Söz üstündə şamtək yanıb əriyən şair... –
70 ildir
yol gələn Asim Yadigara yubiley təbriki
Hər kəsin
həyatında mütləq
ona köməklik edən, dəstək olan, ən azından
imkanı daxilində qarşılıqsız hörmət
gördüyü yaxşı
insanlar olub. Bəlkə də Tanrı bu dünyaya
elə həmin yaxşı insanların üzü suyu hörmətinə dəyib-toxunmur.
Mən də həyatım boyu, xüsusilə, poeziya yollarında həmişə
yaxşı insanlara tuş gəlmişəm.
İlk qələm təcrübələrimi hələ
uşaq vaxtlarımda,
ötən əsrin
90-cı illərinin əvvəllərində
kağıza köçürəndə
evimizdə sözdən
anlayan vardı. Atam həmişə yazdıqlarımın
dəyərindən çox,
toxunduğum mövzuların
mahiyyətini qiymətləndirməklə
mənə qol-qanad verib. 1994-cü ildən isə Qubada türk liseyində oxuyanda məktəbimizdəki
poeziya dərnəyinə
sevimli şairimiz Ramiz Qusarçaylı rəhbərlik edib. Universitetin ilk iki kursunu isə
Qazaxda oxumuşam. Burada da Barat
Vüsal qarşıma
çıxıb. 2000-ci ildə
Naxçıvan Dövlət
Universitetinə köçürüləndən
isə Asim Yadigarla qarşılaşmışam.
Həmin vaxt bir qrupda oxuduğum
tələbə yoldaşlarımdan
biri də Asim Yadigarın qızı Günay xanım idi. Beləliklə də, Asim müəllimlə tanışlığım, ünsiyyətim,
o vaxtdan bugünədək
isə yaradıcı
əlaqələrim, tale
dostluğu yarandı.
Asim
müəllim o vaxt Naxçıvan Dövlət
Televiziya və Radio Verilişləri Komitəsində
Ədəbi-Bədii Proqramlar
redaksiyasının baş
redaktoru idi. İlk dəfə televiziya ekranlarına da Asim müəllimin
sayəsində ayaq açdım. Yaxşı
xatırlayıram, 5-6 şeirimi
səsləndirdim, özüm
haqda danışdım.
O görüşdən sonra
şeirlərimə yüksək
qiymət verən Asim Yadigar mənə
ilk kitabımı çıxarmağı məsləhət
gördü. Nəşriyyat,
çap vərəqi,
redaktor, korrektor sözlərini çox az hallarda eşitdiyim
bir vaxtda şeir dəftərçəmi
götürüb yollandım
Asim müəllimin yanına. Elə onun ilk dəfə
"Yolun uğurlu olsun" Ön sözü ilə ədəbi ictimaiyyətə
qədəm qoydum.
Bütün
bunları yazmağıma
səbəb Asim Yadigarın bu yaxınlarda, daha dəqiq desəm, yanvar ayının 5-də
70 yaşının tamam
olmasıdır. Asim Yadigar 5 yanvar 1954-cü ildə dünyaya gəlib. Ömrünün
daha bir yubileyini qeyd edən, hazırda Naxçıvan Muxtar Respublikası Yazıçılar
Birliyinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Azərbaycan Respublikasının
və Naxçıvan
Muxtar Respublikasının
Əməkdar mədəniyyət
işçisi, bütün
bunların fövqündə
isə dəyərli söz adamı, şair Asim Yadigar haqqında ürəyimdəki sözləri
qələmə almaq
keçdi könlümdən.
Bütün
təyinlərdən əvvəl
şair kimi xarakterizə etdiyimiz Asim Yadigar çoxşaxəli
yaradıcılıq istiqamətində
öz fəaliyyətini
uğurla və məhsuldarlıqla davam etdirən qələm sahibidir. Şairliyindən
ictimai fəaliyyətinə
kimi, ailə başçısından Birlik
rəhbərinə kimi
və bu şəkildə bir çox paralellikləri göstərə biləcəyimiz
Asim Yadigar hansı sahədə fəaliyyət göstərməsindən
asılı olmayaraq vicdanla, milli təəssübkeşliklə, vətəndaş mövqeyi
ilə daim seçilən söz adamıdır. Bütün
bunların fonunda isə, yəni onun çoxşaxəli yaradıcılığında bir istiqamət daha qabarıq şəkildə özünü
büruzə verir. Bu da Asim
müəllimin şairliyidir.
Şair kimi yaradıcılığında lirik poeziya poemalarındakı
epik şeirlə, dramaturgiyasındakı mənzum
dramla, mətbuatdakı
bədii publisistikası
ilə müqayisədə
bir neçə addım öndədir. Qısacası, cəmiyyət
üçün Asim Yadigar lirik poeziyası
ilə daha çox tanıdığımız
və tanınan şair obrazındadır.
Akademik
İsa Həbibbəylinin
Asim Yadigar haqqında portret yazısının adını
"Vətəndaşlıq mövqeyi, plyus lirizm" adlandırması
da xarakterin bir sərlövhədə
ümumiləşdirilməsi baxımından olduqca uğurlu səslənir. İsa müəllim çox haqlı olaraq yazır: "Azərbaycan şeirinin orta nəslinin tanınmış nümayəndələrindən
biri olan Asim Yadigarın da şeirlərində mümkün olduqca vətəndaşlıq ruhu,
ictimai və milli idealların poetik bədii vasitələrlə obrazlı
şəkildə ifadə
olunmasına ciddi fikir verilir. Daha doğrusu, Asim Yadigar şeirlərinin
ictimai məzmununu lirikanın dili ilə ifadə etməyi əsas məqsəd kimi qəbul edib, yoluna davam edir".
Onunla
bir dəfə Türkiyənin Gümüşhanə
şəhərinə mədəniyyət
günlərinə yollanmışdıq.
Bir otaqda qalırdıq. Yol təəssüratlarımdan da
deyə bilərəm
ki, Asim Yadigar, həm də yaxşı yol yoldaşıdır. Xalqın uzunömürlü
təcrübəsi də
göstərir ki, yol yoldaşlığı
edə bildiyin biriylə ömrün sonuna kimi yanaşı
addımlamaq olar. Bu mənada, Asim Yadigar yaxşı
şair olmaqla yanaşı, yaxşı
insan, yaxşı yol yoldaşı, sirdaşdır. 2022-ci ilin
iyul ayında Şuşada keçirilən
"Vaqif Poeziya Günləri"nə gedərkən
də, Asim müəllimlə yol yoldaşlığı elədik.
Yuxarıda dediyim sözlərimi bu dəfə daha qətiyyətlə deyə
bilərəm: "Yollar
insanları daha da doğmalaşdırırmış"
sözünün arxasında
yollarda yoldaşlıq
edə bilməyin məsuliyyəti də var.
Məmməd
İsmayılın yaddaşımda
yurd salmış iki misrasını xatırlayıram:
Şair ki, sevilən
şair olmadı,
O, insan kimi də hörmətdən
düşər.
Asim Yadigar şeirləriylə ürəklərə
yol tapmış şairlərdəndir. Onun
şeirlərində poeziyamızın
bir çox janrlarında qələmə
alınmış o qədər
gözəl nümunələr
var ki, istər-istəməz, ruhunu riqqətə gətirir, ovqatını təzələyir, oxuduğundan
heyrətlənib yenidən
oxumaq istəyirsən.
"Zirvə yolu", "Unut bu sevdanı", "Oğul dağı",
"Hər şeyin sonu var", "Midiyanın
süqutu", "Kalba
Musa çeşməsi", "Bahar", "Bir ömrün
nəğməsi", "Sənətinin vurğunu",
"Bir nurlu heykəl
yarat", "O mənim
ürəyim deyil",
"Xaqani" və iki cildlik "Seçilmiş əsərləri"ndən
ibarət 14 kitabın
müəllifi olan
Asim Yadigar Naxçıvanda
yaşasa da, sözüylə,
şeirləriylə Azərbaycanı
boydan-boya dolaşıb.
Qonşu ölkələrdəki
mötəbər kürsülərdən
onun şeirləri ürəklərə yol
tapa bilib. O həm də məhsuldar fəaliyyəti ilə seçilən biridir. Belə ki, Asim Yadigar 10-a yaxın pyesin, 20-dən çox poemanın müəllifidir. Onlarla şeiri fransız, rus, fars, türk
dillərində nəşr
olunan qəzet və jurnallarda, ədəbi almanaxlarda çap olunub. 20-yə yaxın almanaxda 100-dən
artıq şeiri, poeması, pyesi dərc edilib. Bir vaxtlar işlədiyi "İki sahil" və
"Şərq qapısı"
qəzetlərində, eləcə
də ölkənin digər mətbuat orqanlarında yüzlərlə
məqaləsi, resenziyası
işıq üzü
görüb. Naxçıvan
Dövlət Televiziyasında
və radiosunda son 35 ildə mindən çox veriliş hazırlayaraq tamaşaçı
və dinləyicilərlə
görüşüb. Bütün
bunların hamısını
göz önündə
canlandıranda, sözün
həqiqi mənasında,
bir yaradıcılıq
sərgisi qarşısında
dayandığını zənn
edirsən.
Sözlərində öz kədərindən, sevincindən
daha çox, xalqının kədəri
və sevinci duyulan şairin şeirlərində millət
yanğılı, vətən
sevdalı, xalq eşqiylə döyünən
çoxsaylı nümunələrə
rast gəlirik.
"Bir nağıl
de", "Səni döyüşə
göndərirəm", "Azərbaycan bayrağı",
"Hücum əmri ver mənə", "Döyüş havaları
çaldırmalıyıq", "Darıxan məzarlar",
"Vur, komandir, vur", "Zəfər
yolu", "Fərhad
oynayırdı Cıdır
düzündə", "Əsgərin" və bu qəbildən olan yüzlərlə şeirində Asim Yadigar təkcə şair deyil, həm də vətəndaşdı,
əsgərdi, şəhiddi.
Asim müəllim
bəzən bir misra üstündə ağlamağı bacaran şairdi. Sözün qədrini bilənlər, sözə tapınanlar, sözə xidmət edənlər nə o sözü dəyərdən
düşməyə qoyarlar,
nə də onu havayı sərf edərlər. Bu mənada, Asim Yadigar da sözə ən qiymətli varlığı
kimi yanaşır. Ona
görə də şeirlərinin birində
deyir:
Söz üstündə
əriyirəm, yanıram
şamtək,
Elə bil ki, oturmuşam köz üstündə mən.
Ağlayıram için-için,
bir kimsə bilmir,
Ağlayıram, bircə
misra söz üstündə mən.
Sözə bu cür həssas yanaşan şairin yaradıcılığında istədiyiniz qədər maraqlı şeirlərə
rast gələ bilərsiniz. Belə ki,
"Muğam", "Qızımın
"üsyanı", "Mən böyük adamam", "Özümlə
söhbət", "Darıxan
məzarlar", "Hər
şeyin sonu var",
"Unut bu sevdanı", "Bir damla
yaş kimi" və sair şeirlərin
siyahısını o qədər
artırmaq olar ki... Mən bu şeirlərdəki
bir neçə nümunəni də oxucuların nəzərinə
çatdırmaq istəyirəm.
Muğam çalınanda
susur bu aləm,
Səslərə qarışıb
inləyirəm mən.
Muğam çalınanda
elə bilirəm
Min illik dərdimi dinləyirəm
mən.
"Muğam"
***
Vətəndir
dünyada hər şeydən əzəl,
İlk sevgim, son sevgim bu yurd,
bu torpaq.
Məndən inciməsin
sevdiyim gözəl,
Vətəni sevmişəm
mən ondan qabaq.
"Vətən sevgisi"
***
Sevgi od kimidi,
yananda közü,
Sönəndə adamı
külü yandırır.
"Unut bu sevdanı"
Bu cür poetik nümunələrlə
dolu olan poeziya aşiqi, söz divanəsi Asim Yadigarın, həm də qeyri-adi yaddaşı var. Onun
hafizəsində xalqın
söz xəzinəsinin
yüzlərlə nümunəsindən
əlavə, Xaqanidən,
Nizamidən, Həsənoğludan,
Nəsimidən, Füzulidən,
Xətaidən, Vaqifdən,
Dədə Ələsgərdən,
Səməd Vurğundan,
Bəxtiyar Vahabzadədən,
Məmməd Arazdan, ən müasir Azərbaycan poeziyasının
dəyərli nümunələri,
eləcə də Türkiyə və Şərq poeziyasının
tanınmış onlarla
şairinin, rus və dünya klassiklərinin yüzlərlə,
yaddaşını silkələsən,
bəlkə də minlərlə nümunəsi
hifz olunub. Bütün bunlarla yanaşı, o özünün
qələmə aldığı,
həcmcə kiçik,
yaxud böyüklüyündən
asılı olmayaraq bütün nümunələrini
əzbərdən bilir.
Hətta bəzən şair dostlarının öz şeirlərini söyləyərkən unutduqları
misraları Asim müəllim onlara xatırladır.
Yuxarıda
söz açdığım
Gümüşhanə səfərimizdə
o yerli əhali ilə söhbət zamanı Türkiyənin bir çox şairlərindən - Mehmet
Akif Ersoydan, Tofiq Fikrətdən, Yəhya Kamal Bəyatlıdan, Nəcib Fazil Kısakürəkdən,
Nazim Hikmətdən, Fazıl Hüsnü Dağlarcadan ard-arda o qədər nümunələr
söylədi ki, ətrafımıza toplaşanların
hamısı bu mənzərədən valeh
olmuşdular.
Bu
gün də təkcə şair və yazıçılar
yox, bəzən ayrı-ayrı sahələrdə
çalışan ziyalılar
belə hər hansı bir misrada, şeirdə dara düşəndə mütləq Asim müəllimin zəngin yaddaşına üz tuturlar.
İnsan
arzuları qətiyyən
tükənmir. Asim müəllimin də hələ arzusunda olduğu çox şeylərin var olduğuna əminəm. Bu mənada, mən Asim Yadigarı
70 illik yubileyi münasibətilə təbrik
edirəm.
Asim müəllim, yeni-yeni poeziya nümunələrinizlə qəlblərində yurd saldığınız oxucularınızı bundan sonra da öz sevilən poeziyanızla riqqətə gətirəcəyinizə əminəm. Bunun üçün isə sizə uca Tanrıdan uzun və sağlam bir ömür arzulayıram. Bir də ki, "şair qəlbi kövrək olur" deyirlər. "Qurd oğlu, qurd olasan gərək bu zəmanədə, yaşamaz canım-gözüm, çiçək bu zəmanədə" desəniz də, nə qədər ki, şairlər var, ürəklərə yol tapan şeirlər var, o şeirlərdə hələ çox çiçəklər ətrafa gözəllik bəxş edəcək.
Elxan
YURDOĞLU
Ədəbiyyat qəzeti.
- 2023. - 30 dekabr, ¹ 52. - S. 26 - 27.