Amerika şeirləri silsiləsindən
Medelin gecələri
Medelin, gecələrin çox qaranlıq
Ulduzdurlar
- səpələnib
göylərinə armud
qızlar...
Alma kişilər ağı deyirlər
qısa ömrə.
Həzzə bax
bircə anlıq...
Medelin, gecələrin
çox qaranlıq.
Kartaxenada
yanıb günəşdən
sənə qayıdıram
Mayami unudub artıq
sahildəki gülüşümü
Medelin, həyata bax,
qeyb olubdur qəhrəmanlıq
qınaya bilmirəm,
gecələrin çox
qaranlıq.
Ay işığı süzülür
ağ süd kimi.
İkimiz
də ağladıq
bulud kimi
sən mənə sarıldın
mən sənə
dünya
nə oyanlıqdır,
nə də bu yanlıq
Medelin, gecələrin
çox qaranlıq.
Ürəyə bax,
hələ də Bakıdadır
biri yoxdu, biri vardı
nağıla bax
alma düşdü,
armud qalıq
Ağaclara inanıb
yaşılı müqəddəs
sandıq
Medelin, gecələrin
çox qaranlıq.
Amazonda budaq var ki
quş qonmayıb,
torpağı günəş
görməyən meşə
kimi
qaranlıqdayıq
Rio hələ qocalmayıb
dəvələr asfaltdan
yorulub
arabalar qumluqda
yol bulub
hansı tez çatacaq
mənzil başına
budur vacib sual artıq
Medelin, gecələrin çox qaranlıq...
Medelində artıq
bahardır...
Baxıram sən gedən
yollara,
Yazığım gəlir səni
qucmağa
həsrət qalmış
qollara...
Sağımda dəli, solumda da dəli,
sonunda hər şey gülməli...
Söyləyirsən Medelinə bahar gəlmiş,
Əkdiyim kaktus kolları
bir boy da artmış...
Riodan bu yana gətirərsən rom,
bir də mandarin...
Mənimsə könlümdə olsa
da bahar,
çölümdə qar var...
Qocalmağa çalışan cavan
adamlar...
Qoca qartalların yerişini yeriyə bilməyib
uşaqlaşan böyükləri
kimi cılızlaşıb
əsl qəhramanların
haqlarını yeyən
varlıqlar...
Baxıram sən gedən
yollara,
Yazığım gəlir səni
qucmağa
həsrət qalan qollara...
Medelində artıq bahardır...
Riodan gələn bağlamada rom,
bir də mandarin vardı...
Azadlıq
Saçlarında bircə tükdən
asıb sanki
Yer üzünü böyük
Fələk,
buludların üzərində
qərar tutub
gözəl mələk...
İnsanların ümidləri
göyərərək
əlləridir ağac
olub
uzanırlar göylərədək...
Qara külək göy üzündə
bərq vuraraq
bəzən qovur buludları,
bəzən isə səssizliyə qərq olaraq
hiylə ilə,
riya ilə ağuşuna almaq istər
insanların büt sandığı, tapındığı
o mələyi.
Topa-topa
şəffaf bulud
süzür onun ətrafında,
gah görünür,
gah yox olur
zamanında.
bəzən yağır
günahları
yuyan yağış...
İnsanlarsa gəzir onu
göy üzündə
qarış-qarış...
İşıqlaşır aram-aram...
günəş özü
gülümsəyir
onu görcək
kainatın üzü
gülür
damağı çağ
-
budur gerçək.
Okeanlar,
dənizlər də
sahilindən aşıb
daşıb güclənirlər...
Fırtınalar, təlatümlər qaçılmazdır,
o mələyə çatmaq
üçün
buludlara dartınırlar...
Süxurlar da dirənirlər
yer təkindən
lap üstədək
insanlartək...
iztirabla dolu heyhat,
o mələyə gedən yoldur
əsl həyat...
Şirin
yuxu, böyük vüsal,
qəhrəmanlıq...
Kimdır axı gözəllərin
ən gözəli? -
Huri-cənnət...
Azadlıqdır, Azadlıqdır, Azadlıq...
***
Siqaret
Qutudakı ən sonuncu siqaret,
Yandırım?.. yan
mənimtək.
Yan qurtar, külə dön get,
Sən də tənha, mən də tək.
Sən bir dəfə ölürsən,
Yandırıldın, bitirdin.
Mən gündə neçə dəfə
yandırıldım, dirildim.
Bəlkə heç yandırmayım?!
Sonuncusan...
yandırır...
Gecənin qaranlığı
Sabahı yubandırır.
Tənhayam bu şəhərdə,
Kimdən alım siqaret?
Sonuncu dostum səndin,
Yandıracam... sən də
get...
Yuxu
Rəngarəng işıqların
arasında ağ işıq
gördüm yenə
yuxumda -
Yuxularım qarışıq...
Sarısaçlı bir körpə
ağ atın belindəydi.
mənə əl edirdi: "gəl",
dünyanın məhvəri
onun əllərindəydi...
Ağsaçlı bir qocaydım,
ağ işıqların
ən yaşlısı
olacaqdım...
Çatdım atlı körpəyə -
ağ işığa
qərq etmişdi
Tanrı
onu
nurunun işığından
-
görünmədi bir anlıq
uzun yolların sonu...
Sonra böyümüş gördüm
o sarışın körpəni:
bir əlində qılınc,
birində dünyanın
məhvəri -
mənsizlərdən, mənasızlardan
təmizləyirdi
nura qərq etdiyi
qədim şəhəri...
***
Dərdim
yenə dərd içində,
ayaq üstə ölurəm mən.
İblislərlə bir biçimdə olanlarla
dərd bölürəm.
Dost gorəndə üzüm gülür,
qamətimi düzəldirəm,
gözlərimdən yaş süzülür -
ürəyimdə gizlədirəm.
Hamı
məndən kömək
umdu,
dərdimə kömək
olmadı.
başqasının sözün
dedim,
sözümü demək
olmadı.
Allahdan başqa bir kəsə
Dərdlərini söylə, bilməz.
Nə qədər Tanrı quludur,
Vahid dərddən ölə bilməz...
Vahid Məmmədli
Ədəbiyyat qəzeti.- 2023.-
4 fevral.- S.7.