Sən niyə sevməyi öyrətdin mənə?

 

Mən ki, göyərməyən bir qara daşdım,

Quraqlıqda quru, yağmurda yaşdım,

Sellərdən xəbərsiz, kükrədim, daşdım,

Sən niyə sevməyi öyrətdin mənə?!

 

Əvvəl baş açmadım öz ürəyimdən,

Təmiz ürəyimdən, düz ürəyimdən,

Ümmanlar axıtdın qız ürəyimdən,

Sən niyə sevməyi öyrətdin mənə?!

 

Duymadığım duyğu sevgidi, bildim,

O sənsiz yollarda ləngidi, bildim,

Axırda sozaldı, səngidi, bildim,

Sən niyə sevməyi öyrətdin mənə?!

 

Quruyan könlümə daş atmadınsa,

Gözündən bir gilə yaş atmadınsa,

Məni bu sevgiylə yaşatmadınsa,

Sən niyə sevməyi öyrətdin mənə?!

 

Kifayət Mütəllibqızı

 

Ədəbiyyat qəzeti. - 2023. - 30 dekabr. № 52. - S. 17.