Mirzə Fətəli Axundzadənin məktubları
Birinci yazı
Məktub ədəbiyyatın
epistolyar janrıdır. Onun müxtəlif formaları var.
İnformasiya texnologiyaları mövcud olmayan qədim dövrlərdə
insanlar bir-biri, qəriblikdə olan qohum-qardaşları ilə
məktub vasitəsilə əlaqə saxlayırdılar. Məktub,
həm də cəmiyyətləri təşkil edən
ünsiyyət vasitəsidir.
Bu gün biz ədəbi-tarixi
şəxsiyyətlərin məktublarından onların
maraqları, müasirləri, dövrü haqqında həqiqətləri
öyrənirik. Doğrudur, tarixi şəxsiyyətlərin
özləri barəsində yazdıqları məktublarda
müəyyən hissiyyata qapılma, subyektiv fikirlər də
yer alır. Fəqət, bir də var ki, böyük ədəbi-tarixi
şəxsiyyətlər, dövlətlərin -
diplomatların yazdığı məktublar. Belə məktublar
şəxsiyyət, onun tarixi epoxası,
yaşadığı dövlətin siyasi durumu, zəmanənin
ədəbi-tarixi xarakteri haqqında qiymətli məxəzlərdir.
Qədim və zəngin Azərbaycan ədəbiyyatında
Ə.Xaqaninin fəlsəfi məktubları, Nizaminin müasirlərinə
yazdığı məktublar, M.Füzulinin
Nişançı Paşaya "Şikayətnamə"
kimi məşhur məktubu mütəxəssislərə
yaxşı məlumdur. M.P.Vaqifin və ustad Aşıq Ələsgərin
şeirlə yazılmış poetik məktublaşmaları
sənət nümunələridir.
XIX əsrdə
maarifçi filosof və dramaturq M.F.Axundzadənin müasirlərinə
yazdığı məktublar, S.Ə.Şirvaninin oğluna və
milli mətbuatımızın banisi H.B.Zərdabiyə poetik məktubları,
XX əsrdə N.Nərimanovun V.İ.Leninə məşhur
taleyüklü məktubu və s. qiymətli ədəbi, fəlsəfi-publisistik
mənbələrdir. Xüsusilə, maarifçilik
dövründə məktub - epistolyar janr tarixi əhəmiyyət
kəsb etmişdir. XVIII əsr Fransa maarifçilərinin -
Russonun, Volterin, Didronun epistolyar əsərləri Avropa
maarifçiliyinin fəlsəfi əsasını təşkil
edir. Məktublar, səyahətnamələr, Şərq-Azərbaycan
ədəbiyyatının cünkləri, tənqid risalələri,
çoxlu sayda təzkirələr bədii ədəbiyyatın
yerliyini - ədəbi - tarixi müstəsisini təyin edən
məxəzlərdir...
M.F.Axundzadənin
müxtəlif formatda məktubları, xüsusən, Şərq
ictimai-tarixi fikrini, müsəlman əxlaqını, fanatizmi,
xurafatı, mövhumatı kökündən sarsıdan məşhur,
fəqət, kommunist ideologiyası nəticəsində hələ
də həqiqi, obyektiv, layiqli elmi-fəlsəfi dəyərini
almamış "Kəmalüddövlə məktubları"
traktatı dünya maarifçilik fəlsəfəsindən,
xüsusən, möhtəşəm fransız
maarifçiliyindən qaynaqlanmış əsərlərdir.
M.F.Axundzadənin çoxcəhətli
yaradıcılığının mühüm hissəsi olan
məktubları bir neçə mövzu üzrə təsnif
etmək olar:
1. M.F.Axundzadənin həyatı,
mühiti, mənşəyi - şəcərəsi və
taleyini əks etdirən məktublar.
2. Ərəb əlifbasını
dəyişmək uğrunda çətin mübarizəsini
göstərənlər.
3. M.F.Axundzadənin
maarifçi görüşlərini səciyyələndirən
məktublar: maarifçi realizm.
4. M.F.Axundzadə və
Rusiya münasibətlərini əks etdirən məktublar.
5. "Kəmalüddövlə
məktubları" - tarixi-fəlsəfi əhəmiyyəti.
Əlbəttə, belə
təsnifat şərtidir, M.F.Axundzadənin məktubları
çoxşaxəlidir, bəzən yığcam bir məktubda
çox əhəmiyyətli məsələlərə
toxunulur.
Maarifçi ədibin
məktublarında qoyulan birinci məsələ onun mənsubiyyəti,
müasirləri, mühiti və şəxsiyyəti
haqqında da fikirlərdir. Bunlar digər məktublardakı və
ümumən onun yaradıcılığındakı həqiqətlərin
açarıdır. "Kolopel Mirzə Fətəli Axundovun
özü tərəfindən yazılmış
bioqrafiyası - yəni tərcümeyi-halı"nda ilk
cümlə belədir: "Mənim atam Məhəmməttəqi
Hacı Əhməd oğlunun ulu babaları fars qəbilələrindən
olmuşdur" (Mirzə Fətəli Axundov. Əsərləri
üç cilddə, III cild. Bakı, Elm, 1988, s.265. Qeyd sitatlar
bu cilddən, yalnız səhifə göstərilməklə
veriləcək). 1811-ci ildə ticarət məqsədi ilə
Xamnə qəsəbəsindən Şəkiyə gələn
Mirzə Məmmədtağı Axund Hacı Ələsgərin
qardaşı qızı ilə evlənir və 1812-ci ildə
bu izdivacdan Mirzə Fətəli dünyaya gəlir. Onun
özünün yazdığı kimi, məntə və mənsubiyyətlə
fars olması ziddiyyətlidir. 1845-ci ilin oktyabr ayında
"Əlahəzrət imperatorun canişini" tərəfindən
verilmiş "Şəhadətnamə"də deyilir.
"Onun (yəni M.F. Axundzadənin!) nəsli türkmən
tayfasındandır. Bu nəsil uzun zamanlar Azərbaycanda
yaşayıb, ölkənin nəcib adamlarından
sayılıb, həmişə xalq arasında əziz
tutulmuşlar". Qeyd edim ki, XIX əsrə qədər
türklər "türkmən"
adlandırılırdı. Sual olunur: hansına inanaq:
M.F.Axundovun özünə, yoxsa, Qafqaz canişininin verdiyi rəsmi
Arayışa? "Hələlik bir yanda qalsın bu sual"
(S.Vurğun) 05 iyun 1858-ci il tarixində Tehrana Hüseyn
Nizamüddövləyə yazdığı məktubunda (qəribə)
belə bir qeyd var: "Mən darül-xilafeyi Tehranda bir kəsi
tanımıram. Sizin cəlal sahibinizlə də üz-üzə
gəlib tanış olmamışam. Amma eşitmişəm
ki, cənabımız Müqəddəm elindənsiniz. Mən
də ata və ana tərəfdən müqəddəməm"...
Ümidvar olduğumu bildirirəm ki, cəlal sahibi olan cənabımız
ellilik təəssübü ilə mənim tərəfimi
saxlayacaq" (s.66-67).
Yeri gəlmişkən,
bir qeyd də verməliyik: "Mirzə Fətəlinin
anası Nanə xanımın ulu babası zənci
olmuşdur. M.F.Axundzadənin anası Nanə xanımın nəvəsi
- Nisə xanımın qızı Mahmənzər Qacar
yazır: "Anamın deyiminə görə, bizim şairlərimizin
də rus şairi Puşkin kimi qanında zənci
qarışığı varmış, onun anasının ulu
babası Nadir şahın zamanında İrandan Nuxa şəhərinə
vergi toplamaq üçün göndərilmiş Müzəffər
adlı bir zənci imiş" (M.Qacar. Mirzə Fətəli
haqqında xatirələr. "İnqilab və mədəniyyət"
jurnalı. 1928, ¹3, s.15). Bəlkə də o "Puşkinin
ölümü haqqında Şərq poemasını bu
"qohumluğa" görə yazmışdı. M.F.Axundzadə
öz məktublarının əhəmiyyətini hamıdan
yaxşı bilirdi. Mirzə Melkum xana (yaxın dostu və
Türkiyə ermənisi idi!) 8 iyun 1871-ci il tarixli məktubunda
yazırdı: "Mənim bütün məktublarımı
əvvəldən axıra qədər xüsusi bir dəftərə
köçürüb saxlayın ki, biz öldükdən
sonra gələcək nəsillər üçün tarixi və
əntiqə sənədlər olacaqdır" (s.180).
13 övladı olan,
lakin övladları bir-birinin ardınca vəfat edən Mirzə
Fətəli bunun iztirabı ilə bərabər -
cavanlığında ehtiyac içərisində
yaşamış, buna baxmayaraq böyük iradə sahibi kimi
Yeni əlifba layihəsini və "Kəmalüddövlə
məktubları" fəlsəfi traktatını çap
etdirmək uğrunda ömrünün sonuna kimi, yorulmadan
mübarizə aparmışdır.
O, Qafqaz canişini
idarəsində Şərq dilləri üzrə mütərcim
işləyirdi və bu işindən çox razı idi.
Lakin Qafqaz canişini dəftərxanasının direktoru, həqiqi
müşavir və kavaler Mixail Pavloviç Şerbininə məktubunda
yazırdı: "Qalan maaşım 12 başdan ibarət olan
ailənin ən aşağı səviyyədə
yaşaması üçün zəruri ehtiyacımı
ödəmir.
Maddi vəziyyətimin
qeyri-kafi olması məni bir ucdan borca düşməyə məcbur
edir, səhhətimi pozur və məni, hətta bir çox
faydalı işlərlə məşğul olmaq imkanından
məhrum edir" (s.49). Tarixdə heç bir dövlətdə,
heç zaman şairlər, alimlər, rəssamlar, bəstəkarlar
yaxşı yaşamayıblar, ehtiyac içində
yaşayıb, əzabla ölüblər (indi mənim vəziyyətim
də belədir - N.Ş.).
"Tatarlar (azərbaycanlılar)
başqa mütərcimə əyilməzdilər, ancaq
onların mənə yolu var idi" (s.51). Elə buna görə
1834-cü ildə ikinci atası saydığı Axund Hacı
Ələsgər rus sərdarı Baron Rozenə ərizə
verib, onu Şərq dilləri üzrə asanlıqla mütərcim
işinə qəbul etdirə bilir. Axundzadə Baron Rozeni
(Qafqazı işğal etmiş vəzifəli rus məmurunu!)
"mələk sifətli" adam hesab edir. Dolayısı ilə
M.F.Axundzadə türkləri rus siyasətinə boyun əymək
üçün hazırlayırdı... (bu barədə
sonrakı yazılarda - N.Ş.) Vəziyyətinin çətin,
faciələrlə dolu olmasına baxmayaraq
(uşaqlarının vaxtsız vəfatı, maddi ehtiyaclar,
düşmənlərinin ona böhtan atması və s!) o, gələcəyə
böyük ümidlərlə yaşayırdı.
"Mən o həriflərdən
deyiləm ki, düşmən qarşısında diz
çöküb bunların əmrlərinə tabe olam. Nə
qədər ki, sağam, İstanbul nazirləri ilə qələmimlə
vuruşacağam... bizim müasirlərimizin nə dərəcədə
şüursuz olduğunu görən gələcək nəsil
minlərcə dəfə halımıza heyflənərək,
bizim fikirlərimizi həyata keçirəcək və qəbrimizin
üzərinə heykəllər qoyacaqlar" (1871-ci ildə
yazılmış məktub. s.170). Yusif xana məktubunda (1871.
8 iyun) əminliklə belə yazırdı: "Bir vaxt gələcək
ki, qəbrimizin üzərinə ziyarətə gələcəklər"
(s.174). Fəqət, zaman keçdikcə M.F.Axundzadənin
ümidləri tədricən öləziyir, Mirzə Melkum
xana 1870-ci il 27 dekabr tarixli məktubunda oxuyuruq: "Kaş
anadan doğulmayaydıq! ...müasirlərimin vecsiz olması nəticəsində
yaşayış mənə haram olmuşdur. Zəhərdən
acı bir həyat keçirirəm" (s.150).
Bir qədər sonra
Mirzə Melkum xana daha qəzəblə və sərt bir şəkildə
yazır: "Mənim bu məktubumun surətini bir
kitabçaya köçürüb saxlayın. Barı, qoy gələcək
nəsil bilsin ki, mən və siz bu xüsusda ("Kəmalüddövlə
məktubları" ilə bağlı!) nə qədər zəhmətlər
çəkmişik, lakin səylərimiz heç bir nəticə
verməmişdir. Bəlkə onlar bizim bu arzumuzu həyata
keçirsinlər. Lakin mənim onlara da ümidim yoxdur,
çünki onların özü də bizim müasirlərimiz
olan bu eşşəklərdən əmələ gələcəkdirlər"
(s.244).
Qayıdaq, əvvəldə
qoyduğumuz suala - nəsil mənsubluğu məsələsinə.
Zərdüştlərin Tehranda yaşayan rəhbəri (əziz
dostum) Manukri Sahibə 29 iyul 1871-ci il tarixli məktubunda belə
fikirlər yer alır: "Siz bizim babalarımızın
yadigarısınız. Qoy, bütün iranlılar bir həqiqəti
başa düşərək desinlər ki, biz parsların
övladıyıq. İran bizim vətənimizdir.
Mən özüm,
zahirən, türk olsam da, əslim farslar nəslindənəm.
Ulu babam Hacı Əhməd Rəştdən gəlib"
(s.182-183).
Dəfələrlə
özü tərəfindən söylənilmiş (və
yazılmış) bu fikirləri oxuyandan sonra türklərə
və türk ədəbiyyatına M.F.Axundzadənin - bu
"zahirən türk"ün münasibətinin həqiqi mənasını
başa düşmək olar: "Bahar surət, türk
arasında dəxi bu zamana qədər mütəqəddimdən
şair olmayıbdır. Füzuli şair deyil və xəyal
atında əsla təsir yoxdur; ancaq nazimi-ustaddır"
(M.F.Axundov. Əsərləri, üç cilddə, II c.
Bakı. Azərbaycan SSR Elmlər Akademiyasının Nəşriyyatı.
1961, s.203). Sitatı artırmaq da olardı. Lakin misal verdiyimiz
parçanın birinci cümləsindəki ədalətsizlik
heyrət doğurur. Tutaq ki, Füzuli deyil, Xaqani, Nizami, Rumi,
Yunus Əmrə, Əhməd Yasəvi, Nəsimi, Nəvai,
Vaqif... bunları necə inkar etmək olar?! Belə qəribəliklər
əcnəbi ədəbiyyatların tarixində də olub. Məsələn,
dahi Lev Tolstoy U.Şekspiri dramaturq hesab etmirdi və yaxud
böyük tənqidçi Pisarev A.S.Puşkini şair
saymırdı. Bu nədir, dahinin dahiyə
qısqanclığı? Bəlkə də...
Paradoksal deyilmi,
türkçülüyün atası Ziya Göyalp onu
"iki böyük türkdən biri"
adlandırırdı. M.F.Axundzadə, həm də müsəlman
şərqçiliyinin rəsmi təsliminə bəraət
qazandıran adamlardan biri idi. Biz gəncliyimizdə - XX əsrin
80-ci illərində, həm televiziyadakı bir
çıxışımızda, həm də məqalələrimizdə
M.F.Axundzadənin 4 günahını zikr etmişdik:
1. Ərəb əlifbasını
dəyişməklə Azərbaycanı Şərqdən
ayırmaq.
2. İslam dininin əsaslarını
sarsıtmaq.
3. Türk ədəbiyyatını,
xüsusən, Füzulini şair hesab etməmək.
4. Azərbaycan ədəbiyyatına Avropa
dram və roman modelini
gətirmək.
Bunlar, əlbəttə, M.F.Axundzadənin yox, bizim totalitar
sovet ideologiyasının
təsiri altında olan, təhsil olan gənc alimin səhvləri idi. Bir də, bu yanlışlıq bizim Avropa - xristian təlimlərinə,
xüsusən, erməni
(daşnak) Qriqorian kilsəsinə mənfi münasibətimizlə bağlı
idi.
Mən o zaman M.F.Axundzadəni
yaxşı oxumamışdım.
İranın Tiflisdəki
konsulu Əli Xana məktubunda yazır: "Bəlkə
də mənim bu əndazədə vətənpərvərliyimdən dinə qarşı düşmənçilik mənası
çıxarmaq olar...
Siz bilirsiniz ki, mən müsəlmançılıqda
nə qədər möhkəm və inamlıyam. Mən heç bir dini dünyada islam dinindən üstün bilmirəm".
M.F.Axundzadə onu islam dininin
düşməni kimi
başa düşənlərə
"Kəmalüddövlə məktubları"nda dini
yox, mövhumatı, xurafatı tənqid etdiyini deyirdi.
M.F.Axundzadə öz xalqını,
millətini çox sevib. Öz xalqını sevən adam onun dinini
tənqid edə bilməz. "Xalqımın
vəziyyəti elədir
ki, onu düşündükcə
insan ağlamaq istəyir... Mən xalqın elə bir üzvüyəm ki, fikrimi xalqa çatdırmaq
üçün davat
və qələmimdən
başqa heç bir şeyə əlim çatmır və əlimdən gələn hər işi görmüşəm"
(Maarif nazirinə məktub. s.108).
Təbii ki, məktublarda ən qabarıq görünən M.F.Axundzadənin öz
portreti, öz obrazıdır. O özünü,
həm zahirdən, həm də daxildən təsvir (və tərənnüm!)
edir. Mirzə Yusif xana avqust
1869-cu il tarixli məktubunda
belə sətirlər
yer alır: "Siz bilirsiniz ki, mən şər-şür
adam deyiləm, lakin əgər bir nəfər hörmətimi saxlamayıb
özünü mənim
qarşımda Əbdürrəsul
xan kimi ədəbsiz göstərərsə,
mən ona nifrət edərəm və haqqında pis danışmaqdan özümü saxlaya bilmərəm" (s.130).
M.F.Axundzadə elə həmin
məktubda özünü
tənbəl adlandırır:
"Nə fayda ki, başımda çoxlu coşqun fikirlər varsa da, onları yazmaq işində tənbələm və özüm də öz tənbəlliyimdən
şikayətçiyəm" (s.131). Cəllaləddin Mirzəyə
15 iyun 1870-ci il tarixli məktubunda öz vəziyyətini şərh
edərək yazır:
"Bu ilin səfərül
müzəffər ayında
könlüm zəmanənin
mənimlə düz gəlmədiyindən pərişan
idi... tərəqqi etmələri naminə irəli sürdüyüm
bir sıra tədbirləri qəbul etməkdən boyun qaçırdıqlarına görə
fikir və qəm dəryasına dolaraq oturmuşam"
(s.141).
Elə bu məktubunda
böyük ədib dil haqqında gözəl bir xətt yazır: "Dünyanın ən şirin dillərindən olan dilimizi ərəb
dilinin istilasından azad edəydilər".
Bu adi adamın yox, dilə vaqif olan, əsərlər
yaradan ədibin fikridir.
Məktublarının birində, hətta öz məzhəbi barəsində
də yazıb: "Cəlal sahibi olan cənabımızın
hüzurunda ərz edirəm; Mən şiə məzhəb müsəlmanlardan biriyəm...
Böyük Rusiya dövlətinin torpağına
gəlib, Şəki şəhərində sakin
oldum" (s.114).
Bu iki mənfi
ştrixlə də böyük mütəfəkkir
və dramaturq, Azərbaycan maarifçi realizminin banisi M.F.Axundzadənin portret cizgilərini tamamlayıram.
Nizaməddin ŞƏMSİZADƏ
Ədəbiyyat qəzeti.
- 2023. - 16 dekabr, 48- 49. - S. 18 -
19.