"Ölümü
hatırlatan
ne var bu resimde?"
Şəkildə
dörd nəfərdirlər: Orhan Vəli, Oktay Rıfat, Melih
Cevdət Anday, "bir də Şinasi". Ehtimal
ki, ya 1931-ci ilin, ya da 1932-nin payızıdır. Hələ ədəbiyyatda yeni yol
açmayıblar. Hələ Qəribin - Birinci Yeninin
doğuluşuna 10 il qalır. Ankaradakı Atatürk liseyində təhsil
alırlar. Ədəbiyyat müəllimləri
də Tanpınardır.
Hamısı Birinci Dünya müharibəsi ərəfəsində
anadan olub.
Orhan Vəlinin doğumu 13 aprel 1914-cü il,
Oktay Rıfat 10 iyun 1914, Melih Cevdət Anday 13 mart 1915. Melih hətta Çanaqqala savaşının ilk
günlərində və Çanaqqalada dünyaya gəlib.
Birinci
Cahan savaşından 25 il sonra İkinci
Dünya müharibəsi illərində, yəni tarixin
dönüş nöqtəsində türk poeziyasının
quruluşunu təməlindən dəyişdirməyə cəhd
edib və buna nail olublar. Yeni ədəbiyyat
axımının əsasını qoyublar. Ənənəni
yıxıb, yeni ənənə yaratdıqlarını bəyan
ediblər: "Biz, senelerden beri zevkimize ve irademize
hükmetmiş, onları tayin etmiş, onlara şekil
vermiş edebiyatların akıcı ve bunaltıcı
tesirinden kurtulabilmek için o edebiyatların bize öyretmiş
olduğu her şeyi atmak mecburiyetindeyiz".
Özü də gör nəyi atırdılar.
Şairanəni,
vəzni, qafiyə sistemini, məcazı...
Orxan Vəlinin qəbullanmadığı şairanənin
başında, şübhəsiz ki, Əhməd Haşimin
poetikası dayanırdı. Bu barədə
çox yazılıb. Tutaq ki, Haşimin "Bir
günün sonunda arzu" şeirindəki "Göllerde bu
dem bir kamış olsam!" misrasına qarşılıq
olaraq Orxan Vəli "Eskiler alıyorum" şeirində
"Bir de rakı şişesinde balık olsam" misrası
ilə cavab verirdi. Haşimə görə,
"Şairin lisanı nəsr kimi anlaşılmaq
üçün deyil, fəqət duyulmaq üçün
vücud bulmuş, musiqi ilə söz arasında, sözdən
ziyadə musiqiyə yaxın bir lisandır". Orxan Vəli isə şeirdə musiqidən, rənglərdən,
hətta şairanədən imtina edir. Əhməd
Haşim musiqiyə yaxın bir dillə, Orxan Vəli isə
"yalın" dillə yazdı. "Birinci
Yeni"nin manifestini - "Qərib"in ön
sözünü də sanki Haşimin "Məna və
Vüzuh" məqaləsinə cavab kimi qələmə
aldı.
Dediyim kimi, ədəbiyyat müəllimləri
Tanpınar idi.
Şairliklərini də ilk dəfə o kəşf
etmişdi. "Yaşadığım
gibi" kitabında Tanpınar qeyd edir ki, "Orhan Veli on
üç yaşlarında iken benim talebemdi. Sadece alabildiyine zeki ve samimi bir insandı. Ancak on beşinde başka sınıfta
karşılaşınca onu şair buldum". Tanpınara görə, "bu çocuqların
yaşlarına və dünyalarına rahatca yerləşmiş
olmaqlarından başqa məziyyətləri yoxdu. Fəqət
nə mükəmməl yerləşmə və nasıl
sahib olma... Böyük şeylər
görmüyorlardı. Xüsusi
buluşları yoxdu. Yalnız o anda
yapdıqları işdən, bir az da həyatlarından məsud
idilər".
Bu şəkil həyatlarından məsud olan o yeniyetmələrin
şəklidir. Melih Cevdət Andayın bu rəsmə ithaf etdiyi
"Fotoqraf" (fotoşəkil) adlı bir şeiri var və
şeirdə həmin məsudluğun bütün əlamətləri
əks olunub:
Dört kişi parkta çektirmişiz,
Ben, Orhan,
Oktay, bir de Şinasi...
Anlaşılan
sonbahar
Kimimiz
paltolu, kimimiz ceketli
Yapraksız
arkamızdaki ağaçlar...
Babası
daha ölmemiş Oktay'ın,
Ben
bıyıksızım,
Orhan, Süleyman efendiyi tanımamış.
Ama ben
hiç böyle mahzun olmadım;
Ölümü hatırlatan ne var bu resimde?
Oysa hayattayız hepimiz.
Məsuddurlar. Oktay Rıfatın atası ölməyib,
Melih Cevdət bığsızdır.
Orxan Vəli
isə...
"Orhan, Süleyman efendiyi tanımamış". Nəinki Orxan, ümumiyyətlə,
türk poeziyası o vaxta qədər Süleyman əfəndi
barədə bir misra belə yazmayıb, heç kəs
Süleyman əfəndini tanımır. Türk
ədəbiyyatı onu Orxan Vəlinin 1938-də
yazdığı "Kitabeyi səngi-məzar" şeirindən
sonra tanıyacaq. 24 yaşlı Orxan Vəlinin
yazdığı bu dahiyanə şeir türk
poeziyasının poetik quruluşunu və məzmununu dəyişəcək.
Ədəbiyyatın heç zaman
uğraşmadığı adi adamın, kiçik adamın
- Süleyman əfəndinin yoxa bənzəyən
varlığını diqqət mərkəzinə gətirəcək,
onu yeni ədəbiyyatın dominant obrazına çevirəcək.
"Yazıq oldu, Süleyman əfəndiyə"
misrası poeziyada yeni mərhələnin simvoluna çevriləcək.
Bəzən Orxan Vəlini şeiri fəlsəfədən
uzaqlaşdırmaqda suçlayırlar. Süleyman əfəndinin
başından keçənlər, həyatı və
ölümü ilə bağlı təəssüratlar, hətta
şeirin adı - "Kitabeyi səngi-məzar", yaxud
Süleyman əfəndinin ömür fəlsəfəsini
"to be or not to be" deyə Şekspirin Hamletinə
göndərmə edərək şərh etməsi, hər
misranın doğurduğu fərqli intiba ... və bu kimi
çox şeylər onu son yüz ilin ən fəlsəfi
şeirinə döndərir. Tanpınarın
dediyi kimi, "Kitabeyi səngi-məzar"ı yazmaqla Orxan Vəli
"ədəbiyyatın və şeirin diliylə və qayələriylə
dəyişməsini istəyirdi. Və
bunun üçün ətrafında dönəcəyi
insanı arayırdı. Süleyman əfəndi
bu arayışın ilk mərhələsi oldu və şeirdən
şeirə onun çöhrəsi dəyişdi".
Hələlik isə bütün bunlar baş verməyib. 17
yaşındadır.
Tanpınarın şagirdləri yazdıqları
şeirləri bir-birinə oxumaqla kifayətlənirlər. Və bir yerdə
şəkil çəkdirirlər. Orxan bu şəkildən
sonra on il də yaşayacaq. Birinci
Yeni dalğasının əsasını qoyub,
dünyasını şəkildəkilərin
hamısından daha erkən dəyişəcək. Ölümü də şairliyinə bənzəyəcək.
Dönəmin başqa bir böyük şairi Cahit
Sıtkı Tarancı demişkən, "Orhan gibi vaktinde
gitmek varken..."
Bu şəklin hekayəsi ya Orxan Vəlinin
ölümü ilə başa çatır, ya da şəkildə
sağ tərəfdə ayağını ayağının
üstünə aşırmış Melih Cevdət
Andayın 1948-ci ildə yazdığı "Toxum"
şeiri ilə.
Poeziyanı
yeni iqlim qurşağına sövq edən, türk şeirində
yeni dalğa yaradan bu gənclərin liseydəki ədəbiyyat
müəllimi Tanpınar, "böyük və diqqətə
dəyər təcrübə yapan" bu üç
şagirdinin - Orxan Vəli, Oktay Rıfat, Melih Cevdət
Andayın virtuozluğuna heyran olduğunu etiraf edirdi.
Melih Cevdət sonralar deyəcəkdi ki, "Üç
arkadaş şeirlərimizi bir-birimizə oxuyurduq. İndi belə sanırlar
ki, üç adam bir yerə
yığılsa, məktəb qurulur. Xeyr,
qurulmaz. Qərib hərəkatı bir təsadüfdür.
Mən ingilis şairləri sevirdim, onlar daha
çox fransız şairləri sevirdilər. Biz üç arkadaş dillə oynamağa
başladıq. Biz üç arkadaş
şeir yazarkən necə zarafat edirdik bilməzsiniz. Gerçəkdən devrimçi şeir olduğunu
sonradan anladım".
"Liseydə "Səsimiz" deyə bir dərgi
çıxırdı. Dərgi toplantılarında Orxan və Oktayla
tanıştım..." Bunu da Melih Cevdət
Anday yazır. Dərginin rəssamı
şəkildəkilərdən biri Şinasidir.
"bir də Şinasi". Əvvəldə
Şinasinin adını dırnaqda yazmışdım. Səbəbsiz deyil. Çünki
şeirdən sitat idi. "Fotoqraf"ın
özəl tərəflərindən biri də budur, o,
fotoşəkli təshih edir. Melih Cevdet
şəkildəkiləri "Ben, Oktay, Orhan, bir de
Şinasi..." deyə təqdim edib. Fotoda
isə Şinasi Orxan Vəli ilə Oktay Rıfatın
arasında əyləşən adamdır. Qəribçilərin məktəb
yoldaşıdır. Şair deyil, rəsm
həvəskarıdır. Dediyim kimi, liseydə
ətrafına toplaşdıqları "Səsimiz" dərgisinin
rəssamıdır. Melih Cevdət onun
adını "bir də Şinasi" olaraq fərqləndirib.
Hətta deyirlər, belə yazdığına
görə Şinasi Melih Cevdətdən inciyibmiş.
Melih Cevdət isə sonralar kitablarını Şinasiyə
bağışlayanda avtoqrafı bir qayda olaraq, elə bu şəkildə
də yazarmış: "bir də Şinasiyə".
...Şəklin tarixçəsi Melih Cevdətin
anlatdığı həmin günlərdən
başlayır. Bir neçə il sonra Birinci Yeni
dalğası qabarır. Təxminən on il,
1948-ci ilə qədər belə davam edir.
Melih Cevdətin
48-də yazdığı "Toxum" şeiri bərabər
başladıqları yolun sonu olur... "Dörtnala haberci
ilkyazdan / Aşağıdan inceden beyazdan / Dumanı tüten
sıcak tohum / Dolan kara toprağı dolan
/ Ulaş yeryüzüne ak tohum".
Melih Cevdətə görə, "Toxum" onun ən
yaxşı şeiridir.
"Toxum" çap olunduğu gün qapını
qırarcasına içəri girib, "Yapma, Melih, böylə
şeir yazma" - deyən Oktay Rıfat da sonralar şeirdəki
yolunu, estetikasını dəyişəcək. Yeri gələndə
ənənədən də vaz keçməyəcək,
ictimai məzmunlu şeirlər də yazacaq.
Təkcə
"Yap, Melih" - deyən Orhan Vəli dəyişməyəcək...
Doğrudur,
Melih Cevdət Orxan Vəlinin 1945-ci ildə yazdığı
"İstanbul türküsü"nü xatırladıb,
"Sonralar Orxan Vəli dəyişdirdi şeirini... Rumelihisarda oturmuşam şeiri Qərib deyil ki" -
deyir.
Melih Cevdət niyə belə deyib, bilmirəm. "İstanbul
türküsü" elə Qəribin ilk illərindəki, ən
azı, "Kitabeyi səngi-məzar"dakı Orxan Vəlidir.
Orda Süleyman əfəndiyə, burda Orhan Vəliyə kədərlənmək
olar...
Orhan Vəli,
bəlkə, bir də o səbəbdən şeirinin
estetikasını, yolunu dəyişdirmədi ki, artıq
ölümü xatırladan hadisə baş vermiş, 36
yaşlı Orhan Vəli dünyasını dəyişmişdi...
"Ölümü hatırlatan ne var bu resimde? Oysa
hayattayız hepimiz."
Şəkildə, doğrudan da, ölümü
xatırladan heç bir cizgi görünmür.
Hamısı 17 yaşlarında məsud gənclərdir.
Melih Cevdət
elə bir sual verib ki...
2 fevral 2023
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2023.- 4 fevral.-S.4.