Şeirlərinin qanadında uçan şairə - Tanınmışlar Nigar Həsənzadənin kitabının
təqdimatında
Azərbaycan Dövlət Tərcümə Mərkəzində
tanınmış şairə
Nigar Həsənzadənin
ana dilimizdə çap olunan ilk kitabının təqdimat mərasimi keçirilib.
Seçilmiş şeirlərin rus dilindən tərcüməçisi Salam
Sarvan, redaktoru Mahir Qarayevdir. Kitaba ön sözü Ramiz Rövşən yazıb.
Mərasimdə çıxış
edən Azərbaycan Dövlət Tərcümə
Mərkəzinin rəhbəri,
Xalq yazıçısı
Afaq Məsud bildirib ki, Nigar
Həsənzadənin ana
dilimizdə çap olunan ilk kitabı
çox uğurlu alınıb. Seçilmiş
şeirlərin rus dilindən Azərbaycan dilinə tərcümə
edən Salam Sarvan bu işi
çox böyük ustalıqla həyata keçirib.
NİGAR
HƏSƏNZADƏNİN ALİ MİSSİYASI
Afaq Məsudun
sözlərinə görə,
Nigar Həsənzadənin
missiyası tək şairlik deyil:
“Onun daha ali
missiyaları var. İllər
keçdikcə, yaşa
dolduqca Nigar Həsənzadə özü
tapacaq onun daha hansı missiyalarının olduğunu.
Bu gün Nigar Həsənzadə aktiv fəaliyyətdədir. Qazilərimizə
dəstək göstərir.
Onların kitablarının
çap olunması və təqdimat mərasimlərinin təşkil
edilməsi işini öz üzərinə götürüb. Tamamilə
tənanansız olaraq
bu işi görür. Mən düşünürəm ki, zamanla
onun Azərbaycan naminə görəcəyi
çox işlərin
şahidi olacağıq.
Mən Nigar Həsənzadəyə işlərində
uğurlar arzulayıram.
Arzu edirəm ki, Allah ona sağlamlıq və güc versin ki, ürəyindəki
o alovla bu işləri görə bilsin. Allahın insana bəxş etdiyi ən ali missiyanı bu gün Nigar
Həsənzadə həyata
keçirir. Bundan sonra da gözəl şeirlər yazsın, yaratsın”.
SÖZLƏRİN SEVİŞDİYİ MİSRALAR,
MİSRALARDA ÇIRPINAN RUH
Kitabın ön söz müəllifi, Xalq şairi Ramiz Rövşən
deyib ki, Nigar Həsənzadənin şeirləri
bu gün Azərbaycan poeziyası ilə bağlı bədbinliyi aradan qaldırır:
“Məşhur bir ifadə var. Deyirlər şair ayrıca bir insan növüdür.
Nigar məhz o insan növünə aiddir. Bu gün poeziya böhran keçirir. Yazıçılar
sevinə bilərlər.
İndi zaman nəsr zəmanəsidir.
Mənə elə gəlir ki, bunda poeziyanın da öz günahı var. Yəni şeir təkçə söz kombinasilaları deyil, şeir həm də ruh hadisəsidir. Təssüf ki, bu gün poeziyada o ruh zəifləyib, poetik enerji nisbətən
azalıb... Nigarın
şeirlərində əvvədən
axıra qədər,
hər misrasında ruh var. Nigarın ruhu çırpınır
hər misrada. Şeir təsviri sənətlə musiqi arasında bir keçiddir. Bu Nigarda var. Nigarın şeirlərində
həmçinin ritm, ahəng var. Sözlərin
bir-biri ilə münasibəti çox poetkdir, sanki sevişirlər. Nigarın
şeirlərinin rus dilindən tərcüməçisi
Salam Sarvandır. Sarvanla
Nigar tam fərqli şəhərlərdir. İkisi
də gözəl şairdi. Ancaq Nigarla müqayisədə
Salam sakitdir, müəyyən
emosiyalarını saxlayan
şairdir. Salam şeirlərində
o qədər də emosiyaya getməyi sevmir. Amma onun şerlərində dilin bütün imkanları
var, dil özü haqqında bilmədiyi informasiyaları verir bu şeirlərdə. Elə Nigarın şerlərində də
bu belədir. Şairin dilə ən böyük xidmətlərindən biri
də odur ki, o, dilin bilinməyən imkanlarını açır
və göstərir.
Nigar bir Azərbaycanlı şairə
olaraq öz şerlərində rus dilinin bütün imkanlarını aça bilir”.
Ramiz Rövşən çıxışına
şairlərlə bağlı
şerilə davam edib:
Bir az günəş, bir az hava,
bir
az yağış olmalı.
Bir az ağac, bir
az yuva,
bir
az da quş olmalı.
Bir az gecə, bir
az küçə,
bir
az işıq olmalı.
Bir az cavan, bir
az qoca,
bir
az uşaq olmalı.
Bir az özgə, bir az doğma,
bir
az tanış olmalı.
Bir az nəğmə, bir az dua,
bir
az qarğış olmalı.
Bir az sevgi, bir
az günah,
bir
az savab olmalı.
Bir az şübhə, bir az sual,
bir
az cavab olmalı.
Bir az dünən, bir az bu
gün,
bir az
sabah olmalı.
Bir az kafir, bir az
mömün,
bir
az Allah olmalı…
ŞERİLƏRİNİN QANADINDA VƏTƏN
ÜÇÜN UÇAN
Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı
əvvəlcə Nigar
Həsənlinin ictimai
fəaliyyətindən, Londonda
yaşadığı zamanlarda
Azərbaycan naminə
gördüyü işlərdən
söz açıb:
“Bir dəfə Siyavuş Məmmədzadə dedi
ki, mən neçə
illərdir ki, rusca yazıram, amma səsimi eşidən yoxdur. Amma Azərbaycan dilində balaca bir bir kitab buraxdım,
hara gedirəm ondan danışırlar. Bu bizim
dilimizin böyüklüyünün
sirridir və bunu inkar etmək
olmaz. Nə yaxşı ki, Nigar kimi rus dilində
yazan şairlərimiz
də var. Mən Nigarı Londondan, orada yaşadığı
vaxtlardan tanıyıram.
Düzü, bir az təssüflənmişdim
ki, niyə bizim belə gözəl qızlarımız vətəni
qoyub gedirlər xaricə. Doğrudur, Nigar orda da fəal
idi, Azərbaycanla bağlı xeyli işlər görmüşdü.
Ancaq onun ürəyi, ruhu imkan vermədi vətəndən kənada
qalsın. Tale elə gətirdi ki, o qayıtdı
və qayıdandan sonra çiynində hər bir Azərbaycan
qadınının daşıdığı
ağırlığı hiss etdi. Bir vətəndaş
kimi bu yükün
altına girdi. Bəzi xaricdən gələnlər orada yaşadıqları kimi burada yaşamaq istəyirlər. Nigar isə əksinə, yeni,
SÖZ layihsi ilə meydana atıldı, müxtəlif xeyriyyəçilik
işlərilə məşğul
oldu. Qazi şairlərin
görüşlərini təşkil
etdi, onlara dəstək verdi. Nigar bütün ürəyini, mərhəmətini
o ehtiyacı olan insanlara, qazilərə, gənc şairlərə,
rəssamlara, istedadlı
insanlara verdi. Bu, Nigarın insani keyfiyyətləridir”.
Sabir Rüstəmxanlı qeyd edib ki, Nigar Həsənzadənin poeziyasında
daxili bi azadlıq var:
“Nigarın bir xoşbəxtliyi də ondan ibarətdir ki, şeirləri rus dilindən tərcümə
edən Salam Sarvan sözü duyan insan kimi Nigarın
şeirlərindəki o ruhu
duyub, sevib.
Nigar bütün ruhu ilə, təbiəti ilə doğulmuş bir şairdir. Ruh adamıdır, şeirlərinin qanadındadır.
Allah ona o istedadı verib. Nigarın hər uğurlu addımlarını görəndə,
deyirəm nə yaxşı ki, qayıtmısan,
aramızdasan və seçdiyin işlərlə
məşğulsan. Mən
Nigara uğurlar arzulayıram”.
6 AYA SÖZ-SÖZ, MİSRA-MİSRA
Seçilmiş şeirlərin rus
dilindən tərcüməçisi,
şair Salam Sarvan isə bildirib ki, bügünədək çoxlu
sayda müxtəlif şairlərin şeirlərini
tərcümə edib.
Ancaq Nigar xanımın şeirlərinin
tərcüməsi ona
bir az ağır
gəlib:
“Şeirləri tərcümə
edən zaman mənə
elə gəldi ki, Nigarın şeirləri rus şeir dilinin
mənə aydın olmayan qatındadır. Etraf edim ki, mən rus dilini
o qədər də dərin bilməyə bilərəm. İkinci bir məqam isə Nigar öz şeirlərinə,
misralara, misralardakı
ayrı-ayrı sözlərə,
ümumiyyətlə bütün
sözlərə qarşı
həddən artıq
həssasdır. Biz əslində
bu şeirləri misra-misra, söz-söz tərcümə etdik. Elə olurdu ki, bir sözün üzərində saatlara müzakirə aparırdıq
telefonda. Ona görə
də bu həcmdə kitab adı halda 3 aya ərsəyə
gələ bilərdisə
bu kitab 6 ay çəkdi.
İşin asan tərəfi də ondan ibarət idi ki, əslində biz bu kitabı Nigar xanımla birlikdə tərcümə
etdik. Hər misranı məsləhətləşə
- məsləhətləşə, nəticədə ən yaxşı yaxşı variantı taparaq”.
Sonra teatr və kino aktrisası, Əməkdar
artist Gülzar Qurbanova
çıxış edib
və Nigar Həsənzadənin şeirlərdən
birini səsləndirib.
KAİNAT DOĞRU QAPIYA GƏTİRDİ
Sonra çıxış edən
Nigar Həsənzadə
yaradıcılığına verilən qiymət, ona ünvanlanan xoş sözlər üçün hər kəsə təşəkkür
edib:
“Məh hələ illər öncə özümü inandırmışdım
ki, əgər şeirlərim
nə vaxtsa ana dilimə tərcümə
olnacaqsa, kainat özü məni doğru qapıya gətirəcək. Mən
heç vaxt ümidimi kəsmədim.
Bu gün kitabımın
məhz Azərbaycan Dövlət Tərcümə
Mərkəzi tərəfindən
çap və tərcümə olunduğu
üçün qürur
duyuram. Bu kitaba Afaq Məsud, Ramiz Rövşən, Sabir Rüstəmxanlı,
Salam Sarvan xeyir dua verib. Hər
birinə öz təşəkkürümü bildirirəm”.
Sonra Nigar Həsənzadə şeirlərindən bir neçəsini səsləndirib.
Qeyd edək ki, N. Həsənzadə “SÖZ” və “İgidlərin sözü” layihələrinin müəllifi, Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun Mədəniyyət, sosial və humanitar məsələlər komitəsinin rəhbəridir. 2000-2014-cü illərdə Londonda çalışıb. 5 kitabın müəllifidir.
Ədəbiyyat qəzeti. - 2023. - 30 dekabr, ¹ 52. - S.
14-15.