Sevirəm səni
Mən niyə demədim
sevirəm səni?
Bəzən boylanıram ömrün
yazına,
O kövrək hisslərdən ürək
qızına...
Hər şeydən danışdıq
biz dostcasına,
Mən niyə demədim
sevirəm səni?
Sevirdim, hamıdan bunu gizlədim,
Xəyalda bir xoşbəxt
həyat bəslədim.
Mən niyə susmuşdum,
kimi gözlədim?
Mən niyə demədim
sevirəm səni?
Yad hisslər qəlbimə yabançı
oldu,
Bilirəm, ortada miyançı
oldu.
"Sevirəm" söyləyən yalançı
oldu,
Mən niyə demədim
sevirəm səni?
Tərləyib abırdan, utanıb
üzdən,
Çəkinib üzümə dikilən
gözdən,
Sən həya eylədin
bəlkə bu sözdən,
Mən niyə demədim
sevirəm səni?
İl-ilə calandı, gün-günə
döndü,
Dünyanın yarısı bir
dinə döndü.
İçimdə hayqıran dərdimə
döndü,
Mən niyə demədim
sevirəm səni?
Bu sözlər içdiyim andım olardı,
Dönük taleyimə
yardım olardı,
Seçdiyim ən düzgün
addım olardı,
Mən niyə demədim
sevirəm səni?
Ədəbiyyat qəzeti.
- 2023. - 30 dekabr. № 52. - S. 17.