"Tacın qaytarılması"

Səyyad Aranın təsvirində

 

...Qurd səsiydi... Çox da uzaqdan gəlmişdi... Səs adamın iliyinə işləyirdi... Amma bu qədər adamın içində elə qorxu yaratmırdı. Əsgərlərimiz inadla irəliləyirdi. Heç kəs sıradan geri qalmaq istəmirdi. Yalnız bir məqsəd vardı: İrəli! Mümkün qədər irəli!".

Tanınmış yazıçı Səyyad Aranın gözəl Qarabağımızın tacı olan Şuşanın 270 illiyinə 2-ci Qarabağ savaşına həsr etdiyi "Tacın qaytarılması" romanındandı bu qürurlu sətirlər. Böyük Zəfərə aparan mübarək yolun aydınlığı, qüruru yaşanır hər mətləbdə.

Eyniadlı romanın daxil edildiyi "Tacın qaytarılması" kitabı bu günlərdə "Elm təhsil" nəşriyyatında Sərvaz Hüseynoğlunun redaktorluğu ilə nəşr edilib.

Oxuduqca Ali Baş Komandanın Şuşanın azad edilməsiylə bağlı Zəfər müjdəsi dönə-dönə səslənir qulaqlarımızda: "... Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanlarında qazandıq..."

"Tacın qaytarılması" o günün yazısıdır ki, millət sevincindən və qürurundan evinə-eşiyinə sığmırdı... "Millət xoşbəxt idi! Otuz ilə yaxın müddətdə qəhəri, kədəri içində qalan xalq dirçəlmişdi, illərdən bəri həsrətində olduğu qələbəyə qovuşmuşdu, özü öz içində böyümüşdü..."

Millətin öz içində böyüdüyü, millətin öz içində dəmir yumruğa döndüyü günün romanıdı "Tacın qaytarılması".

 

A.Talehqızı

 

Ədəbiyyat qəzeti.- 2023.- 4 fevral.- S.15.