Atılan toplara diksinməyənlər,
yaxud "İnişerinin
banşiləri"ndə
Vətəndaş müharibəsi izləri
Bir
gün İrlandiyanın sakit, gözdən iraq,
yetəri qədər də cansıxıcı İnişerin
adasının sakini Patrik Sallivan öyrənir ki, uzun illər
yoldaşlıq etdiyi, "butulkadaş"ı Kolm Doerti daha
onunla dostluq etmək niyyətində deyil. Artıq
Partik bu boz, cansıxıcı adada bir-birindən fərqlənməyən
günlərini hər gün eyni saatlarda Kolmla pabda keçirə
bilməyəcək. Daha doğrusu, hər ikisi paba gələcək, lakin ayrı-ayrı
masalarda oturası olacaqlar, çünki Kolm onunla kəlmə
kəsmək istəmir. Əvəzinə musiqi
bəstələmək, özündən sonra dəyərli əsərlər
qoyub getməyi arzulayır.
Bu xəbəri öyrənən Patrik məyus olur. İllərlə
dostluq elədiyi, öz aləmində günlərini birlikdə
bəxtəvərcə keçirdikləri dostunun bu qəfil
qərarı onu darmadağın edir.
Patrik dostunun qərarı ilə barışa bilmir. Elə bilir
zarafatdır. Lakin dostu qərarında qətidir.
Doğrusu, ada sakinləri də Kolmun bu hərəkətindən
təəccübləniblər. Amma Kolma haqq
qazandıranlar da var. Biri elə Patrikin bacısı Şivon:
"Bəlkə sən darıxdırıcısan?" -
deyir ona Kolmun dostundan üz çevirdiyini öyrənəndə.
Sonradan Şivonun adanı tərk etməsinin bir
səbəbi də, deyəsən, elə qardaşının
bu darıxdırıcılığı olur.
Lakin Patrik dostundan vaz keçmək niyyətində
deyil, min oyunla Kolmun mühafizə qılafını
yarmağa çalışır. Cəhdləri
uğursuz olanda isə keşişə şikayət edir,
sonra isə hiyləyə əl ataraq Kolmun skripkaçı
yoldaşını adadan uzaqlaşdırır.
İş o yerə çatır ki, Kolm Patriki hər dəfə
onu narahat edəcəyi təqdirdə öz
barmağının birini kəsəcəyi ilə hədələyir.
Patrik
axşamlar paba gələndə "xəyanətkar"
dostunun ətrafına skripkaçıları da
yığıb əyləndiyini görür, bundan qeyzlənir.
Onunla isə
bu arada özündən də əbləh Dominik münasibət
qurmağa çalışır. Rejissor əbləh
Dominik obrazını yaratmaqla Kolmun illərlə Patrikdən nələr
çəkdiyini bu müqayisədə göstərməyə
çalışıb. Axı sənət
vurğunu olan Kolm saatlarla eşşəyinin nəcisindən
danışmağa xoşlayan Patriklə necə dostluq edə
bilər? Bu cür dostluq nə zamansa
qırılmalı idi və qırılır.
...beləcə, illərin dostları arasında
münaqişə dərinləşir.
...ölümlə, yanğınla, nəticələnir
(bəlkə də Dominikin ölümündə də bu
hadisənin təsiri var).
...ayrılıqlara səbəb olur.
...dostun biri öz rutin həyatından razıdır, digəri
dəyişiklik arzusundadır.
...hətta
adada dostunu və sevimli eşşəyini itirəndən sonra
da Patrik dəyişikliyə razı olub bacısının
yanına getmək istəmir, mühafizəkardır,
hazırkı durumu ilə barışır, Kolm isə yox,
mahnı bəstələmək, yaratmaq, özündən
sonra iz qoymaq istəyir, bunun üçün barmaqlarından
da keçməyə hazırdır.
Fonda isə
İrlandiya Vətəndaş müharibəsi gedir... Aradabir
adadan yalnız top səsləri eşidilir. Başqa
heç nə. Adadakılara bu müharibənin
dəxli yoxdur. Atılan toplara diksinməyənlərdəndirlər.
Bir də pul müqabilində hansı tərəfdə
olmasından asılı olmayaraq Vətəndaş müharibəsində
iştirak edən istənilən kəsi asmağa hazır
polis var - Pedar, o kəsləri ki, bir hissəsi ölkənin
müstəqilliyini istəyir, digər qismi də
Britaniyanın tərkibində qalmağı. Yəni
Pedardan ötrü Kolmun, yoxsa Patrikin haqlı olmasının
bir əhəmiyyəti yoxdur, fürsətcildir, mənfəətpərəstdir
və filmin sonunda da ən böyük zərbəni elə o
alır, Şivon sevgisinə qarşılıq vermədiyi
üçün göldə intihar edən oğlu Dominiki itirərək.
***
Martin Makdonaxın "İnişerinin banşiləri"
filmi metaforadır, İrlandiyadakı Vətəndaş
müharibəsinin metaforası. Rejissor bir əsr əvvəl
bütün İrlandiyada baş verən vətəndaş
müharibəsini iki dostun arasındakı münaqişəyə
köçürüb. Filmdə sənətsevər,
musiqiçi Kolm İrlandiyanın müstəqilliyini istəyənlərin
belə deyək prototipidir, əbləh Patrik isə köhnə
qaydalarla yaşamaq istəyənlərin. Filmə
də məhz bu kontekstdən baxmağın tərəfdarıyam.
"İnişerinin
banşiləri"nin kəskin, insanı
həyəcanlandıran süjeti yoxdur. Onun üçün də
rejissor məhz bu sakit, gözdən iraq
adanı seçib. Hər şey adanın daşlarla
düzbucaqlılara bölünmüş səthi kimi səliqəli,
yeknəsək, öz axarındadır. Əsas
hadisələr isə kameranın arxasında, filmin dili ilə
desək, adanın qarşı tərəfində baş
verir.
Bir baxıma bu film İrlandiyanın vətəndaş
müharibəsinin yüz illiyinə həsr olunmuş ekran
işidir.
Düzdür, Makdonah birbaşa şəkildə bunu demir,
lakin iki dostun arasında baş verən münaqişə ilə
müharibənin, qırğının nə dərəcədə
şiddətli olduğunu göstərir. Kolm
öz qərarında o qədər qətidir ki, hətta buna
görə barmaqlarından da keçməyə hazırdır.
Bütün Vətəndaş müharibələrinin
ilk növbədə onu törədənlərə zərər
verməsi kimi. İstənilən Vətəndaş
müharibəsi öz qəlbinə saplanmış
bıçaqdır. Bunu filmdə də
görürük. Təsadüfi deyil ki,
Kolm da Patrikin uzaq gəzməsi üçün onu öz
barmağını kəsəcəyi ilə hədələyir.
Lakin Patrik bunu anlamır, cansıxıcı ətalətin
davam edib uzanmasının tərəfdarıdır. Onun üçün də "eşşəkliyi
ucbatından" Kolmu öz barmağını kəsməyə
vadar edir. Sonunda Kolm skripka
çaldığı bütün barmaqlarını, eləcə
də evini itirir, Patrik isə sevimli eşşəyini və
münaqişəyə birbaşa aidiyyəti olmasa da
bacısını. Bununla da hər ikisinin
münaqişəsi mənasızlaşır, çünki əllərində
heç nə qalmır, birinin evi və barmaqları, o birinin
bacısı və eşşəyi gedir. Filmin
sonunda Makdonahın iki dostu sahildə yanaşı gətirməyi
də onların barışığını simvolizə
edir. Çünki daha adanın o üzündə də
top səsləri kəsilib, Vətəndaş müharibəsi
də bitib.
Bu baxımdan "İnişerinin banşiləri" nə
qədər sakit görünsə də, dərinliyində
tufanlar qopan bir filmdir. Bəlkə İrlandiya Vətəndaş
müharibəsindən xəbərsiz olan tamaşaçı
üçün film yalnız iki dostun arasındakı
narazılıqdan bəhs edir, lakin dərinliyinə enəndə
isə burada bir xalqın yaddaşında dərin izlər
salmış ağrı-acı, faciə yatır. Belə əsərlər də var. Üzdən bir
hadisə haqında danışır, əslində isə
tamam başqa bir məqama fokuslanır. Bu
cür əsərlərə Nobel mükafatı laureatı
Kazuo İşiquronun "O gündən qalanlar"
romanını da aid etmək olar. Əsər bir malikanənin
eşikağasının xatirələrindən bəhs etsə
də əslində o ev İkinci Dünya
müharibəsi zamanı İngiltərə və müttəfiqlərinin
Almaniya ilə çox vacib siyasi görüşlər
keçirdiyi malikanə olur, hətta görüşlərin
birində Uinston Çörçill də iştirak
edibmiş. Görünür, ən azı tarixdən məlumatlı
ingilislərin bildiyi bir hadisə barədə İşiquro
geniş məlumat verməyə lüzum görmür, ona
yalnız fon kimi baxır. Belə deyək,
həmən hadisədən xəbərsiz oxucu
üçün "O gündən qalanlar" bir
eşikağasının xatirəsidirsə, xəbərdar
oxucu üçün isə böyük tarixi hadisəyə ev sahibliyi etmiş malikanənin tarixçəsidir.
Nə isə, mətləbdən uzaqlaşmayaq. Filmdə
epizodik rolda verilsə də mistik bir varlıq kimi hər yerdə
görünən missis Makkormik də vacib personajlardan biridir.
Məhz o, adaya ölümünü gələcəyini
xəbər verir. Və filmdə mistik
dünyanın təmsilçisi kimi görünür. Çünki o banşidir - İrlandiya folklorunda pəri
obrazı, ölüm xəbərçisi. Kolmun bəstələmək
istədiyi mahnı da belə adlanırdı:
"İnişerinin banşiləri".
Maraqlıdır ki, missis Makkormik daha çox Patriklə
təmas edir, Kolmla yox, sanki münaqişənin sonunda
ölüm olduğunu bildiyi üçün onu bu
davranışından çəkindirməyə
çalışır. Zənnimcə filmdə banşinin - missis
Makkormik obrazının daha dərin anlamı var, lakin bu
nüans mənim üçün bir qədər qaranlıq
qaldığına görə daha geniş şərh vermək
istəmirəm.
Filmdə aktyor oyununa gəldikdə isə onu deyə bilərəm
ki, Makdonah bu dəfə də "Brüggedə" filmində
birlikdə çalışdığı Kolin Farrel və
Brendan Qlisonu oynadıb və Farrelin əbləh rolunu bu qədər
möhtəşəm canlandırması Makdonahın səhv
etmədiyini göstərir.
Filmin digər məziyyətləri barədə
danışmaq mənə düşməz, lakin artıq indidən
"Oskar" mükafatına müxtəlif kateqoriyalarda namizədlər
arasında adının çəkilməsi onun nə qədər
yaxşı olduğunu göstərir.
Mənim üçün isə Martin Makdonahın ən
yaxşı əsəri kimi hələ də "Missuri,
Ebbinq sərhədində üç bilboard" filmi
qalır. Onun haqqında isə qismət olsa, nə zamansa
danışarıq.
Mirmehdi Ağaoğlu
Ədəbiyyat qəzeti.- 2023.- 11 fevral.- S.20.