Bir üzdənirağın
anası
Hekayə
Ernest HEMİNQUEY (1899-1961) - Tam
adı Ernest Miller Heminquey olan məşhur ABŞ nasiri və
jurnalistidir.
Zəngin ədəbi fəaliyyətinə
görə 1954-cü il üçün ədəbiyyat
üzrə Nobel mükafatına layiq görülübdür.
Atası öləndə o, hələ sütül
oğlan imiş. Rəhmətliyin meneceri bunun
atasını məzar yeriylə həmişəlik təmin
edibmiş. Başqa sözlə desək, məzarlıqdakı
yerə görə müddətsiz ödəniş
edibmiş. Amma hərifin anası
dünyadan köçəndə menecer düşünüb
ki, bu üzdəniraqla öz eşq-məşqi hər zaman
bunca şirin-şəkər olmayacaq. Hə, hə,
meneceriylə o, sevgili idi: Pakonun bir üzdəniraq olduğunu
yəqin heç siz də bilməmiş deyilsiniz. Bəs necə, o da nacins tiplərdəndir. Bunu
nəzərə alan meneceri Pakonun anası
üçün məzar yerini vur-tut beş illiyə
kiralayıbmış.
Sonradan, yəni
İspaniyadan Meksikaya döndüyü vaxt onun adına
ilk xəbərdarlıq məktubu gəldi. Sənəddə
deyilirdi ki, bu - ilk xəbərdarlıqdır. Beş illik müddət artıq bitmək üzrədir
və əgər o, anasının məzarda rahat
uyumasını umursa, onda gərəkli addımı da
atmağa məcburdur. Məzar yerini həmişəlik
satın almaq üçün köçürəcəyi məbləğ
isə iyirmicə dollar idi. Həmin vaxt
şirkətdə kassa üzrə məsul şəxs mən
idim. Ona görə də Pakoya dedim ki, bu işi mənim
öhdəmə buraxsın. Ancaq o, heç
cür razılaşmadı - guya məsələni
özü həll edəsiydi. Həm də
təcili qaydada. Ana onun anasıydı və
buna görə də hər şeyi özü yoluna qoymaq istəyirdi.
Aradan bir həftə ötüncə, o, ikinci xəbərdarlığı
aldı. Məktubu uca səslə oxuduqdan sonra əlavə elədim
ki, mən onun bu məsələni artıq
çürütdüyünü zənn eləyirdim.
- Yo-o-x, hələ
çürütməmişəm, - dedi.
- Onda bunu
mən həll edim. Həm də kassadakı məbləğ
hesabına.
Bu dəfə
də:
- Yox, -
dedi.
Üstəlik, onu da bildirdi ki, nəyi və necə etməsi
barədə heç kəs ona ağıl-zad verəmməz. Vaxt tapan kimi
özü məsələni çürüdəcəkmiş.
Sadəcə uyğun zaman yetişmədən
bu işə pul xərcləməyin nə mənası
varmış axı?!
- Elə
olsun, - deyə razılaşdım. - Ancaq bu məsələni
unutma.
Halbuki həmin vaxt o, hər birindən dörd min peso
qazanmaq şərtiylə, altı buğa
döyüşü və bir dənə də benefis
döyüşü üçün müqavilə
imzalamışdı. Nə gizlədim ey, simicin biriydi də o.
Aradan bir həftə ötdükdən sonra
üçüncü xəbərdarlıq məktubu gəldi. Bunu da uca səslə
özünə oxudum. Məktubda deyilirdi
ki, gələn həftənin şənbə gününə
qədər pul ödənməsə, anasının məzarı
açılacaq və qadının qalıqları digər
yiyəsiz sümüklərin üst-üstə
qalaqlandığı çuxura atılacaq.
Pako dedi
ki, günü bu gün günortadan sonra şəhərə
gedib, özü bu məsələyə sonuncu nöqtəni
qoyacaq.
- Bu
işi niyə mənə həvalə etmirsən ki?! - deyə maraqlandım.
- Sənə
dəxli olmayan işlərə burnunu soxma, - deyib təpindi. -
Bu, mənim işimdir və anamın qeydinə də
özüm qalacağam.
-
Yaxşı, yaxşı, sən deyən olsun. Elə
isə öz işini özün gör.
Həmin
vaxtlar cibində ən azı yüz, bəzən daha çox
peso olsa da, gərəkli məbləği o, yenə də
kassadan aldı və bu dəfə məsələni mütləq
həll edəcəyinə söz verdi. Məhz bu işi görmək üçün pul
aldığını görüncə, mənim də ürəyim
rahatladı.
Aradan bir həftə də ötdü və daha bir məktub
aldıq. Mətndə bildirilirdi ki, son xəbərdarlığa
da hər hansı məhəl qoyulmadığından mərhumənin
qalıqları artıq digər sahibsiz sümüklərin
qalaqlandığı yerə atılıbdır.
-
İlahi pərvərdigara! - dedim. - Axı sən o məbləği
ödəmək adıyla kassadan hələ pul da
almışdın. Görürsən, ananın
ruhunu necə narahat edirsən? İlahi, bu ki tamamilə
ağlasığmazdır! Bax, ananın sümükləri
artıq digər yiyəsiz sümüklərə
qarışıb-getdi! Axı niyə bu işi
vaxtında mənə tapşırmadın?! Elə ilk xəbərdarlıqdan sonra pulu
köçürərdim, məsələ də bitib gedərdi
də.
- Bunun sənə
heç bir dəxli yoxdur. Çünki o - mənim
anamdır.
-
Haqlısan ey, bu, mənim yox, məhz sənin məsələndir.
Ancaq doğma anasıyla bu cür davranan adamdan hər nə
desən, gözləmək olar! Bəyəm sənin
damarlarında insan qanı axmır ki?
- O, mənim
anamdır və mənim üçün daha əzizdir. İndi oturub, onun filan yerdə
basdırıldığını düşünməmin və
yasa batmamın heç bir mənası qalmayıb. Artıq onun ruhu daima mənimlədir, öz
yanımdadır. Eynilə quşlar və
çiçəklər kimi. Və həmişə
də mənimlə baş-başa olacaq.
-
İlahi, sən özün bu hərifin günahından
keç! Sənin damarlarında axan qan görəsən
nə rəngdədir elə? Bax, bundan belə mənimlə
bircə kəlmə də kəsmə!
-
Anamın ruhu artıq həmişəlik mənimlədir, -
deyə təkrarladı o. - Daha onu heç vaxt qəribsəməyəcəyəm.
Həmin vaxtlar o, əyləndiyi qadınların
yanında özünü əsl dəliqanlı kimi
aparır, sağa-sola pul xərcləyir və bu yolla hər kəsi
aldadacağını umurdu. Halbuki ona yaxşı
bələd olanların yanında bu "nömrələr"
keçmirdi. Şəxsən mənə
altı yüz pesodan çox borcu vardı. Pulu ödəmək kimi bir niyyəti isə yox idi.
Pulumu istəyəndə də:
- Niyə
indi istəyirsən?! - deyirdi. - Yoxsa mənə
heç etibarın qalmayıb? Bəlkə daha
səninlə dost-zad deyilik?
- Dost
olmağına dostuq, sənə etimad edib-etməməyin isə
buna bir dəxli yoxdur. Sadəcə sən buralarda
olmayanda bəzi xərcləri mən öz cibimdən ödəmişdim,
indi isə pula dərin ehtiyac duyuram. Sənin
isə əlində borcunu ödəyəcək qədər
pul var.
- Yox, indi
əlimdə-ovcumda heç nə yoxdur.
- Xeyr,
var. Pulların məndəki kassadadır və istəsən,
oradan da ödəyə bilərsən.
- O
pulları başqa işə xərcləyəcəyəm, -
dedi. - Mənim nələrə pul xərclədiyimi sən
haradan biləsən axı?!
-
İspaniyada olduğun müddətdə ev
xərcləri üzrə gələn qəbzlərə
görə ödənişlər etməyi sən mənə
tapşırmışdın, halbuki mənə heç qara
quruş da yollamırdın. Odur ki, o məsələlərə
öz cibimdən altı yüz pesodan çox pul xərcləməli
oldum. İndi özümün pula
ehtiyacım yaranıb və sən o məbləği mənə
qaytarmalısan.
-
Yaxın günlərdə ödəyərəm, - dedi. -
Çünki özüm də indi çətin vəziyyətdəyəm.
- Nə
çətinliyidir o elə?
- Eh, o qədər
dərdim-sərim var ki!
- Elə
isə o borcun bir qismini indi ver.
-
Mümkün deyil. İndi özümün də
paraya-pula ehtiyacım var. Ancaq bu yaxında sənə olan
borcumu mütləq ödəyəcəyəm.
İspaniyada
ikən o, vur-tut iki kərə buğa döyüşünə
çıxmışdı və necə bir tip olduğu az vaxtda bəlli olduğundan orada onu sən deyən
çox saxlamamışdılar. Tikdirdiyi yeddi
çeşiddə matador kostyumunu səliqəsiz şəkildə
çamadanlara dürtüşdürdüyündən geri
dönəndə dəniz suyunun təsiriylə o pal-paltar da
pis kökə düşmüşdü və bir daha geyilməyəcək
halda idi.
Lap
özümdən çıxdım:
- Buna
heç inanmağım gəlmir! Gedib İspaniyada
bütöv bir mövsümü qalsan da, cəmi iki
döyüşə qatılırsan, üstündəki
pulların hamısını kostyumlara xərcləyirsən,
sonra isə duzlu suyun təsirindən qorumağa ərindiyin
üçün onların geyilməz hala düşməsinə
də zərrəcə məhəl qoymursan!
Mövsümü belə başa vurmağını bir yana qoyaq, hələ durub, mənə deyirsən
ki, işlərə özün əncam çəkəcəksən.
Elə isə təcili pulumu qaytar və səninlə
sağollaşaq.
- Yox, mənim
hələ sənə ehtiyacım var. Borcumu da
qaytaracağımdan tam əmin ol. Ancaq indilik
özüm pul barədə sıxıntıdayam.
- Yəni
o qalan işlər ananın məzar yeri üçün məbləği
ödəməkdən daha vacib sayılırdı ki?! Yoxsa buna görə də pul sıxıntısı
çəkirsən?
- Anamla
bağlı baş verənlər mənim lap ürəyimcədir.
Sən bunun səbəbini əsla anlamazsan.
-
Çox şükür ki, bunu anlamıram. Onda
borcunu ya özün ödə, ya da mən o məbləği
kassadan götürəcəyəm.
- Bundan
belə kassaya da özüm baxacağam.
- Xeyr, mən
buna imkan vermərəm, - dedim.
Həmin
gün axşamüstü o, ac-yalavac, yaramaz bir həmyerlisiylə
yanıma gəlib, dedi: "Bu qağa bizim kənddəndir. Anası ağır xəstə olduğu
üçün ona təcili yol pulu verməliyəm".
Hərifin
görkəminə baxan kimi onun həmkəndlisi
olmadığını anladım: mənə kələk gəlmək
istəyirdi. Guya çalışırdı ki,
tanınmış matador olduğu üçün kəndlilərinə
öz əliaçıqlığını göstərməklə
öyünsün.
Mənə
dedi:
- Kassadan
ona əlli peso ver.
- Elə
bu gün mənə verəcək pulun
olmadığını özün söyləmişdin. Bəs indi necə olur ki, bu pəzəvəngə əlli
peso verməmi buyurursan?
- Biz
onunla həmyerliyik axı. Həm də adam çətin
durumdadır.
Kassanın
açarlarını onun üstünə tulladım:
- Vay səni,
əclaf! Get, pulu özün götür. Mənim
isə şəhərdə işim var.
O, dilləndi:
- Mənə
acığın tutmasın. Borcumu
qaytaracağam.
Şəhərə getmək üçün
maşını qarajdan çıxartdım. Bu
maşın da onunkuydu və yaxşı bilirdi ki, ondan daha səriştəli
sürücüyəm. Hər barədə
ondan daha mahir olduğuma bələd idi, halbuki özü
heç düz-əməlli oxuyub-yazmağı da
bacarmırdı. İndi bir
tanışımla görüşə gedəcəkdim ki, bu
hərifdən borcu zor gücünə almaq barədə ondan
məsləhət alım.
Pako mənə
yaxınlaşdı:
- Mən
də səninlə gedirəm və borcumun hamısını
sənə qaytaracağam. Axı biz dostuq.
Niyə boş şeylərə görə
aramız dəysin?!
Yolboyu mən sükan arxasındaydım. Şəhərin
girişində o, cibindən iyirmi peso çıxardıb, mənə
uzatdı:
- Bu da sənin
pulun, - dedi.
- Ə, sən
- doğma anasını saymayan bir yaramazsan! - deyə
üstünə bağırmaqla, həmin pulu harasına
dürtməsi gərəkdiyini ona bildirdim. - Hansısa pəzəvəngə
əlli peso verəndə heç üşənmirsən, mənə
isə altı yüz pesodan artıq borcun ola-ola, cəmi iyirmi
peso qıyırsan?! Səndən heç bircə sent də
almaram. Onu harana soxacağını isə özün məndən
daha yaxşı bilirsən!
Əliboş, qanıqara halda maşından
düşdüm. Harada gecələyəcəyimi də
bilmirdim.
Sonradan bir dostumla gedib, onun yanında qalan əşyalarımı
da götürdüm. İndiyə qədər onunla bircə kəlmə
də kəsməmişəm.
Bir axşam onu üç dostuyla birgə Madridin Qran-Via
səmtindəki "Kallao" kinoteatrına gedən
gördüm.
Tez mənə əl uzadıb:
- Salam, əziz
dostum Rocer! - dedi. - Necəsən? Hamıdan tək eşitdiyim
odur ki, arxamca naxoş sözlər
danışırsan, ağlasığmaz yalanlar, şayiələr
uydurursan barəmdə.
- Barəndə
dediyim tək iddia - sənin ananın yerli-dibli
olmamasıdır.
İspanlar arasında bu deyim - bir kişiyə söylənə
biləcək ən ağır təhqir sayılır.
-
Haqlısan, vallah, - dedi. - Zavallı anam öləndə hədsiz
balaca idim və mən anamın yerli-dibli olmaması fikriylə
tamamilə razıyam. Həm də bu, çox acı bir dərddir!
Bu da olsun
sizin üçün bir üzdəniraq tipi! Bunların
ələgələn bir yanı yoxdur. Heç
nə, heç bir təhqir belələrinə təsir eləmir.
Bunlar ya sırf özgələrə hava atmaq
üçün pul xərcləyirlər, ya da sırf özlərinə.
Aldıqları borcu isə əsla qaytarmazlar.
Özünüzə güvənirsinizsə, siz də
bunlardan borc almağı bir sınayın. Halbuki
mən Qran-Viada, həm də üç dostunun gözləri
önündə onun barəsində bütün
düşündüklərimi düz gözlərinin
içinə söyləmişdim. Ancaq hələ
də o, hər qarşılaşanda mənimlə elə
danışır ki, guya can-ciyərik.
Doğrudan da, belə üzdəniraqların
damarlarında axan qan görəsən nə rəngdədir?
Ernest Heminquey
Dilimizə çevirdi: Azad Yaşar
Ədəbiyyat qəzeti.- 2023.- 11 fevral.- S.23.