İlk görüş
"Sokratla çayxana söhbətlərim"dən bir parça.
Onu həmişə
tək, kefsiz, üst-başı çirkli,
saçları qıvrım
və səliqəsiz
görkəmdə görürdüm.
Heç kimlə danışmaz, dinməzcə
oturub çayını
içər, sonra uzun müddət öz-özünə nəsə
pıçıldayardı. Bu vəziyyət heç kimin vecinə deyildi. Çayxanada domino,
nərd, okey oynayanların
səsi qulaq deşirdi...
Bir gün ona yaxınlaşdım. Çoxdan idi özümü bu görüşə hazırlayırdım.
İçimdə planlar
qurur, götür-qoy edir, həyəcanlanırdım.
Ona yaxınlaşanda, bir
az da özümü itirdim. Nimdaş paltarında eybəcər
və vahiməli görünürdü...
- Salam, əyləşmək
olar?! - sualım boğazımda düyünləndi.
Hiss elədim ki, məni
eşitdi, ancaq özünü o yerə qoymadı.
- Əyləş,
ancaq ucadan danışma... - ilk dəfə
idi səsini eşitdiyim bir adamla bu qədər
maraqlanırdım...
- Niyə tək oturmusunuz? Dostunuz yoxdur?
- "Dost?" gülməlidir,
- ilk sualım və beləliklə, çayxana
söhbətimizin başlanğıcı...
Tək olmaqdan sıxılmıram. Təklik
mənə özümlə
xoşbəxt olmağa,
düşünməyə, qərar verməyə kömək edir. Təkliyimi boşluqlarla doldururam. Bu boşluqlar
"dost" dediyimiz kəslərdən
daha əhəmiyyətli
və faydalıdır.
Dostlar bizim təkliyimizi əlimizdən
alır, ancaq əsl dostlar bizi özümüzlə
tək buraxır. Çünki əsl dost elə sənin özünsən...
Səni əyləncələrə,
mənəvi zövq almadığın bütün
məsələlərə yönəldən, vaxtını,
sadəcə, yüngül
duyum və həzzə sərf edən dostlardan zərərli nə ola bilər?!
"Mənim heç dostum yoxdur" - müdaxilə
etməli oluram. Mamırlı üzünə
təbəssüm qonur.
Anidən gülməyə
başlayır. Qəfildən
hamının diqqəti
bizim üzərimizə
yönəlir. Adamı
sakitləşdirməyə çalışıram:
- Müəllim, müəllim, hamı bizə baxır, sakitləşin, zəhmət
olmasa...
- Müəllim yox, Sokrat. Müəllimin
çayxanada nə işi var?! Safroniksin oğlu Sokrat. Bilirsən, mənim atam daşyonan olub. Gözəl əl işləri var idi. Söhbətimiz davam edir.
- Bilirsən, dostluq nə deməkdir?
- Bilirəm.
- And iç.
- Nəyə and içim?
- Zevsə and iç ki, dostluq haqqında həqiqəti bilirsən...
- And olsun Zevsə ki, dostluq haqqında həqiqəti bilirəm.
- Axmaq, sənin heç dostun yoxdur, necə bilirsən, hə? Mat olduğum sualın qarşısında
başımı qaşıyıram.
- Yaxşı, indi mənim həqiqətimə qulaq
as!
Dostluq mənfəət
və siyasi gedişatlardan uzaq olanda mahiyyətini dəyişir. Belə dostluqlar, adətən uzunömürlü olmur. Mənfəət və siyasi gedişatlar səmimi olmadığı
üçün, yalanla
idarə olunduğu üçün daha çox yaşayır. Kim
deyir ki, əsl dostluq səmimiyyət üzərində qurulub, yalan deyir. Adam heç özü ilə səmimi ola bilmir, başqası ilə necə səmimi ola bilər?!
Zevsin xatirinə
cavab ver, hansı daha yaxşıdır? Mən
namuslu vətəndaşlarla
yaşamalıyam, yoxsa,
pislərlə? Hə,
cavab ver!
Namuslu vətəndaşlarla...
Ürkək səslə
cavab verirəm.
- Yox, sən belə cavansan, ancaq mənim kimi qoca müdrikdən çox filosofluq etmək istəmirsən?
Cəmiyyət nəhəng
bir şar kimidir. Onu dolduranlar
öz nəfəslərində
və nəfsində həmin şarı formalaşdırır, onu
ya eybəcər bir hala gətirir,
ya da onu gözəl bir formaya salır. Bax, pis adamlar
şarın nəfs tərəfində olanlardı,
onlar şarı hərəkətə gətirir,
onu formalaşdırır,
namuslu adamlar isə şarın nəfəs tərəfində
olanlardı, onlar şarı doldurmaqla məşğuldur, ancaq onu hərəkətə gətirmək gücündə
deyillər. Çünki
hərəkətin mahiyyətində
pislik var. Yaxşılıq
yerimir, yaxşılıq
yerində sayır, pislik isə hər yerə ayaq aça bilir, pislik daha
sürətli və daha hərəkətlidir...
- Çayınız
soyuyur. - Gözümlə
armudu stəkanı işarə edirəm.
- Yaxşı, Zevsin xatirinə, bu günlük bu qədər. Sabah söhbətimizi davam edərik. Masadan qalxıb, ləngər vura-vura çayxanadan çıxanda, elə bildim gəmi tərpəndi. Arxasınca
çayçının zil
səsi eşidildi:
- Ey, Sokrat, çayın pulunu kim verəcək?!
- "Bu günün
israfçısı sabahın
dilənçisidir", - deyib,
avar kimi qollarını çəkib
çayxandan çıxdı.
Çayçı əsəbindən
başını bulayıb,
bığaltı gülümsədi...
- Yaxşı, yaxşı, filosofluq eləmə! - Pivə içən yekəqarın
bir kişi əsəbi halda dilləndi. Sonra əlindəki
dominonu var gücü
ilə masanın üstünə çırpıb
bəxtini söyməyə
başladı.
Armudu stəkanın
altına iki manat qoyub çayxanadan
çıxdım. İstədim
"Sokrat" deyilən
adama çatım. Çölə çıxdım,
ancaq onu görmədim. Adam bir göz qırpımında
yoxa çıxmışdı.
Təəccüblə ətrafa
baxıb, evə getdim. Bu gecə çayxanada olan söhbətləri çox
düşünəcəm...
Tural
CƏFƏRLİ
Ədəbiyyat qəzeti. - 2023. - 30 dekabr,
№ 52. - S. 25.