Süleyman Əlisanın
poetik dünyası
Şeir nədir, epistemolojisi və ontolojisi nədən ibarətdir sualına Aristotelin "Poetika" əsərindən bu günə qədər yazılan minlərcə kitabdan, məqalədən
heç biri tam cavab verə
bilməmişdir. Bəziləri
şeiri bütünlüklə
şüur və ideyalardan ibarət bir sənət kimi mücərrədləşdirməyə
meylli olduqları halda, buna paralel
olaraq digərləri poetik təfəkkürün
şeirdə əsas,
aparıcı amil olduğunu söyləmişlərdir.
Bəzilərinə görə
şeir yalnız hisslərin tərənnümü
olduğundan duyğu aləminin predmeti kimi həyatın gerçəklikləri orada
əqli bir inikas yaratmamalıdır. Bununla da şeirin
tərifini verməyə
çalışanlar insan
zehni ilə hissləri bir-birindən ayırırlar. Süleyman
Əlisanı bir şair kimi fərqləndirən hisslə
ağılı, düşüncə
ilə duyğunu poetik deyimlərinə qata bilməsindədir:
Papaq altda
kişilər var,
Papağı
başından baha.
Papaq altda
kişilər var,
Qalmayıb dözümü
daha.
Papaq altda
kişilər var,
Dörd əlli
tutub dünyanı.
Papaq altda
kişilər var,
Çırtma vursan
çıxar canı.
Süleyman Əlisanın
poetik yaradıcılığını
iki müstəvidə
dəyərləndirmək olar: 1) lirik duyğuların tərənnümü,
2) yaşadığı dünyanın
ziddiyətlərini bir
az cəsarətlə,
bir az üstüörtülü,
bir az da
imalarla təqdim edən ictimai məzmunlu şeirləri.
Süleymanın şeir
dünyasında doğma
yerlərə heyranlıq
hiss edilir. Təbiətin gözəlliyi,
kəndin saflığı
onun lirikasında ecazkarlaşır, estetik çalarlarla oxucuya təqdim olunur:
Gecənin qoynunda
təbəssüm saçır,
Bir cüt
təzə çiçək,
bir cüt tər çiçək.
Sizə gəlməmişdən
hələ elçilər
Bu gecə
yuxuda şərbət
içəcək.
Ətirli, çiçəkli
bu yaz gecəsi
Xınalı, sonalı
bu yaz gecəsi
Yoxdur ürəyimdə
bir umu-küsü...
Bu şeirlərdə
insanla təbiətin assosisiativ yaxınlığı,
birinin digərinin qaynağı olması, bir-birini tamamlaması sadə bənzətmələrdə
dərin məna kəsb edir:
Çöllər ağ
geyinər təzə
gəlintək
İlk qarda
ilk sevgi təmizliyi var.
Üşüməz küçələr,
üşüməz yollar
Sevənlər od-alov
parçası olar...
"Çecənin
içində" adlı
şeirində Süleyman
Əlisa arzularla dolu bir yaşamın
gecənin içində
də mənalı olmasını rəngli boyalarla oxucuya çatdırır:
Gecənin içində
Kimisə yarıtmaq
istəyirəm,
Kiməsə əl
tutmaq istəyirəm
Kimisə oxşamaq
istəyirəm
Kiminsə
yarımçıq qalmış
ömrünü
yaşamaq istəyirəm.
Ancaq gözlərimə
görünməyir heç
kəs,
Qulaqlarım eşitməyir
bir səs.
Gecə sakit...
Mən isə
tək.
"Dənizə
yağış yağır"
şeiri isə başdan başa lirizmin kövrək həyəcanı ilə doludur. Buraya "Soraq ver", "Bağışla mənu",
"Dəfn olunmuş
şeir", "Təsəlli"
və könül ünvanlı digər şeirlərini də aid etmək olar. "Ay kimindi?" poetik sualını da Süleyman özünə
və hər kəsə ünvanlayır:
Kimisi yol
gedir Ay işığında,
Kimi könül
verir, kimi nazlanır.
Bu aylı
gecədə, nurlu gecədə
Qəlbim misra-misra
odlanır, yanır -
Görəsən göydəki
o Ay kimindi?
Onun duyğu
dolu dünyası lirik şeirlərində daha qabarıq üzə çıxır.
"İslanıram yaxın-uzaq
baxışların altında"
deyən Süleyman Əlisa kəndin saflıq simvolu olduğunu bilsə də, artıq zamanın təkərləri
altında o yerlərin
dəyişdiyini də
ağrı-acıyla müşahidə
edir:
Gözünə döndüyüm
bu kəndin
qocalarını torpaq
çəkir,
cavanlarını şəhər.
Və arxasınca
verdiyi suallarla oxucunu düşünməyə,
bir anlıq da olsa dərin
mətləbləri əxz
etməyə çağırır:
Ancaq özünü
sındırmayır;
Təsəllisi olub
yeni-yeni
doğulan körpələr.
Gözünə döndüyüm
bu kəndin,
Qurbanı olduğum
bu kəndin
şəhərdən nəyi
əskikdir?
Xına-xına gecələrimi,
Sona-sona gözəllərimi,
Allı-güllü yazımı,
Çörəyinin duzumu?
Hər şair
bir ağrı, bir kədər yaşayar, bu ağrını, acını
ümumiləşdirir, insanlığın
dərd- kədərini
ağrılı şeirlərində
təcəssüm etdirir.
"Od parçasıyam,
İçim od, çölüm od", deyən şair "Şeirsiz keçən günlərim - od. Sevincim - od, Kədərim - od, Həsrətim - od" deyir. Süleyman Əlisanın varlığını
yaxan bu od onu özündən
alıb başqa dünyalara götürür.
Çünki onun ağrıları var, sağalmayan, sızlayan yaraları var, fərdilikdən uzaq bu bəşəri ağrıları şair
fərqli-fərqli kontekstə
işləyir:
Belə ömür
olmaz atam, qardaşım,
Belə zülüm
olmaz atam, qardaşım,
Bir gör
mənim nəyə qarışıb başım
Məni ağır-yüngül
eləmə, dünya.
Başqa bir
şeirdə şair dərd çəkdiyini, ağrılardan bezdiyini lirik şəkildə belə dilə gətirir:
O od-ocaq, o söz-söhbət hanı
bəs?
Ölçü, mizan,
insaf, mürvət hanı bəs?
"Bu dünyanın qara daşı göyərməz"
-
Allah məni
dərd çəkməyə
yaradıb.
Dəyişən dünyada
baş verən hadisələrin fonunda hələ də dəyişməyən şüurun,
hələ də dəyişmyən stereotiplərin
qarşısında şair
təəccüblənir, bu
halın doğma vətəni üçün
bir qaydaya çevrildiyinə çox
məyus olur.Milli
dərdin, milli bəlaların ehtiyatla tərənnüm edildiyi şeirlərin bəzilərinin
dili, üslubu, qafiyə sistemi, poetik yükü zəif olsa da, bu şeirlər
cəmiyyətin çirkinliklərini
göstərdiyi üçün
dəyərlidir. Bu mənada Süleyman sözü ehtiyatla, məcazla, işarələrlə
deyən şairdir...
Süleyman Əlisanın
bəzi əsərləri
həm poetikliyi, həm bitkinliyi, həm də şeir informasiyası baxımından zəifdir.
Ancaq şairin şeirlərinin çoxunda
duru bir dil hakimdir. Heç
bir söz göydən düşməyib,
bu gün yaranmayıb, sözün cilalanması, məna yükünü tutması,
məcazlaşması, simvollaşması
on illər, əsrlər boyu davam etmişdir. Sözə hakim olmaq təkcə şair üçün deyil, qələm əhli olan hər kəs üçün vacibdir. Sözü düzgün, yerli-yerində işlətməmək,
axıcı danışmamaq
nitqin sintaksisi ilə bağlı məsələdir. Kasıblaşan
dil bir gün
özgə dillərin
təsiri altında əriyib getməyə məhkumdur. Çünki
söz ilahi mənşəlidir, Levh-i
mahfuzdan gəlir. Şair, alim, ziyalı oxumaqla, mütaliə etməklə
nitqini inkişaf etdirsə də, feyz-i ilahiylə sözə hakim olur.
Danışıq dilindən,
xüsusən də atalar sözündən, deyimlərdən bacarıqla
istifadə edən Süleyman Əlisanın yaradıcılığı Azərbaycan
poeziyasında öz dəsti-xətti ilə seçilir. Məsələn,
"Lalələr necə
də şən oynayırlar, Qardaş toyundakı bacılar kimi" bənzətməsi
orijinaldır. Yaxud
"Günəş də
baharda murada yetib Yer, yerə
salmayıb onun sözünü. Harda ki, lalələr, nərgizlər bitib Orda Günəş öpüb Yerin üzünü" - misraları
da bu qəbildəndir.
S.Əlisanın təbiət
lövhələri silsiləsi
içində də dili duru, deyilişi
səmimi olan şeirləri var, ancaq onun uşaq
şeirləri daha orijinal və daha lakonik, daha
səmimi təsir bağışlayır. Məsələn,
balaca Nihalın suallarına - Gülnar çəpişdir, Gülnar
şeytandır, Gülnar
pintidir - şairin son cavabı belədir:
Eh, Nihalım,
Nihalım
Düz deyirsən,
ansaq gəl
Günah görmə
Gülnarda.
Sən də
elə beləydin
Gülnar boyda
olanda!
Şairin müqəddəs
bir varlığa - anaya həsr etdiyi şeirlərin bəziləri axıcı,
bəziləri lakonik,
bəziləri də şeiriyyətdən uzaq olsa da, hamısı
səmimidir. Təbii ki, hər şairin
şah beytləri ilə yanaşı, zəif misraları, güclü şeirləri
ilə yanaşı zəif şeirləri də olur. Şair
heç bir zaman eyni ovqatda, eyni
ilhamda ola bilmir. Bu, dünyanın ən böyük şairlərinə
də aiddir. Bir vətəndaş kimi
Süleyman Əlisa 44 günlük
müharibədə şəhid
olan əsgərlərimizdən,
erməni xislətindən,
ikili standartdan da yazıb. Hətta onun 1941-1945-ci illər müharibəsindən bəhs
edən şeirləri
də var. Şair gah Çanaqqaladan yazır,
gah Rəcəb Tayyib Ərdoğanı
tərifləyir, gah da mövzunu
dəyişib bahar duyğularını
tərənnüm edir.
Bir sözlə onun yaradıcılığı çoxşaxəlidir.
Və uzun poetik yaradıcılığının sonunda Süleyman Əlisa:
Kəlmə-kəlmə, misra-misra
Vurdum özümü odlara.
Mən hara, şairlik hara
Ömrüm elə-belə keçdi
- deyir.Və ya
etirafın ən səmimisi olan bir şeirində iki misra olduqca
önəmli görünür:
Nə bir şeirim var
yadda qalası,
Nə bir iş görmüşəm örnək
olası.
- desə də, bir şair duyğusu,
bir şair ömrünün 65 illik hesabatında bunları görmək əsl mütəvazilik örnəyidir.Publisist,
araşdırmaçı Süleyman Əlisa az şeir
yazsa da, bundan sonra çox söz deyəcək, sevənlərini sevindirəcək,
poeziyanın çətin
yollarında əyilmədən,
bükülmədən, qırılmadan
irəlləyəcək. Birin ikiyə
bölündüyü həqiqətini
bilən şairə yaradıcılıq uğurları
arzulayırıq.
Füzuli
BAYAT
Filologiya elmləri doktoru,
professor
Ədəbiyyat qəzeti.
- 2023. - 30 dekabr, № 52. - S. 30.