Ədəbi gənclik - ikimininci illər
II məqalə
İkimininci illərdə ədəbiyyata gələn
cavanların bir çoxu artıq gənclik yaşları ilə
vidalaşıblar, ya da vidalaşmaq ərəfəsindədirlər. Bəziləri
ədəbi prosesdə - şeirimizdə, nəsrimizdə
etiraf olunmuşlar. Biz ikimininci illərdə
ədəbiyyata gələn otuza yaxın gənc şairin,
nasirin yaradıcılığı ilə bağlı məqalələr,
resenziyalar qələmə almışıq. Çalışmışıq ki, onların hər
birinin şeir, hekayə və romanlarında diqqəti çəkən
özünəməxsusluğu nəzərə
çarpdıraq. Məsələn, ədəbi
prosesə fəallığı ilə seçilən Fərid
Hüseyn bir şair, publisist, ədəbiyyatşünas və
tərcüməçi kimi diqqəti cəlb edir, bu
janrların hər birində söz sahibi olmağa
çalışır. Xalq şairi Zəlimxan Yaqub
vaxtilə Fərid Hüseynin şeirləri barədə
yazmışdı: "Fərid Hüseyn müasir şeirimizdə ənənədən
gələn çalarları
modern təfəkkür tərzinə
uyğunlaşdırmağı bacarır". Burada
qısaca da olsa, modern şeirə münasibətimizi bildirək.
Bizim fikrimizcə, modern şeirin ənənəvi
şeir üslubundan fərqi ondadır ki, bütün köhnə,
artıq istismardan düşmüş təsvir vasitələrindən
imtina olunur, ənənəvi şeirin müəyyən
kanonları dağıdılır, fikrin sərbəstliyi
formaya da keçir. Modern şeirlə ənənəvi şeirin fərqini
anlamaq üçün böyük türk şairi Nazim Hikmətin
beş misradan ibarət kiçik bir
şeirini misal gətirmək istəyirəm:
Sərçələr
kimi yağış
dəmirlə örtülü dama səpdiyim
çörək qırıntılarını
yeyir təlaşlı-təlaşlı,
tıq-tıq,
Sərçələr kimi yağış.
Bu beş misralıq şeirdə onun modern
şeir olduğunu bəlirləyən bircə misra var -"sərçələr
kimi yağış". Ənənəvi
şeirdə yağış heç vaxt sərçəyə
bənzədilməzdi, çünki bənzəyənlə
bənzədilən arasında zəmin-asiman uzaqlıq var.
Modern şeirdə isə bu uzaqlıq assosiativ təfəkkürün
köməyilə aradan qaldırılır, sərçə
ilə yağış bənzətmə üçün
predmetə çevrilir. Yeri gəlmişkən
qeyd edək ki, 60-90-cı illərin, elə ikimininci illərin
şairlərinin bir çoxu öz modern şeirlərində
Nazim Hikmətdən xeyli dərəcədə bəhrələnmişlər.
Modern şeirin fərqli xüsusiyyətini Nazim Hikmətin
başqa bir şeirində də görə bilərik:
Sən
ağaran dan yerini görürsən yalnız,
Mən gecəni də.
O gecəni
görür yalnız
Mən ağaran dan yerini də.
Əlbəttə, bu xüsusda geniş söz açmaq
istəmirik. Çünki modern şeir adıyla dərc
olunmuş şeirlərin heç də hamısını bu
sıraya daxil etmək mümkün deyil. Amma modern şeir nümunələrinə
az-çox biz Qismətin, Ramil Əhmədin, Emin Pirinin,
Könül Həsənqulunun, Aqşin Evrənin, Ulucay Akifin,
Cavidanın, Məlik Atilayın
şeirlərində rast gəlirik. Təfsilata
varmadan gənc şair Ramil Əhmədin "Müharibə"
silsiləsindən qələmə aldığı
"Metamarfoz" şeirinə müraciət edək. Şeirdə atası müharibədə həlak
olan bir uşaqdan söz açılır, bu uşaq
atasının ayaqqabısını geyinib qaçır, amma
ayaqqabının iplərini bağlaya bilmir, yıxılır
üzü üstə, "yıxılır
atasızlığa". Və bu uşaq
hər gün ataya məktub yazır, hərfsiz bir əlifbada.
Tanrıdan, bir də mələklərdən
başqa, kimsə bilməz bu əlifbanı.
Bir
daşın üstünə çıxıb
Əllərini yuxarıya uzadan uşaq.
Allaha
toxunacağını düşünər
Qalxar
hündürə, lap hündürə -
Barmaqlarının ucuna.
Amma yenə
toxuna bilməz,
Çatmaz əlləri ona.
Və bir
gün
Bir
gün hürkər
Görəndə
çiynindən çıxan
Ağappaq,
ağappaq lələkləri!
Lələklərinin
ucundakı həsrətdən
Nə
ölüsünü görən olar,
Yer
üzündə bir də dirisini
Yer
üzündə bir uşaq azalar,
Göy üzündə bir mələk çoxalar.
Biz ədəbi
gəncliyin yaradıcılığını daha çox təklərin
- ayrı-ayrı yazarların şeirlərindən, söz
açanda çalışırıq ki, öncə qeyd
etdiyimiz kimi, hər birinin özünəməxsusluğunu, fərdi
dəst-xəttini nəzərə çarpdıraq, eyni
zamanda, onları bir-birinə yaxınlaşdıran cəhətləri
də qeyd edək. Bəli, həm mövzu, həm
də sənətkarlıq baxımından bütün ədəbi
nəsillərdə - xüsusən, onların gənclik
çağlarında - bir-birilə uyuşan, hətta təkrara
da yol açan məqamlar olub. Çünki hər bir ədəbi
nəsil ədəbiyyata gələndə onları talecə
birləşdirən məqamlar az deyil, həmçinin
ədəbiyyatın hansı vadisindənsə təsirlənmələri
də nəzərə çarpır. Onların içərisində
qüssələnənlər, yaşadıqları mühitdə
darıxanlar da az deyil, nə üçün və
nədən ötrü darıxdıqlarını da gizlətmirlər.
Onların şeirlərində DƏRD
sözü sayına, kəmiyyətinə görə birinci
sıradadır, amma çox şeirdə sözün
özü görünür, dərdin reallıqdan
doğduğuna inana bilmirsən. Onların
içərisində müharibə əhval-ruhiyyəsinin
doğurduğu hisslərin, həyəcanların ifadəsi də
bəzən üst-üstə düşür. Onların içərisində sevgi şeirlərinin
bəzən eyni sənsizlik motivləri üzərində
kökləndiyinin də şahidiyik. Amma bununla
yanaşı, nikbin qənaətdəyik ki, yeni nəsil ədəbi
gəncliyin sıralarında yetkinlik mərhələsinə
qədəm qoyan, şeirləri yaxud nəsr əsərləri
barədə dolğun təsəvvürə malik olduğumuz
gənc yazarlar az deyil.
Buludlar dən
səpir yerə,
yollar
göyərçin kimi
dənlər yağışı.
"Bayatı-Şiraz"
kimi evlər
dinlər
yağışı.
Bu misraların müəllifi Emin Piridir. O, artıq öz
yaşıdları arasında seçilir, fərqlənir.
Onun əksər şeirləri beləcə təşbihlər
və metaforalar üzərində qurulub. Emin Piri İkinci
Qarabağ müharibəsinin iştirakçısıdır,
Azərbaycan Prezidentinin Sərəncamı ilə Vətən
müharibəsi iştirakçısı", "Hərbi
xidmətdə fərqlənməyə görə",
"Xocavəndin azad olunmasına görə" medalları
ilə təltif edilib. Onun, Savaş qazisinin dilindən deyilən "Sən
azadsan" şeirindən bu misralara üz tutaq:
Günlərdir
danışmırıq,
bilirəm, narahatsan, ana.
Bəlkə,
gecələri ağlayıb,
şəklimlə ovunursan, ana.
Səni
Füzulidən eşidirəm, ana,
səni
Cəbrayıldan görürəm, ana,
sənə Şuşadan əl yelləyirəm, ana.
Formada
şəhid qardaşlarımın qanı,
gözlərimdə 44 gecənin yuxusuzluğu,
bir az həyəcan,
bir az da
sevinc tərinə
qarışan geyimim.
Qarabağ
torpağıyla, palçığıyla
büsbütün vətənləşən bədənimiz
və
bizi
gözləyən Azərbaycan
meydanlarda,
ürəklərdə, gözləriylə
hayqırır;
Sən
azadsan!
Sən
azadsan!
Yeri gəlmişkən
qeyd edək ki, gənc yazarlar arasında İkinci Qarabağ
müharibəsinin digər iştirakçıları da var.
Elvin İntiqamoğlu "On dördüncü
qızılgül" ilk şeirlər kitabının "Müharibə xatirələri"
silsiləsində döyüş təəssüratlarını
qələmə alır. Onun tağım komandiri, şəhid baş
leytenant Emil Əsədova ithafən yazdığı şeirdən
hiss olunur ki, Elvin müharibədə təkcə
döyüşçü kimi deyil, həm də kövrək
qəlbli şair kimi iştirak etmişdir:
Biz
Füzulidə üç saat mərmi altda qalanda,
Anan
deyirdi: Allahım,
ağ-salamat gəlsin;
Atan qurban
boyun aldı,
torpaq səni
qurban boyun alanda!
Çıxartdın
mühasirədən polkovniki,
üzün güldü
üzün əsgərlərə sarı dönəndə.
Oldun cənab
baş leytenant -
Ulduzunun
biri artdı,
bəxt
ulduzun sönəndə!
Burada İradə Aytelin "Zəfər nəğməsi"
şeirlər silsiləsini də xüsusi qeyd edirik və bu
silsilədə qalib gələn ordumuzun zəfər nəğməsi
səslənir. Yeri gəlmişkən qeyd edək ki, bu zəfər nəğməsini
Elnur Uğurun, Elvin Əlizadənin, Adilə Nəzərin,
Elşad Baratın, Elvin Nuri və digər gənc şairlərin
də şeirlərində eşidirik. Gənc şairlərin
əksəriyyəti şəhidlik mövzusuna da müraciət
etmişlər və burada Sevinc Qəribin "Şəhidləşmişəm"
şeirini ümumən gənc şairlərin kədəri,
nisgili kimi qəbul edirik:
Güllənin
altından keçib gəlmişəm,
ölümlə üz-üzə pəncələşmişəm.
Kim deyir
ki, qorxub qaçıb gəlmişəm,
ruhum
güllələnib şəhidləşmişəm.
İkinci Qarabağ müharibəsi təkcə igid
döyüşçülər, qəhrəmanlar yetirmədi,
həm də şəhid şairlər, qazi şairlər
yetirdi.
Keçən il "Azərbaycan"
jurnalının 11-ci sayında jurnalist Aida Eyvazlı
Göytürkün təqdimatı ilə 12 şəhid
şairin, 13 qazi şairin şeirləri dərc edilib. Bundan
başqa, İntiqam Yaşarın layihəsi, Əkbər
Qoşalının ekspertliyi və Elvin İntiqamoğlunun tərtibi
ilə "Əbədi sevgi - Vətən" şeirlər
toplusu çap olunub ki, burada 16 qazi şairin şeirləri ilə
tanış oluruq. İstər
şəhid, istərsə də qazi şairlərin şeirlərində
bir ideya - bir duyğu ifadə olunur. Böyük Vətən
sevgisi! - Və qazi şair Nicat Ağayevin "Mən Vətənəm"
şeirində deyildiyi kimi:
Mən Vətənəm
-
Zəncan,
Xoyam, Borçalıyam.
Şuşa
mənəm!
Laçın
mənəm!
Üfüqlərdə
işıq saçan
Türk
ulusu Turan mənəm:
Mən Vətənəm!
Vətən
mənəm!
Bu yazıda biz gənc şairlərin
yaradıcılığına müraciət edirik. Onların arasında öncə qeyd etdiyim kimi,
müasir poeziyamızda öz dəst-xətti ilə
seçilən, artıq ədəbi
prosesdə də yeri olan, oxucu auditoriyası da əldə edən
şairlər var. İkimininci illərin əvvəllərində
Şabranda yaşayan Aybəniz Əliyarın yaşı
iyirmini təzəcə keçmişdi. Amma o,
iki şeir kitabının müəllifiydi. "Bir quş
yuvasının yol çəkir gözü, Dualı əllərə
bənzər hər budaq". Yaxud: "Ayrılıq
hardasa üşüyür düzü, Üşüyür
bir qərib məzarı kimi".
Aybəniz Əliyarın əksər
şeirlərində obrazlı fikirlər və bunları
reallaşdıran təşbihlər, metaforalar
orijinallığı ilə diqqəti cəlb edir. Lap bu
yaxınlarda onun "Ədəbiyyat qəzeti"ndə 20
Yanvar şəhidlərinə həsr olunan silsilə şeirlərini
izlədik. Aybəniz bu silsilədə kədərin,
ağrının poeziyasını şeirlərinə gətirir.
Lənkəranda yaşayan Tərlan Əbilov da
ikimininci illərin əvvəllərində ədəbiyyata gəlib.
Onun şeirləri ilk növbədə, istənilən
hadisəyə, nəsnəyə fərqli münasibətilə
diqqəti cəlb edir. Məsələn, o, payıza həsr
etdiyi bir şeirində yazır:
"Ağacların yaşıl günləri Sarı əskiyə
bükülüb, Xəstə uşağa bənzəyir
payız" Burada ikiminincilərlə bağlı -
onların şeirlərində nəzərə çarpan bir
məqamı qeyd edək. Təkcə Aybəniz
Əliyarın və Tərlan Əbilovun deyil, digər
ikiminincilərin şeirlərində də bədii təsvir
vasitələri - orijinallığı ilə diqqəti cəlb
edən təşbihlər, metaforalar - sözün, ifadənin
adi mənasının poetik mənaya çevrilməsini
müşahidə edirik. Taleh Mansur bir şəhidin on
yaşlı oğluna
həsr etdiyi şeirində yazır: "Göz
yaşların Şuşanın yağışına bənzəyir",
Nilufər Şıxlı isə Şuşanın göz
yaşları axıtdığını deyir:
"Şuşada yağış var, Şuşada
yağış, Nur üzlü şəhidə göz
yaşı tökür". Sevinc Qərib Göz
yaşlarını süd rənginə oxşadırsa, Xəyalə
Sevil "Bu gün bizim toyumuzdu, göz yaşlarım gəlin
gedir" metaforasını işlədirsə və o, göz
yaşlarını əllərinə bənzədirsə,
Aysel Kərim bir sevgi həsrətini, ayrılığı kəpənəyin
göz yaşına bənzədir, Günay Həsənli
"Bu yağan yağışdımı, Göz
yaşımdı, deyəsən" yazırsa ...
göründüyü kimi, göz yaşı ilə
bağlı təşbihlər və metaforaların bir-birindən nə qədər
fərqlidir. Biz təşbih və metaforalar
doğuran digər söz və ifadələrin üzərində
də dayana bilərik. Bu misallar, bəlkə
də, sizə xırda bir məsələ təsiri
bağışlaya bilər. Çünki
fərqlilik daha geniş təhlil tələb edir və
növbəti yazımızda əsas diqqəti buna yönəldəcəyik.
Vaqif YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2023.- 4 fevral.- S.22.