İtalyan postmodern ədəbiyyatında
Leonardo Sayşanın
yeri
Leonardo Sayşa, Umberto Eko və Karlo Emilio Qadda antidetektiv
və ya postmodern romanlar yaratmaq üçün detektiv
formatdan istifadə edən italiyalı yazarlardır.
Mənbələrdən
bu barədə oxuyuruq: "Kontinental Avropada detektiv
janrının digər məşhur nümayəndəsi
italyan Leonardo Sayşadır. Onun romanlarında
siyasi problemlərlə yanaşı, aktiv siyasət də yer
alıb. Yazar, Palermo Şəhər
Şurasında Kommunist Partiyasının üzvü olmuş,
Radikal Partiyadan İtaliya və Avropa Parlamentinə deputat
seçilmişdir. Siciliyanın hekayəsini
müsbət və mənfi cəhətləri ilə verməyə
çalışan Sayşanın ilk siyasi detektiv əsəri
"Il Giorno Della Civetta" ("Bayquşun günü",
1961-ci il) adlanır. 1970-ci illərdə
real hadisələrdən ilhamlanaraq yazmağa başlayan
Sayşa, Raymond Rousselin ölümü və Aldo Moronun
qaçırılması kimi hadisələr əsasında
orijinal süjetlər yaradır".
İlk dəfə "Məktəb
günlüyü" adlı kitabı ilə İtaliyada
böyük marağa səbəb olan 14 yaşlı
Sayşanın daha sonra ona populyarlıq gətirən əsəri
"Misir Şurası" (1963) olacaqdı. Bu XVIII əsr
Palermosunu özündə əks etdirən çox əhəmiyyətli
bir əsərdir.
Qeyd edək ki, Sayşa Siciliyanın Rakalmuto şəhərində
anadan olmuşdur. Sonralar 1935-ci ildə ailəsi ilə birgə
Kaltanissettaya köçmüşdür. Yazarlıqda
özünə nümunə götürdüyü və onu
fransız roman yazarları ilə tanış
edən Vitaliano Brancatidən təhsil alan yazar, İtaliya
Senatının gələcək kommunist üzvü
Cüzeppe Qranatadan o, Fransız Maarifçiliyini və Amerika ədəbiyyatını
öyrənir. 1944-cü ildə Rakalmutoda ibtidai
məktəb müəllimi Mariya Androniko ilə evlənir.
27 qısa şeirdən ibarət ilk əsəri
olan "Favole della dittatura" 1950-ci ildə nəşr
olunur. Bunun ardınca 1952-ci ildə "La
Sicilia, il suo cuore" çap olunur. Leonardo
Sayşanın on üç hekayədən ibarət
"Şərab rəngindəki dəniz" kitabı
İtaliyanın cənubunda yaşayan xalqların səmimi əhvalatlarını
özündə əks etdirir. Kitaba
adını verən şərab rəngli dəniz bənzətməsi
ilk dəfə Homerin "Odisseya"sında rast gəlinir.
"Hər
cür", "Sadə hadisə", "Bayquşun
günü" və "Oyunun qaydası" kimi
romanları ilə məşhur olan italyan yazar Leonardo
Sayşanın bəlkə də, ən yaxşı, ən
siyasi və ən təxribatçı əsəri "Misir
şurası"dır. Əslində, Sayşa
üçün detektiv hekayə, deqradasiyaya
uğramış siyasi və sosial sistem haqqında
düşüncə oyatmaq məqsədi, həqiqətə
çatmaq konsepsiyası, insan ruhuna dərindən nüfuz etməklə
fəlsəfi araşdırma aparmaq vasitəsi kimi
qurğulanmışdır. Sayşanın
ədəbi fəaliyyətinin əsasını hər zaman
tarixi, siyasi və ya ədəbi-tənqidi məzmunlu esselər
təşkil edirdi. Bu onu Kalvino ilə birləşdirirdi.
Məsələn, rasionalizm, maarifçilik və
XVIII əsrə maraq, Fransız mədəniyyəti ilə
sıx əlaqələr, labirint mövzusu (onda siyasi bir sui-qəsd
görkəmindədir), kəskinlik və sadəlik dəyərinə
əsaslanan klassik üslub (Rondesca törəməsi).
Sayşa,
yaradıcılığına Neorealizmin əks-sədaları
və eksperimental öhdəliyə yönəlmiş məsələlər
ilə başlayandan sonra 60-cı illərdə Postmodern
mövzulara və yazı üslublarına
yaxınlaşmış, bu kontekstdə qələmini
sınamışdır. O yaradıcılığında
süjet motivi, müxtəlif janrların eyni vaxtda
üst-üstə düşməsi və təkrar istifadəsi
(roman-esse, "sirr", tarixi roman, araşdırma, pamflet),
"populyar" janrların ardıcıl bərpası
("sirr", roman tarixi), digər romanların yenidən
yazılması (məsələn, Kandide də (Volter tərəfindən
Kandide), parodiya və istehzadan istifadə edir.
"Misir şurası" əsəri isə son dərəcə
maraqlıdır. Əsər bir neçə məsələni
özündə əks etdirir. Əsərin
əsasını ərəb dilini az-maz bilən, lakin
özünü bu dilin mükəmməl bilicisi kimi təqdim
edən Cüzeppe Vellanın dələdüzluq nəticəsində
yazdığı kitab təşkil edir.
Əsərin girişində bir əlyazma təsvir
olunur. Bu əsəri
Abdullah Məhəmməd bin Ulman oxuyur və "Peyğəmbərin
həyatı" olduğunu təsdiqləyir. Vella
isə Monsenyor Airoldiyə yalandan bunun Siciliyanın fəthi,
işğal vaxtı baş verən hadisələri
özündə əks etdirən maraqlı tarixi əsər
olduğunu söyləyir. Monsenyor buna
sevinir. Hakimiyyətin gözündə
mövqe qazanmaq arzusu ilə bu tarixi əsərin tərcümə
olunub, yenidən nəşrini əhəmiyyətli hadisə
hesab edir.
Abdullah
bin Ulman Mərakeşin Napoli sarayındakı səfiri idi,
tarixdən başı çıxmırdı. Qəza
nəticəsində gəmisi Siciliya sahillərinə
sürüklənmişdi, əyalət valisi Caracciola tez gedib
elçini gətirmişdi ki, orada başına nəsə gəlməsin
və bu minvalla sarayla mübasibətlərini düzəltsin.
Fransızca bilməyən elçi ilə
danışmaq mümkün olmadığı
üçün, rəhbərlik tez maltalı rahib Vellanı
çağırtmışdı. Kasıbçılıq
içində yaşayan Vella bunu bir fürsət kimi dəyərləndirərək
möhtəşəm oyununu planlamağa
başlamışdı. Gedişatda
monsenyor onu çağıraraq Vellaya bu əsərin
işıq üzü görməli olduğunu dedikdə
qorxsa da, sirri ortaya çıxmasın deyə ona ayrılan
münbit şəraitdə əsəri qurmağa
başlamışdır.
O əsəri
uydurub yazarkən bir neçə başqa kitabı
götürür, ilk öncə kart dəstəsi kimi səhifələri
bir-birinə qarışdırır. Bu
üsuldan Umberto Eko "Gənc romançının
etirafları" kitabında da bəhs edir.
Vellanın istifadə etdiyi üsulla həzrəti Məhəmmədin
həyatı kifayət qədər
qarışdırılmış variantda ortaya
çıxır. Onun ailə ağacı və Uhud
savaşı kimi məsələlər yarıda kəsilir.
"Qurani-Kərim"də yer alan Uhud
savaşını təsvir edən hissələr İslam
dinini qəbul edən bir qisim şəxslərin adından
ibarət siyahıya qarışır. Nəhayət,
ərəb hərflərinin bizim rahibin beriberi əlifbası
adlandırdığı Malta dili, şivəsinin ərəb
hərfiylə yazılışı başlayır. O, ərəbcə
yazılmış Məhəmmədin həyatını Malta
dilində yazılmış Siciliya tarixinə çevirir.
Romanda Pier-domenico Soresinin "İtalyan dilinin əsasları"
kitabına, "Min bir gecə nağıllarına"
göndərmələr edilir. Bu əsərlərlə
intertekstual əlaqə qurulur.
"Misir şurası" daxili monoloq və şüur
axını üsullarının səmərəli istifadə
olunduğu bir romandır.
Hekayənin sonu, tarix kitablarının da dediyi kimi, faciəlidir,
lakin Sayşa bununla dayanmır. XVIII əsrdə qısa bir hadisə
ilə gələcəyə körpü qurur və oxucunun
artıq başa düşdüyü şeyi izah edir: roman sadəcə
XVIII əsr hekayəsi və ya sadəcə Siciliya hekayəsi
deyil. Bu, bəşəriyyətin tarixidir: sonrakı əsərlərində
də olduğu kimi, bu, müəllifin artıq məyus və
pessimist baxışlarla baxdığı kədərli bir
hekayədir. Sayşa tərəfindən
reallıqda həqiqətin necə qarışıq
görünə biləcəyini və yalanın həqiqətə
çevrilə biləcəyini nümayiş etdirmək məqsədi
ilə yenidən qurulan orijinal postmodern bir hekayədir.
"Misir şurası" sadə bir roman deyil. Yazı
üslubu, bəlkə də hekayənin qurulduğu uzaq
dövrlərə, ədəbiyyatın daha nəzakətli
bir dillə səciyyələndiyi vaxta hörmət olaraq
olduqca yüksəkdir: mürəkkəb dövrlər, zərif
leksika, öyrənilmiş sitatlar və hətta təqlid etmək
üçün tamamilə Manzoni zövqü, bir parça
XVIII əsr nəsri" Abbat Cüzeppe Vellanın (1749-1814)
saxtakarlığı və vəkil Françesko Paolo Di
Blasinin (1755-1795) sui-qəsdi haqqında hekayə tarixi hadisələrin
cərəyanını sədaqətlə izləyir. On bir fəsildən ibarət roman 3 hissədən
ibarətdir.
Əsərdə tarixin dekonstruksiyası, süjet
içində süjet, postmodern oyun, kollaj, intertekstuallıq,
metafiksiya kimi elementlərdən istifadə olunub.
"Postmodern etika" ("Postmodern Ethics")
kitabında Dr. Liz Vren-Ovens İtaliya cəmiyyətində
böyük rola sahib iki mühüm italyan yazarının -
Leonardo Sayşa və Antonio Tabucchi haqqında orijinal məsələləri
gündəmə gətirir.
Kitab postmodernizmin şübhələri və
skeptisizminin qızışdırdığı bir mühitdə
ənənəvi impeqno formalarından imtina etdikdən sonra
iki yazıçının öz ictimai-siyasi mühitləri
ilə ünsiyyət qurmaq üçün ədəbiyyatdan
necə istifadə etdiyini araşdırır. Postmodern etika,
Tabucchi və Sayşanın sabit həqiqətlərinin
olmaması, dilin fikirləri tam çatdıra bilməməsi
və intertekstuallıq kimi ənənəvi kitabları,
problem yaradan amilləri əhatə etməklə münasibətlərini
inkişaf etdirmə yollarını araşdırır. Sayşa, müasirlərindən fərqli olaraq, cəmiyyətlə
dialoq vasitəsi kimi ədəbiyyata inamı qoruyub saxlaya
bilir. Sayşa detektiv janrının
bütün qanunlarını detektiv fiqurundan tutmuş,
süjetə və sona qədər alt-üst edir.
"Borxesin
"İnkvizisiyaları" modeli və Salvatore
Battaglianın filoloji və tənqidi inkvizisiyaları"nı
özünə rol model götürən yazar bundan
yaradıcı surətdə istifadə etmişdir, o polis təhqiqatını
filoloji təhqiqatla əvəzləməklə kifayətlənmir,
postmodern vəziyyətin şübhələrindən
doğan iqtidar dilinin ifaçılıq qabiliyyətinə məhz
postmodernliyin silahları ilə hücum edir, məlumatın
parçalanması və diskursun retikulyar təşkilini icra
edir".
Sayşa artıq Manzoninin 1964-cü ildə
"İnkvizitorun ölümü" ilə bağlı
düsturunu sınaqdan keçirərək, sənədləri
bir araya gətirərək, mənbələri birləşdirərək
öz inkvizitorunun qatili olan bidətçi Fra Dieqonun hekayəsini
yenidən qurmuşdur. Yazar Manzoninin modelini şüurlu şəkildə
postmodern araşdırma üsulları ilə dekonstruksiya
etmişdir.
NARGİS
Ədəbiyyat qəzeti.- 2023.- 4 fevral.- S.20.