Müstəvilərin əyilməsi
Ədəbi prosesdə müstəvilərin
əyilməsi və ən müxtəlif deformasiya halları həmişə baş verən hadisələrdəndir,
yəni onun mümkünlük dərəcəsi,
bəlkə daha çoxdur, sadəcə, bir anın mində
birində elə sürəkliliklə meydana
gəlir ki, göz yumub-açınca
bunu hiss etmirik. Ancaq məsələ bu deyil.
Yazdığı mətnin dəyərini yox, dəyərləndirilməsini
istəyən yazarın
iki çıxış
yolu var: susmaq, yazdığının
içindən gələn
"xaric səsləri"
eşitmək, bunun kökünü tapmaq. Və... yazıyla bağlı reklam və marketinqdən əl çəkmək.
Tərif yağır,
müəllif gül-çiçək
yağışına tutulub,
düşünmür ki,
bəlkə bu, sonuncu gündür, bir daha bu
havanı uda, bir daha güzgüdə
özünə o cür
baxa bilməyəcək.
Güzgüyə o qədər
yaxınsan ki, nəfəsin orda görünən səni yox edir, duman,
çiskin içindəsən.
Bəs tərif
yağdıranların məqsədi
nədir? Bunu bilmək çətindir,
sadəcə, məlum
stixiyanı izləmək
lazımdır.
Bədii mətnə
yanaşmada iki ifrat var: 1) əsərin
(hekayə, roman...) təhlilinə, şərhinə
yanaşmada standart müəyyənləşdirmək. Nəyi görmək istəyirsənsə, mətndə
onu "əkmək",
cücərtmək, mətn
tarlası sənin görmək istədiklərinlə
dolsun, müəllifdən
gələnlər, sadəcə,
gözardı edilsin;
2) Umbeerto Ekonun təbirincə, ifrat interpretasiya. Yəni, sənin yanaşmanda şərhin sonsuzluğu,
mətn ərazicə
nə qədər geniş, yaxud sonsuz olsa da,
təhlil və şərhin hüdudları
var. Hər iki halda, bədii
mətn kənarlaşdırılır,
yox olur və təhlilçinin arzu və istəklərinə
tabe tutulur.
Bədii mətnlərdə
gələcəklə bağlı
xəbərdarlıq var,
sən əgər Mirzə Ələkbər
Sabiri düzgün, mətnin intensiyasından
("mətn intensiyası"
ideyası Ekoya məxsusdur - !) çıxış edib oxumursansa, ordakı ən mübhəm şeylər sonradan sənin başına gəlir.
Çatışmayan şərhlə (standartın
tətbiqi - !) artıq/ifrat şərh arasında şübhəsiz ki, xalis bədii mətn yoxdur. Hər iki ifrat,
qeyd edilməlidir ki, Riçard Rortinin praqmatik yanaşması, başqa sözlə, bədii mətnə tədqiqatçının
dar məqsəd və niyyətinin tətbiqi ilə bağlıdır. Əgər
tədqiqatçı bədii
mətnə özünün
nəzər-nöqtəsindən yanaşırsa və bu təsadüfdə hər şey uğurla "həllini tapırsa", bu halda, bədii mətn haqqında bircə kəlmə də deyilməmiş olur. Mətndən, sadəcə, istifadə edilir. Yəni, sizi tərifləyənlər,
yazdığınız mətnlərdən,
sadəcə, istifadə
edirlər. Yəni bunlar, sadəcə, cızma-qaradır. Tənqid
və təhlil deyil, əsla!
Bizim filoloji
tədqiqatlarda və xüsusən, tənqidi fikirdə mətndən bu şəkildə istifadənin minlərcə
nümunəsi mövcuddur.
Yəni, yalnız oxucunu "nişan alıb", bədii mətn haqqında söz demək, əgər söhbət şeirdən gedirsə, ona gözucu baxıb "oxucunun ürəyini oxumaq", onun duyğularına təsir etmək əsas məqsəd olmuşdur. Bununla bağlı biz çox sayda nümunələri göstərə
bilərik, ancaq bundan vaz keçib
digər nəzəri
postulatlara diqqət edək.
Şübhəsiz ki, "ifrat interpretasiya" zamanı müəllif və bədii əsər kənarlaşdırılır. Müəllif niyyəti ilə bərabər, bədii əsərin yazılmasının bir konteksti var, bu kontekstləri kənara atandan sonra bədii əsər U.Ekonun təbirincə desək,
"vakuumda" özbaşına
hərəkət edəcəkdir.
Umberto Eko
irəli sürdüyü
nəzəri konsepsiyada
oxucu interpretasiyası
üçün, hansısa,
meyarın müəyyənləşdirilməsi
ilə maraqlanmır. Onu maraqlandıran mətn şərhinin müəllif niyyəti ilə bəzən buna əks olan
oxucu niyyəti arasında balans yaratmasıdır. Bədii
mətnə yönəlik
sonsuz sayda şərhlərin bir çoxu özünü doğrultmaya bilər, yaxud zamanla ixtiyari
sayıla bilər. Bəs bu şərhlərin
doğru olmaması necə meydana çıxır? Şübhəsiz
ki, "mətn intensiyası" sayəsində.
Məhz bu niyyət müəllif niyyəti ilə oxucu şərhi arasında balans yaradır, məhz bu niyyət, yəni mətndə ehtiva olunan intensiya
bədii mətnin yazılma kontekstini daim vurğu altında saxlayır. Bu kontekst şərh
zamanı unudularsa, bədii mətn Ekonun nişan verdiyi boşluqda üzdükcə, üzəcəkdir.
Siz bu boşluğu mütləq
görəcəksiniz.
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti. - 2023. - 16 dekabr, № 48-49. - S. 13.