Görkəmli gürcü şairi, nasiri və publisisti Davit Şemokmedelinin minimal poeziya nümunələri müasir gürcü ədəbiyyatında yeni bir çalar kimi qəbul olunur. "Ucalıq", "Sükutun səsi", "Payıma düşən səma", "Solğun mənzərələr", "Sözlərdən o yanda" və "Quşlar qışda niyə ağlayır" kitablarının müəllifidir. Gürcüstanın "Davit Ağmaşenebeli", "Qalaktion Tabidze", "Nİko Lortkipanidze" və İvane Maçabeli" mükafatları laureatıdır.

 

***

 

Ey uca asiman,

Sən də təhlükəsiz deyilsən demək, -

Dünən qırğı keçdi göyün üzündən...

 

***

 

Günəş batsa da

Mənim evimin qənşərində

İşıq saçırdı qar çiçəkləri.

 

***

 

Sevib-seviləndə

əllərim çatırsa asimanlara,

demək, göy sən deyən uzaq deyilmiş.

 

***

 

Mən neçə misra pozmalıyam ki,

Səni bircə sözün içində tapım?..

 

***

 

Köhnə zirzəmiyə düşən şəfəqtək,

Düşdü ürəyimə sənin gözlərin...

Zirzəmi necə də gözəlmiş, gülüm.

 

***

 

Mənim yuxusuz gecələrimdən

Sənin əbədi yuxuna qədər

Neçə bahar, neçə qış var,

Ay ana!

 

***

 

Ananın gəlişi, ayaq səsləri -

Ürək döyüntüsüdür sanki Tanrını...

 

***

 

Kəndimin cığırı,

Aparırsansa,

Apar, apar məni uşaqlığıma,

Məzarlığa tərəf niyə dönürsən?..

 

***

 

Evə qayıtdım,

Məlum oldu ki,

Heç vaxt, heç yana

Getməmişəm mən.

 

***

 

Hayana üz tutub gedirsiz, quşlar,

İsti ölkələrə çatana qədər

Siz mənim buludlu asimanımı

Qət etməlisiz.

 

***

 

Gül-çiçək içində

Gördüm mən səni,

Cəh-cəh vuran quş...

Amma bilmədim

Kimin üçün oxuyurdun sən o nəğməni...

 

***

 

Səmadan vətənin qəmi yağırsa,

Yağışdı demə,

O qəm damlaları qəlbə damırsa,

xoşdu demə.

 

***

 

Bax, orda tər çiçək durub tək-tənha,

Günəş o çiçəyin kölgəsini

Doğdu bu səhər.

 

Gecə

 

Günəş hamı üçün günəşdir, amma

Mən heyran olmuşam işıldaquşa.

 

***

 

Əyilib tər çiçək dərmək istədim,

Əlimdən sürüşdü çiçəyin tağı,

Yalnız uşaqlıq xatirələri

Qaldı əlimdə.

 

***

 

Heç vaxt analığım olmayıb deyə,

Anam bu dünyadan elə köçdü ki,

Bilmədim mən onun qədrini, Allah.

 

***

 

Sənin həyatında qadın qəflətən

Tozanaq qaldıran bir çovğun kimi

Hər şeyi alt-üst eləməyibsə,

Demək, bu dünyada yaşamamısan...

 

Məhəbbət

 

Həyatın mənası elə odur ki,

Boşluqlar

İlahi işıqla dolsun.

 

***

 

Özümdən çıxanda sən küsmə məndən,

Bahar gecikəndə günün üzünə

olmuşam mən.

 

***

 

Qonşunun bağından oğurladığımız

Meyvə qədər şirin dadlı idi

O gecə, gülüm...

 

***

 

Bar gətiribsə,

Hər şey bəllidir.

Yarpaqlarının xışıltısından

Tanınmaz ağac...

 

***

 

Danışa biləndə sənin gözlərin

"Sevirəm" sözünü demədi mənə.

İndi hisslərimin məzarlığında

Hər səsə karam...

 

***

 

Şair öləndə,

Bir dərd çəkəni ölür dünyanın.

Bax, buna görə dərd ağırlaşır.

 

***

 

Yad -

Şair varlığının açarıdır

Bu söz əzəldən

***

 

Həyat

Doğrudan da haqlılığına

Həm özünü, həm özgələrini

İnandırmaqdır

 

***

 

Ömürlə ölümün arasındakı

Bu körpü ki var,

Zülmətdə sayrışan şəfəq kimidir...

 

***

 

Nifrəti dəf edib, dəfn elədin sən,

İndisə əndişə bürüyüb səni,

Deyirsən nifrətsiz

Sevgi-məhəbbətim yaşayacaqmı?

 

***

 

Məktəb partasında qoyub getdiyin

O tər gözəllik

Qar kimi əriyib, xəbərin varmı?

İçimi göynədir inişilki qar...

 

***

 

Eh, adın bahardı,

Amma gəlişin

Soldurur bağımın çiçəklərimi...

 

***

 

Köhnə niqablarla vidalaşmaq faciə deyil,

Elə bil, bezdiyin oyuncaqları

Atdın ki, gedib təzələrini

Alasan sabah

 

***

 

Mən səni axtardım... axtardım, tapdım,

Odur ki, tapanda sən tək deyildin,

Yalqızlığın da yanında idi.

 

***

 

Sən ki bülbülün nəğməsinə

dodaq büzürsən,

Mənim için-için ağladığımı

Eşidərsənmi?!.

 

Davit Şemokmedeli

 

Orijinaldan tərcümə: İmir MƏMMƏDLİ

 

Ədəbiyyat qəzeti.- 2023.- 11 fevral.- S.24.