Miladi təqvimi nədən qışın
ortasında başlayır?
Bildiyimiz
kimi, Hicri-qəməri
təqvimində Ayın
Yer kürəsi ətrafında dövr etməsi əsas olaraq götürülüb.
Bu
gün işlətdiyimiz
rəsmi təqvim, yəni Miladi təqvim isə Yer kürəsinin Günəş ətrafında
dönməsi üzərində
qurulub.
Hər
il, dekabrın 22-də
gün dönümü
baş verir. Yer kürəsinin şimal bölgələrində
görünən Günəş,
ən aşağı
vəziyyətə çatandan
sonra, üfüqdə
üç gün hərəkətsiz qalır
və dördüncü
gün yuxarı qalxır. Beləliklə,
25 dekabr ilin ən uzun gecəsi
olur. Bu hal 3 gün davam edir və
25 dekabrdan başlayaraq
günlər uzanmağa
başlayır.
Əslində,
bu, Günəşin doğuşu deməkdir. Necə ki hər
ay, göydə ayın ilk hilal
formasında gördüyümüz
gecəni, ayın ilk günü sayırıq, "ay doğdu" deyirik. Beləcə də, bu dövrdə Günəş enerji toplayaraq yeni dönəmə başlayır;
bir il davam
edən bir dönəmə. Bu üç gün mühüm astroloji hadisədir.
Miladdan
öncə, Şimal yarımkürəsində bir
çox xalqlar qədim inanclara görə, 25 dekabrı Günəş tanrısının
günü kimi qeyd edirdilər. Bu günü, həm də Yeni il kimi,
yeni həyatın başlanğıcı kimi,
işıqlı gündüzün
qaranlıq gecə üzərindəki qələbəsi
kimi qeyd edirdilər. Qədim şumerlərdə, zərdüştlərdə,
Mesopotamiyada, Misirdə
Günəşin dönməsi
günü ilin ən vacib və
əsas bayramı sayılırdı. Qədim
inanclara görə, həmin gecə xeyir qüvvəsi (Axura Mazda) şər qüvvəsi (Əhrimən)
ilə kəskin mübarizə aparmışdır.
Yulian
təqvimi ilk dəfə İsgəndəriyyə
şəhərində Misir
kilsəsi tərəfindən
qəbul edilir. Kilsə rəhbərliyi çox gözəl anlayırdı ki, qədim xalq adətlərini qadağan
edə bilməyəcəklər.
Xalqın rəğbətini
qazanmaq üçün,
xristianlığın yaranma
tarixini, İsa peyğəmbərin anadan
olma gününü günəş bayramı
ilə əlaqələndirmək
qərarına gəlirlər.
Təqvimi tərtib etmək bir qrup astronoma həvalə olunur. Beləliklə, təqvim Günəşin illik hərəkəti üzrə
tərtib edilir. Qədim romalılar 25 dekabrda "Günəşin
doğuşu" bayramını
çox təntənəli
və şən keçirirdilər. Bu adət qədim şumerlərdən yunanlara
və romalılara keçmişdir. Eramızın
337-ci ilində Roma papası Günəş bayramını nəzərə
alaraq, 25 dekabrı İsa peyğəmbərin
doğum günü kimi təqdim edir və xristianlığın
başlanğıcı məhz
bu gündən sayılır. Əslində
İsa peyğəmbərin
əsil doğum günü və ili məlum deyil. 1996-cı ildə Roma Papası II İohann Pavel təsdiq edir ki, İsa peyğəmbərin
doğum tarixi məlum deyil və əslində Xilaskar Miladdan 5-7 il əvvəl anadan olub.
Skandinav
xalqları ilin ən uzun gecəsi
olan 21-22 dekabr günü şərəfinə
"qışın ortası"
bayramını təntənə
ilə keçirərək
bu bayramı
"YOL" adlandırırlar (Prazdnik yolə, YOLĞ - povorot kolesa qoda) və bunu
orta əsr german xalqlarının bayramı kimi izah edirlər. Lakin "YOLĞ" sözünün
etimologiyasını heç
kim izah edə bilmir. YOL-YIL əlbəttə ki, türk xalqlarına məxsus bir sözdür. Bu kəlmənin german xalqları ilə sıx təmasda olan hunlardan keçməsi inkaredilməzdir.
Milad bayramının
əsas atributu ŞAM
ağacı sayılır.
Həmişə yaşıl,
soyuq qışdan sonra da davam edən həyatı simvolizə edir.
Bildiyimiz kimi,
İsa peyğəmbər Fələstin
dövlətinin ərazisində
anadan olub və isti iqlim
şəraitində şam
ağacının bitməsi
mümkün deyil. Aralıq dənizi ətrafında yaşayan
ilk xristianlar şam ağacını görməyiblər.
Müqəddəs yazılarda
Şam ağacının
adı çəkilmir.
Şam ağacının
bəzədilməsi adəti
ilk dəfə XVI (!) əsrdə
Almaniyada peyda olur. Ağac kultu ilə bağlı belə bir fakt var: slavyan
xalqlarında, almanlarda
müqəddəs ağac
palıd ağacı sayılırdı, yunanlarda
- zeytun ağacı, finlərdə - huş ağacı. Şam ağacı, şimal xalqlarda, Tayqa meşələri ilə məşhur olan, Sibirin türk xalqlarında müqəddəs
ağac sayılırdı.
Şam ağacı ətrafında müxtəlif
rituallar edən şamanlara ŞAMan deyilir. Murad Acının
"Qıpçaq çölünün
yovşanı" kitabında
qıpcaqların islamdan
əvvəl sitayiş
etdikləri Yer-su adlı bir allahla
bağlı qədim rəvayət təsvir edilir - "Yer-su dünyanın ortasında
olur. Orada nəhəng bir şam bitir. Şamın yanında
Ulgen - ağ saqqallı
bir qoca oturur. O, insanların yanına qışda gəlir. Təbiət donanda. Ulgen şam ağacı gətirirdi, onun yanında insanlar şənlənirdi,
uşaqlar qocaya kömək edirdi hədiyyələri paylamağa".
Şam ağacı
ilə bağlı adətləri məhz köçəri hunların(!)
Avropaya gətirməsi
məntiqəuyğundur.
Azərbaycanda da ən qədim bayramlarımızdan olan, ilin ən uzun gecəsi - Çilə gecəsi 22 dekabrda qeyd olunurdu. Müxtəlif bölgələrimizdə bu gecəyə xüsusi hazırlıqlar olur, həmin gün maraqlı adətlər, mərasimlər keçirilir. Çilə gecəsindən sonra hər gün, gündüz gecədən 1-2 dəqiqə daha uzun olacaq. Bu? yeni həyatın, yeni dövrün başlanğıcı deməkdir. Bu? yeni ilin başlanğıcı deməkdir. Dinindən, milliyyətindən, irqindən asılı olmayaraq, günəşin şüaları hər kəsi bir az daha çox isidəcək. Beləliklə, Milad bayramı və Milad təqvimi ilə Yeni il bayramı tək xristian dünyasının deyil, Yer kürəsində yaşayan bütün insanların bayramıdır, ümumbəşər bir bayramdır.
Fəridə Namazova
Tarix üzrə fəlsəfə
doktoru,
Azərbaycan Respublikası
Prezidentinin
İşlər İdarəsi
Prezident Kitabxanası,
aparıcı məsləhətçi
Ədəbiyyat qəzeti.
- 2023. - 30 dekabr, № 52. - S. 27.