Can sağlığının sorağında

              Hekayə

                                                                                                                         (Əvvəli ötən sayımızda)

 

- Ay xala, buralarda aptekçi Xanbabanın evi olmalıdı. Qapısını mənə göstərərsənmi? Müsahibim əlini qaşının üstünə qoydu. - Bura bax! Səni bir şairə oxşadıram. Televizorda da görürəm arabir. Neynirsən Xanbabanı? Qızı Bakıda doktorluq institutuna girib. Sən yüyürtnbə gəlmisən ki... Başımı razılıqla tərpədib - , - dedim. Arvad bir-iki addım irəli gəldi. Üzü güldü: - Harda işləyirsən? -Bakıda, raykom komsomolda. Raykom sözünü eşidən arvadın dodaqları qaçdı.

- ! Xanbaba oğlumdu. Evdə olmasa da yerin deşiyindən çıxardaram!  Raykom basıb-kəsən idarədi. Raykomun gəliri seldi, dənizdi. Oğlum, yaxşı daş-başın da var da. Ev-eşik eləmisənmi özünçün? -Evim yoxdu, xala - dedim. -Amma hökümət verəcək. Hələ kirəçiyəm.

Əlbətdə ya bir zavod direktorunun, ya bir zavmağın çəkərsən məşər ayağına. "Dom Sovet" boyda ev tikdirər səninçin. İçini importnu mebelnən doldurar.

- Yaxşı, ay bala, maaşın da çox güclüdü !

- Ayda yetmiş rubl! İyirmi beşini kirəyə verirəm. Qırx beş rubl qalır. Hər günə bir rubl yarım. Arvad iki addım geri çəkildi. Yumruqlarını şalının altından çıxartdı. Boksçu döyüş vəziyyəti götürdü: -! Yoxdu, yoxdu! Xanbaba evdə yoxdu! Ay, hay! İştahına da qoz halvası! Hesab eləyirsən ki, Xurşud altı dolu Xanbabanın qızıdı. Atası ev alar, altına maşın qoyar! Sən yüyürüb gəlmisən ki, nişanlayasan qızı. Sən yoxey, lap Allahın bacısı oğlu gəlsə , nəvəmi verən deyləm. Oxuyub qurtarar, sonra da ürəyi istəyənə gedər. "Oğlan evinin xəbəri yox, qız evində toydu" dedim ürəyimdə. Ancaq məni bu qapıya gətirən nişan qoymaq həvəsi deyildi. Mən Xurşudu Bakıda bizim komsomol komitəmizə büro üzvü seçdirər, az sonra instruktorluğa irəli çəkdirərdim. "Bəlkə Xurşud nənəsinin vedrələrini aparmağa gələr"düşünür, tez-tez geri boylanır, məhlədən uzaqlaşırdım.

İcraçı binaya aparan qaratorpaq cığır, zambaq talasının ortasından keçirdi. Gövdələri köklərdə bir-birinə söykənib sıxlaşır, cığırla tala arasında keçilməz səddə çevrilirdi. Yumşaq, çılğın mehlər əllərimin üstünü, üz-gözümü zərif-zərif dalayırdı. Göyün üzü sarıya çalırdı. Zambaqların sarı tozuna bürünmüşdü üfüqlər . Səmada ulu şairin tövsiyəsinə uyğun proflaktik işlər gedirdi. Zambaqların oksigen zərrəcikləri göylərin dərinliklərinə işləyərək, "Ozon qatını" zəhərli qaz -tüstü həmlələrindən qoruyurlar. Dərindən nəfəs alanda ciyərlərimin qırışları şaqqa-şaqla açılır, içərilərimdə at çapırdılar sanki. Gözlərimin böyüdüyünü, dodaqlarımın səyrişdiyini görürdüm. Həyətin ağaclarında, yarpaqlarında da daş sükut yaşanırdı. İşdi-şayət, bir quş uçsaydı, qanadlarının çap-çapı İnzibati binanın divarlarında əks səda verər, zambaq ləçəklərində günəş vannası qəbul edən kəpənəkləri çərəm-pərəm salardı. İrəliləyirdim. Taq-tuq səslərinə ayaq saxladım. Pəhləvan cüssəli dalğanaxış köynəkli bir kişi gah çömbəlir, gah dizləri üstə oturur, maşaya oxşayan budama qayçısını kolların altına yeridirdi. Matros, Fidel Kastronun beretkasına oxşayan "günlüksüz"ünü qamarlayıb alın qırışlarında yırğalanan tər damcılarının üstünə basdı. Birdən noldusa qayçını kənara tulladı. Pəncələri üstə qalxaraq, İcraçı binanın tüstülənən bacasına zilləndi. Başını bulaya-bulaya bamaq silkələdi korun-korun tüstülənən bacaya. Burnunu tez-tez çəkir, dodaqlarını marçıldadır, tüstünün acılığını, şirinliyini yoxlayırdı sanki. Başını razılıqla tərpədib, kolların altına yeritdi qayçısını.

Dənizçinin qəribə hərəkətləri, - kolları "uf" demədən qırması, tüstülənən bacaya barmaq silkələməsi, öz-özünə danışması da təəccüb doğururdu.

- Niyə belə narahatsan, ay matros əmi? Yaxınlaşıb qolundan tutdum. Dartıb, qolunu əlindən çıxartdı.

- Matros deyiləm. Bosman olmuşam "Aşıq Ələsgər" gəmisində. Göyərtə komendasının naçalniki, - bosman! Gəminin "prixod"u, "atxod"u mənim komandalarımla aparılıb. Deyərsən ki, bu kişi dəlidi, nədi, tez-tez bacaya baxıb, burnunu çəkir. Havanı niyə yoxlayır? Londonda "Orion" limanının uzaq reydində yük gözləyirdik. Kalpitimizi, poçtumuzu gətirən Şipşandr qoltuğunun altına bir qazet itələdi. - Burda sizin Xalq şairimizin dərin məzmunlu bir məqaləsi var. Şair qlobal istiləşmənin qabağını almağa çağırır bütün dünyanı. Hər kimdisə zor görür - deyib əlimi sıxdı. Qazetin qatını açırdım ki, gəmimizi körpüyə dəvət elədilər. Trumlara kimyəvi amyak gübrəsi yükləyəcəkdilər. Özü "nasıp", yəni toz halında. Evimiz yıxıldı ki? Gəmi heyəti bir-iki həftə bu amyakın zəhərini udmalıdı? Düşündüm. Kapitana dirəndim ki, gəl biz bu yükü götürməyək.

- Niyə, ay Bosman? Yük tapmaq da asan deyil! Bunu əldən buraxsaq bilirsən gəmiçilik başımıza oyun açar?

- Əlbəttə, bilirəm. Ancaq o kübrə xüsusi kisələrdə daşınmalıdı. Toz halında xata-baladı. İki saatdan bir tryumların qapıları açılmalıdı. Əgər açmasaq qazlar gəmini partladar.

- ! Neynək? Açarıq da. Qazlar uçub, rədd olar! -Xeyr, dedim! Qazlar uçmazdan əvvəl kayutlara dolacaq. Biz zəhərlənəcəyik! Başıma gəlib . Elə bu gəminin matrosuydum. Azot gübrəsi aparırdıq. Körpücükdə düyməni basıb tryumların qapısını aşdılar. Külək bir neçə cəngə azot tozunu çəkdi başıma. Gözlərim tutuldu. Nəfəstənglikdən indi əziyyət çəkirəm. Heç düşmənimə qıymaram çəkdiyim zülmü. Gəmimizdən qalxan ammonyak qazları buludlara çökəcək. Zəhərli yağışlar buğda zəmilərini, bağların, bostanların bəhrə- barını da ağuya döndərəcək. Ən pisi odur ki, o qazlar "Ozon qatı" nın qəzalı sahələrini genişləndirəcək. O boyda İngiltərə şairimizin sözünü eşidir, amma biz gəmimizdə qaz bolluğu yaradıb, "Ozon qatı"nın kələyini kəsirik. Bu hərəkətinə görə gəmiçilik şurasından yağlı şapalaq yeyəcəyəmi bilirdim. Amma yoldaşlarımın gözləri nurdan düşməyəcək, qaşınmadan əziyyət çəkməyəcəklər. Nazim Hikmətin "Mən", "Sən", "Biz" deyən çağırışına xalqların necə qoşulduğunu görəcəkdi dünya. Kapitan yuxudan ayıldı elə bil. Gözlərini ovuşdurub, çox sərt danışdı. -O xatalı yükə, - ammonyak gübrəsinə arest qoyduracam -dedi.

Bakıya boş qayıtdıq. Gəmiçilik Şurasında kapitana şiddətli töhmət verdilər. Məni işdən qovdular. Bekar otura bilməzdim. Hər yana səs salan Naftalan "zambaqlarından" mənim xəbərim vardı. Gəldim, Bəhram direktor mənə müxtəlif vəzifələr təklif elədi. Mən, ocaqçı - koçaqarlığı seçdim.Havanın sağlamlığı bizim əlimizdədir. Çörəksiz, susuz beş-altı gün yaşamaq olar. Amma havasız bir dəqiqə mümkün deyil. Bu gün smenimin qurtarha-qurtarında Bakıdan bir sisterna yanacaq gətirdilər.  İndi peçlər gur-gur yanır. Mən tüstülü havanı burnuma çəkib, bilmək istəyirdim ki, bu solyarkaya mazut qalıblar, ya yox?

- Mazutu kim qatır? -Ekspertlər, fəhlə, sürücü. -Nəyə görə, axı? -Vallah, deməyə xəcalət çəkirəm. Bir ton solyarkaya iki yüz litr mazut qatan, az-maz pul qazana bilir.

- Necə oldu? Yoxlama göstərdi?

- Təmizdi yanacaq!

- Heyran olmamaq mümkün deyil bu cöv-cəlala. Yəqin akademiklərin, alimlərin əməyi var bu bağ-bağçanının salınmağında. - Xeyr, əşi! Bağban Mədət bağçılıq işində Miçurini cibində gəzdirər. Burdakı bütün işçilər ekologiyanı qoruyanlardı. -Aşpaz Kamranın eqzotik kəşfləri hamımızı mat qoyur. Bir dəfə yeməkxananın ortasında iki elektrotəndir qalatdırdı. Birində toyuq ləvəngisi, o birində təndir çörəyi bişirdilər. Təndir çörəyi, motal pendiri! Ye ki, yeyəsən! O gün qazan xörəkləri bişmədi. Ərzağa qənaət direktor fonduna xeyli gəlir gətirdi. Ən böyük xeyrimiz o oldu ki, bacamızdan tüstü çıxmadı. Xalq şairimiz Səməd Vurğunun ruhu şad oldu. Həkim personalının işi yaxşı qurulub burda. Qlavvraç Xurşud xanım çox tələbkardı. "Xurşud" sözünü eşidcək yerimdən oldum. "Ayə, bəlkə bu qlavvraç Qubalı Xanbabanın qızıdı? Eh! Xurşud adında qız çox! Amma, kim deyir desin, ayağımı yerə vurub, yumruğunu masaya çırpıb, israr eləyirəm ki, bu Xurşud öz başınnan AMİ- girən həmin o Xurşuddu. Axı, ay qardaş, ancaq bilikli, savadlı kadrları rəhbər vəzifələrə çəkirlər. Amma "bosman əmi" əllərini ölçə-ölçə söhbətini davam etdirirdi. -Polşanın, Bolqarıstanın bəzi zavod direktorları da, daş atıb başlarını tuturlar ki, təcili zambaq tinkləri göndərməsəniz zəhərli qazlar bizi öldürəcək! Ancaq tinglər öz başına cücərmir. Bunun parniki, gübrəsi, işçisi olmalıdı. Zambaqların xeyrini yaxşı başa düşən direktor Bəhrəm Raykomun birinci katibinə bir raport göndərdi. Rayonun başçısı ərazimizdə bir Zanbaq Kombinatı tikməyi qərarlaşdırıb. Arada söhbət gəzir ki, Mədət kişini o Kombinata direktor qoyacaqlar.

- Yaxşı, ay Bosman müəllim, danışığından belə başa düşdüm ki, sən buranın ətraf mühitini saflaşdırmağa çalışırsan! Soruşmaq ayıb olmasın, bəs axı, budama qayçısıyla qaratikan kollarını niyə qırırsan?

- A tövbə, bir ota, bir yarpağa da əl vurmaram! -Bilirsənmi- deyib, -"künlüksüzünü" gözünün üstündə yanəki oturtdu. - Az-para sağalan xəstələr gəzə-gəzə bu yerlərə gəlirlər. O, budama qayçısını xəndəkdəki qaratikanlara tuşladı. -Az qala adamın gözünə girələr. Niyə qara adlanır bu qaratikanlar? Ona görə ki, həm böyükdülər, həm ucları çox itidi. Qonaqlarımızı qıcıqlandırar, əsəbləşdirə bilər, bu ağrı, sancı dolu tikanlar.

Kardioloq Vəfa xanımla görüşməliydim. Anam, bacım olsun! Orta yaşlı, gözəl-göyçək xanım məni gülə-gülə qarşıladı. Təzə mələfə saldı çarpayıma, arxası üstə uzandım. Vəfa xanım topuqlarıma, biləklərimə, ürəyimin başına, həndəvərlərinə qaz ayağına oxşayan şipilkalar sancdı. Cihaz uğuldadı. Gözlərimi pəncərəsindən çəkə bilmirdim. Lent üzərində çəpər çubuqları, -xətlər gah enib nazilir, gah da oxlar kimi yuxarı atılırdı. "Vağsey, işim bitdi". Bir parça buza döndü bədənim. - Nədi, ay həkim, orda infakt var? -soruşdum. O, gülümsədi. "Ürəyim qan ağlayır. Amma həkimin vecinə deyil. -Əsəbləşməyin -dedi. -Yoxsa adrealiniz çoxalar, təzyiqiniz qalxar. O, cihaza zilləndi- Çox diqqətlə baxıram, amma ürəyinizdə çat görmürəm. Sevincək oldum. -Məni təzədən həyata qaytarmısınız, Vəfa xanım, xəcalətinizdən necə çıxa bilərəm? Çeşmək altındakı gözləri işıqlandı, kəsərləndi. - Qalxın! Söhbətimizi baş həkimin kabinetində davam etdirəcəyik!

Qapının kəndarında "Baş həkim Xurşud" yazılı lövhəni oxudum. "Halvaçı qızı daha şirin!"- dedim öz-özümə. İçəri girdik. Kabinetlərdə gördüyüm, həkimlər pıçha-pıçlarını kəsdilər. Uzun masanın yuxarı başında oturan orta yaşlı qadın ayağa qalxıb amiranə baxışlarla dəyirmi stol arxasındakı boş kreslonu göstərərək:

- Buyurun, əyləşin, şair müəllim- deyib gülümsündü. Baş həkim bilək yoğunluğunda qulaclarını boynunun ardında "nevedimkalarla" sancaqlamışdı. Gicgahlarından asılan buruq-buruq, üzüm salxımı saçları qarabuğdayı sifətini şirinləşdirirdi.

- Əlimə qəzet, jurnal düşəndə sənin imzanı axtarırdım. Yerlimsən axı, qan çəkir . Şeirlərindəki fikirlər təzəydi. Misralar şablon deyildi. Amma bir az rəndə istəyirdi. Həkimin böyük qara gözləri kəfkirli saatın gözləri kimi ora-bura qaçırdı.  -Mən o şeirləri şıltaq uşağa bənzədirdim. Elə sizə görə ədəbiyyata həvəsim artdı. Həkim -şair Abbas Səhhətin, sevgidən yarımayan Çexovun, Rafiq Yusiflinin, Paşa Qəlbinurun, Qalib Şəfahətin kitabları insanlara daha həssas yanaşmağı öyrətdi mənə - deyib, əlindəki yaylığın ucunu gözlərinə yaxınlaşdırdı. Üzüntünün səbəbi nədi? Bilmədim. Qadınların sirrindən kim baş tapıb ki?

 

                                                                                                                                                                        (Davamı olacaq)

Yusif Həsənbəy

Ədəbiyyat qəzeti. - 2023. - 30 dekabr, ¹ 52. - S. 28.