İosif BRODSKİ
(1940-1996)
Rus əsilli
ABŞ şairi, esseçisi,
dramaturqu, tərcüməçisi
və pedaqoqudur.
1987-ci il üçün
ədəbiyyat üzrə
Nobel mükafatına layiq
görülüb.
Erkək pişik haqda şeir
Ütük, çəlimsizdi,
kürəndi xəzi,
Üst-başı zibillik iyi verərdi.
Gündüz paslı
damlar üstə gəzərdi,
Gecələr məskəni
- zirzəmilərdi.
Yaşlıydı, həddindən
artıq zəifdi,
Tir-tir titrəyərdi
ayazda, qarda.
Bizim ayağımız
donduğu kimi
Pəncəsi buzlardı
sərt şaxtalarda.
Ancaq kimdi onu qucağa alan?!
Onu tumarlayan, onu yedirən?!
Yox idi ona bir yazığı
gələn,
Hardaydı mehrindən
ona pay verən?!
Axı tökülmüşdü
bütün dişləri,
İrin bağlamışdı
qulaqları da.
Çirkinə nədənsə
hamı çox görür
Sevgini, dostluğu,
düz ilqarı da.
Natürmort
Verra la morte
e avra i tuoi occhi.
Cesare Pavese
(İtalyanca: Gələn ölüm sənin
o gözlərinlə baxacaq. Çezare Paveze)
1
Əşyalar və insanlar
bürüyüb çevrəmizi.
Zülmətdə qalmaq xoşdur -
göz yorur hər ikisi.
Parkda, bir skamyada
oturaraq baxıram
keçib-gedən ailəyə.
İşıq zəhləmi
töküb.
Yanvardayıq. Təqvimə
görə, hələlik
qışdır.
Zülmət nə vaxt bezdirsə,
onda danışacağam.
2
Mən hazıram
başlayım.
Nədən? - Heç
fərq eləməz.
Susum, yoxsa danışım?
Yox, danışsam,
yaxşıdır.
Nədən? Gecə-gündüzdən.
Ya da heç nə barədə.
Ya əşyalar haqqında.
İnsanlar barədə...
yox.
Çünki onlar - fanidir.
Hamısı. Elə
mən də.
Bu, hədər əziyyətdir -
su üstə yazmaq qədər.
3
Əcəb soyuqqanlıyam.
dibinə qədər
donan
heç çay
belə buzlamaz.
İnsanları sevmirəm.
Biganəyəm onların
bu həyatdan dördəlli
yapışdığın göstərən
zahiri görkəminə.
4
Əşyalar daha xoşdur.
Görkəmləri nə xeyir,
nə də şər aşılayar.
Məğzləri dərindədir.
Əşyaların içində
toz, kül, gəmirici böcək,
bölmə, ölü
güvə var.
Adam əcəb çimçişir.
İşığı yandırınca
toz qatı aşkarlanar.
Hətta gördüyün
əşya
hermetik bağlansa
da.
5
Köhnə bufet həm içi,
həm də öz xariciylə
xatırladacaq mənə
Notr-Dam de Parini.
Bufetə zülmət
çöküb,
şvabra, keşiş
şərfi
toz silməyə yaramaz.
Çünki əşya
da... tozdur.
Tozla mübarizəyə
o, elə yatqın deyil.
Axı toz da zamanın
cismidir - cismi, qanı.
6
Günün günorta
vaxtı
yatıram son zamanlar.
Görünür, əcəl
bu cür
məni sınağa
çəkir.
Nəfəs alırammı
heç?
Güzgü tutur ağzıma -
görsün, necə
dözürəm
dünyada yoxluğuma.
Mənsə... hərəkətsizəm,
budlarım buz bağlayıb.
Venalarım da sanki
mərməri xatırladır.
7
Bucaqlarının cəmi
ağlasığmaz bir əşya
qopub, düşəcək,
əlbət,
bu söz səltənətindən.
Əşya nə durur, nə də
hərəkət edir - dəhşət!
Əşya - fəzadır,
ondan
kənarda mövcud
deyil.
Əşyanı qırmaq,
yaxmaq,
Paralayaraq atmaq
olar... Əşya yenə də
söyməz sənin
ananı".
8
Ağac. Kölgə.
Ağacın
kökləri yatan yerdə
əyri-üyrü hərflər.
Gil. Bir də daş yığını.
Köklər. Sarmaşmış
köklər.
Daş da ağırlığıyla
qurtarır öz-özünü
hər cür əlaqələrdən.
Daş tək hərəkətsizdir.
Tərpədib, aparmazsan.
Kölgə. Kölgədəki
şəxs
torda balığa bənzər.
9
Əşya. Qəhvəyi
əşya.
Konturları silinib.
Alatoranlıq çökür.
Başqa heç
nə. Natürmort.
Əcəl qadın
cildində
arar öz qurbanını.
Ölənin dərisində
donub qalar siması.
Bu - absurddur, yalandır:
Kəllə, skelet, dəryaz.
Əcəlim gözlərindən
məhz sənə
bənzəyəcək.
10
Ana sorar İsadan:
- Sən oğlumsan, ya Tanrım?
Sən xaça
gərilmişkən
mən necə
dönüm evə?!
Kandarı keçən
kimi
hardan anlayım,
bilim -
sən oğlumdun,
ya Tanrım?
Yəni sağsan,
ya ölü?
O isə cavab verər:
- Nə fərq edər: ölüyəm,
yoxsa ki, diriymişəm?!
Oğlun, yaxud Tanrınam?!
1971
Tərcümə:
Azad
Yaşar
Ədəbiyyat
qəzeti. - 2023. - 30 dekabr, № 52. - S. 32.