Tale kimi doğulan mətnlər
Mübariz Örənin “Qum
adası” hekayəsi haqqında
Hər
bir nasirin yaradıcılığında belə bir hadisə
nə vaxtsa baş verir: yazdığı mətnlərdən
biri digərlərinin içində görünməz olur,
itir, üstündən illər keçəndən sonra o mətn
yenidən doğulur, yenidən "yazılır", o mənada
ki, bu sehrli, amma ilk baxışdan çox saya təsir
bağışlayan hekayə öz içi, ruhu, nəzər
nöqtəsi ilə müəllifin digər mətnlərini
müstəvi üzərinə gətirir, yəni ətrafındakı
hər şeyi cəzb edib özünə çəkən
maqnit qırıntısı kimi. Bu mətn əslində aid
olduğu müəllifin taleyinin bəlirləyicisidir,
çox adi təsir bağışlayan təhkiyə, nəqletmə
tərzi həmin an yetişdikdən sonra - bu hekayə dediyimiz
hadisə baş verdikdən sonra dəyişir, təhkiyənin
içindəki dinamika müəllifin digər mətnlərinin
ruhunu, demək istədiyi sözlərin canını, bir
sözlə, hər şeyi dəyişdirir. M.F.Axundzadənin komediyaları - "Təmsilat"ı
niyə əlimizə alıb oxuduqda sanki bu gün
yazılmış təsiri bağışlayır, yaxud Mirzə
Cəlilin pyesləri, "Poçt qutusu", "Alma"
hekayəsi, yaxud Yusif Vəzirin "Cənnətin qəbzi",
Haqverdiyevin "Millət dostları" əsəri? Təkcə məzmuna, millətin həyatı ilə
bağlı çox önəmli, bu gün də aktual olan məsələlərə
görəmi? Bunun filoloji əsası belə bir
mülahizə ilə şərtlənir ki, bir hekayə, bir
şeir, bir dram əsəri həmin müəllifin digər əsərlərinin,
bədii mətnlərinin taleyi kimi doğulur, tale, insan taleyi
zamanla özünü göstərir, həyatın ən
ağır dəmlərində, gərginliyin insanı
boğduğu anda sən onun
pıçıltısını eşidə bilrəsən
(ancaq yalnız bircə dəfə!), bədii mətn
misalında da bu hal doğrudur, bəlkə ən ağır
zamanda, gərginliyin, sıxıntının ən dəhşətli
məqamında həmin bircə mətn dünyaya demək istədiyin
sözü pardaqlayır, mətn hər gün, hər saat,
ilbəil, zaman-zaman dəyişir, yeni təravət, yeni ruh
qazanır. Amma bu təzələnməni, ruhun,
oxu tərzinin dəyişməsini həmin bədii mətnin
içindəki sirli nəsnə yaradır, elə bir nəsnə
ki, biz onu yalnız xəyal edə bilərik, adlandıra, təsvirə
çəkə bilmərik. Elə şeirlər var ki,
oxuduqda xəyalında gözəl bir fiqur canlanır, yaxud bir
anlığa dünyada gözəlliyinin tayı-bərabəri
olmayan güldanın içindəki gülləri görmüş
olursan, gözlərini yumub açdıqda o güldan və
çiçəklər yox olur, əslində yox olmur, sənin
xəyalına, təxəyyülünə çəkilir,
demək bədii mətndəki bizi heyrətləndirən nəsnə
bizim mətnə verdiyimiz və ondan aldığımız
enerjidir (fiqurla bağlı belə bir ayrıntını qeyd
edək: Ələkbər Salahzadə bir şeirində həmin
məqamı tutub yazırdı: Elə bir gülü şeirə
çəkirsən...), bu iki, qarşılıqlı bəhsləşmə
müəllifin bütün
yaradıcılığını bir sözə, həmin o xəyali
güldan və içindəki heç zaman solmayan güllərin
ətrinə çevirir. Yazan adam onun qəlbinə bircə dəfə
daman hissin, onun nəzərində yerlə göyün birləşdiyi
yeri göstərən xəyalının kölgəsinə
"baxıb", onu seyr edərək yazır... Dünyaca məşhur "Sehrli dağ" (Tomas
Mann) romanında da belədir. Ayinlərin tilsimlədiyi
insan... Sonda mətnin özü də tilsimə
dönür. Yuxarıda
vurğuladığımız "bir mətn - yalnız bircə
mətn" formulu hər bir qələm adamının
taleyində baş verəsi ən gözəl, ancaq bəlkə
də ən kədərli hadisədir. Çünki
bir daha elə bir mətn yaratmaq mümkünsüz olur. Sonra yazdıqca xəyalların da sənə əzab
verir, iztirab gətirir.
Mübariz Örənin "Qum adası" hekayəsi
fikrimizcə, onun yaradıcılığında belə bir
funksiyaya malikdir; ancaq nə mənada? Mübarizin kifayət
qədər "uzun hekayələri" var, onların əskəriyyəti
haqqında söz deyilib, təqdir, yaxud tənqid edilib. Haqlı, yaxud haqsız. Ancaq
"Qum adası" o hekayələrdən fərqlənir,
zahirən yox, daxili enerjisi etibarı ilə. Təhkiyə
Mübarizin bütün hekayələrində bizə tanış olan təhkiyədir, heç bir dəyişiklik
yoxdur, digər hekayələrində olduğu kimi bu mətndə
də "kənardan eşidilən" səs aparıcı
rol oynayır. İndicə baş verəcək,
yaxud cərəyan etməkdə olan hadisə haqqında kimsə
kadr arxasından danışır. Bu hekayəni
digərlərindən fərqləndirən, onu "adiləşdirən",
yəni fərqi ört-basdır edən hansı keyfiyyətdir?
"Köhnə vaxtlardakı kimi Səməd Vurğun
bağında görüşdülər, - heykəlin
qabağında. Yusifin iliydi, Hövsana qəbir
üstünə getməliydilər. Beş il universiteti bir oxumuşdular, filologiyada. Dördü bir otaqda qalmışdı. Sonra həyat hərəsini bir tərəfə
atdı.
- Bəlkə
taksiylə gedək? - Aralarında nisbətən yaxşı
geyinəni dedi.
- Taksini
neynirsən? Avtobus düz yanına gedir, - boz dekabr ayına
uyğun gəlməyən yüngül ağ
kepkada olan dedi.
Üçüncü
də nəsə demək istəyirdi, "Hövsan bir
manat", Hövsana bir manat" - deyib müştəri
çağıran sürücü başlarının
üstünü aldı: "Bir nəfərim var,
ağsaqqal, siz də oturun, çıxaq".
Arxada oturdular. Maşın yerindən tərpənən kimi meyxana səsi
salonu başına götürdü: "Adam var ki, küləylə
dostluq eliyir, başqa arzu-diləylə dostluq eliyir...". "Səs mane olmur ki, ağsaqqal?" - müştərisini yığıb kefi
kökələn sürücünün gözləri
güzgüdə gülürdü. Qabaqda oturan
gənc sərnişin də qanrılıb onlara baxdı.
Ortadakı başıyla "kefinizdə olun" işarəsi
verdi. Sonra qolu ilə yanındakını
tərpətdi: "Gərək gül də alaydıq...". "Oralarda olmamış olmaz" - güclə
eşidiləcək səslə yanındakı dedi. "Qəbiristanlığın
içində var" - üçüncü dedi, söhbəti
necəsə qulağı çalan sürücü
maqnitafonun səsini tamam aldı: "Narahat olmayın e,
ağsaqqal, sizi düz qəbiristanlığın
qapısına aparacam".
Bu adi,
sakit təhkiyə zolağında hələlik "tənbəl
təsvir" var, heç kəs ürək eləyib
bütün səsiylə danışmır, içlərində
nəyin nə olduğunu bilirlər, hər kəs bu
"şəxsi sirrin" içəridən daşlanıb
çölə çıxmasını arzulamır. Sadəcə
beş il bir yerdə oxuduqları dostlarının
ziyarətinə gedirlər. Bu arada meyxananın sözləri
də onların içindəki üstüörtülü
sirrə toxunub keçir, onların gözləri önündə
külək yaradır... Yəni, istənilən mətn, o
cümlədən meyxana mətni də mənasız ola bilər,
"nə var ki burda" deyə bilərsən, amma o mənasız
sətirlər həyatla kəsişdiyi an hər şey dəyişir,
qum saatı işə düşür, saatın dar
boğazından qum dənəcəyi yox, insanların
etibarı, gur səsiylə ürəkdə dəfn edilən
pıçıltıları qoşa keçir, Gertsenin
"Kimdir müqəssir?" sualı aləmi başına
götürür.
Bu kiçik həcmli hekayədə bütün olaylar
kafedə sonuclanır. Onlar, bu üç dost artıq yaşa dolublar, onlardan
bir az aralıda gənclər oturub,
dostluqdan söz açırlar, odlu-odlu. Sözlərindən
bəllənir ki, onlar hələ "küləklə
dostluq edirlər...". Əsl dost kimdir,
sualına bütün güclərini səfərbər edib ətli-qanlı
metaforalarla tərif deyirlər. Əsl dost odur ki...
"Əsl
dost bilirsən kimdi?! Əsl dost odu ki, bax, tutaq ki,
ayağın sürüşür, hündürmərtəbəli
binanın başından düşürsən... O anda... yerə
çırpılanacan... göydə... yadına ilk
düşən kimdisə, bil ki, dostun odu...".
Biri hamı deyəni deyirdi: "Yaxşı dost pis gündə
tanınar, pis gündə...". Biri asan
şeyi çətin deyirdi: "Əsl dost... əsl dost
qardaşdan irəlidi, bilirsən?..
Qardaşdan irəlidi...". Biri isə
öz aləmində dostluğun ən dolğun izahını
verirdi: "Sənin əsl dostun bilirsən kimdi?! Bilmək istəyirsən?! Bax tutaq ki, uzun
müddətə harasa gedirsən... fərqi yoxdu hara... sənin
evinin içində... qulağ as e... evinin içində deyirəm...
arvad-uşağını... etibar edib gedə biləcəyin adamın
varsa, demək dostun da odu!.."
Hekayədə
Qum adası və qum saatının küləyi və səsi
var. Qəbiristanlıqda həyatdan vaxtsız getmiş
dostlarının baş daşı üzərindəki şəkli
onları kövrəldir, kafedə düz
böyür-başlarında gənclik çağlarıyla
rastlaşırlar. Onlar maksimalist idilər, hələ
verdiyi sözü unutmaq məsələsi də
başlarına gəlməmişdi, həyatı sevirdilər,
onun nəfəsini nəfəslərində hiss edirdilər.
Ancaq indi, ömür keçmiş, itirdiklərini
itirmişdilər. Yusif bu itkilərin içində qum saatının bəlkə də ilk zərrəsiydi.
Ancaq Qum adası da var, külək əsir,
adanı su basır, qumu ovcunun içinə alıb dənizin
dərinliklərində dəfn edir, ada
çılpaqlaşır, hər şeyin üstü
açıq qalır. Həyatın faniliyi, gedər-gəlməz
yolların ağrısı, göynərtisi yaxasından
yapışıb hamını silkələmiş, gənclik
çağındakı o ürək, o istək, o coşqunluq
qum kimi dənizin (dəli
çayların...) ovcunun içində əriyib getmişdi.
Amma bu da var: "- Bilirsən nə var, qədeş, - nəhayət
o da dilləndi. - Vaxtikən mənim də atamın
yaxçı dostları olub. Bir yerdə oturublar, durublar, ala,
yeyiblər, içiblər... Maskva, Soçi, Kislavodski...
yaxçı günnəri çox olub. Amma kişi
ölənnən soraa... o dostlardan heç birini
qapımızda görmədim. Başqaları gəldi,
getdi... qohum, qonşu... olar gəlmədi... İndi mənim də
az yaşım yoxdu ha, bacoğlu. Bu yaşımda oturub fikirləşəndə ki,
kimdi atamın dostları, gənə həmin o adamlar gəlir
gözümün qabağına. Sağ vaxtı bir yerdə
oturub-durduğu, bir yerdə yeyib-içdiyi, yaxçı
günnərini bir yerdə keçirtdiyi adamlar..."
Bəzən
sonradan başına gələcək hadisəni olur ki, kiməsə
danışırsan, sənə aid deyilmiş kimi,
danışdıqca bircə tükün də tərpənmir,
çünki o meyxnadakı külək hələ əsməyib,
o mənasız, boşu-boşuna deyilən sözlər həyatda
heç bir itkiylə kəsişməyib, yollar uzağa
aparır, qarşıdan nə gəlir?
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2023.- 11 fevral.- S.18.