Muğanda mədəniyyət ocağı

 

Şirindil Alışanlı İmamverdi Əbilov haqqında yazır

 

2016-cı ilin bahar günlərindən biri idi. Professor dostum Qəzənfər Paşayevdən zəng gəldi: "Ağsaqqal alimimiz İmamverdi müəllim kefsizdi, gedək ona baş çəkək". Yol boyu İmamverdi müəllimin oxuduğum əsərlərini, həmçinin, onun haqqında mətbuatdan mənə tanış olan müxtəlif sənət adamlarının yazılarını xatırladım. Onu da xatırladım ki, 1994-cü ildə Füzulinin 500 illiyi ilə bağlı böyük bir nümayəndə heyətinin tərkibində bu əfsanəvi səfərdə yol yoldaşı olmuşduq. Onu da deməyi borc bilirəm ki, bu səfər ərəfəsində həyatdan vaxtsız getmiş dostum Aydın Səlimzadə ilə birgə bizim də bu səfərə qatılmağımızla bağlı İnstitutun və Bölmənin rəhbərliyinə müraciət etdik, boz bir sifət gördük. Akademiyanın o zamankı prezidenti, böyük ziyalı, akademik Eldar Salayev bizim xahişimizi Azərbaycan Respublikasının Baş Nazirinin müavini Elçin müəllimə çatdırdı. Elçin müəllim hər ikimizə böyük bir dünya bəxş etdi.

Bu səfərə qədər İmamverdi müəllim haqqında təsəvvürüm çoxsaylı yazılar əsnasında formalaşmışdı. Hələ tələbəlik illərində, ondan qabaq da evimz ədəbi diskussiyalarla zəngin idi və şübhəsiz ki, İmamverdi müəllimin də ardıcıl çap olunan məqalələri haqqında çox eşitmişdim. Bakı Dövlət Universitetinin Filologiya fakultəsinin ədəbi tənqid kurslarında professor, tənqidçi Qulu Xəlilov İmamverdi müəllimin də məqalələrini təhlil edir və ondan daha cəsarətli tənqid gözlədiyini dilə gətirirdi. Qulu müəllim ədəbi prosesi ardıcıl izlədiyinə görə onu da yaxşı tanıyırdı və onun əyalətdə yaşayıb ədəbi prosesin fəal iştirakçısı, cəfakeşi olduğunu xüsusi qeyd edirdi.

İmamverdi müəllimin qonağı olmuş ziyalıların, özü də müxtəlif elm, sənət sahəsini təmsil edənlərin təəssüratlarını əks etdirən yazılardan xəbərdar idim. Bilirdim ki, İmamverdi müəllimin evi yaşadığı bölgənin "mədəniyyət, elm ocağı missiyasını" yerinə yetirirdi. Burada qonaq olan hər kəs bir dünya təəssüratla qayıtdıqları kimi, İmamverdi müəllimin arxivinə ədəbiyyatımız, tariximiz, dilimiz haqqında canlı səs yazısı formasında öz mülahizələrini bəxş edirdilər. İmamverdi müəllimin lentə aldığı səs yazıları, xatirə dəftəri əsasında nəşr edilmiş kitablar, kitab albomlar XX əsrin II yarısı Azərbaycan ədəbiyyatı tarixini daha müfəssəl öyrənmək baxımından da etibarlı mənbələrdir. Sözün düzü, yol boyu fikirləşirdim ki, yəqin İmamverdi müəllimin böyük, dəbdəbəli mülkü var. Axı kimlər onun qonağı olmamışdı? Kimlər onun böyük səxavətlə açdığı süfrənin nemətlərini dadmamışdı?

Xəyaldan ayrılmamışdım ki, Netçalaya çatdıq. Onun evini görəndə, düzü, bir az duruxdum. İlahi, bu kişinin nə boyda ürəyi varmış! Taxtadan tikilmiş xudmani bir evin qarşısında dayandıq. İmamverdi müəllim bəlkə ilk dəfə idi ki, qonaqları özü qarşılaya bilmirdi. Kitabxanasında çarpayıya uzanıqlı idi. Bizi görəndə çöhrəsi işıqlandı, gözlərinə xoş bir təbəssüm qondu. Üzrxahlıq elədi, bizi qarşılaya bilməməsindən bərk narahat olmuşdu.

Xeyli söhbət etdik. Olanlardan, keçənlərdən. İraq səfərində üçümüz birgə olmuşduq. Bağdadı, Kərkükü xatırladıq. Xüsusən Kərkükdəki ədəbi-bədii gecə hər üçümüzün yaddaşına həkk olunmuşdu. Bu səfərdə İmamverdi müəllim təmkinli, təvazökar bir şəxsiyyət və ziyalı kimi məndə böyük ehtiram hissi yaratdı. Yadımdadır, səhhətində nasazlıq yaranmışdı və xahiş etdi ki, başıma bir iş gəlsə məni Kərbəlada dəfn edin. Çox şükür ki, İmamverdi müəllim və bütün nümayəndə heyəti böyük bir coşqu ilə sağ-salamat Vətənə qayıtdıq. İmamverdi müəllim bundan sonra  iyirmi ildən artıq ömür sürdü. XX əsr ədəbiyyatının klassikləri haqqında bir-birindən dolğun məqalələr yazdı.

İmamverdi müəllim söhbətin şirin yerində qardaşım Hüseyn Kürdoğlunu xatırladı. Onun poeziyasına yaxından bələd olduğunu bildirərərək dedi ki, 1959-cu il idi. Radio Verilişləri Komitəsinə getmişdim. Hüseyn, yazıçı Tofiq Əfəndiyev və Mehdi Hüseynin qızı Zivər xanım ədəbi-dram verilişləri şöbəsində çalışırdılar. O vaxt dəbdə olan göy rəngli paltonu geyinib Bəxtiyar Vahabzadəgilə getdim. Sən demə Hüseynin eyni tipli paltosunu geyinib getmişəm. Görüşüb paltomuzu dəyişdik, səmimi bir ovqatla ayrıldıq.

İmamverdi müəllim dedi ki, mənim arxivimdə Xalq yazıçısı Süleyman Rəhimovun bir səs yazısı var. Onu 1970-ci ildə böyük yazıçımızın yetmiş illik yubiley tədbirlərindən sonra qonağım olan zaman lentə almışam. Həyatda mənə atalıq etmiş, həm də dostum, sirdaşım Hüseyn haqqında hər xatirə məni qəhərləndirdiyi kimi, bu dəfə də bərk həyəcanlandım.

İmamverdi müəllimin diqqətindən heç nə yayınmadı. Xəstə olmasına baxmayaraq bu səs yazısının mətnini söylədi. Süleyman Rəhimov deyir: "İmamverdi, mənim yubileyimdə böyük alimlər, yazıçılar məqalələr yazdılar, rus tənqidçisi Zoya Kedrina da yazdı. Ancaq Hüseyn Kürdoğlu yazdığı şeirlə boynuma elə bir minnət qoyub ki, onda necə çıxacağımı bilmirəm".

Qəzənfər müəllim dünyanın hər üzünü görmüş köhnə kişilərdəndir. Professor Qəzəndər Paşayev mənim tanıdığım nadir şəxsiyyətlərdəndir ki, öz dostlarına mənəvi və maddi dəstəyini onların sağlığında olduğu kimi, dünyalarını dəyişəndən sonra da eyni səmimiyyətlə davam etdirir. Çay içəndən sonra İmamverdi müəllimi yormamaq üçün getməyə işarə etdi və öz vərdişinə uyğun olaraq İmamverdi müəllimin qeyd kitabçasını götürüb baxdı və xəstənin hiss etmədiyi bir səliqə ilə ora bir konvert əlavə edib yerinə qoydu. Otaqdan çıxarkən İmamverdi müəllimin baxışlarında çarəsiz bir nigarançılıq sezdim və yaddaşıma əbədi həkk olundu.

İmamverdi müəllimin xatırladığı, Hüseyn Kürdoğlunun Süleyman Rəhimovun 70 illiyinə həsr olunmuş o şeiri "Ədəbiyyat və incəsənət" qəzetində çap olunmuşdu. Süleyman Rəhimov bu şeirdən ona verilən böyük dəyərdən məmnun olduğu kimi ömürdaşı, Zərqələm xanımla höcətlərində də əlindən tuturmuş. Süleyman Rəhimov uzun illər Laçın, Kəlbəcər, Şərur, Şahbuz bölgələrində mədəni-maarif sahəsində böyük işlər görmüşdü. Yazdıqları əsərlər Azərbaycanın, xüsusən, Zəngəzurun ədəbi-bədii tarixi idi. İnsan yaşa dolduqca doğulduğu yer onu çəkir. Ömürdaşı Qubadlıya, Əyin kəndinə qayıtmaq uğrunda kişiylə mübarizə aparırmış. Bu dartışmada Süleyman kişi böyük yazıçı kimi ədəbi aləmdən ayrılmamaq, nəşr olunmaq üçün Bakıda yaşamaq məcburiyyətində idi və zərrə qədər şübhə etmirəm ki, Süleyman Dədə dünyasını dəyişənə qədər üzü Zəngəzur dağlarına yatırdı.

Hüseyn danışırdı ki, Akademiyada, Şərqşünaslıq İnstitutunda işdə idim. Süleyman müəllim zəng etdi: "Hüseyn o şeirini də götür gəl bizə". Məni mehribanlıqla qarşıladı, dadlı dolma qonaqlığı verdi. Sonra ömürdaşını çağırıb yanında oturdu. Dedi ki, ə, Hüseyn, dur o şeirini oxu.

 

Dağlar çağırır

 

Xalq yazıçısı S.Rəhimovun 70 illiyinə

 

Yolunu gözləyir Səngər dağları,

- Pələngim qoynuma nə zaman gəlir.

Nə vaxt yolun düşsə Xan Həkəriyə

Hər kənddən, obadan yüz qurban gəlir.

 

Bisütunlar çapdın sən Fərhad kimi,

İlhamın çağladı Bərgüşad kimi.

Köhlənin səyrisin qoy Qırat kimi,

Yanında nə qədər qəhrəman gəlir!

 

Gəlişin görünməz ehtişam olar,

Bayram süfrəsində sözün şam olar.

Salama dayanmış igid şamolar,

Bir Qoşqar cüssəli komandan gəlir!

 

Burda roman yazdın yəhər qaşında,

Kəhərin kişnədi dağlar başında.

Yol üstə dayanan hər bir daşın da

Yadına şivərək bir oğlan gəlir.

 

Məğrur qayaları seyrə dalanda,

Xatirat sazını könül çalanda,

Qartallar başına kölgə salanda,

Saçını görməyə duman gəlir.

 

Dağlar mağar qurur yaz dumanından,

Süfrəyə bal düzür beçə şanından.

Hansı bir çeşmənin keçsəm yanından

Deyir görüşümə bir mehman gəlir.

 

Xəzri müjdə verib, gölə səs düşüb,

Çiçəyə səs düşüb, gülə səs düşüb.

Aşığın sazında telə səs düşüb,

Gəlir bu dağlara, Süleyman gəlir!

 

1970

 

Şeiri oxuyub qurtaran kimi Süleyman müəllim Zərqələm xanıma müraciətlə əlini gen sinəsinə qoyub dedi:

- Az, görürsən mən kiməm!

İmamverdi müəllimin məni doluxsunduran xatirələrini yada saldıqca bir daha əmin oldum ki, memuar ədəbiyyatının tədqiqi və nəşri yazıçı psixologiyasını, yazıçının fərdi üslubunu öyrənmək məqamında dəyərli vasitədir.

Səfərimizdən az bir vaxt keçdi. Azər Turandan zəng gəldi: "Atam dünyasını dəyişdi". Qəzənfər müəllimlə birgə bu ədəbiyyat fədaisi ilə vidalaşmağa getdik. Muğan düzü bahar libasına bürünmüşdü. Dostumuz Azər  ata itkisinə tab gətirmirdi. Onun da, bizim də təsəllimiz o idi ki, İmamverdi Əbilov mədəniyyətimizin öyrənilməsi, tədqiqi və təbliğində böyük bir kollektivin işin görmüşdü. Vaxt keçdikcə onun arxivi tarixi ədəbi prosesi zənginləşdirən yeni faktlarla dövriyəyə gəlir.

 

Şirindil Alışanlı

 

Ədəbiyyat qəzeti.- 2023.- 4 fevral.- S.6.