Redondilya

 

Qadınlar haqqında haqsız mühakimə yürüdən kişilərə

 

Xuana İnes de la Krus 1651-ci ildə Mexiko yaxınlığındakı Nepantla kəndində doğulub. Valideynləri rəsmi nikahda olmadığından qeydiyyata "Kilsə uşağı" kimi düşən Xuana oxumağı çox erkən yaşlardan öyrənib. Qeyri-adi yaddaşa, xüsusi istedad qabiliyyətə malik qızcığaz qısa müddətdə latın dilini öyrənərək babasının zəngin kitabxanasındakı bütün kitabları, hətta Platonun, Aristotelin, Rotterdamlı Erazmın əsərlərini mütaliə edir. 9 yaşında valideynlərindən ayrılıb Mexikoya gəlir, paytaxtda yaşayan kübar qohumlarının ailəsinə daxil olur. Qızın fitri istedadını dərhal hiss edən zəngin ailə ona hər cür imkan yaradır. Xuana müstəqil şəkildə, yəni heç bir müəllimə ehtiyac duymadan öz çevik ağlı hesabına riyaziyyatı, fəlsəfəni, ədəbiyyatı əcnəbi dilləri öyrənir. Bütün şəhər qeyri-adi istedad sahibi olan bu qəribə qızdan danışır, yüksək məclislərdə adı rəğbətlə çəkilir, artıq həddi-büluğa çatmış 16 yaşlı gözəlin pərəstişkarları da durmadan artır. Zəngin nüfuzlu ailələrdən ona elçi düşənlərin sayı kifayət qədər çox olsa da, mütaliəni daimi vərdişə çevirən Xuana bütün təklifləri rədd edib monastıra üz tutur burada çoxdan arzuladığı tənhalığı əldə edir. Lakin 1695-ci ildə monastırda yayılan vəba epidemiyası ondan da yan keçmir: Xuana xəstəliyə yoluxub tezliklə canını tapşırır.

Həm filosof-qadın, həm şair-qadın kimi məşhur olan Xuana sağlığında çox sevilirdi, hətta müasirləri onu "Onuncu muza", yaxud "Meksika simurqu" adlandırırdılar. Təsadüfi deyil ki, Oktavio Pas onun həyat yaradıcılığına fundamental monoqrafiya həsr edib. Madriddəki heykəlinin üzərində isə bu sözlər yazılıb: Meksika xalqının ispan xalqına hədiyyəsi.

 

Necə qəddarsınız qadınlara qarşı siz -

Guya günah işləmək onların qanındadır!

Amma doğrudanmı siz tamam bixəbərsiniz

Bütün bu şər-xatalar haradan qaynaqlanır?

Günah keçisi kimi görürsünüz qadını,

Bəs bunun səbəbkarı siz deyilsiniz bəyəm?

Sizsiniz körükləyib onda qəzəb odunu

Sonra da şəfqət umub, xeyirxahlıq gözləyən!

 

Əcəb ləzzəti varmış hökmən qalib olmağın,

Əsla söz ola bilməz inadkar həmlənizə -

Bu vaxt görkəminizdən elə təkəbbür yağır

Guya qala döyüşsüz təslim olubdur sizə.

Öz nitqinizdən belə, üşənir qulağınız -

Qamçı-şallaq səsindən ətiniz ürpəşəntək...

Çünki siz uşaq kimi nağıl xoşlayansınız,

Nağıldan qorxursunuz həm körpə uşaqtək.

 

Gizli deyildir əsla kişi deviziniz :

Sizə od ilə suyun barışığı gərəkdir -

Siz istəyən qadında sizə gözəl Taislə

məsum Lukresiyanın qarışığı gərəkdir.

Sizlərdən ötrü əxlaq - xalis əzab qaynağı:

Qanınızı qaraldan, daim üzən sizləri

O qapqara ləkələr tərtəmiz aynada

Elə öz əlinizin natəmiz izləridir!

 

Daim əsarətində, daim ağuşundasız -

Həm ifrat bivecliyin, həm çılğın ehtirasın:

Ehtiras aşılayır biveclik sizə yalnız,

Bivecliksə ehtiras təlqin edir ən azı.

Siz qadın şərəfinə hər zaman laqeyidsiz,

Kişi arşınınızla ölçürsünüz hər şeyi:

Qadın ciddi olanda - riyakardı deyirsiz,

Nəvaziş göstərəndə - deyirsiz quşbeyindi.

 

Yüz bəhanə axtarır, qulp qoyursuz hər şeyə,

Sonra da arsız-arsız hələ qınayırsınız:

Birimizi - söyürsüz daşürəklidir deyə,

Birimizi - bilim... yelbeyin sayırsınız.

Sizdəki çılğınlıqla bezginlik arasından

Adlamağı bacaran yalnız bircə qadın var:

O qadın ki dərs alıb öz Həvva anasından -

Onunku haqq-hesabdır, sevgi ona yaddı, yad.

 

Hər ikisi səhv edib, lap günahkar da çıxsa

Görən, hansı dərk edir xəcalətli bu işi:

Günah edib cəzanı gözləyən qadın, yoxsa

Haqqını ödəyərək günah eləyən kişi?

Yalvarışlarda belə etirafdan qaldınız,

Bəraətçün bircə söz çıxmadı dilinizdən.

Bax bizləri bu kökə, bu şəklə siz saldınız -

Di buyurun, zövq alın indi öz işinizdən.

 

Güman edirsiniz ki, guya bircə qadın da

Nüfuzunuz önündə duruş gətirə bilməz.

Niyə lənətləyirsiz, rüsvay edirsiz onda

Sizi ürəkdən sevən o məsum varlığı bəs?

Lap keçilməz olsa da sevgidə sizlər üçün

Cisim, vücud, bir sözlə, bu həyatın hər şeyi,

Dünyanın faniliyi, ya cəhənnəmin gücü -

Yenə bacarmazsınız sevgini məhv etməyi.

 

*Redondilya - Orta əsrlərdə ispan portuqal ədəbiyyatında işlənən mürəkkəb qafiyə sisteminə malik qədim şeir növü. Qızıl dövr ispan poeziyasının görkəmli nümayəndələri    

Qonqora Kevedo redondilyanın mükəmməl nümunələrini yaradıblar.

 

Xuana İnes de la Kurs

XVII əsr Meksika şairəsi

 

       Tərcümə:  Mahir N.QARAYEV

 

       Ədəbiyyat qəzeti. - 2023. - 16 dekabr, ¹ 48- 49. - S. 31.