Yaradıcılıq və maarifçiliyin
vəhdəti:
professor Akif İmanlı
75 il əvvəl
dekabrın sonu, yeni ilin başlanğıcı
ərəfəsində Naxçıvanın
qədim məskənlərindən
birində Axurada müəllim ailəsində
dünyaya göz açan Akif İmanlı
atadan qalma peşə varisliyini, adının və soyadının semantikasını
ömrü boyu fəaliyyətində nümayiş
etdirən bir ziyalı kimi tanınmaqdadır. Akif adı
təmizqanlı, öz
işində səbatlı,
ibadət edən mənasını bildirir.
Akif müəllimin müqəddəs
ibadəti millətə,
xalqa xidmət etmək, dolaşıq, qaranlıq fikirləri, sözləri təmizə,
aydınlığa qovuşdurmaqdır
və tutduğu yolda səbatlıdır; bu, onun imanı
və amalıdır.
Onu ilk dəfə auditoriyada tanımışam
- Naxçıvan Dövlət
Universitetində Pedaqogika
tarixi müəllimim kimi. İndi birgə çalışdığımız kollektivdə yenə də müəllimimdir!
Akif müəllimin
yaradıcılığı çoxşaxəlidir - pedaqoq,
dilçi, ədəbiyyatşünas
alim, yazıçı, publisist.
Maarifçilərin həyat
fəaliyyətinə nəzər
salsaq, hamısının
çoxyönlü yardıcılıqla
məşğul olduqlarını
görərik. Onların
üz tutduğu auditoriya bir qurup, təbəqə deyil, bütöv xalqdır; cəmiyyətin
işıqlanması, aydınlanması
əsas missiyaları olduğuna görə yaradıcılıq sahələrini
mümkün olduğu
qədər genişləndirir,
fərqli istiqamətlərdən
xalqla ünsiyyətdə
olur və öz ziyalılıq missiyalarında ardıcıllıq
nümayiş etdirirlər.
Akif müəllim istər
elmi, istər bədii yaradıcılığında,
istərsə də cəmiyyətdə insanlarla
ünsiyyətində hər
zaman əsil ziyalı,
maarifçi kimi davranır. İnsanlara öz vətənlərini,
milli kimliyini, insanlığını
tanıtmaq onun həm elmi, həm də sosial fəaliyyətinin məğzini, mahiyyətini
təşkil edir.
1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının
Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə məzunu olan Akif İmanlı əmək fəaliyyətinə Şərur
rayonunun Şəhriyar
kənd məktəbində
başlamışdır. 1977-ci ildən Naxçıvan
DPİ-də, daha sonralar Naxçıvan Müəllimlər İnstitutunda
elmi-pedaqoji fəaliyyətlə
(müəllim və prorektor) məşğul olmuş və hal-hazırda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda
baş elmi işçidir. 1988-ci ildə
pedaqogika üzrə fəlsəfə, 2010-cu ildə
isə filologiya elmləri doktorluğu dissertasiyalarını müdafiə
etmişdir. 2012-cı ilin
iyul ayından müsabiqə yolu ilə seçilərək
Naxçıvan Müəllimlər
İnstitutunun "Dillər
və ədəbiyyat"
kafedrasında professor vəzifəsində
çalışan Akif İmanlı
2015-ci ildə AAK-ın
qərarı ilə rəsmən professor elmi adını almışdır.
Naxçıvan MR "Əməkdar
müəllimi"dir. Azərbaycan
Respublikası Təhsil
Nazirliyinin "Qabaqcıl
təhsil işçisi"
döş nişanı
ilə təltif olunmuşdur. Azərbaycan Yazıçılar və
Jurnalistlər Birliyinin
üzvüdür. 25 kitabın,
200-dən yuxarı elmi
məqalənin müəllifidir.
Akif İmanlının
tədqiqatları və
hazırladığı tədris
vəsaitləri müasir
elmi-tədris problemlərinin
aktual məsələlərinə
həsr olunmuşdur. Onun onomastika üzrə apardığı
araşdırmalar elmi
səviyyəsi və
orijinallığı ilə
seçilir. Bu əsərlərdə
müsbət məziyyət
kimi alimin həm də vətəndaşlıq məsuliyyəti,
milli ruhu diqqəti cəlb edir. Tədqiqatlarında üzə
çıxarıb təqdim
etdiyi nəticələrlə
istedadlı və yüksək elmi hazırlıqlı mütəxəssis, onomastika və toponimlərin
professional tədqiqatçısı kimi tanınmaqdadır. Yüksək pedaqoji səriştə ilə dilçiliyə, ədəbiyyata
aid elmi araşdırmalarını tədrislə
əlaqələndirmişdir. Onun monoqrafiyalarında, məqalələrində, bədii
yaradıcılığında belə pedaqoji ustalığı, elmi qənaətlərini öyrətmə,
tətbiq etmə səriştəsi açıq
hiss olunur.
Akif müəllimin
bir alim kimi əsas yaradıcılıq
istiqamətini oykonimlərin
linqivistik xüsusiyyətləri
təşkil edir. Oykonimlərin həm coğrafi, həm də mətn semantikasını araşdırmaq
Akif müəllimin filoloji
tədqiqatlarının sahəsini
genişləndirir və
o, linqivopoetika mütəxəssisi
kimi də tanınır. Hansı istiqamətə müraciət
etməsinə baxmayaraq
hər zaman alim obyektivliyini
qoruyub saxlayır, əldə etdiyi nəticələrsə millətə,
xalqa, dövlətə
xidmət edir.
Akif İmanlının
bütün əsərləri
öz aktuallığı
və əhəmiyyəti
ilə seçilir, lakin Şərur və İğdır oykonimləri üzərində
apardığı araşdırmalar
xüsusilə fərqlənir.
Semantika və etimologiyası öyrənilən
oykonimlərin türk
mənşəliliyinin əsaslandırılması
Naxçıvan ərazisində
məskunlaşmanın qədim
zamanlardan başlayaraq
məhz türklərə
aid olması probleminə
işıq tutur. Tədqiqatda adlardan tarixə, mifoloji dünyagörüşünə doğru irəliləyiş,
onların yayılma arealının təqdimi çox geniş zaman və məkanı əhatə edir. Belə olduğu halda Akif müəllimin gəldiyi nəticələr
təkcə Naxçıvan-Şərqi
Anadolu üçün deyil,
Azərbaycan, ümumtürk
dünyası üçün
elmi əhəmiyyət
kəsb edir. Xalqların tayfaya, qola, tirəyə, nəsilə budaqlanması
və geniş coğrafiyada yayılıb
yerləşməsi oykonimlərin
törədiciliyinə yol
açır. Etnooykonimlər
bu mənada Şərur-İğdır coğrafi
məkanlarının ad
almasında əsas prinsip kimi müəyyənləşdirilir.
Etnooyknimlərdən başqa,
antropooykonimlər də
bu coğrafiyada geniş yayılıb. Akif müəllim
bunları əsasən
tayfa başçılarının,
el ağsaqqallarının,
tarixi yürüşlərlə
bağlı sərkərdələrin
adı ilə əlaqələndirir.
Türk dünyası
üçün xarakterik
olan tayfa/coğrafi məkan adlarından kəngərli
tayfası və ondan ayrılan qolların Şərur-İğdır zonası
üçün daha xarakterik olması fikrini irəli sürüb əsaslandırması
Akif müəllimin faktlara
münasibətdə elmi
obyektivliyi ilə bərabər həm də alim-vətəndaş
məsuliyyətinin göstəricisidir.
Alimin araşdırdığı
bütün sözlər
son dərəcə əhəmiyyətli
olmaqla, bir neçəsi xüsusilə
əlamətdardır; Qarabağlar/Qarabağ, Sədərək,
Maxta, Kərki və s. kimi. Qarabağlar/Qarabağ türk coğrafiysında
ən çox rastlanan oykonimlərdəndir;
sözün etimiologiyasını
alim antropooykonimdən törəmiş
etnooykonim kimi izah edir. Mürəkkəb
adların tərkibində
qara sözünün
iştirakı təkcə
Azərbaycan yox, böyük türk coğrafiyası üçün
xarakterikdir. Sədərəyin
antropooykonim kimi "Kitabi-Dədə Qorqud"
dastanından Səgrək
ilə əlaqədə
izahı, Maxtanın türk mənşəli etnooykonim kimi yayıldığı ərazilərdə
uğradığı səs
dəyişmələrini izləməsi:
Matay-Maadı, Madar, Maxtar, Maktapə; Kərkinin
tayfa qolundan ad alan etnooykonim olmasını əsaslandırması
alimin qənaətlərinin
istinad sferasını
genişləndirir, dilçilikdən
humanitar fikrin digər sahələrinə,
etnogenezisə, siyasətə
doğru hərəkətlilik,
keçid yaradır. Bütün bunları tədqiqatçı şəxsi
yozum diletantlığı
ilə vermir, etnooykonimlərin yaranmasına,
onun geniş coğrafi ərazidə yayılıb təkrarlanmasına,
tayfalarla bərabər
yeni məkanlara daşınmasına
aid çoxsaylı faktlar
və nümunələr
göstərir.
Professor Akif İmanlının
tədqiqatlarının bir
istiqamətini də ədəbiyyatşünaslığa aid əsərləri təşkil
edir. Onun Naxçıvan ədəbi
mühitinə, onun təmsilçilərinin yaradıcılığına
aid çoxsaylı məqalələri
var.
Akif müəllimin
ədəbiyyatşünaslığa aid əsərləri içərisində
"Bədii ədəbiyyatda
obraz və məkan adlarının semantikası (Ə.Haqverdiyevin
nəsri nümunəsində)"
monoqrafiyası probleminin
aktuallığı ilə
fərqlənir. Bu əsər
müəllifin Vətən
müharibəsindəki qələbəmizə,
həm də Ə.Haqverdiyevin 150 illik yubileyinə töhfəsidir. Professor qeyd
edir ki, "...bədii
ədəbiyyatda obraz
və məkan adlarının semantikası
məsələləri az
işlənmiş sahələrdəndir.
Bədii ədəbiyyatın
bu yöndən tədqiqi, eyni zamanda əsərlərinə
müraciət olunan yazıçının dünyabaxışının,
məqsəd və məramının, əsərlərinin
ideya-məzmun cəhətdən
açılmasına xidmət
edir; həm də bədii mətnlərə poetik-onomastik
yanaşma yazıçının
dil və üslub xüsusiyyətlərini
müəyyənləşdirir." Monoqrafiyada şuşalı
ədiblərimizdən Əbdürrəhim
bəy Haqverdiyevin əsərlərindəki real və
müəllif yaradıcılığının
məhsulu olan adların,
antroponim və oykonimlərin semantik funksiyasını araşdırmaqla
yazıçı mövqeyinə,
aydınlıq gətirilir.
Tədqiqatçı adların
semantikası öyrənməklə
bərabər, Ə.Haqverdiyevin obraz və məkanları adlandırarkən nümayiş
etdirdiyi fərdi üslubu, müəllif mövqeyini də üzə çıxarır. Yazıçının
adlara onu daşıyan obrazların
peşələrini əlavə
etməsi, ayamalardan istifadə, yer adlarının bir qisminin real, bir qisminin isə uydurma şəkildə verilməsi problemlərinə
diqqəti cəlb etməklə Haqverdiyevin sənətkarlıq məsələləri
haqda oxucu təsəvvürünü genişləndirir.
Akif müəllim
bədii yaradıcılıqla
da məşğul olur.
Hekayələrində mədəni-genetik
yaddaşımızı, adət-ənənələrimizi
qoruyub yaşatmaq, gələcək nəsillərə
ötürmək istəyi
açıq müşahidə
olunur. Dilçilik araşdırmalarında oykonimlərin
türk coğrafiyasında
yayılmasını izlədiyi
kimi, hekayələrində
tarixi şəxsiyyətlərin
fərqli məkanlarda
xidmətini obrazlı
yolla çatdıraraq
böyük türk birliyi idealına xidmət edir. Nizami qədər Nəvai də ona doğmadır, bu doğmalıq hissini, şəxsiyyətlərə
hörmət və rəğbəti, onların
obrazları vasitəsilə
ötürmək istədiyi
ideyanı, öz idealını oxucuya təlqin edir.
Nəsr dilində
bədiilik qorunmaqla bərabər, dilçi-ziyalı
münasibəti də
aydın müşahidə
olunur. Dilimizin təmizliyi, süni şəkildə alınma
sözlərlə doldurulmasına
etiraz əşyaların
adlandırılmasında, dialoqlarda
özünü göstərir.
Hekayələrdə orijinal
təsvir və ifadə vasitələri ilə də rastlaşırıq. Məsələn:
stəkandakı çayın
qıpqırmızı payız
almasına, ürək
çırpıntısının yuvadan düşən quşa, gözəlin yanağındakı zənəxdanın
yağış damlasının
suda yaratdığı
çökəyə, qaşsız
göz almacığının
bibər ləkinin tumuna bənzədilməsi
kimi...
Akif İmanlının
hekayələrində diqqəti
cəlb edən məqamlardan biri də hadisələrin təqdimatında yumoristik
ovqatın qabarıqlığıdır.
Onun yumorunda da genetik varislilik var; folklordan, epik ənənədən qaynaqlanan
gülüş obrazların
davranış, münasibət
tərzinə hopub, özündə xalq müdrikliyini yaşadır,
on görə də təsirli və yaddaqalandır.
Ədəbiyyatın funksiyaları
içərisində tərbiyəviliyə
mühüm önəm
verən A.İmanlı
yazır: "...yazıçı
hadisələri təsvir
etməklə oxuculara
müəyyən bir fikir aşılamaq istəyir ki, buradan da bədii əsərlərin
tərbiyəvi əhəmiyyəti
meydana çıxır;
yəni yazıçı
öz oxucularını
həyat hadisələrindən
baş açmağa,
ziddiyyətli və gərgin əhvalatlar içərisində özü
üçün nəticə
çıxarmağa, həyatını
düzgün qurmağa
yol göstərir."
Akif müəllim həm
yaradıcılığı, həm də pedaqoji fəaliyyəti ilə həmişə
belə bir missiyanın daşıyıcısı
kimi çıxış
etmişdir.
Professor Akif İmanlı
cəmiyyətdə, xalq
arasında, kollektivdə
ağsaqqal, ziyalı adını ləyaqətlə
təmsil edən insanlardandır. Hörmətli
müəllimimə öz
missiyasını davam
etdirmək yolunda uğurlar, uzun, rahat, sağlam ömür arzulayıram!
Tahirə MƏMMƏD
Professor
Ədəbiyyat qəzeti.
- 2023. - 30 dekabr, ¹ 52. - S. 24 .