İllər

 

Bu illər necə də sürətlə keçir,

Hara tələsirlər, bilə bilmədim.

Elə bil mənzilə tez çatmaq üçün

Dönüblər küləyə, yelə, bilmədim.

 

Elə bil dünənin uşağıydıq biz,

Top-top oynayırdıq həyət-bacada.

Arada xəlvət, səssiz-səmirsiz,

Qaçıb gizlənərdik, damda-bacada.

 

Ay illər, siz nə tez ötüb-keçdiniz,

Saçıma belə tez dən düşüb, nədən?!

Bir anlıq görünüb yenə itdiniz,

Xəlvətcə qaçırsız mənə demədən.

 

Nəbi MÜLKÜMOV

 

Ədəbiyyat qəzeti. - 2023. - 30 dekabr. № 52. - S. 16-17.