QARA RAHİB
Əvvəli
ötən saylarımızda
Gah
içi elə bir sevinc hissi ilə dolub-daşırdı ki,
qəlbindən qanad açıb buludlaracan uçmaq, orada
Allaha dua etmək keçir, gah avqustda doğma yuvasını
tərk edəcəyini, atasından ayrı düşəcəyini
anlayıb üzülür, gah da ağlına haradansa gələn
fikirlərlə özünü Kovrin kimi böyük adama
layiq olmayan, hədsiz balaca və miskin birisi hesab edir, otağına keçib
qapısını kilidləyir və orada acı
hönkürtülərlə saatlarla ağlayırdı. Evdə qonaqlar olanda isə Kovrin gözünə hədsiz
yaraşıqlı görünür, beynindən bütün
qadınların bu gözəl kişiyə vurulduğu və
ona həsəd apardığı kimi fikirlər keçir, qəlbi
bütün dünyaya qalib gəlmiş kimi hüdudsuz sevinc və
qürur hissləri ilə aşıb-daşırdı.
Lakin Kovrinin xanımlardan birinin üzünə gülümsəməyi
kifayət edirdi ki, qısqanclıqdan əl-ayağı titrəsin,
qonaqlardan ayrılıb dərhal otağına qapansın... və
yenə göz yaşları... Bu yeni növ duyğular
Tanyanın bütün vücudunu sarmışdı... O,
atasına belə, qeyri-ixtiyari, mexaniki hərəkətlərlə
kömək göstərir, nə şaftalıları, nə
tırtılları, nə işçiləri, nə də sürətlə
ötüb-keçən vaxtı sezmirdi.
Yeqor Semyonıç da eyni vəziyyətdə idi. O, səhərdən
axşamacan işləyir, elə hey harasa tələsir, hirslənib
özündən çıxır, kiməsə
acıqlanır və bütün bunlar sanki sehrli yuxuda baş
verirdi. İndi elə bil onun içində iki adam vardı:
biri – bağban İvan Karlıçın təsərrüfatın
sahmansızlığı ilə bağlı
hesabatlarını dinlədikcə əsəbilikdən cin
atına minib özündən çıxan,
başını əllərilə qapayan həqiqi Yeqor
Semyonıç, digəri – söhbətin qızğın
çağında qəfildən əlini sərxoş bir hərəkətlə
bağbanın çiyninə qoyub:
– Nə
deyirsən de, qan ayrı şeydi. Onun anası
da möcüzəvi, nəcib, ağıllı bir qadın
idi. Mələk simasıtək saf,
mehriban, aydın üzünə baxmaq adama zövq verirdi.
O, gözəl rəsmlər çəkir, şeirlər
yazırdı, beş əcnəbi dil
bilirdi, gözəl oxuyurdu... Yazıq, Allah o
dünyasını versin, vərəmdən öldü… – kimi
xatirələrə dalan saxta Yeqor Semyonıç.
Saxta Yeqor Semyonıç ah çəkir,
bir qədər susduqdan sonra sözünə davam edirdi:
– Uşaq
vaxtı bizdə qalanda onun da eynilə o cür – saf, mehriban,
aydın siması vardı. Baxışı,
davranışı, danışıq tərzi də eynilə
anasınınkı kimi zərif, incə idi. Ağlı
isə! O, dərrakəsi ilə hər zaman bizi heyrətləndirirdi.
Yəni sözüm odur ki, magistr olmaq elə də asan məsələ
deyil! Heç asan məsələ deyil! Hələ bir dayan, İvan Karlıç, bax, gör on ildən
sonra nələr olacaq! Ona çatan olmayacaq!
Və elə bu məqam həqiqi
Yeqor Semyonıçın üzü qəfildən dəhşətli
ifadə alır, o, başını tutub dəli kimi:
–
Yaramazlar! Murdarladılar, dağıtdılar, pis günə
qoydular! Məhv oldu bağ! Öldü bağ! – deyə bağırmağa
başlayırdı.
Kovrinsə ətrafdakı hay-küyə məhəl
qoymadan, əvvəlki qaydada səylə işləyirdi. Sevgi sanki
içindəki qığılcımı
alovlandırmışdı. Tanya ilə hər
görüşdən sonra otağına – ayrılarkən
qızı öpüb, ona sevgisini bildirən an
yaşadığı ehtiras dolu şövqlə
qayıdır, mütaliəsinə, yaxud əlyazma üzərində
işinə davam edirdi. Qara rahibin “Allah tərəfindən
seçilmişlər”, əbədi həqiqət, bəşəriyyətin
parlaq gələcəyi və sair haqqında dedikləri
işinə nə isə xüsusi, qeyri-adi bir əhəmiyyət
qatır, qəlbini qürur və ali
ucalıq hissi ilə doldururdu. Həftədə bir-iki dəfə
o, parkda, yaxud evdə qara rahiblə görüşür,
uzun-uzadı söhbətlər edir, bütün bunlar onu əsla
qorxutmur, əksinə, bu sayaq sirli təşriflərin
yalnız öz həyatlarını ideya uğrunda xidmətə
qurban vermiş müstəsna insanlara, yəni
seçilmişlərə nəsib olduğunu dəqiq
bildiyindən daha da cürətləndirirdi.
Rahib bir dəfə nahar vaxtı qonaq otağında peyda
oldu və pəncərənin önündə əyləşdi. Kovrin buna sevindi, Yeqor
Semyonıç və Tanya ilə söhbəti dərhal rahibə
maraqlı ola biləcək mövzuya
yönəltdi. Qara qonaq onların söhbətinə
qulaq asır, aradabir başını razılıq işarəsiylə
tərpədir, Yeqor Semyonıçla Tanya onu maraqla dinləyir,
Kovrinin onlarla yox, öz hallüsinasiyası ilə
danışdığını ağıllarına belə,
gətirmədən şən-şən gülümsəyirdilər.
Tezliklə müqəddəs Məryəm Ananın Anma
bayramı, onun ardınca Yeqor Semyonıçın israrlı
təkidi ilə iki gün və iki gecə davam edən,
“möhtəşəm gurultulu” və mənasız hay-küy
dolu toy günü gəlib çatdı. Üç
min rublluq ərzaq və içki yeyilib-içilsə də,
muzdlu çalğıçıların bərbad ifaları,
pafos dolu süni tostlar, lakeylərin qaç-qovu və
tünlük üzündən nə bahalı şərabların,
nə də Moskvadan gətirilmiş heyrətamiz qəlyanaltıların
dadını bilmədilər.
VII
Necəsə, bir dəfə, uzun qış gecələrinin
birində Kovrin yatağında uzanıb fransız romanı
oxuyurdu. Şəhər
həyatına hələ də alışa
bilməyən və axşamlar başağrısı tutan
Tanya isə artıq çoxdan yatmışdı, ara-sıra
bir-birilə əlaqəsi olmayan rabitəsiz ifadələrlə
sayıqlayırdı.
Saat üç tamamı ötdü. Kovrin şamı
söndürdü və yerinə uzandı. Bir
müddət gözünü yumub yuxulamağa
çalışdısa da, yataq otağının hədsiz
isti havasından və Tanyanın sayıqlamalarından yata
bilmədi. Saat beşin yarısında o, yenidən şamı yandırdı və
çarpayısının yanında kresloda əyləşmiş
qara rahibi gördü.
– Salam, –
rahib dedi və bir qədər susduqdan sonra: – İndi nə barədə
düşünürsən? – soruşdu.
–
Şöhrət barədə... – Kovrin cavab verdi.
– İndicə oxuduğum fransız romanında şöhrət
qazanmaqdan ötrü hər cür axmaqlıqlar edən, sonra
da kədərdən üzülən bir adam
– cavan bir alim təsvir olunur. Onun kədərinin
mənası mənə çatmır.
–
Çünki sən ağıllısan. Şöhrətə,
maraqsız oyuncağa yanaşantək yanaşırsan.
– Hə,
düzdü.
– Şöhrət sənin kefini açmır. Təbii... Sənin
adını qəbir daşının üstündə
oyacaqlar, sonra zaman onu qızıl suyu ilə
yazılmış hərflərlə birgə silib yoxa
çıxaracaq... Bunda ürəkaçan,
maraqlı, ya ibrətamiz nə var axı? Bir
də, xoşbəxtlikdən, o qədər də
çoxsunuz ki, bu qədər adı yadda saxlamaq zəif insan
yaddaşının xörəyi deyil.
–
Aydındı, – Kovrin razılaşdı. – Bir də onları
yadda saxlamağın mənası nədi axı? Nə isə, gəl ayrı məsələlərdən
danışaq. Məsələn, xoşbəxtlikdən.
Səncə, xoşbəxtlik nə deməkdi?
Saat
beşin tamamında o, ayaqlarını döşəməyə,
xalçanın üstünə sallayaraq çarpayısında
oturmuşdu, üzünü rahibə tutub
danışırdı:
– Qədim
zamanlarda bir xoşbəxt adam günlərin
bir günü öz xoşbəxtliyindən, onun hədsiz
böyüklüyündən qorxur! Və
tanrıların ürəyini ələ almaqdan ötrü
öz sevimli üzüyünü onların uğrunda sədəqə
verir, bilirsən? Son zamanlar məni də həmin
o Polikrat kimi, xoşbəxtliyim narahat etməyə
başlayıb. Qəribədi ki, mən səhərdən
axşamacan yalnız sevinc hissi duyuram... bu hiss bütün
vücuduma, varlığıma elə hakim kəsilib ki, digər
hisslərim sanki yoxa çıxıb. Mən
qəmin, darıxmağın nə olduğunu bilmirəm.
Bax, demək olar ki, yatmıram... neçə
vaxtdan bəri yuxusuzam, amma darıxmıram. Ciddi deyirəm, bu halım artıq məni narahat etməyə
başlayır.
– Axı
niyə? – Rahib təəccübləndi. – Məgər sevinc
fövqəltəbii hissdir? Məgər sevinc insanın təbii halı ola bilməz? İnsan – əqli və mənəvi inkişaf səviyyəsi
ilə nə qədər yüksək və azaddırsa, həyat
bir o qədər ona böyük zövq verir. Sokrat,
Diogen, Mark Avreli daim sevinc duyublar, kədər yox. Bunu həvariyunlar
da deyir: “Hər zaman sevinin”. Sən də sevin və
xoşbəxt ol.
– Birdən
tanrılar qəzəblənərsə? – Kovrin zarafatla dedi və
güldü. – Əgər onlar bütün
rahatlığımı əlimdən alarlarsa və məni
soyuqdan donmağa, aclıq çəkməyə vadar edərlərsə,
onda necə olsun?
...Bu arada
Tanya yuxudan oyanmışdı, heyrət və dəhşət
dolu baxışlarla ərinə baxırdı…
Əri üzünü kresloya tutub
əl-qol ata-ata danışır, gülür, gözləri
parıldayırdı... Onun
gülüşündə də qəribə nə isə
vardı.
–
Andryuşa, sən kiminlə danışırsan? – Tanya ərinin
rahibə sarı uzanan əlindən tutdu. – Andryuşa! Kiminlə?
– Nə?
Kiminlə?.. – Kovrin pərt halda dedi və əli
ilə qara rahibi göstərdi. – Onunla... Budu,
bax, oturub.
– Burada
heç kim yoxdu... heç kim! Andryuşa,
sən xəstələnmisən!
Tanya ərini qucaqlayıb
böyrünə qısıldı, onu nədənsə
qoruyurmuş kimi, əli ilə gözlərini qapadı:
– Sən xəstəsən... – deyib
bədəni titrəyə-titrəyə hönkürdü. –
Bağışla məni, əzizim, amma mən artıq
çoxdan... hiss edirəm – sənin ruhun nədənsə
narahatdı... Sən... psixi xəstəsən,
Andryuşa...
Tanyanın həyəcan
dolu təlaşı ona da sirayət etdi. O, bir də – bu
dəfə artıq boş kresloya baxdı və birdən-birə
qollarının, ayaqlarının zəiflədiyini hiss etdi...
qorxdu və ayağa qalxıb geyinməyə başladı.
– Boş
şeydi, Tanya... elə bir şey deyil... – o, titrəyə-titrəyə
dodağının altında mızıldandı. – Mən, əslində,
bir az nasazam... bunu etiraf etməyin vaxtı
çatıb.
– Mən
çoxdandı hiss edirəm... bunu atam da duyub... – Tanya
hönkürtüsünü zorla saxlayaraq
danışırdı. – Sən özün-özünlə
danışırsan, bir cür qəribə təbəssümlə
gülümsəyirsən... yatmırsan... – qəfildən: –
İlahi, ay Allah, bizə rəhmin gəlsin! – deyib
dəhşət dolu gözlərlə ərinə baxdı.
– Amma sən qorxma, Andryuşa, qorxma... Allah xatirinə qorxma...
Tanya da geyinməyə başladı. Kovrin
yalnız indi, Tanyaya baxdıqca vəziyyətin ciddiliyini
anladı... qara rahiblə söhbətlərin nə demək
olduğunu başa düşdü. İndi
özünə də aydın oldu ki, o, dəlidir.
Beləcə, hər ikisi geyinib otaqdan
çıxdılar, Tanya irəlidə, o, qadının
arxasınca zala keçdilər. Onların evində gecələyən və
Tanyanın hönkürtüsünə yuxudan oyanan Yeqor
Semyonıç əynində xalat, əlində şam,
zalın ortasında dayanmışdı.
– Sən
qorxma, Andryuşa, qorxma... – Tanya üşüdəntək, əsə-əsə
danışırdı. – Ata, hər şey keçib-gedəcək...
Keçib gedəcək...
Kovrin həyəcandan
danışa bilmirdi, qayınatasına zarafatyana: – “Təbrik
edin, deyəsən, mən dəli olmuşam”, – demək istədisə
də, yalnız dodaqlarını tərpədib acı bir təbəssümlə
gülümsünə bildi.
Səhər saat doqquzda onun əyninə palto və
kürk geydirib, üstündən şala bürüyüb
faytonda həkimə apardılar. O, müalicə olunmağa
başladı.
VIII
Yenə yay gəldi və
həkim ona kəndə getməyi məsləhət
gördü. Kovrin artıq
sağalmışdı, daha qara rahibi görmürdü və
indi ona yalnız fiziki güc toplamaq lazım idi.
Kənddə qayınatasıgildə qalarkən o, bol
süd içir, gün ərzində yalnız iki saat işləyir,
dilinə çaxır vurmur, tütün çəkmirdi.
Müqəddəs İlya günü ərəfəsi
axşam evdə gecə ayini keçirilirdi. Dyaçok[8]
buxurdanı[9] keşişə verəndə nəhəng, qədim
zal məzarlıq qoxusuna büründü və Kovrinin ürəyi
sıxıldı. O, bağa çıxdı. Güllərin
gözəlliyinə məhəl qoymadan bir qədər gəzişdi,
skamyada oturdu, sonra parka yollandı. Çayın
kənarına çatıb aşağı endi, bir müddət
orada suya baxa-baxa fikirli halda dayanıb durdu. Ötən il onu burada, həmin bu sahildə gənc, şən
və gümrah görən qaraqabaq şam ağacları daha
pıçıldaşmırdılar... elə hərəkətsiz,
lal-dinməz dayanmışdılar, elə bil onu
tanımırdılar. İndi onu, doğrudan da,
tanımaq çətin idi. Başı
qırxıq, uzun, gözəl saçlarından əsər-əlamət
qalmamış, yerişi ağırlaşmış,
üzü ötən yayla müqayisədə kökəlmiş
və saralmışdı.
Davamı gələn sayımızda
Anton Çexov
Tərcümə etdi:
Afaq Məsud
Ədəbiyyat qəzeti.- 2023.- 4
fevral.- S.10.