, Qəzənfərin öyüd-nəsihətlərini
gözdən keçirməyə.
Əslində həmişə
Qəzənfər kişinin
o sözlərini elə
Anar müəllimin 21
yaşında bizim hamımıza verdiyi öyüdləri, arifanə
nəsihətləri kimi
qəbul etmişəm.
Bizim hamımıza, bütün nəsillərə
və bütün əsrlərə.
Adama elə gəlir ki, hər kəsin içində bir tənha "mən"i var. Hətta tək olmasaq belə, özümüzlə
baş-başa qalırıq,
bayram axşamlarında
bu, daha qabarıq şəkil alır. Hesabat xarakterli olur düşüncəmiz, sanki:
neyləmişik, nə
bacarmışıq ilboyu?
Hekayənin özəyini
məncə, Qəzənfərin
söylədikləri tutur.
Həmidə xala maqnitofonu işə salır, köhnə lent yazısına qulaq asır, həyat yoldaşı sağ ikən get-gəlli olardı evləri, Qəzənfər hamını
yığır başına
və onlara bir gün olmayacağını
deyir, hətta israrla bildirir ki, uşaqlar yanımızda olmasa, onları vəfasız bilmə!.. Zamanımızda Qəzənfərin dedikləri
daha haqlı görünür, hər gün, hər saat o deyilənlər bəraət qazanır.
"Bizdən nəsə qalır övladlarımıza, heç
nə itmir, hər şey nəsildən-nəslə ötürülür,
yaxşılıq da, pislik
də keçir, nəsil-nəsil keçir".
Hüseyn Cavid prospektində gəzə-gəzə
düşünürəm. "Uşaqlıq xatirələrinə
dalıram", - desəm,
daha doğru olar...Bəlkə elə xatirələr onun üçündür
ki, tez-tez dilə gətirilsin, bəlkə elə bu dünyadan
köçən əzizlərimizin
xatirəsini yaşatmaq
onların bizi yalnız qoymamaq istəklərindən doğulur?!
Bu dünyada hər acı xatirə, hər naqis əməl ötən ilin son gecəsində qalsa, daha yaxşı
olmazmı?!. Valideynlərimizə, qohum-əqrəbamıza, dostlarımıza,
əzizlərimizə, lap elə
bu H.Cavid
prospektində ətrafımda
gəzişən, tanımadığım
insanlara belə layiqli olmaq diləyi
məni yamanca tələsdirir. Dostlar, istərdim ki, "Ötən
ilin son gecəsi" hekayəsindən seçdiyim
Qəzənfər kişinin
öyüd-nəsihətini bu bayram günlərində
tənhalığın, kədərin,
qüssənin qələbəsi
kimi yox, Anar müəllimin insanları həmrəyliyə,
birgəliyə çağırışı,
bizə etdiyi nikbinlik xeyir-duası kimi qəbul edək:
Ötən ilin son gecəsi:
"Yaxşı,
ay arvad, qırx-əlli
ildən sonra. Qulaq as. Bir gün olacaq mən olmayacağam. Bax, sənə bircə əmanətim bu uşaqlardır. Ömür
vəfa eləsə, hamısını özüm
böyüdüb başa
çatdıracağam. Yox,
işdi... Onda bax, bunları sənə tapşırıram.
Demirəm ki, hamısına
ali təhsil ver. Demirəm ki, hamısını
doktor elə, injiner elə, amma adam olsunlar.
Yaxşı adam olsunlar. Sonra, Həmidə,
bir gün gələcək, hamısı
böyüyəcək, boya-başa
çatacaq və yuvasından qanadlanan quşlar kimi bir-bir uçub gedəcəklər. Bax, onda onlara vəfasız
demə ha! Onu bil ki, hara getsələr, hansı ailəyə düşsələr, hansı
mühitə düşsələr,
səndən və məndən nə isə aparacaqlar, necə ki, biz də bir-birimizlə görüşəndə
hərəmiz öz ata-babalarımızdan nə
isə gətirmişdik.
Deyəcəksən, "Qəzənfər
yenə filosofluq eləyir". Amma bax, mən, vallah, belə fikirləşirəm.
Adamlar hamısı nəsil-nəsil bir-birlərinə
bir şey verirlər. O işi ki, biri başlayır, amma qurtara bilmir,
o iş itmir, batmır, sonrakı nəslə qalır, o işi sonra gələnlər tamamlayırlar.
Dünyada heç nə itmir, batmır, heç kəs ölmür. Yaxşı da, pis də keçir, nəsildən-nəslə keçir.
Biz, Həmidə, mən
biləni, yaxşı
yaşamışıq, əlimizin
zəhmətiylə çörək
qazanmışıq. Qoy,
bizim həyatımızda
yaxşı nə olubsa, uşaqlarımız
özləriynən öz
təzə həyatlarına,
təzə nəsillərə
aparsınlar. Həyat
da elə budur
da..."
Bəli, həyat
budur. Həyat iki təqvim arasında ötənləri
yada salmaqdır, bir vaxt bayram süfrəsində
hamı birgə qeyd edərdi növbəti ili. Bayram plovumuz dəmdə olardı, gözümüz
tele-tamaşada. Sözünü
etdiyim hekayənin əsasında çəkilmiş
tele-tamaşanı nəzərdə
tuturam. Zərnigar Ağakişiyevanın oynadığı
Həmidə xalanın
tənhalığı hamımızda
var bu saat. Ömrü uzun olsun - Ramiz Həsənoğlunun
(Mirzəyev) və mərhum Tariyel müəllimin (Vəliyev)
quruluş verdiyi televiziya tamaşası çoxunun yadında qalıb. Zərnigar Ağakişiyevanın, Rafael Dadaşovun,
Svetlana Vahidovanın, Mübariz
Mustafayevin, Sevil Xəlilovanın, Hamlet Qurbanovun,
Sadıq Hüseynovun,
Mahirə Yaqubovanın
bənzərsiz ifaları
necə də gözəl alınıb?!
Quruluşçu operator Eldar
Abbasbəylinin gözəl
operator işini də
qəti unutmayaq.
1978-ci ildə ərsəyə
gələn tele-tamaşa
45 ildir ki, şövqlə
baxılır. Hələ
Qəzənfər kişinin
- mərhum sənətkarımız
Yusif Vəliyevin səsi insanı, yaxşı mənada, lərzəyə salır.
Elə bilirik ki, bu səs maqnitofondan
deyil, qeybdən, göy qübbəsinin ənginliyindən həyat
nəğməsini qulağımıza
pıçıldayır.Tamaşanın
sonunda Həmidənin
nəvəsi Vaqifin yan otaqdakı ağlamaq səsi üfüqə açılan
gecələrin xeyirindən
xəbər vermirmi?! Həyatın bütün
halı ilə davam etməsi üçün oxunan həyat nəğməsi
deyilmi, Vaqifin hıçqırtılı körpə
ağlayışı?! "Körpə" dedim, yadıma çocuqluğum
düşdü. Açığı,
uşaqlıq illərimizdən,
bu tamaşanı ailəliklə izlədiyimiz
andan çox vaxt ötüşüb, çox şey dəyişib indi, çox şey azalıb. İndi o bayram süfrəmizin arxasındakı
doğmalarımız adam-adam
azalıb, masa üzərindəki
qədəhlər qədəh-qədəh,
nimçələr nimçə-nimçə
azalıb, madam, tənhalıqdan
qaçılmaz, o zaman bunu
faciə bilməyək,
dərd eləməyək
özümüzə. Bu bayram
axşamında xatirələrimizlə,
saxlanclarımızla birgə
adlayaq yeni təqvim ilinə.
Tənhalığın addım
səsi hamı üçün duyulur, yaxud duyulacaq.
Əsas odur, mənim "Monoloq" verilişi üçün
yazdığım ssenari
də alındı,
Mehriban Zəkinin söylədiyi
monoloq da... Bəs bayram həvəsi? ...Prospektdə gördüyüm
üşüyən qadın?
Üşüyən qadın,
əllərini ağzına
tutub hovxuran qadın... Əminəm
ki, tənhalıq onun
üçün artıq
faciə deyil, bu dünyada təklənməkdir faciə,
dışlanmaqdır faciə.
Prospektdə gördüyüm
tənha qadın da bayramı qeyd edəcək, o daha tənhalıqdan üşümür,
eləcə dekabr ayının soyuğundan üşüyür. Axı
ondan da övladlarına,
nəvələrinə özündən
nəsə ötürülüb,
nəsil-nəsil nələrsə
keçib, axı o da
atasından, anasından
nələrisə özündə
daşıyır, ətini,
qanını, vücudunu,
xatirələrini... O da bu
yeni təqvim ilini - Əjdaha ilini qarşılamağa tələsəcək,
o da lap tamaşadakı Həmidə
xala kimi, bayram süfrəsini bəzəyəcək, o da bivaxt
gələcək çağdaş
poçtalyonların (günümüzdə
nadir görünsə belə)
yolunu gözləyəcək,
o da balalarından, nəvələrindən
təbrik mesajı almağa səbirsizlənəcək,
ancaq üşüyən
qadın bir daha giley-güzar etməyəcək. Hə,
nə deyirsiz, bir yada salaq hekayədəki fəhlə
Qəzənfərin sözlərini?
Necə deyirdi Qəzənfər kişi?!
- "Həyat da elə
budur da..."
22 dekabr
2023
Turan Uğur
Ədəbiyyat qəzeti.
- 2023. - 30 dekabr, ¹ 52. - S. 11.