Şam ağacı
Nizamiyə baş əyən şam ağacına
Ucalığı kimsə
düşünmədi,
kimsə uzanmadı
ucalığın dalınca,
kimsə sürünmədi
ucalığa,
təkcə sənmi süründün,
şam ağacı?
Sənmi tapdın,
sənmi cavabladın
ucalığın kirli yolunu?
Sənmi süründün
Nizaminin ayaqları altına,
sənmi sevdin
haqq sözü bu çuxurda?
Bu enişdə
sənmi ucaldın yüksəkliyə,
enişlərin ucalığına,
çöküşlərin
fövqünə,
acıların sevincinə
sənmi qaldırdın
Nizamini?
Yarı adam,
yarı ağac, şam ağacı.
Əyilmək çətin
şeydi, şam ağacı,
illahım da,
ucalığa əyiləsən.
Döyüləsən, söyüləsən, qovulasan,
yenə də
əyilməkdən əl
çəkməyəsən.
Böyük adamsan, böyük ağacsan, şam ağacı,
icazə ver,
öpüm alnından,
alnını göstər mənə, ustad.
Bilmirəm, əyilməkdə
nə var,
bilmirəm, bəlkə
mən də əyilim?!
Ancaq bu təkcə
əyilmək deyil,
təkcə sevmək, təkcə oxşamaq deyil,
təkcə anlamaq deyil bu,
şam ağacı.
Bu nədi
axı, şam ağacı?
Bəlkə bu bir şam
ömrüdü,
bəlkə bir şam höcətidi.
İncimə, şam ağacı,
heç kim
səni düşünməyəcək
bu çuxurda.
Heç kim
səni görməyəcək,
heç kim
səni ağac hesab etməyəcək.
Ağaclar güləcək
sənə,
adamlar güləcək
sənə.
Kimsə əyilib
yerdən qaldırmayacaq
səni,
kimsə qoluna
girməyəcək.
Beləmi
olur sevgi, şam ağacı?
beləmi
olur vurulmaq,
beləmi
olur sovrulmaq?
Ucalmaq beləmi olur, bədbəxt ağac?
Halal elə, yanında qalan deyiləm,
mən də gedirəm daha,
mən də səninçün
ağac olan deyiləm.
10.07.2023
Şəkilləndir
Gəl ətəyindən tök
illəri,
sözləri, baxışları ətəyindən
ələ.
Ələ götürməyə çalışma
ağrıları, acıları.
İşgəncələri ətəyinə
toplama,
umu-küsünü qəsd eləmə.
Qulaq batıran səssizliyi,
uğursuzluğu, hissizliyi
yolumuzdan
süpür,
süpürgə çəkməyi unutma.
Gəl ətəyini şəkilləndir,
dağı, daşı, dərələri
şəkilləndir.
Ətrini,
nəfəsini, səsini,
hıçqırıqlarını şəkilləndir.
Təlaşlarını, savaşlarını,
göz yaşlarını şəkilləndir.
Şəkilləndir axşamları,
sabahları,
ahları,
ufları şəkilləndir.
Fərəhsizliyi ətəyindən çırp.
Şillələ,
dəhmərrə talesizliyi,
naxışını ətəyindən
sil.
Boğma,
çıxart qədərimizə,
qismətimizi küləklərə ver.
Qoy küləklər aparsın
ağırrığımızı, uğurruğumuzu.
Umacağımızı şəkilləndir,
itirəcəyimizi şəkilləndirmə.
Acılara söykənib,
sabahlarımızı ətəyindən
tökmə,
şəkilləndir, şəkilləndir
sabahlarımızı.
Şəkilsiz
havaları,
şəkilsiz nəğmələri şəkilləndir.
23.07.2023
Zalım illər
İllər
nə tez keçdi, zalım illər,
zalım
sözlər, zalım
üzlər, zalım
əllər.
Nə tez keçdi, zalım sevgilər,
zalım
gözləntilər, zalım
əzgilər.
Həstəklər, köstəklər nə
tez keçdi,
nə tez şay oldu
göstərilər,
diləklər, istəklər nə
tez zay oldu.
Ömür nə yaman uçdu,
günlər nə tez ay oldu.
Saatlar nə tez keçdi,
zalım saatlar,
zalım
sabahlar, zalım axşamlar,
zalım
dəqiqələr nə
tez apardı bizi.
Nə tez alacalandı baxışlar,
gözlər nə dərin çuxura düşdü.
Ümidlər nə tez-tələs
küyə döndü,
Xəyallar nə yeyin suya düşdü.
Ayrılıqlar
necə hərəkətləndi,
zalım ayrılıqlar,
yetirdilər gözlə-qaş arasında.
Zalım
gözlər, zalım
qaşlar,
zalım
ürkək baxışlar.
Acılar
nə tez ayaq açdı,
nə tez unuduldu ağrılar,
çağrılar nə tez uduldu.
Nə sevincək uzaqlaşdı
yaxınlar,
axınlar nə qarğış
yiyəsi oldu, zalım axınlar.
Uzandı,
uzandı sabahlar,
üfüqlər nə çatmaz
oldu.
Axşamlar nə yetməz,
gecələr nə bitməz
oldu.
Gələnlər
nə gəlməz oldu,
zalım
gələnlər.
13.08.2023
Təklənmək
Olası
ağır şeydi təklənmək,
yüklənmək, dolub-daşmaq ağır
şeydi.
Dağlar,
daşlar tərəfindən
təklənmək,
Sellər,
sular axdığından
təklənmək,
insan selində təklənmək
ağır şeydi.
Ağır
şeydi üzmək insan selində,
baxışlarda üzmək, dildə-ağızda
üzmək,
xəyallarda üzmək ağır
məsələdi.
Ağır oturub, batman gəlmək
ağırdan ağırdı,
əslində pis deyil, süfrə acısıdı,
çörək acısıdı, göz
görətidi.
Olası
ağır vəzifədi
təklənmək,
dərininə boylandıqca təklənmək,
dərininə quylandıqca təklənmək.
Tək əl olmaq tale barışığıdı,
tale bataqlığıdı köklənmək.
Olası
ağır şeydi, Tanrım,
sənin
adına üzmək,
sənin
adına yazmaq,
sənin
adına dözmək
ağır savaşdı.
Təklənmək, təklənmək ağır
görəvdi, Tanrım,
necə
dözürsən?
Necə
oxuyursan üzləri,
fikirləri necə çözürsən,
necə
qəbul edirsən göz yaşlarını?
Olası
ağır şeydi təklənmək
yaşıl yarpaqlar arasında.
Yaşıl gözlərdə, yaşıl
xəyallarda,
yaşıl sevgilərdə dolaşmaq
cansıxıcıdı.
Olası
ağır şeydi, Tanrım,
üzməyi öyrənmək.
08.10.2023
Göz yaşı
kimi
O baxışlar
göz yaşı kimi,
mətbəxin nəmli pəncərəsi
göz yaşı kimi,
qədəhlər göz yaşı,
çörək göz
yaşı kimi.
Pəncərənin o üzü göz yaşı kimi,
nəlbəkilər, tavalar göz yaşı.
O səslər
göz yaşı,
o duyğular göz yaşı kimi.
Həsrətlər, üzüntülər,
ayrılıqlar göz yaşı
kimi.
O yanğı, o atəş,
o nəfəs,
o ürək dağlayan haraylar göz yaşı.
Göz yaşı kimi yanaqlar,
görüşlər, öpüşlər
göz yaşı kimi.
Əzablar,
sıxıntılar göz
yaşı,
göz yaşı kimi sözlər.
Hayqırtılar göz yaşı
kimi,
göz yaşı kimi sellər, sular,
yaşantılar göz yaşı.
Arzular, ümidlər, sevgilər,
axşamlar, sabahlar göz yaşı kimi.
15.10.2023
Ürəyin səsi
Qazax
tenoru Dimaşa
Ürəkdənmi
gəlir sabahların səsi,
üfüqlərin qırmızısı ürəkdənmi gəlir?
Ürəkdənmi ucalır ucalıq,
Dimaş,
dənizlərin işıltısı,
zəmilərin pıçıltısı ürəkdənmi gəlir?
Ürəkdənmi doğulur,
ürəkdənmi ölür insan?
Ürəkmi
aparır sabahları axşamlara,
ürəkmi qaçırdır xəyallarımızı,
ürəyin səsimi yaşadır
bizi, Dimaş?
Küləklərmi sovurur səsimizi,
səsimizmi sovurur küləkləri?
Səsimizə sovrulaqmı,
səsimizə qovrulaqmı?
Ürəkqarışıq səsimizləmi
uçaq,
uçuşlara yoğrulaqmı, Dimaş?
Qıvrılaqmı
səsimizdə,
səsimizdə yandıraqmı özümüzü?
Qəsdimizəmi duraq,
ürəkmi parçalayaq,
tonqalmı qalayaq səsimizdə?
Səsimizi başımızamı keçirək,
sinəmizəmi çəkək,
bağrımızamı basaq səsimizi?
Səsimizi udaqmı, Dimaş?
Lap aşağı enəkmi,
ayaq altınamı düşək,
tapaqmı, tapdayaqmı səsimizi?
Səsimizi
axtaraqmı,
səs havarınamı çıxaq,
cavan oğlan?
16.10.2023
Qəzza uşaqları böyüməz
Qəzza
uşaqları böyüməz,
Qəzza
yanğıları keçməz.
Üzü gülməz Qəzza
üfüqlərinin,
Qəzza
gecələri uyumaz.
Şərbətini içməz, dadını
çıxarmaz
Qəzza
axşamları.
Mərmilərə
qucaq açar,
uçar,
uçar Qəzza damları.
Soyuğu
dondurar adamları,
Qəzza
ocaqları isinməz.
Qəzza
laylaları bitməz,
Qəzza
eyvanları sevinməz.
Boy atmaz, yeriməz
Qəzza
məhəllələri.
Qəzza
ağacları
qol qaldırıb oynamaz.
Deyinməz
qismətinə
Qəzza
göyərçinləri.
Sevməz,
sevməz göy üzünü
Qəzzanın barışsız göyərçinləri.
Qəzza
bulaqları ovunmaz,
Qəzza
küçələri küsməz.
Qəzza
anaları döşündən
sağar
Qəzza
uşaqlarının göz
yaşlarını.
Mərmi
səsiylə oyanar,
mərmi səsiylə
yuyunar,
mərmi səsinə
boyanar
Qəzzanın böyüməyən uşaqları.
Arzuları, istəkləri
böyüməz
dünyanın gözü önündə.
Xəyal qurmaz,
xəyal uçurmaz
nisgil geyimli
körpələr.
Hıçqırıq səsidi, qırıq səsidi
Qəzza uşaqlarının
kölgəsi.
Qırılır, qırılır burada
fərəhsiz uşaqların kölgəsi.
Mərmi qovar,
mərmi ovar
ovcunda,
uçar, uçar
Qəzza uşaqları,
ovunmayan Qəzza
hıçqırıqları.
27.10.2023
Səssizlik qorxusu
Mehdiabad
bağlarında
Burada zaman yerimir,
ayaq açmır, böyümür,
dindirirsən, dinmir zaman burada.
Saatlar dingildəmir,
dəqiqələr çiçəklərin tozunda gizlənir,
günlər gözdən yayınır
burada.
Axşamlar zənbildən sallanır,
səhərlər gec uzanır göy üzünə.
Ağaclar
üzgün-üzgün
saçlarını darayır,
qızılgüllər yuyunur burada.
Meynələr güzgülənir,
yasəmənlər soyunur burada.
Üfüqlər qırmızı sürtür,
alatoran kirşanlanır burada.
Enir, enir göy üzü,
yer üzünə nişanlanır
burada.
Səssizliyin
nəbzinə qulaq asıram,
iç-içəyəm, göz-gözəyəm
səssizliklə,
içində bir içim var
qulaq batıran səssizliyin.
Tale yazan, tale pozan,
qələmləri sındıran səssizliyin.
Kimin kimsəsidi görən, andır,
səssizliyi dinləyirəm,
səssizlik məni.
Səssizlik səssizliyi çağırır
burada.
Hara baxsam,
səssizlik görürəm,
hardan qaçsam, səssizlik qaçırdıram.
Hər otun şaxında, hər yarpağın canında,
hər kolun dibində səssizlik qorxusu var,
səssizliklə oturub-dururam burada,
içimə çəkirəm, ürəyimə
buraxıram səssizliyi.
01.11.2023
Aydın Uluxanlı
Ədəbiyyat qəzeti. - 2023. - 30 dekabr, ¹ 52. - S.
18-19.