Dostoyevski rus mədəniyyətinin

böyük zamanında

 

Filologiya elmləri doktoru, A.M.Qorki adına Ədəbiyyat İnstitutunun MDBMU-nun professoru, F.M.Dostoyevski adına Rusiya Xristian Humanitar Akademiyasının Fəxri professoru (Sankt-Peterburq)

11 monoqrafiya, 350-dən artıq elmi məqalənin  müəllifidir.

ABŞ-da Rus Akademik Qrupun Beynəlxalq F.M. Dostoyevski Cəmiyyətinin assosiativ üzvü, Rusiya Yazıçılar Birliyinin, Rus PEN mərkəzinin üzvü. "Postsimvolizm", "Rus ədəbiyyatının transformasiyası", "Rus ədəbiyyatı: orijinal tədqiqatlar" elmi-təhsil internet portallarının redaktorudur.

İvan Yesaulov rus filologiyasının inkişafına verdiyi töhfələrə görə "Puşkin" Qızıl medalı ilə təltif olunmuşdur. Ədəbiyyat üzrə "Bunin" (2016) "Qızıl Cəngavər"(2021) mükafatlarının laureatıdır.

 

"Böyük" "kiçik" zaman fərqliliklərinin ilk araşdırmaçısı Mixail Baxtindir (əsasən, qaralama qeydlərində). Mən isə onun ideyasını davam etdirərək (müəyyən dərəcədə düzəliş edərək) Rusiyanın görkəmli yazıçılarının yaradıcılığında bu ya digər şəkildə özünü büruzə verən xüsusi mənəvi dirilməyə - mədəni təhtəlşüura əsaslanan "Rus mədəniyyətinin böyük zamanı" anlayışını irəli sürdüm. Dostoyevskiyə gəlincə, bu anlayış tədqiqatçıya Dostoyevski-Turgenev, Dostoyevski-Leontyev məsələsində olduğu kimi, müəlliflərin "kiçik" zaman kəsiyində qarşı qoyulması ənənəsindən qurtulmağa imkan yaradır. Bu isə, öz növbəsində, onların hər birinin yaradıcılığında milli mədəniyyətin xüsusi cəhətlərini, Rusiya haqqında hansısa vahid ideyanın reallaşdırılmasını görmək imkanı yaradır. Müəlliflər müasirləri bunu tam olaraq dərk etməyə bilərlər, çünki bu onların fiziki yoxluğundan sonra aşkar olur onların mətnlərinin xüsusi filoloji təhlili vasitəsilə ortaya çıxır. Məhz elə bu səbəbləri əsas götürərək, mədəni təhtəlşüur haqqında danışmaq lazımdır.

Çox zaman yazıçıları (Dostoyevskini həmçinin) hansısa bir "çağdaş" (məsələn, elə bizim yaşadığımız) dövrə aid edirlər. Bu zaman onun, XIX əsrin yazıçısının, bu müasirliklə "səsləşmə"sini, həmin dövr üçün "aktual" olduğunu xüsusi olaraq vəsf edirlər. Mənə isə belə gəlir ki, bu çox dar yanaşmadır. Kim deyir ki, Dostoyevski bizim "müasir"imiz olmaqdan məmnunluq duyardı? Bunu "təsdiq etməyimizi" o, müsbət qarşılayardımı? Bəlkə o, nəinki bunu istəməzdi, hətta "bizim" müasirimiz olmaqdan çəkinərdi? Ola bilsin, həmin reallıq (götürək müasir Rusiya reallığı, olsun lap müasir dünya "aktuallığı") ona o qədər iyrənc, "şeytani" görünərdi ki, o, bu müasir dövrü azğınlığın təntənəsi kimi dəyərləndirər, həmçinin, "bizim müasirlərimiz"in simasında eyniadlı romanında təsvir etdiyi həmin əcinnələri tanımış olardı?

Tez-tez Dostoyevskinin "öncəgörmələrini" seçib araşdırırlar bir az da özlərindən razı halda - həyata keçib-keçməyənləri sadalamağa cəhd edirlər. Məsələn, tanınmış rusiyalı filosof Sergey Xoruji öz məruzəsini (Sofiyada) Dostoyevskinin həyata keçməyən "öncəgörmələr"inə həsr edib. Bu cür yanaşma dar üfüqə malik olmağımızdan xəbər verir. Kim deyir ki, Dostoyevski olacaq hadisələrdən xəbər verərkən, məhz bizim dövrü nəzərdə tuturdu? Bəlkə, o yalnız bizim "kiçik zaman"ımızda həyata keçməyib, bir qədər sonra, yaxud daha gec baş verəcəklərdən danışırdı?

Onun əsas xəbərdarlığı - əcinnələrin mümkün təntənəsi - özünü doğrultdu, onlar İnqilab edərək, Rusiyanı demək olar ki, bir əsr yəhərlədilər Dostoyevski üçün çox əziz Rusiya üçün bir o qədər mühüm olan Pravoslavlığı, xalqıın inancını total qaydada məhv etməyə çalışdılar. Başqa sözlə, iyirminci əsrdə Rusiyanı qeyri-Rusiya, hətta anti-Rusiyaya çevirmək cəhdi baş verdi. Bu proses milyonlarla milyonlarla insanın qurban verilməsi xristianlara qarşı yeni təqiblərlə müşaiyət olundu. Bunu Dostoyevski dövrünün "tərəqqipərvər"lərindən çox az adam təxmin edə bilərdi. Dostoyevski isə bunu etdi.

Lakin xristian dünyasının (Avropada, Amerikada) xristian mədəniyyətindən uzaqlaşdırılması yalnız Rusiyada baş vermədi. Fərqli məqamı bu idi ki, Rusiyada bu proses daha sərt amansız oldu. Lakin günümüzdə baş verən bir çox hadisələri Dostoyevski məhz cin, hətta şeytan əməli kimi dəyərləndirərdi.

Bəs bütün bunlar nədən xəbər verir? Dostoyevski bəzi öncəgörmələrində "səhv etmişdimi"? Bəlkə biz onun irsini xəyali iki hissəyə bölə, bir parçasının tamamilə "müasir" olduğunu (bizim üçün) elan edə, digər parçasını isə, əksinə, bizim "müasirliyimiz"ə açıq-aşkar uyğun gəlmədiyi üçün rədd edə bilərik? Əslində, bu cür yanaşmaları doğru hesab etmirəm.

Dostoyevskinin, necə deyərlər, tələsən yeri bizim, iyirmi birinci əsr insanlarının, "xoşuna gəlmək" kimi bir amalı yoxdur. üçün ehtimal etməyək ki, biz onun, ola bilsin, çox aşkar öncəgörmələrini məhz həyatımızın "kiçik zamanı"na zidd hesab etdiyimiz üçün qəbul etməyə hələ "hazır deyilik"? Bəlkə Dostoyevskinin dəyərləri bizim deyil, övladlarımızın nəvələrimizin dəyərinə çevriləcək?! Bəlkə o, bizdən fərqli olaraq, bir neçə nəsil sonranın insanları üçün daha "müasir" olacaq? Bəlkə biz öz "dünya mənzərəmiz"lə gələcək övladlarımızın nəzərində köhnəlmiş primitiv, "çətin" hesab etdiyimiz Dostoyevski isə, əksinə, çox aktual görünəcək?

Hər halda, bir daha Baxtinə xitabən, xatırlatmaq istərdim ki, o, Şekspir Dostoyevskini müqayisə edərkən, birinci haqqında onun mütləq şəkildə "Şekspir olduğunu" müasirlərinə, Yelizaveta İngiltərəsinin insanlarına bir çox səbəblərdən əlçatmaz görünən "böyük zaman" kəsiyində yer aldığını qeyd edirdi.

Dostoyevski haqqında isə "o hələ Dostoyevski olmayıb, o, hələ olmaqda davam edir" yazırdı. Baxtin bu düşüncələrini ötən əsrin 60-cı illərində yazmışdı. Lakin Dostoyevski günümüzdə hələ "yenicə" Dostoyevski "olmağa" başlayır. Dostoyevski olması üçün isə, zənnimcə, onu məhz rus mədəniyyətinin böyük zamanı çərçivəsində, rus ədəbiyyatşünaslığının mənəvi birlik, mənəvi dirilmə, mərhəmətlilik, xristosentrizm, divanəlik, məzhəkəçilik kimi yeni kateqoriyaları vasitəsilə dəyərləndirmək lazımdır. Bu kateqoriyalar Dostoyevski həyatının yalnız "kiçik zaman"ını səciyyələndirmir, onlar bütünlükdə rus mədəniyyətinə xasdır, pravoslav xristian mənşəli bu kimi kateqoriyaların əhəmiyyəti nəzərə alınmadığı halda, rus mədəniyyəti ( ədəbiyyatı) da öz mahiyyətini itirmiş olur.

Dostoyevski özü israr edirdi ki, rus insanı eyni zamanda həm "cahanşümul insan", "bütün insanların qardaşı" olmalıdır. Bu sözləri o, Puşkinə aid edirdi, lakin bu fikrilər həm yazıçının öz dəyərlərini, ona doğma olan fikirləri ifadə edir. "Puşkin məruzəsi"ndə Dostoyevski dövrünün insanları haqqında deyil, "gələcək" rus insanları haqqında danışır. Odur ki, həmin sözləri mədəniyyətimizin qonşularla müharibələr, çəkişmə düşmənçilik yaşanan "kiçik" zamanına da aid etmək olmaz. Onlar bizim keçmişimiz, bu günümüz - "gələcəyimiz" olan, lakin, böyük ehtimalla, indi genişlənməyə başlayan məhz "böyük zaman"da anlaşıla bilər. Dostoyevski insanların "şeytan"i fitnə-fəsadını dəf edən gələcək "həmrəyliyi"indən xəbər verirdi. Dostoyevskinin bu əsas peyğəmbərliyi yalnız rus mədəniyyətinin böyük zamanı kontekstində tam şəkildə aydın olur.

 

İvan Yesaulov

 

Rus dilindən tərcümə etdi:

Kəmalə Umudova

 

BSU-nun Rus ədəbiyyatı tarixi kafedrasının dosenti

 

Ədəbiyyat qəzeti.- 2023.- 11 fevral.- S.17.