"Qaraqaşlı" dirçələn
qürurumuzun romanıdır
Zemfira Məhərrəmli Vüsal
Nurunun romanı haqqında yazır
Ötən
çağlarda - otuz il öncə sevincdən başqa hər
şey vardı: ağrı-acı, üzüntü, kədər.
Haqqın
bərqərar olacağı gün hələ yetişməmişdi. Düşmən
tapdağında qalan yurd yerlərimiz əsl sahibləri,
doğmaları üçün qəribsəmişdi. Gül-çiçək bitirən münbit
torpaqlarımız yağı tanklarının
tırtılları altında cadar-cadar olmuş, sanki hər
şeydən küsmüşdü. Yamyaşıl
bağ-bağatın büsatı, növrağı yaman
pozulmuş, çal-çağırlı günlər geridə
qalmışdı.
Birinci Qarabağ savaşı öz ab-havasında
tüğyan etməkdəydi. Cəbhə-cəbhə
genişlənən qanlı savaşın başımıza
açdığı müsibətlər
saysız-hesabsızdı. Gözəlliklər
məskəni Qarabağımız kənd-kənd, şəhər-şəhər
azğın düşmənin caynağına keçdikcə
evlər qarət olunur, yandırılıb külü göyə
sovrulurdu. Sərhədyanı bölgələrin
əhalisi isti ev-eşiyini tərk edib
qaçqın-köçkünə çevrilirdi.
Doğma ocağından didərgin düşənlər
arasında 12 yaşlı Vüsalın da ailəsi vardı. Çağdaş ədəbiyyatımızda
artıq imzasını təsdiqləmiş, əvvəlcə
şeirlərində, daha sonralar nəsr əsərlərində
hələ erkən yaşlarından taleyində dərin
şırımlar açmış Qarabağ faciələrini,
qanlı müharibənin vurduğu yaraları əks etdirən
gənc, istedadlı qələm sahibi, tanınmış
yazıçı-publisist, ssenarist Vüsal Nurunu deyirəm. Əslən qarabağlı olan, 1981-ci ildə
Ağdamda doğulmuş Vüsal dünyaya göz
açdığı şəhərin müsibətlərinin
şahidi olmuşdu. Qarabağın
dayağı sayılan Ağdam kökündən
baltalanır, növbəti nişangaha çevrilmiş şəhər
qan girdabında boğulurdu. Neçə müddətdən
bəri döyüşən Ağdamın artıq nəfəsi
təngiyirdi. Adamlar yurd yerlərindən
quştək perikmişdi, düşmənlə üz-üzə
qalan Ağdamın dərd içini yandırırdı.
Bütün bunlar Vüsalın uşaqlıq və
yeniyetməlik çağlarının ağrılı
gerçəkliyi, acı xatirələri idi. Bəlkə elə bu üzdən onun Qarabağ
mövzusunda yazdığı bədii nümunələr
çox təbii və inandırıcıdır. Realist yazıçının
"Qaraqaşlı" romanı kimi. Müəllif
bu əsəri ilə Qarabağ hadisələrini, qanlı
savaşın gətirdiyi fəlakətləri məharətlə
təsvir etməyi bacarıb. İki il
öncə qələmə alınmış bu roman, ilk
növbədə, əks etdirdiyi dövrün ovqatı, haləti
ilə səsləşməsi, milli kimliyimizə güzgü
tutması ilə yadda qalır.
Roman sənətinin tarixi inkişaf yolunu, təkamülünü
tədqiq edən tanınmış tənqidçi, filologiya
elmləri doktoru İradə Musayeva bu ədəbi janrı
epik təfəkkürün təzahürü hesab edir. Onun fikrincə,
"roman janrı ictimai-siyasi, sosial ziddiyyətlərin kəskinləşdiyi
dövrdə, müharibələr, inqilablar... zamanında,
hadisələrin fərdi, şəxsi sferadan
çıxıb milli və qlobal problemlərlə əlaqələndiyi
məqamlarda aktuallaşır".Vüsal Nurunun "rəsmini
çəkdiyi" zaman kəsiyinin xarakterik cəhətlərini
çatdırmaq üçün məhz çox oxunan, daim
inkişafda olan roman janrına müraciət etməsi bu
baxımdan daha məqbuldur. Epik təfəkkür
sərgiləyən yazıçının üzləşdiyimiz
münaqişəni, hərb qovğasını cəmiyyət
kontekstində təhlil etmək səyləri, müqayisə
aparmaq bacarığı diqqəti cəlb edir. Müəllifin öz baxış bucağı,
yanaşma tərzi də istisna deyil.
Əsərin əvvəlində bəhs olunan qollu-qamətli
Dağdağan ağacı isə kənd camaatının iman
yeri, güman yeriydi. Ağbirçək analar, qız-gəlinlər
bu müqəddəs ağacın budaqlarına rəngli
parçalar, baş örtüklərini bağlayır,
arzu-diləklərinin nə vaxtsa gerçək
olacağına inanırdılar. Romanın ilk səhifəsində
oxuyuruq: "O tərəfin də, bu tərəfin də qadınları
Dağdağana inanırdı. Onların Dağdağanı
Tanrının elçisi idi... Hamının
anasıydı Dağdağan ağacı, bircə ana
dualarını bilirdi. Yalvarırdı ki,
araya qan düşməsin".
Heyhat... Az keçmədi ki, ara qarışdı, məzhəb
itdi, naxələf qonşunun başladığı qanlı
müharibə ilə üz-üzə qaldıq.
Əsəri oxuduqca 90-cı illər Qarabağ
insanının yaşam tərzi, erməni quldurların
hücumlarına məruz qalan dinc əhalinin ağır həyatı
göz önündə canlanır. Müəllif vaxtilə
şahidi olduğu vaqeələri, dədə-baba yurdundan didərgin
düşmüş insanların mənəvi-psixoloji durumunu
real lövhələrlə təsvir edib. Əsərdə
bitkin obrazlar qalereyası, bütövlükdə aid olduğu
cəmiyyətin səciyyəvi cəhətlərini ifadə
edən ayrı-ayrı tiplər, xarakterlərlə
qarşılaşırıq. Hadisələrin
məğzi həm dialoqlar, həm də müəllifin
özünəməxsus zəngin təhkiyəsi ilə
çatdırılır. Güc-bəla
ilə silah-sursat tapan yurd müdafiəçilərinin erməni
vandallarına qarşı ölüm-dirim savaşını
izlədikcə yazıçının bu mücadiləni əsl
xalq mübarizəsi kimi nəzərə
çatdırmasını təqdir edirik. Müəllif əzəli torpaqlarımızın
işğalı ilə barışmayan insanların
etirazının, yağılara qarşı mübarizəsinin
dolğun mənzərəsini yaratmağa nail olub.
Hələ Milli Ordumuzun formalaşmadığı bir
dövr idi. Xalq mübarizəsinin önündə gedən cəsur
İbad fərasətli, yurdcanlı oğulları başına
cəm edib könüllülərdən ibarət dəstə
yaradır. Bu dəstələrdə birləşən,
elin-obanın yağmalanmasına dözməyən igidlər
düşmən üzərinə şimşəktək
şığıyır, ermənilərin döyüş
nöqtələrini, canlı qüvvəsini məhv edir,
silah-sursatını, texnikasını qənimət
götürürlər. Əsərin
baş qəhrəmanı İbadın və
silahdaşlarının biri digərinə bənzəməyən
döyüş əhvalatları maraqla oxunur. Müəllif sanki bu odlu savaşı, bu
vuruşları seyr edir və hadisə yerindən reportaj
yayımlayır. Xüsusən,
İbadın gecəyarısı düşmənin təmas xəttini
keçib, postları adlayaraq, dağın döşündəki
hərbi hissəni dağıtması, həmçinin
apardığı digər partizan döyüşlərinin
dinamik təsvirləri fikrimizə sübutdur.
Vüsal Nurunun yaradıcılığında ictimai
notlar bütöv bir baxış, hadisə kimi üzə
çıxdığından oxucu özünü baş verən
heyrətamiz olayların içində hiss
edir.Yazıçı baş qəhrəmanının və
onun çiyindaşlarının yurdun hər
qarışı uğrunda qətiyyətli mübarizəsinin
quduz düşmənlə göz-gözə qalan insanlara
xoş ümid, inam bəxş etdiyini canlı, rəvan dillə
nəql edir.
Əsərdə
Qarabağ savaşının alovlandığı ilk dövrdə
Mərkəzdən ermənipərəst rəhbərlərin
verdiyi göstərişə əsasən, azərbaycanlı əhalidən
dədə-babadan qalmış ov tüfənglərinin zor
gücünə yığılması səbəbindən yaranan əndişə,
etiraz göz önündə canlandırılır.
Haqsızlıq baş alıb gedir:qoluzorlu
havadarları ermənilərə silah-sursat ötürür,
bizimkilərin isə olan-qalan yarağını belə əllərindən
alırlar. Mövsüm kişi əsərdə
ən çox diqqətçəkən surətlərdəndir.
Kişilik simvolu olan, özü kimi mərd oğullar - yurd
müdafiəçiləri böyüdən, ən çətin
vaxtlarda kənd camaatına həmişə əl uzadan dəyirmançı
Mövsümün göz bəbəyitək qoruyub
saxladığı, "Qaraqaşlı"
adlandırdığı tüfəngin vaxtilə dost
saydığı Arakelin evindən tapılması xəbis erməni
xislətini bizə bir daha xatırladır. "Əmanətini
gətirdim" deyən İbad "Qaraqaşlı"nı atasına verəndə Mövsüm
kişinin əlləri həyəcandan titrəmiş,
övladları bu məğrur, heç kəsə baş əyməyən
insanın ilk dəfə gözlərinin
yaşardiğını sezmişdi. Amma bu,
sevinc göz yaşları idi. Əsərdən
belə bir qənaət hasil olur ki, "Qaraqaşlı"
tapılıb doğma ocağa qayıtdısa, qürurumuz,
heysiyyətimiz qayıdacaq, Azərbaycan kişisi işğal
illərindəki xəcalət sindromundan qurtulacaq.
Tanınmış ədəbiyyatşünas alim, tənqidçi
Nərgiz Cabbarlının təbirincə desək,
"Gerçək hadisələrin gerçək təsviri
içərisində, hər şeydən əvvəl, əsərin
adına çevrilmiş
"Qaraqaşlı" tüfəngi simvolik məna
yükü ilə obrazlaşır. Əvvəlcə
itirilən, daha dəqiq desək, əldən alınan, daha
sonra - İbad öz vətənini qorumağa başlayanda isə
geri qaytarılan gücün, qüvvənin, şərəfin
simvolu kimi görünür".
İbadın başçılığı ilə
Qaradağlı könüllülərinin Amaras monastrında əsir
saxlanan, işgəncə verilən qız-gəlinlərimizi
azad edib Ağdam və Ağcabədidəki hospitallara göndərməsi
səhnələrini həyəcansız oxumaq olmur. Bədnam,
işğalçı ermənilərin - Monte, Levon, Tatos,
Mxitar və Arakellərin, azğın düşmənə
havadarlıq edən Qarçakovların iç
üzünü açan bu əsər insani, milli və bəşəri
ağrıların, üzüntülərin, dərd-kədərin
və bu kimi nəsnələrin bədii təzahürüdür.
İşğala "yox" deyən İbadın söylədiyi:
"Bu torpağı kim qorumalıdır...
Orda bizim uşaqlarımız yanır, ən
gözəl günlərimiz yanır. Bizim
yorulmağa haqqımız yoxdur. Ermənilərin
qarşısında, öz torpağımızda
gözükölgəli yaşamaqdansa, ölmək
yaxşıdır..." fikri əsərin ana xəttini təşkil
edir. Qeyd etmək yerinə düşər
ki, müəllifin bu romandakı azərbaycançılığı
onun yurdsevərliyi ilə üzvü surətdə qovuşub.
Bu əsər həm də böyük tərbiyəvi
gücə malikdir, düşmənə nifrət hissi
aşılayır, yeni nəslin vətənpərvərlik
ruhunu, mübarizə əzmini artırır. "Qaraqaşlı" xalqın tarixi taleyi ilə bağlı
önəm kəsb edən siyasi hadisələri, unudulmayan mənəvi
dəyərlərimizi, qan yaddaşımıza
yazılmış faciələrimizi vətəndaşlıq
yanğısı ilə çatdıran sanballı əsərdir.
Qarışıq
nikahlı ailələrin hərb qovğası, etnik
münaqişəylə üzləşdikləri illərdə
miskin, əlacsız durumu, iztirabları,
yaşadığı gərgin günlər Sabir müəllimin,
onun arvadı, erməni qızı Mayranuşun,
övladları Azər və Azərinin timsalında nəzərə
çatdırılır. Müəllif bu qəbildən olan
ailələrin faciəsini eyni kənddə yaşayan erməni
və azərbaycanlı qonşuların bir-birilə əsəbi
dialoqları, səs-küyü az qala ərşə
bülənd olan dava-dalaşı fonunda nəql edir. Yaxınlaşan düşmənin əlinə
keçməmək üçün elatı köç edən
kəndlərin sakinləri, gözünün yaşı
qurumayan şəhid anaları, dul gəlinlər körpə
qızını qucağına almış Mayranuşu öz
aralarında görərkən onu didib-parçalamaq istəsələr
də, rəhmə gəlib əl saxlayır, "şeytana lənət"
deyirlər.
Ayağı çat-çat olan yollar-rizlər intizarla əsl
sahiblərini gözləyirdi. Üzümüz
gülmür, könlümüz açılmırdı.
Yurd nisgilli qəlbimizə qaranlıq
çökmüş, dərd gətirən zülmət gecə
qapqara donunun ətəkləriylə sanki bəxtimizi,
ömrümüzü-günümüzü
çulğalamışdı. Amma hardasa
yol üstə, nə vaxtsa taleyimizə düşəcək
bir Zəfər vardı. Bu Qələbəni
yaxınlaşdırmaq üçün eniş-yoxuş bilmədən
yollar qət edib, mənzil başına yetişməliydi igidlərimiz.
Nəhayət, həmin gün gəlib çatdı. Erməni silahlı birləşmələrinin
ardı-arası kəsilməyən təxribatlarından cana doymuş oğullarımız öz
müdrik Sərkərdəsinin - Ali Baş Komandanın rəhbərliyi
ilə əks-hücum əməliyyatlarına başladı. Cəmi 44 gün çəkən haqq-ədalət
savaşımız Azərbaycan Ordusunun rəşadətli əsgər
və zabitlərinin hünəri ilə bizə Zəfər
sevincini yaşatdı. İşğaldan
azad edilən Qarabağımız indi əsl sahiblərinin nəfəsi,
qayıdışı ilə canlanır, xoşbəxt
günlərini salamlayır. Qarabağ həqiqətlərini
illər boyu bütün ağrı-acısıyla qələmə
alan söz adamları, o cümlədən
doğma Ağdamı işğaldan qurtulmuş gənc nasir
Vüsal Nuru da indi Qələbəmizi tərənnüm edən
əsərlər yazır.
Zemfira Məhərrəmli
Ədəbiyyat qəzeti.- 2023.- 4 fevral.- S.11.