Bu
boyda ömrü məhəbbətsiz necə yaşayasan?
Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
(Əvvəli burada)
İlk tələ
İnsan sevəndə
bütün rənglərə
sahib olur, hətta onların min bir çalarına da. Ancaq o rənglərin hamısını
birdən görür
deyə əksərinin
işığını bir-birindən
seçə, ayırd
edə bilmir. Məhəbbət insana çox şey verir, əvəzində onun külli-ixtiyarını
əlindən alır.
Orxan Vəli yenə Nahitə xanıma məktub yazır və kağızda qeyd elədikləri, umduqları
məntiqdən, real həyatın
nirmalarından kənar
istəklərdir: "Səndən
heç nə ummayacağam. Ancaq məni başa düşməyini istəyirəm".
Məhəbbətdə başa
düşülmək, qarşı
tərəfə münasibətdə
anlayışlı olmaq,
əslində, ən ağır, ən çətin mərhələdir.
Sadəlövh Orxan Vəli isə bunu, yəni müşküldən müşkül
olanı ən asan və yeganə
şərt kimi irəli sürür. Və bu istəyini
dilə gətirərkən
yazdığı şeirlərdən
sitat çəkir. O şeirləri oxuduqca görürsən ki, həmin
poetik nümunələrdəki
həqiqətlər bir
neçə il zaman fasiləsi
nəzərə alınarsa,
elə onun özünə, real həyatına
aiddir. Yəni şairin uzaqgörənliyinin
toruna hamıdan qabaq elə şairin özü düşüb...
Soraq həsrəti...
Sevdiyin insanı
çox şeydə,
hər yanda axtarmağın özü
də daimi prosesdir, onsuz da günbəgün, saatbasaat
bu gözgəzdirmə,
xəbər nisgili daha da artır. Amma bu axtarışlar gizli olanda, gələn
soraqları qürurun
diktəsiylə də
olsa, soyuqqanlılıqla,
bu qulaqdan alıb o birindən verməklə ötüşdürəndə
nisbətən daha asan qəbul etmək olur. Çünki qürur əvvəl-əvvəl sevəni
gücləndirir, onun
həyata tutunan dayaqlarını möhkəmləndirir,
amma onun haçansa tar-mar etməyi,
belini dirsəyi ilə sındırmağı
da gözləniləndi. Fəqət
elə aşiq də var ki, ağrını
asta-asta qəbul edib onu odunu
azaltmağı, bəlanı
yüngül keçirməyi
özünə məqsəd
seçib dərdinin,
eşq əzabının
üzərinə yürüyür,
yaxınlaşdıqca gözünü
acışdıran tüstünün
içindən keçir
ki, barı sonda könül odu soyusun. Onda heç
qüruru da, başını
dik saxlamağı da eyninə almır və başlayır əlçatmaz eşqin sorağı ilə ordan-burdan məftun olduğu insan barədə xəbər toplamağa, sevgilisinə onun varlığını
duyuban qovuşmağa.
Orxan Vəli ikincilərdən idi. İstanbuldakı "Kitkat"
adlı bir restoranı nişan verərək bir məktubunda yazır ki:
"İstanbulda nə
qədər redaktor, naşir, jurnalist, rəssam, heykəltəraş,
teatr aktyoru və sənət xiridarı var, hamısı
burda imiş. Qapıdan girən kimi ilk gördüyüm adam Nedrət xanım oldu. Bir az söhbətləşdik,
səndən danışdıq.
Kiminlə sənin haqqında danışa biləcəyimi düşünürəmsə
ürəkdən sevinirəm".
Məhəbbətin ana üzü...
Orxan Vəli bu məktublarında tez-tez Nahit xanımın
anasına hörmətini
izhar edir, gah ona salam söyləyir,
gah əllərindən öpdüyünü
dilə gətirir. Gah
da yerinə düşməyən,
alınmamış zarafatlar
edir, yersiz şuxluq göstərir:
"Səni həsrətlə
qucaqlayır, ananın
əllərindən öpürəm.
İkisi bir yerdə mümkün deyil, amma nə
isə".
Çox zaman aşiq
kişilər qızların
könüllərini daha
asan ovlamaq üçün guya sevdikləri insanın anasına qarşı diqqətli, qayğıkeş
olurlar. Öz aləmlərində düşünürlər
ki, bəslədikləri sevgini
qarşı tərəfdən
sonra bildirə biləcəkləri, duyuq
salacaqları ikinci qadın məftunu olduğu xanımın anasıdır. Bu "çoxbilmişlər"
eşqin vüsalına
nəhayətdə bir
qapıdan yox, iki qapıdan yol olduğunu düşündükləri üçün
belə davranırlar.
Sanki sevən kişilər
bir çox hallarda məhəbbətin
uzaq ünvanından, növbəti mərhələdə
daha təcrübəli
bir qadın - ana tərəfindən də
qəbul olunmasından
nigarandırlar. Amma eşq
baş tutandan, vüsal əlçatan olandan, birgəlik yaranandan, ailə qurulandan sonra kişilərdə qızların
atasına meyil, bağlılıq güclənir
və sanki bununla sevən kişilər indi də özünə daha güclü tərəf axtarırlar. Əlbəttə, bütün
bunlar daha çox şüuraltı
məsələlərdir.
Orxan Vəlinin Nahit xanıma məktublarında onun anasına qarşı ifrat diqqəti həm də ümumi mənada qadınlara qarşı alicənablığını büruzə
vermək üçündür:
Yəni dolayısıyla
ona anladırdı ki,
səni dünyaya gətirən qadını
da "sevirəm". Bununla
da Nahit xanıma gizli-aşkar ona "anana - səndən bir köynək uzaq qadına bunca diqqətliyəmsə,
gör sənə qarşı necə həssasam" mesajını
verirdi. Əlbəttə,
bütün bunları
o şüuraltı olaraq,
kişi xislətinə
xas xarakterik əlamətlərin ifadəsi
kimi edir. Sevən onsuz da neyləsə günahsızdır.
Çünki onun nəticəsi üçün
özünü oda-közə
vurmağının mayasında
mənəvi paklıq
dayanır. Ona görə
də bu saf eşqdə hiylə, kələk, minbir başlı oyunlar aramaq Allahsızlıq olar.
Sürət əsri...
Yaşadığımız əsr sürət əsridir. Əksər xəbər, soraq sanki quş
qanadındadır. Nağıllarda
"bir anda xəbər yetişdi",
"qəfilcə agah
oldu" kimi möcüzəvi məqamlar
günümüzdə daha
təəccüb doğurmayacağımız,
insana heyrətdən barmaq dişlətməyən
adidən adi, sıradan hadisələrdir.
Doğrudan da, sürət
əsrində, bir anın içində yerlə-yeksan olan yurdlar, qəfilcə dünyanı bürüyən
xəbərlər, kosmik
sürətli cihazların
icadı uzaq əsrlərdə yaranmış
nağılları gerçək
edib.
Orta əsrlərin həyat tərzinə nəzər salanda görürük ki, insanın
ən üstün cəhəti onun sürətilə, cəldliyi
ilə bağlı olub, cəld çaparlar, qıvraq çuğullar, yeyin informasiya daşıyanlar böyük müharibələrin
belə taleyini həll etməyə qabil imişlər. İnformasiya hər zaman həlledici silah imiş. Sürətlə
yazan xəttatlar yüzlərlə nəşrin
üzünü köçürüb
yaya bilirmiş. O üzü
köçürülmüş əlyazmalar isə insanların, dövlətlərin,
elmin taleyində qısa vaxtda dönüş yarada bilirmiş. İndi ən yeyin çapar da, ən qıvraq çuğul da, ən əldən iti xəttat da elə mobil telefonların özüdür. Hardayıqsa,
o saat yerimizi də, səsimizi də lazım gələndə kimlərəsə
çatdırır. Allahdan
sonra şah damarımızdan yaxın
ikinci qüvvəyə
çevrilmiş bu cansız varlıq, hər nə qədər işlərimizi
asanlaşdırsa, əlçatmazları
əlçatan eləyirsə
də, bir o qədər də xatalı tərəfləri,
mənfi yanları ilə həyatımızı
qatı zülmət burulğanlarına sürükləməkdədir.
Məsələn, baxırsan
ki, hansısa hissimizi,
düşüncəmizi telefonlarımızda
istifadə etdiyimiz kommunikasiya proqramları, sosial şəbəkələrlə
o saat büruzə veririk. Sonra bir qədər zaman adlayır
və biz əməlimizdən
möhkəm peşman
oluruq. Düşünürük,
axı nə gərək var idi ki, üstüaçıq naqil
kimi bizə hər toxunana, təmas edənə o saatca reaksiya verək? Ona görə də gün ərzində sosial şəbəkələrdə yazılan hər beş postdan, statusdan üçü həmin günün sonunda silinərək qeyb olur. İnsanlar
hər vəchlə mümkün qədər
ani qərarlardan daşınmağa
çalışırlar. Amma dərindən düşünəndə
yazıya pozu yoxdur, hər status facebookun, digər sosial şəbəkələrin
yaddaşında qalır,
yaxud da ayrı-ayrı
adamlar tərəfindən
şəkli çəkilərək
namərd bir gün üçün gərəkli sənəd
kimi qorunub saxlanılır.
Lakin 50-60-70 il öncə
belə deyilmiş, məsələn, kiməsə
hərarətli bir məktub yazırdın, həmin kağız qarşı tərəfin
əlinə çatana
qədər sənin hirsin soyuyurdu, yaxud ondan cavab
alana qədər özün də bəzi qaranlıq məsələləri saf-çürük
edərək müəyyən
bir qərara gəlməyə, ağı
qaradan seçməyə
müyəssər olurdun.
Aradakı vaxt məsafəsi, gecikməlik,
yubanma qızmış
beyinlərin soyumasına,
narahat könüllərin
nəfəs dərməsinə,
aram tapmasına az-çox imkan yaradırdı. Amma indi necədir? Hirslənib qarşı tərəfə
bir mesaj yazırsan, qarşı tərəf - o biri kin dağarcığı da dərhal
həmin sətirləri
oxuyur və o saatca cin vurur
beyninə. Şeytan qarşı tərəfi də buyurur ki, sən də o siqlətdə bir cavab yazaraq qarşı
tərəfin ağzının
payını ver. Beləcə
isti beyinlərin anlıq qərarlarının
bəhrəsi olan fikirlər o sürətlə
biri-birinə çatır,
nəticədə aləm
qarışır, məzhəb
itir. Halbuki hər bir söz
özlüyündə müstəqil
bir enerji daşıyıcısıdır, kəlmənin bətnindəki
qaynar enerji çəkiləndə bu,
onun kəsərinin öləziməsinə də
təsir edir. Yəni sənin hirslə yazdığın
söz əsəbin keçəndən sonra kiməsə çatanda, daha əvvəlki ağırlığında olmur.
Axı onun üstündəki güc
haləsi, kin dalğası
çəkilib geri - sanki sahibinə doğru qayıdıb. Günümüzdə isə
qəzəbli sözlərdəki
kin yazanla oxuyan arasında vaxt aralığı olmadan bərabər bölüşülür.
Ona görə də adamların arası soyuyanda, ortaya pərişanlıq çökəndə
tərəflər bir-birinin
günahından keçə,
qarşılıqlı şəkildə
rəhmdil ola bilmirlər.
Sürət əsrində
bu səbəbdən ayrılıqlar qatı zalımlıqla, əbədi
dönüklüklə, körpüləri
biryolluq yandırmaqla,
ülfəti əlinin
dalıyla itələməklə
müşayiət olunmaqdadır.
Ona görə də
I və II Dünya müharibələrində dövlətlər,
III Dünya müharibəsində
isə tək-tək fərdlər savaş içərisindədir. Sosial
şəbəkələr, çatlar hər biri fərdlər üçün ayrıca
döyüş meydanlarıdır
və bütün bu internet məkanı insanların üz-üzə
dayanması, qarşı-qarşıya
qoyulması üçün
əlavə bir vasitədir.
Qayıdaq əvvəlki
söhbətə - Orxan
Vəli əyyamlarına.
O əyyamlara ki, məktublar
ünvanına yaxşı
halda 3-4 günə yetişirdi və o müddətdə qəzəbli
beyindəki bulanıq
sular durulur, əsəbi canın damardakı acı qan bütün bədəni zəhərləmədən
sovrulurdu. "Mən sənə deyirdim ki,
"Məktublar seyrəkləşir,
seyrəkləşir, bir
gün daha heç nə yazma, dostluq (heç insafdırmı belə bir atəşin
eşqə dostluq adı qoyasan - F.H.) da öz-özünə bitər
deyirdim. Görəsən,
bu münasibəti özünə qarşı
hiss etmədiyindən əminsənmi?
Bu işlər sənə
çətin gəlmir
ki? Mənim məktublarımı
mən sənin məktublarını gözlədiyim
kimi gözləyirsənmi?
Göləmirsənsə, yazdıqlarım
səni heç maraqlandırmırsa hədər
yerə səni narahat eləməyim. Heç bilirsənmi özümü o vəziyyətə
düşmüş halda
təsəvvür edəndə
kefim necə pozulur... Son məktubun haqqımda xoş olmayan fikirlərlə doludur... ...şeirlərimin
sənə bəzi şeyləri xatırlatdığını,
cavabının da bu səbəbdən gecikdiyini
deyirsən. Şeirlə
bağlı olmayan bu şeylər həyatınla, xatirələrinlə
əlaqəli imiş.
Onların nə olduğunu soruşa bilmərəm? Yəni şeirim mənimlə sənin arana başqa kimisə də qatır".
Eşqin kor gözləri
Nahit xanım gözəldirmi, deməzdim.
Çəkicidirmi, məncə
yox. Ancaq bu tipli qadınlarda
nəsə mistik bir güc olur,
bu dünyanın dəyirmanının bir boğazından ölü
atılıb, o biri boğazından diri çıxan, dünyanın
hər üzünü
görmüş adamlar,
gəlib ilişirlər
bu cür qadınlara. Düşürlər
əlacsız dərdə.
Sanki başqa eşqlərdə
yorulanlar bu cür xanımlarda dayanırlar, onlarda nəfəs dərirlər.
Dünyada ən cazib qadınlar "Dayanacaq xislətli" olanlardır.
Bu xanımın
- Nahidin qısa həyat tarixçəsi isə belədir. Nahit Gelenbevi 1909-2002-ci illərdə yaşayıb.
Ankarada və İstanbulda müəllimlik
edib. Təhsil işçisi olan Xəlil Vədat Fıratlı və şair Arif Damar ilə ailəli olub. Ana olmayıb.
Səməd Ağaoğlu
onu "Renessans kimi bir qadın",
Cəmal Süreya
"Cümhuriyyət dövrü
kiçik burjua həssasiyyətinin anası"
adlandırır. Evinin
qapısı sənət
mühitinin üzünə
daim açıq olub. Səbahəddin Əli, Orxan Vəli, Arif Damar, Gültən Akın kimi şairlər ona sıra-sıra şeirlər həsr ediblər. Atatürklə
bir neçə dəfə rəqs eləyib. Orxan Vəlinin ona yazdığı məktubları
52 il sandığında saxlayıb,
sonra dostu Özay Özkılca əmanət edib. Ondan sonra bu
məktublar çap olunub və oxucular tərəfindən
böyük maraqla qarşılanıb.
Bir sözlə, ən mürəkkəb mühitlər, münasibətləri
ziddiyyətli olan adamlarla dil tapan
bu qadın Orxan Vəlini də bir başqa
cür özünə
əsir edib. Orxan Vəli xaraktercə zəif, tez-tez aşiq olan, saqqızını tez oğurladan biri imiş, bəs digərləri? Bu qədər fərqli insanlar onun ömür
müstəvisində necə
birləşə bilirmiş?
Bir-birinə xaraktercə daban-dabana zidd olan insanları
öz teleyində qovuşduran Nahit xanım, "Mənimçün
hər kəsin yeri ayrıdır" fəlsəfəsi ilə
yaşayan bu qadın adamlara onların maraqları gözüylə deyil, özünün onlarda tapdığı maraq nəzəri ilə baxırmış.
Fərid Hüseyn
Ədəbiyyat qəzeti. – 2023. – 30 dekabr,
¹ 52.– S. 12-13.