Yavuz Akpınar Türk Dilinə Xidmət Mükafatı ilə təltif olundu
Türkiyə Cümhuriyyətinin
Atatürk Kültür,
Dil və Tarix Yüksək Qurumunun ali mükafatı
olan “Türk dilinə xidmət” mükafatına layiq görülənlər sırasında
Türkiyənin Egey Universitetinin professoru, Türkiyə Yazarlar Birliyi, Türk Mədəniyyəti Araşdırma
İnstitutunun üzvü,
türk yazıçısı
və görkəmli alimi Əli Yavuz Akpınar da var. Mükafat
hər il mütəmadi olaraq türk dili, mədəniyyəti və
ədəbiyyatı üçün göstərdikləri
xidmətlərə görə
müxtəlif qurum və şəxslərə
verilir.
Ali mükafata
layiq görülən
Yavuz Akpınar Azərbaycanın da yaxın dostlarındandır.
Azərbaycan Yazıçılar
Birliyinin üzvü,
BDU-nun fəxri professorudur. Hələ Sovet dövründə müasir Azərbaycan ədəbiyyatının qurucusu
olan Mirzə Fətəli Axundzadə haqqında doktorluq işi müdafiə etmiş, Azərbaycan
mədəniyyətinin təbliğində
gördüyü böyük
işlərə görə
1989-cu ildə Dövlət
Mükafatına layiq görülmüşdür. Yavuz
Akpınarın Azərbaycanda türkçülük
ənənələrinin oyanış
və formalaşmasında,
böyük bir ədəbiyyatçılar nəslinin
yetişməsində əvəzsiz
xidmətləri və
zəhməti olmuşdur.
Bakıda Qulam Məmmədli, Həmid Araslı, Mirzağa Quluzadə, Rəsul Rza, Abbas Zamanov,
Kamal Talıbzadə, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Aqşin Babayev, Elçin, Anar, İsa Həbibbəyli, Kamil Vəliyev, Rəfael Hüseynov, Əsgər Rəsulov, Vilayət Quliyev, Sabir Rüstemxanlı, Moskvada Əkbər Babayev və başqaları ilə dərin dostluq əlaqələri olan Yavuz Akpınarın Azərbaycan ədəbiyyatının
qardaş Türkiyədə
tanıdılmasında müstəsna
xidmətləri var. Azərbaycan Türk Mədəniyyətini Tanıtma
Dərnəyinin prezidenti
mərhum İbrahim Bozyellə nəşr etdikləri "Qardaş ədəbiyyatlar" jurnalının
Türkiyədə Azərbaycan, özbək, türkmən, tatar ədəbiyyatının tanıdılmasında
əvəzsiz rolu oldu. Alimin şəxsi arxivində Azərbaycan
ziyalılarına aid yüzlərlə məktub
saxlanılır. Akademik
İsa Həbibbəyli
onu "Azərbaycan ədəbiyyatının Türkiyədə
baş konsulu", Vilayət
Quliyev “Ümumtürk mədəniyyətinə
yorulmaz, təmənnasız
xidmətini haqq yolu"na xidmət kimi dəyərləndirmişdir.
Görkəmli alim Azərbaycan ədəbiyyatını
təkcə Türkiyədə,
türk dünyasında
deyil, uzaq ABŞ-da da uğurla
təbliğ edən alimlərdən olmuşdur. 1992-1993-cü illərdə
Miçiqan Universitetində
türkologiya sahəsində
qonaq mühazirəçi
kimi çalışdığı
illərdə “Amerikanın
səsi” radiosunun Azərbaycan xidməti ilə əməkdaşlıq
etmiş, davamlı
olaraq ədəbiyyat və mədəniyyətimizlə
bağlı müəllif
proqramının müəllifi
və aparıcısı
olmuşdur.
Dəfələrlə qəzetimizin
qonağı olan fədəkar alim və dəyərli dostumuz professor Yavuz Akpınarı aldığı ali mükafat münasibəti
ilə təbrik edir, can sağlığı,
fəaliyyətində uğurlar
arzulayırıq.
Qeyd: Bu il Azərbaycan Milli Elmlər Akademiyası da Atatürk
Kültür, Dil və Tarix Yüksək
Qurumunun ali mükafatını alanlar
sırasında olub. Mükafat akademiyanın prezidenti, akademik İsa Həbibbəyliyə
təqdim olunub. Bu AMEA-nın
müstəqillik illərində
təltif olunduğu ilk beynəlxalq mükafatdır.
Ədəbiyyat qəzeti.
- 2023. - 16 dekabr, ¹ 48-49. - S. 15.