"Ədəbiyyat nəzəriyyəsi"
silsiləsindən
Suprematizm
Əli Şirin Şükürlüyə
Zaman dayanmır...
Zaman ötüb
gedir.
Allah idarə edir zamanı,
Allah idarə edir
məkanı.
Hər şey qocalır.
Hər şey başa vurur ömrünü.
Zaman qocalmır,
Allah qocalmır.
Zamanı ehtiva edir Allah.
Allahı
sevənlər,
Allahın ətəyindən tutanlar
Dəyişir dünyasın.
Tək qalır
Allah.
Tənha qalmır, yox, tək qalır.
Tək qalır ən ali eşq
məbədi.
Ucalıqda tək,
Böyüklükdə tək,
Məbudluqda tək,
Zamantək əbədi...
Sentimentalizm
Qəlbində yanğı,
ruhunda yanğı,
ürəyində ağrı
baxıb yaratdığın
dünyaya
əzab çəkirsən,
Tanrı.
Ağrı bürüyüb, əzab
bürüyüb
yeri, göyü.
Qəmlə, göz yaşlarıyla
yazılıbmı
dünyanın taleyi,
insanın taleyi?
Bəşərin çiyinlərində
bu nə yükdür, Allah?
Özüntək əzabın da böyükdür, Allah.
Yaratdığın sadə insanların
sevgisi qorxu içində...
Həyatı ağrı içində
itirmək qorxusunun
vahiməsini yaşayır
sevgisi böyük olan sadə insanlar.
Hər kəsin içində bir qorxu,
bir dəhşət yaşar.
Hər qəlbdə bir eşq əzabı,
bir həsrət əzabı...
Ən ağır
əzabmış məhəbbət
əzabı.
İnsanların dönüklüyü,
etibarsızlığı
sənə ən böyük dərddir,
iztirabdır, Allah.
İnsanların səni anlaya bilməməsi
ən böyük əzabdır, Allah.
Yenə
sən duyursan bizi,
sən anlayırsan bizi.
Ancaq dünya
xali deyil.
Xeyirxah insanlar,
işıqlı insanlar
da çoxdur dünyada.
İşıq paylayırlar doğmaya, yada.
Bu sadə insanlar,
xeyirxah insanlar
eşqinin yolunda fəda eyləyir canı.
Bir inamları var:
Məhəbbət xilas edəcək cahanı.
Magik realizm
Şaman
babam ocaq çatardı,
şam yandırardı
dua edəndə,
and içəndə.
Sən də ocaq çatırsan, şam yandırırsan.
Atəşpərəst baban tonqal qalayar,
üstündən atılardı.
Şam yandırardı
dua edəndə,
and içəndə.
Sən də yandırırsan.
Xristian baban şam yandırardı
kilsədə
and içəndə, dua edəndə.
Sən də yandırırsan.
Müsəlman baban şam yandırardı
ocaqda, pirdə
dua edəndə,
and içəndə.
Sən də yandırırsan.
Əllərini göyə qaldırıb,
Allaha şükranlıq edər,
istəyini diləyərdi.
Sən də edirsən.
Torpağın bərəkətinə,
suyun paklığına,
havanın təmizliyinə,
odun istisinə and içərdi.
Sən də içirsən.
İmanı,
qəlbindəki od, torpaq, hava, su
paklığıdır
insanın sabaha aparan səsi.
Odun torpağın, havanın,
suyun
müqəddəsliyinə inamdır
insanın özünə
qayıdışı,
Allahla əlaqəsi.
Maarifçi realizm
Təbiət ən böyük
kitabdır,
Oxuyub öyrənmək
savabdır.
Dərk
elə bu kamil kitabı,
Yox olsun dünyanın əzabı.
Dərk
elə həyatda özünü,
Həyatın hər cürə üzünü.
Bil nədir savabın, günahın,
Eşqinlə gül açsın sabahın.
Dağları, düzləri gəz
öyrən,
Hər dərdə,
əzaba döz, öyrən.
Kainat düzülmüş nizamla,
Özünə, sözünə inamla.
Dərk
elə bu böyük cahanı,
Cahildir itirən
hər anı.
Müdriklik insanın zinəti,
Böyükdür, alidir qiyməti.
İnsandır dünyanın əşrəfi,
Tanrının yerdəki xələfi.
Anlasan ilahi fitrəti,
Taparsan özündə
qüdrəti.
Aləmi dərk etmək istəsən.
Dərk elə özünü sən öyrən.
Tutun məni
Camal Yusifzadəyə
Tutun məni, buraxmayın,
qırmışam zəncirlərimi,
sındırmışam buxovlarımı.
Sığmıram dünya boyda dar qəfəsə.
Birnəfəsə
aşıb neçə
dağ, dərə,
Yarıb
meridianları,
qırıb paralelləri
baş vurmuşam göylərə.
Min rəngə çalır
göy üzü,
həşəm-həşəm.
Göylərin haqq tərəzisində
ən ağır daşam.
Dünyadan ağırdı
kədərim,
nəşəm.
Tutun məni,
qoymayın yerə düşəm.
Ağamir CAVAD
Ədəbiyyat qəzeti.- 2023.- 11 fevral.- S,19.