AMEA-da “Kitabi-Dədə
Qorqud”da semantik sayrışmalar.
Mifolinqvistika”
kitabının təqdimatı keçirilib
Fevralın
2-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Əməkdar
elm xadimi, Azərbaycan Dillər Universitetinin rektoru, Xalq
yazıçısı, akademik Kamal Abdullanın “Kitabi-Dədə
Qorqud”da semantik sayrışmalar. Mifolinqvistika”
kitabının təqdimatı keçirilib.
Əvvəlcə akademik Kamal Abdullanın əsərlərindən
ibarət sərgiyə və həyat və fəaliyyətini
əks etdirən videoçarxa baxış olub.
Tədbiri Mərkəzi Elmi Kitabxananın direktoru,
professor Məmməd Əliyev açaraq sözü AMEA-nın
prezidenti, akademik İsa Həbibbəyliyə verib.
Təqdimat
mərasimində çıxış edən AMEA-nın
prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, akademik Kamal
Abdulla böyük ənənələri olan Azərbaycan
dilçilik elminin ən görkəmli nümayəndələrindəndir
və o, apardığı mühüm tədqiqatlarla bu elm
sahəsinin inkişafına öz dəyərli töhfələrini
verib.
Akademik Kamal Abdullanın özünəməxsus bədii
yaradıcılığı ilə seçildiyini qeyd edən
AMEA rəhbəri görkəmli yazıçının
müstəqillik dövrü Azərbaycan ədəbiyyatında
postmodernizm ədəbi cərəyanının
yaradıcısı olduğunu deyib. Diqqətə
çatdırıb ki, Kamal Abdulla davamlı fəaliyyəti
ilə postmodernizmi Azərbaycan ədəbiyyatının ana xətlərindən
birinə çevirib və bu gün də əsərləri
ilə bu janrı zənginləşdirir.
Ədibin qorqudşünaslıq istiqamətindəki fəaliyyətinə
toxunan akademik İsa Həbibbəyli vurğulayıb ki,
ölkəmizdə qorqudşünaslığın
böyük ənənələri var və Azərbaycan bu
elm sahəsinin dünyada əsas mərkəzlərindən
biridir.
Görkəmli
türkoloq Fuad Köprülünün sözlərinə
istinadən, “Azərbaycan qorqudşünaslığını
tərəzinin bir gözünə, Türk dünyası
qorqudşünaslığını tərəzinin o biri
gözünə qoysaq, Azərbaycan
qorqudşünaslığı ağır gələr”, - deyən
akademik İsa Həbibbəyli ötən əsrdə bu
istiqamətdə böyük alimlərimiz Həmid Araslı və
Məmmədhüseyn Təhmasibin önəmli tədqiqatlar
apardıqlarını və Azərbaycan cəmiyyətinə
təqdim etdiklərini söyləyib. Akademik
Kamal Abdullanın isə qorqudşünaslığı öz
tədqiqatları ilə yeni mərhələyə
qaldırdığını bildirən AMEA rəhbəri
vurğulayıb ki, yazıçı tərəfindən ilk
dəfə “Kitab-Dədə Qorqudun” diskurs və linqvopoetik təhlili
aparılıb.
“Kamal Abdulla Dədə Qorqud poetikasına həsr
olunmuş orjinal əsərlərin, dilçiliklə ədəbiyyatşünaslığın
qovşağında qorqudşünaslığımızda
nadir tədqiqatların müəllifidir. O, Dədə Qorqudun alt
qatına, mifoloji qatına enməklə yeni bir istiqaməti
müəyyən edib. Kamal Abdulla dünya
qorqudşünaslığını özünəməxsus
əlavələrlə zənginləşdirib”, - deyə
bildirən akademik İsa Həbibbəyli akademik Kamal Abdulla və
AMEA-nın müxbir üzvü Rafiq Əliyevin “Kitabi-Dədə
Qorqud” eposunu qeyri-səlis məntiq nəzəriyyəsi istiqamətindən
təhlilə cəlb etmələrini yüksək qiymətləndirib
və bunu, qorqudşünaslıqda yeni istiqamətin
başlanğıcı adlandırıb.
AMEA rəhbəri Azərbaycan cəmiyyətinə təqdim
edilən akademik Kamal Abdullanın “Kitabi-Dədə Qorqud”da
semantik sayrışmalar. Mifolinqvistika” kitabının müasir
qorqudşünaslığımızın əsas nailiyyətlərindən
biri olduğunu deyib.
Sonra Xalq yazıçısı, akademik Kamal Abdulla
çıxış edərək qeyd edib ki, sözügedən
bu kitabda “Kitabi-Dədə Qorqud” dastanlarındakı semantik
sayrışmalar ayrı-ayrı oçerklər şəklində
lüğət formasında toplanıb.
“Dastan daxilində və mövzu ilə bağlı
dastandan kənarda zaman-zaman diqqətimin yönəldiyi bəzi
anlayışlar olub. Onların hər biri sanki
sayrışa-sayrışa böyük bir sürətlə
qaranlıqdan işığa, işıqdan qaranlığa
keçirlər. Bu zaman dastanla
bağlı bilməli olduğumuz bir çox açıq,
amma diqqət çəkməmiş mətləbləri
özündə birləşdirir. Biz
qaranlıqdakı gizli məqamları görüb dəyərləndirmə
fürsəti əldə edirik. Bu gizli məqamları
sayrışmanın işıq gələn anında tutub
izah etmək istəyi belə bir lüğətin ərsəyə
gəlməsinə yol açdı”, - deyə
yazıçı bildirib və kitabın redaktoru, həmçinin
“Ön söz”ünün müəllifi professor Ahmet
B.Ercilasuna da təşəkkürünü
çatdırıb.
Akademik qeyd edib ki, kitabda ikinci hissə kimi təqdim edilən
“Mifolinqvistika” bu gün dilçiliyimizə öz yerində
sayan mövzuların dəyişdirilməsi, onların yeni
istiqamətə yönəlməsi ilə maraqlıdır. Alim bildirib ki,
yeni bir sahə kimi mifoloji dilçilik – mifolinqvistika bizim
müasir dilçiliyimizin qarşısında yeni-yeni
üfüqlər açır və bu istiqamətdə birgə
tədqiqata hər zaman hazır olduğunu da diqqətə
çatdırıb.
Tədbirdə,
həmçinin akademiklər Möhsün Nağısoylu,
Muxtar İmanov, Nizami Cəfərov, AMEA-nın müxbir
üzvü Ərtegin Salamzadə, MEK-in baş direktoru,
professor Məmməd Əliyev, “Elm” nəşriyyatının
direktoru, filologiya üzrə fəlsəfə doktoru Səbuhi
Qəhrəmanov və Azərbaycan Dillər Universitetinin elmi
işlər üzrə prorektoru, professor Novruz Məmmədov
çıxış edərək akademik Kamal Abdullanın
yaradıcılığının önəmli məqamlarına
toxunub, yazıçının yeni əsərinin Azərbaycan
qorqudşünaslığına dəyərli töhfə
olduğunu bildiriblər.
Türkiyənin
Hacettepe Universitetinin professoru Şükrü Haluk Akalın,
Qazi Universitetinin müəllimi Fatih Keskin və Bursa Uludağ
Üniversitetindən Kərimə Üstünova isə
videoçıxışlarında alimin elmi fəaliyyətini
yüksək qiymətləndirərək, onun elmdə
açdığı izlə irsindən bəhrələnən
gənc türkoloqların yetişəcəklərini əminliklə
ifadə ediblər.
Ədəbiyyat qəzeti.- 2023.- 4 fevral.- S.15.