Nəsrdə
yaddaşlaşan milli tarix və tale
Bu yaxınlarda Nigar
Aslanovanın "Müstəqillik dövrü Azərbaycan nəsrində
tarixi yaddaş problemi (1990-2010)" adlı monoqrafiyası
işıq üzü görüb. Kitaba filologiya elmləri doktoru Elnarə
Akimova ön söz yazmışdır. Ön
sözü oxuculara təqdim edirik.
Nəsrimizdə tarixi yaddaş məsələsi necə
işlənib, Azərbaycan obrazı, azərbaycançılıq
ruhu necə görünür? Bu obrazın hərəkət
trayektoriyası necədir? Bir model olaraq, bu
obraz hansı illərin təcrübəsi ilə
bağlanır, özündə milli iftixar və modern həyat
münəricəsini necə ehtiva edir? Sovet
Azərbaycanı dövründə tarixi yaddaşa vurulan zərbələr,
yaxud onun dirəniş və mühafizəkar obrazı
hansı səviyyələrdə realizəsini tapır?
Geniş və müqayisəli təhlil tələb edən
suallardır.
Bu suallara müxtəlif zaman kəsimlərində az cavab verilməyib, xüsusilə müstəqillik
dövrünün yaratdığı azad söz, azad
düşüncə şəraitində daha dürüst
mövqedən izah edən mövqelərlə az
qarşılaşmamışıq. Azərbaycan tənqid və
ədəbiyyatşünaslığında mövzunun
konseptual dərki, sistemli öyrənilməsi istiqamətində
Mehdi Hüseyn, Əli Hüseynzadə, Məsud Əlioğlu,
Yavuz Axundlu, Yaşar Qarayev, Elçin, Akif Hüseynov, Nazif Qəhrəmanlı,
Vilayət Quliyev, Bədirxan Əhmədov, Tehran
Əlişanoğlu, Təyyar Salamoğlunun xidmətləri
danılmazdır. Filologiya üzrə fəlsəfə
doktoru Nigar Aslanovanın "Müstəqillik dövrü Azərbaycan
nəsrində tarixi yaddaş problemi" (1990-2010)
monoqrafiyası da ədəbiyyatımız, milli cəmiyyətimiz
üçün önəmli olan bir mövzunun
araşdırılması, bədii-estetik məziyyətlərinin
üzə çıxarılması baxımından meydandakı
uğurlu işlərin davamı kimi xüsusi əhəmiyyət
daşıyır.
Bu dövr bildiyimiz kimi, müstəqillik kimi tarixi nailiyyətimiz
və Qarabağ probleminin gətirdiyi çətinliklərlə
səciyyələnir. Keçid dövrü olaraq, 1990-cı illərin
qayğıları, sovet dövrünün süqutundan sonrakı
mərhələnin dramatik mənzərəsi prosesə siqlətli
nüfuz tələb edir. Nigar
Aslanovanın "Müstəqillik dövrü Azərbaycan nəsrində
tarixi yaddaş problemi" mövzusunda yazdığı
monoqrafiya həm dövrün, həm də böyük mənəvi,
milli-əxlaqi və bədii yaddaşın nəsr əsərləri
kontekstində açılması, dərki baxımından
tutarlı material verir.
Nigar Aslanova əsərin "Tarixi yaddaş probleminin
elmi-nəzəri dərki və ideya-estetik inikasi" adlanan
bölümündə tarixi yaddaş probleminin həm elmi-nəzəri
dərkini, həm də ədəbi prosesdə ideya-estetik təcəssümünü
verməyə çalışır. Mövzu sovet
dövrü Azərbaycan nəsri üzrə deyil,
ümumdünya nəsri kontekstində
araşdırılır. Tarixi trayektoriya mərhələli
şəkildə - sovet dövrünə qədər, daha
sonra 20-30-cu illərə, daha sonra yeni nəsr hadisəsi olmaq baxımından
60-80-ci illərə və nəhayət, müstəqillik
dövrü prozası müstəvisinə adlayır. Hər mərhələdə meydana çıxan
tarixi romanlara və onlarla bağlı fikirlərə müəllif
tərəfindən münasibət izhar olunur. Xüsusilə,
sovet dövründə ideoloji sifarişlə
yazılmış, eləcə də ideoloji qütbdən dəyərləndirilmiş
tarixi romanlar əsərdə gərəyincə layiqli səciyyəsini
alır, Mehdi Hüseyn, Mirzə İbrahimov, Məmməd Arif,
İmamverdi Əbilov, Qulu Xəlilov, Məsud Əlioğlu, Məmməd
Cəfər Cəfərov, Yaşar Qarayev, Elməddin Əlibəyzadə,
Akif Hüseynli, Yavuz Axundlu və digər tədqiqatçıların
imkan verdiyi istiqamətlər sayəsində tarixi yaddaş
problemi müxtəlif nəsr nümunələrinin təhlili
müstəvisində yenidən çağdaş dövriyyəyə
gətirilir.
Bizdə milli dövlətçilik ideyasının
tarixi o qədər uzağa getməsə də, milli dövlətçiliyi,
müstəqillik ideyalarını şərtləndirən
milli mənlik şüurunun yaranmasının aspektləri məhz,
bədii düşüncəyə söykənir. Yəni milli,
etnik mənlik şüuru əvvəlcə bədii, sonra isə
ictimai-siyasi təfəkkürdə təşəkkül
tapır. Kitabın "Bədii nəsrdə
tarixi yaddaşin epik təcəssümü" adlanan
bölümündə tarixi yaddaşın epik təcəssümündə
sosial gerçəkliklər, milli ideal və xalq taleyinin tarixi
yaddaş müstəvisində araşdırılması əsas
məsələlər olaraq qabardılır. Məlum
olur ki, ən çətin dövrlərdə belə nəsr
inersiya ilə milli yaddaşı silkələyərək onu
ayıq-sayıq salmağa çalışıb, milli
psixologiyamıza yabançı elementlərin, ünsürlərin
qovuşmasına etiraz edib: "Çoxəsrlik təcavüzə
məruz qalan, saysız-hesabsız itkilər verən
xalqımız sahib olduğu etnik dəyərlərin
keşiyində dayanmış, hər zaman tarixi yaddaşa,
soy-kökə bağlılıq nümayiş etdirərək
milli ideyaların təsvirinə geniş yer vermişdir. N.Cəfərovun
vurğuladığı kimi: "Müxtəlif təzyiqlərə,
müdaxilələrə ən çox məruz qalan xalqlardan
olan Azərbaycan xalqı ərazi bütövlüyünü,
siyasi birliyini itirsə də, tarixi təfəkkürünün
bütövlüyünü heç zaman itirməmişdir. Və bu milli tarixi təfəkkürün
bütövlüyüdür ki, xalq özünün milli
ideallarına həmişə sadiq qalmış, onların
elmi-nəzəri yekunu olaraq azərbaycançılıq
ideologiyasını yaradıb inkişaf etdirmişdir".
Monoqrafiyanın
"Bədii nəsrdə tarixi yaddaşin müasirliklə vəhdəti"
adlanan üçüncü bölməsində Nigar Aslanova
milli yaddaşın təsvirində tarixiliklə müasirliyin
inikası kimi məsələlərə toxunmaqla bahəm, nəsrimizdə
tarixi yaddaş məsələsini postmodernizm kontekstində
şərh etməyə nail olur. Yeni cəmiyyətdə milli
insanın mövqeyi necə görünür, o yenədəmi
cəmiyyət üçün "artıq adam"dır,
yoxsa ictimai və mədəni inkişaf onun yaşam tərzi,
düşüncə hüdudu qarşısında güzəşt
edir, onun ənənə və mühafizəkarlıq
meyarlarının cəmiyyətdə
dayanıqlılığına çaba göstərir. Bəs əvəzində nə təklif edir? Günbəgün dəyişən və milli
keyfiyyətlərindən uzaqlaşan cəmiyyətin bu
günə ötürəsi dəyəri, zəmanə qəhrəmanı
kimdir, necə olmalıdır? Nigar Aslanova
müstəqillik illərində meydana çıxan nəsr əsərlərində
bu suallara daha geniş kontekstdə cavab axtarır. Tarixi
bütövlüyümüz və ona aid nə varsa - soy
adımız, ana dilimiz, baba yazımız, təbiətimiz,
etnoqrafik zənginliyimiz, bir sözlə maddi və mənəvi
keçmişimiz bu təhlillərdə bədii təcəssümün
predmetinə çevrilir: "Xalqın mənşəyi,
tarixi, məişəti, mədəniyyəti ilə
bağlı olan milli dəyərlərin
araşdırılması, yeni baxış müstəvisinə
gətirilməsi və fərqli yanaşmalar daim diqqət mərkəzində
olmuşdur. Milli tarixin təhrif olunmadan
çatdırılması xalqın sonrakı sosial-mənəvi
həyatına da təsirsiz ötüşmür,
çünki tarix həm də xalqların taleyidir, yəni
yaşadığımız ömrümüzdür,
keçmişimizdir".
Tarix
yalnız gerçəkləri, faktları ilə
yanaşı, bir də yazıçı təxəyyülünün
potensialında yeni yozum və şərh qazananda
keçmişin dərinliyi ilə açılmasına,
qavranılmasına yardımçı ola
bilir. Müstəqillik dövrü nəsrində
tarixi yaddaş məsələsinin önə çəkilməsində
tarixi mövzunun hər iki konteksti qabarıq
görünür. Müəllif 1990-2010-cu
illərdə ərsəyə gələn romanları təhlil
edərkən - cəmiyyət, mənəviyyat, məişət,
psixoloji durum mənasında - elə bir məqam qalmır ki,
tarixi yaddaşın lokal təzahürlərinə qədər
enərək problemi incələməkdən yan keçsin.
Kitab
İsmayıl Şıxlı, İsa Hüseynov, Çingiz
Hüseynov, Sabir Əhmədov, Sabir Azəri, Anar, Elçin,
Mövlud Süleymanlı, Arif Abdullazadə, Kamal Abdulla, Sabir
Rüstəmxanlı, Məmməd Oruc, Nəriman
Əbdülrəhmanlı, Aslan Quliyev, Azad Qaradərəli,
Hüseynbala Mirələmov, Ağarəhim Rəhimov, Həmid
Herisçi, Firuz Mustafa, Elçin Hüseynbəylinin
romanları əsasında tarixi-müqayisəli müstəvidə
təhlilə geniş imkanlar yaradır. Azərbaycan
ədəbiyyatında tarixi yaddaş probleminin qoyuluş ənənəsini,
keçmişə retrospektiv baxışın bədii-estetik
mahiyyətini müəyyən etməklə yanaşı,
mövzunun yeni minillikdə funksionallığını və
təzahür formalarını izləmək monoqrafiyanın ən
dəyərli elmi məziyyəti sayıla bilər.
Nigar Aslanovanın monoqrafiyası elmi-nəzəri səviyyəsi,
mütaliə genişliyi, faktoloji zənginliyi ilə
seçilir. Müəllif müstəqillik dövrü nəsrinin
demək olar ki, bütöv mənzərəsini
canlandırmağa müvəffəq olur, yazılan əksər
bədii nümunələri təhlil müstəvisinə
çəkir. Bundan əlavə, bir
çox məsələlərə sərgilədiyi yeni
baxış mövzunun araşdırılmasında uğurlu
rakurs kimi diqqəti cəlb edir. Məsələn,
müstəqillik illərində repressiya mövzusunu, eləcə
də İkinci Dünya müharibəsindən sonra azərbaycanlıların
Qərbi Azərbaycandan deportasiya olunması faktlarını bədii
təcəssümün predmetinə çevrirən nəsr əsərlərinin
təhlili burada estetik səciyyəsini tapır. Müstəqillik
dövrü Azərbaycan nəsrinin sovet dövrü nəsri
ilə tarixi-müqayisəli müstəvidə təhlil
olunması, mövcud tədqiqatların elmi-nəzəri səpkidə
araşdırmaya cəlb olunması da "Müstəqillik
dövrü Azərbaycan nəsrində tarixi yaddaş problemi
(1990-2010)" kitabının yenilikləri sırasında qeyd
oluna bilər.
Bu monoqrafiyadan əxz olunan daha önəmli bir məqam
var. Ulusu sevmək fənni, vətən sevdası, yurd sevgisi,
millət aşinalığı, torpaq üçün can
nisar etməyin əməl və ömür göstəricisinə
çevrilməsi. Biz tarixi proseslərin axarını, milli
aqibətimizi dəyişən bir Vətən müharibəsinin,
Qarabağ savaşının içindən keçdik.
Müharibə elə güclü bir təkandır
ki, yeni keyfiyyətlər doğurmaya bilməz. Ədəbiyyatımıza
bir çox yeni tip və obrazların gələcəyi,
özləri ilə bərabər yeni süjet, mühit, dil
xüsusiyyətləri və nəhayət, mədəniyyət
gətirəcəyi şübhəsizdir. Biz
artıq məğlub deyil, qalib ölkənin qələm
adamlarıyıqsa bu əzm duyğusunun müəlliflərə
ayrı bir impuls verəcəyi qaçılmaz faktdır.
Bununla bərabər, qazanılan Zəfər ədəbiyyatın
üzərinə böyük missiya qoyur. Yaddaşı
hifz eləmək, gələcək nəslə dünənli
bir yaddaş miras buraxmaq! Çünki məlum
gerçəklikdir, milli yaddaşdan məhrum xalq ictimai əxlaq,
etnik mentalitet böhranı yaşadığı kimi, bu
yaddaşı hifz eləməyən ədəbiyyat da öz
varlığını, mental dəyərlərini təhlükəyə
atmış olur. Bunların heç birinin
baş verməməsi üçün ədəbiyyat da, xalq
da milli kimliyinin, keçmişinin, dəyərlərinin
keşiyində ayıq-sayıq dayanmalı, həm də bu
yolu bir-birinə stimul verərək qət etməlidirlər.
Əks təqdirdə, ədəbiyyatın
mankurdluğu elə millətin mankurdluğuna çevrilər.
Tarixin ibrəti və dərsləri bunu diqtə
edir. Nigar Aslanovanın kitabı da bu mənada,
milli təəssübkeşliklə yazılmış
yaddaş mətnidir.
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.- 2023.- 4 fevral.- S.8.