"Sonuncu ölən ümidlərdir" əsərində
qadın
Varisin
"Sonuncu ölən
ümidlərdir" əsərində
SSRİ-nin dağılma
ərəfəsində yaşanan
yoxsulluq dövrü, yeni quruluşa adaptasiya olmağa çalışan xalqın
həm maddi, həm mənəvi həyatına çökmüş
böhran ön plana çəkilib. Əsərin əsas xəttini qadının faciəli həyatı timsalında cəmiyyətin
yaşadığı sarsıntılar
təşkil edir.
Romanın əvvəllərində varlı
və kasıb təbəqənin həyata
fərqli baxış
bucaqlarından baxdığını
görürük. Nailə
həyatı boyu məhdudiyyətlər, kasıblıq
içində böyüdüyünə
baxmayaraq, onun böyük arzu və idealları var. Həyatı ilə arzuları təzad təşkil edən bu qıza
ətrafındakı insanların
münasibəti, ümumiyyətlə
cəmiyyətin yenicə
həyata atılmış
qadına, xüsusən
də, kasıb təbəqədən çıxan
qadına münasibəti
kimi mənalandırılır.
Əsərin əvvəlində
qadın qəhrəman
üçün çox
xoş gedən sevgi münasibəti ciddi mərhələyə
keçə bilmir, sevdiyi oğlanın ailəsi onu öz evində gəlin kimi görmək istəmir. Bununla da sinfi
ziddiyyətin və ardından gələn fəlakətlərin təməli
qoyulmuş olur.
Baş qəhrəman özünü
və az qala, oxucunu da
inandırmağa çalışır
ki, onun tək çıxış
yolu var. Hansı yolla olur-olsun, o da zəngin olmalıdır. Bu isə qızın
cəmiyyətin qəbul
etdiyi əxlaq qanunlarından kənara çıxmasına və
nəticədə onun
çirkaba batmasına
təkan verir.
Müəllif qızın atasız böyüməsinin - ümumilikdə
ailədə kişi yoxluğunun qadınların
həyatında hansı
problemlərə səbəb
ola biləcəyini, qadının cəmiyyət
tərəfindən həm
mənəvi, həm də fiziki istismar olunmasının hansı bəlalara yol açdığını,
belə qadınlara cəmiyyətdəki şüuraltı
və şüurlu yanaşma psixologiyasını
diqqətə çatdırmağa
çalışıb.
Roman təhkiyəçinin insanlar
haqqında mülahizələri
ilə başlayır:
"Bu adamlar, bu adi adamlar,
hər biri özlüyündə bir-iki
balaca qayğısıyla
yaşayan bu lap adi adamlar
necə də qeyri-adi adamlarmış, ilahi…
Bəlkə, insan dünyaya ona görə ac və çılpaq
halda gəlir ki, bütün həyatı boyu başı qarnını doydurmağa və əyin-başını düzəltməyə
qarışsın?.."
Bu cümlələr,
həm də müəyyən qədər
qadın obrazlarının
daxili aləminin açılmasında açar
rolunu oynayır. Toplum psixologiyasında qadının vəzifəsi
uşaq dünyaya gətirmək, uşağı
tərbiyə etmək,
ev işləri görməkdir. Bu düşüncə əsərdəki
qadın obrazların dili ilə də
deyilir. Bəs ailədə pul qazanan kişi yoxdursa, onda bu qadını nə gözləyir?
Nailə obrazı məhz bu suala cavabdır.
O, cəmiyyətdə əzilən,
köməksiz qalan qadınların səsidir.
Müəllif bu xarakterin timsalında eyni həyatı yaşayan qadınların
yerə-göyə sığmayan
nifrətini, aşıb-daşan
intiqam hisslərini göstərməyə çalışır,
onların nifrəti valideynlərinə, sevgilisinə,
rəfiqəsinə, müdirinə
- ümumiyyətlə cəmiyyətə
yönəldilib.
Romanda Nailə əri tərəfindən tərk
edilən üçuşaqlı
ananın böyük
qızıdır. Sevdiyi
oğlanla arasında güclü bağ olsa da, oğlanın
ailəsi onu başqa bir qızla evləndirir. Oğlanın evləndirildiyi
isə Nailənin rəfiqəsi, həm də işlədiyi müəssisənin müdirinin
qızıdır.
Gizli şəkildə toya gələn Nailə sevdiyi oğlanı bəy kürsüsündə
görəndə sarsıntı
keçirir. Çoxdandır
onunla münasibət qurmaq istəyən müdirinə zəng edib onun sevgilisi
olmağa razı olduğunu bildirir.
Bir müddət maddi sıxıntılarından azad
olsa da, müdirin etibarsızlığı
nəticəsində Nailə
işdən çıxarılır
və daha onunla maraqlanan olmur. Ətrafdan özü haqqında eşitdiyi sözləri udmaqda çətinlik çəkdiyi üçün
keçmiş müdirini
öldürərək həbsə
düşür.
Bundan sonra, Nailə təzadlı düşüncələrə
dalır. O, özü
də qərar verə bilmir ki, başına gələn bütün fəlakətlərin günahını
kimdə görsün.
Dialoqların birində Nailə anasının onu evin kişisi yerində gördüyünü
deyir. Bu düşüncənin kökündəki
əsas fikir budur ki, Nailə,
həm pul qazanmağın çətin
olduğu həyat şərtlərində ailəsini
dolandırmaq qədər
çətin bir öhdəliyi üzərinə
götürmüş, həm
də qadın olmağın imtiyazlarından
istifadə etməyə
çalışmışdır. Nailə "müsbət"
və ya "mənfi obraz" qəlibinə sığmayan
insandır. Müəllif
Nailənin bütün
səhvlərinin səbəbini
onun yaşadığı
ölkədə qadına
münasibətlə bağlayır,
siyasi və ictimai sistemlərin bir-birini əvəzləməsindən
yaranan mənəvi və maddi böhran
bir xalqın tarixinin müəyyən bir dönəmi şikəst edir.
Əsər boyu tez-tez deputatlığa
namizədlərin xalqın
"könlünü almağ"a
çalışdığının şahidi oluruq. Əhalinin bəzi təbəqələri sürətlə
varlanır, bəziləri
isə ən vacib maddi ehtiyaclarını
belə qarşılaya
bilmir. Tarazlıq pozulur və xüsusən, qadınların
timsalında riyakar bir mühit formalaşır. Nailənin
sevgisi ikiləşir:
maddi ehtiyacları ucbatından ondan istifadə etməyə çalışan kişilərin
hamısına qeyri-səmimi
üz göstərməli
olur. Sırf maddi ehtiyaclarını ödəmək naminə müdiri
ilə "sevgili"
münasibəti yaşayır.
Nəticədə, cəmiyyət
tərəfindən ona
"əxlaqsız qadın"
damğası vurulması
onun həyatında heç vaxt qurtula bilməyəcəyi
girdabın başlanğıcı
olur...
Əsərdə qoyulmuş əsas problem qadının taleyinə girib, onu addım-addım uçurumun kənarına
gətirən çirkin
mühitin eybəcərliyini
açıb göstərməkdir.
Bununla belə, müəllifin özünün
mübaliğəli düşüncələri,
təzadlı fikirləri
də nəzərdən
yayınmır.
Nailə həbsdən azad olunduqdan sonra qanunsuz varlanmağın yolunu tapır, arzuladığı varlı
həyata qovuşur və qarşısına onu incidən hər kəsdən intiqam almağı məqsəd qoyur.
Əxlaqsızlığın seçim, yoxsa, məcburiyyət olması
dilemması qarşısında
qalan Nailəni müəllif öz vicdanı ilə baş-başa buraxır...
Həbsdə keçirdiyi illərdən
sonra Nailə artıq cəmiyyətlə
baş-başa gəlmək, döyüşmək,
mübarizə aparmaq iqtidarındadır. "Kişiləşmiş"
Nailə artıq zərif, kövrək, inanan, qoruyan, bəsləyən, həyat
bəxş edən - məhz qadına aid xüsusiyyətlərindən
məhrumdur. O, artıq
intiqam alan, dağıdan, yıxan, öldürən, rəhmsiz
bir insana çevrilmişdir.
Qadın iç dünyası ilə idealların ziddiyyəti arasındadır.
Romanın birinci hissəsində Nailə öz içindəki zərif duyğular ilə yaşayır, zaman-zaman içindəki konfliktdən qurtula bilmir. Lakin zaman
və mühit onu dəyişir, o, özünə güvənən,
məqsədlərinə çatmaq
üçün qərarlı,
taledən öz intiqamını almağa hazır bir cəngavərə çevrilir
və müəllif bununla ona daha
çox kişiyə
xas xarakter yükləmiş olur. Əsər boyu kişinin qadına qarşı qurmaq istədiyi hakimiyyəti artıq Nailə cəmiyyətə qarşı
qurur...
Romanda hadisələr bir-birini əvəzləyərkən, sosial-siyasi
məsələlər ön
plana çəkilir, ilk baxışda sadə məhəbbət
macərası kimi görünən hadisələrin
axışında ictimai
fikrin qadına yanaşması və bunun fəsadları göstərilir və cəmiyyətin sütunu olan qadına yönəlmiş mənəvi
terror ifşa olunur.
Ümidlərsə, öldürülməməlidir - nə əvvəldə, nə də sonda!..
İlahə Səfərzadə
Ədəbiyyat qəzeti. - 2023. - 16 dekabr,
¹ 48- 49. - S . 19.