O sevdalar aşiqinin gerçək cizgiləri
İstəkli el
aşığı, ustad Şakir Hacıyevin 100 illiyinə
yazıçı töhfəsi
Sənədli povestdən
parça
Bütün
bu görüb-duyduqlarımıza, eşitdiklərimizə rəğmən,
el-obada, eləcə də azman Türk məkanında bir
"aşıq Şakir" möcüzü olub. Səsi-sorağı
hər yanı bürüyüb.
Borçalı elləri, məsələn, bir cür
danışıb ondan. Qarabağ əhli ayrı cür. Təbriz-Tehran,
Dərbənd-Rutuldakılar, Aşqabaddakılar özgə rəng
qatıb bu səsin, sözün, avazın sehrinə. Faruqun özü də görmüşdü,
tanıyırdı. Öz qənaəti
vardı. Bütün bu təsvirləri
bir yerə yığıb özlüyündə
"aşıq Şakir" obrazını yaratmağa
çalışırdı.
Aşıq Şakirin möcüzü Dərviş Məstəli
şah "möcüzü" deyildi. Bir anda Parisi
yıxıb-dağıda, xalqı öz
fırıldağına inandıra. O, İsfahanlı
Şeyx Nəsrullah da deyildi, "ölü dirildə",
insanları soyub-soymalıya, daldalarda kefini çəkə! Şakir möcüzü toylarda, bayramlarda, el şənliklərində,
konsert salonlarındaydı. Sonra da
ilğımlaşıb yox olurdu. Səsinin
ətri el-obada bəlkə bir həftə qalırdı.
Hamı Şakirdən, onun
balabançısı Həsrətdən
danışırdı.
Aşıq Şakir nə də hipnozçuydu. (Gözbağlayıcı!
İqor Kio!). Sadəcə,
el aşığıydı. O illərin aşıq
libasını geyib əlinə sazı alandan sonra ilahi vergiləri
üzə çıxırdı. Getdikcə də
bu vergilər möcüzləşirdi. Səsində,
danışığında, davranışında həm də
Şirvan mədəniyyəti görünürdü.
Faruqun əmisi
oğlu (Məzahir!) söz düşəndə bir dəfə
belə demişdi: "Adi vaxtlarda o da elə bizim kimi
adamdı. Boy-buxunu da elə bizimki qədərdi.
Toyda, toyxanada amma ayrı dəstgahlara çevrilir!.."
Aşığa "el anası" deyiblər. Bu yöndə
götürsək Şakir hər kəsin demək olar dilini
bilirdi. Hər adamın nəbzini tuturdu.
Dünyada aşıq dili qədər şirin bəlkə
heç nə yoxdu. Şakirin yüyürək dili bir az da irəli gedib, ilanı yuvasından
çıxarardı.
Deyirlər
özü barədə belə deyibmiş: "Düşmənim
əlində silah üstümə gələ haa, qorxum yoxdu. Dilim dilinə dəysə bəsidi, əli
boşalıb düşəcək".
Onlarla aşıq vardı o zaman
özünü-sözünü, yerişini,
otruşunu-duruşunu Şakirə bənzədirdi və
bununla da fəxr edirdi. Aşıq Pənahdan, Məmmədağadan tutmuş
Aşıq Mahmuda, Əvəzxanacan! Şakirin
ifa etdiyi "Boylana-boylana" ustad Pənahda
"Dolana-dolana" olmuşdu. Məmmədağanın,
Baratın, Şərbətin lentə aldırdığı
bir çox mahnıların ilk ifaçısı Şakir
olmuşdu. Oxuyanda Şakiri
yamsılayırdılar. Xanəndə Eynulla Cəbrayılovun
repertuarısa başdan-başa demək olar Şakirinkiydi: Həmin
havalara o, xanəndə nəfəsi qatıb oxuyurdu.
Şakir bilirdi səsi fitridi, İlahidəndi. Hara istəsə
çəkə bilər. Bəzən səsiylə
açıq-aşkar məzələnirdi... Ciddiləşəndə
amma ana körpəsiylə oynadığı kimi
oynayırdı. Səsini
öpürdü, dişdəyirdi, oxşayırdı. Bununla belə, elat sadəliyindəydi. Qulağı el-obadaydı, öyrənirdi. Çalışırdı, tər
tökürdü. Səsinə,
sözünə yeni çalarlar qatırdı,
davranışına fikir verirdi, artıq-əskikliyi
olmasın. Xanəndələr, aşıqlar bu
ifadakı "şahlıq zirvəsi"ni
görmək istəyəndə filarmoniyaya gəlib qabaq yerləri
tutardılar.
Şakir kimi şövqlə oxuyan ikinci bir
aşığı, xanəndəni doğrudan da görməmişdi
Faruq.
Zövqsüz-şövqsüz, duzsuz, şit
oxuyanlar Şakiri əlbəttə bəyənməyəcəkdi.
Onu ilhamlandıransa eşq idi, eşq! Təpədən
dırnağa "eşq" içindəydi Şakir.
Məclisi görürdü. Birdən-birə oxuduğu havanı elə
çöndərirdi heç kəs bu qeyri-adiliyin fərqinə
varmırdı. Həmin "fantastika"nın
elmi yozumu da yox idi, sadəcə fantastika idi, yozumunu verə
bilmirdilər. O hava məlum havacat üstündə ancaq
Şakirə məxsus olurdu. Duzsuz oxuyanlar amma
sözü elə bil göyşəyirdi. Ağızı yoxuşa dirənən zaman
töyşüyürdü. Əslində
onlar baş girləyirdi. O binəvalar yenə dərk
etmirdi, həqiqi sənətin resepti yoxdu.
Doğrudu, Şakir nəhəng Nil kimi axmırdı. İtil
çayı kimi də zümzüməli çay deyildi.
Aralıq kimi də dəniz deyildi. "Trafaret"lər önündə bəlkə kanal
kimi görünürdü. Amma bu elə
kanal idi dənizləri, okeanları özündə birləşdirirdi.
Eynən də Suveyş kimi! O məkanda daimi olaraq dənizlər,
okeanlar dalğalanırdı.
Faruq bilirdi səsi olmayan kəslər səsi olanları
niyə bəyənmir?! Kibrli insanlar qısqanc olur. Orda-burda "əmma" qoyur, kompromat düzəldir,
şayiə yayır, kimisə el gözündən salmağa
çalışır. Bu gizli həsədlər,
qısqanclıqlar hardan qaynaqlanıb gəlir, İlahi? Sənət adamları niyə bir-birini "həzm
edə" bilmir? Öləndən sonra
amma yalandan vaysılanırlar.
Şakir bir yandan insanlara əl tuturdu, o biri yandan saat dəqiqliyiylə
işləyən səsinin sehrinə oxuya-oxuya cibləri
"soyur"du, "soyundururdu". Olurdu "kasıb" da o birilərə
baxıb el ayağından sonuncu "əlliliyi" nəmər
uzadırdı. Sehrbaz Şakir o dəqiqə bilirdi
bu içki havasınadı. Ya elə-belə,
"fanat"ıdı, ürəyi açılıb.
Pulun yalnız bircə manatını
götürərdi. Qalığını
ovcundakı nəmərdən qaytarardı.
Aşıq Şakir ilin on iki ayının 12-sini də
demək olar toylardaydı (Orucluq xaric!). Toy dəftərində
ilin ayları, günləri dolu olardı. Həftənin
bir günü "hamam günü"ydü. Üzündən keçə bilmədikləri həmin
günü də əlindən alardı. 50-60-70-ci
illərdə hər gün olmasa da, günaşırı
efirlərdəydi. Hamı öz məclisini
şirin görmək istəyəndə Şakiri
arzulayardı (hətta İran şahı Məhəmməd
Rza şah da!).
Sənətə o ağır müharibə illərində
gəlmişdi Şakir. Ağır-ağır da olsa o
ağrı-acılar əriməkdəydi. Amma
"Müharibə yaraları"nı
ovuda biləcək isti bir səsə, doğma nəfəsə
ehtiyac vardı göz yaşını qurutsun. Şakirin
səsi bu missiyanı yerinə yetirirdi sanki. Ölümlü-itimli dünyanın rənglərini
göstərirdi. Sevinclə kədərin
qoşa doğulduğunu hər kəsə diktə edirdi.
Faruq görürdü, şahidiydi pəsxanlar səsini
"şax" saxlamaqdan ötrü hansı oyunlardan
çıxır. Boğaz tellərinə az
qalırdı zəy vursunlar. Ya bəlkə kraxmala
qoysunlar, şax qalsın. Gecədən
şərbət düzəldib sübh tezdən içirdilər,
səs telləri yuyunub arınsın. Titrəyiş
tapsın! Şakirin səsi amma İlahidən
titrəyişliydi.
Zilxanlar vardı səsinin başını açıb
buraxırdı, mizan tuta bilmirdi. Cilovu
yığmağa çətinlik çəkirdi. Arada caydırırdı, xoruz buraxırdı. Xaric oxuyurdu. Zildə dedikləri
başa düşülmürdü. Amma
özünün səsini hünərdən sayırdı.
Şakirin səsi zildə də, pəsdə də
eyni axarla axıb gedirdi. Elə bil də
oxumurdu, sadəcə söhbət edirdi. Havanın
obrazını yaradırdı, təqdim edirdi.
"Talant" dediyimiz elə bu deyilmi?..
Var, "vergili" sənətçilər,
oxuduğunu nidalarla çatdırır. Bir də var
"vergüllü" sənətçilər! Oxuduqca da
vergüllər düzür!
Şakirin Şirvan aşıq-muğam mühitindən
götürdükləri, üstə gəl, Bakı məktəbindən
öyrəndikləri, Qazax-Borçalı-Qarabağdan mənimsədikləri
səsini, sözünü, məclislərini şirinləşdirə-şirinləşdirə
intəhasızlığa çatdırmışdı.
O,
yaxşı bilirdi sənət canlıdı, eynən dəniz
kimidi. Nələrisə götürüb
özünə qatır, nələrisə vurub kənara
çıxarır. Sənətdən xəbəri
olmayanlardı sahildəkiləri
görüb-götürür, uşaq kimi
çör-çöpdən evcik qurub oynayırlar. Canlı dənizdən xəbərləri yoxdu.
Bu yerdə Şah Xətainin iki misrasını
xatırlayır Faruq:
Ləl
daşını çay daşına
Qatma,
qardaş, kərəm eylə!
***
Peyğəmbər kimi o da qızılgülü
sevirdi.
Berluskoni kimi "aşk" bəlasının
giriftarıydı. Gerçək aşiq idi...
Meydan sinəsini,
mina gərdənini sevirdi! İncə bellərini,
şirin dillərini, Molla Pənah Vaqif kimi "qızıl
qolbaqlı" qollarını sevirdi. Ələsgər
kimi "gül əndam"larını sevirdi.
Şair
Əliağa Vahid həmin gözəllərdən birini
görüb belə yazmışdı: "Vahid, deyirlər
ki, aşıq Şakiri, eşqin bəlasına saldı bu
ceyran!.."
Belə nəql edirlər, İsmayıllıda
(Diyallıda, ya Quşencədə! Ya hansı bir kənddəsə!)
Şakirdən yana bir gəlin günbəgün
şişirmiş. Cürbəcür həkimlərə
aparıblar, çarəsi tapılmayıb. Axırda gəlin çəkinə-çəkinə
özü bu sirri qaynanasına açmalı olub.
Şakirin ardınca yollanıblar. Aşığı
tapıb xəstənin üstünə gətiriblər.
Şakir əlini xəstənin alnında gəzdirib deyib: -
"Anamsan mənim! Bacımsan mənim! Vallah səndə
heç nə yoxdu. Sabahda, birigündə sağalıb işinə
yollanacaqsan".
Deyirlər gəlinin halı gerçəkdən də
düzəlib.
Əl-ayağındakı şişlər
çəkilib. Get-gedə normal həyata
qayıdıb...
Şakirin səsi, sazı, sözü və özü
hardasa da bir-birini tamamlayırdı. Sazını çox
aşıqlar çalmağa çalışıb.
Sadəcə, arada su bulandıranlar vardı. Elə indi də
var. Bunun dəfələrlə şahidiydi Faruq.
Köçünü zorla yola verənlər deyirdi: -
Şakirin sazı çalınmır!..
Bu iradda müəyyən həqiqət də vardı. Çünki
o biri bölgələrə baxanda Şakirin sazı
doğrudan zəif görünürdü. Bu təkcə Şakirin yox, bütöv bir bölgənin
qüsuruydu. Pərdədə gəzən
barmaqlar diri gəzmirdi. Ev quşuydu sanki,
qanad açsa da, uzağa uçmurdu, uça bilmirdi. Bu isə dəstəbazlara dil verirdi.
Şakir
həmin irada 10-12 lent yazısı ilə cavab verdi.
Sazın səsi artıq Şakirin səsinə
qoşulub yeni bəzəyə çevrilirdi.
Bir dəfə Şakir filarmoniya səhnəsində nəyisə
danışırdı. Arada baş barmağıyla "Təcnis"
gülü vurdu. Faruqla yanaşı əyləşən
aşıq oğlu Şəmşad Rzanı heyrət
bürüdü. Dedi, Faruq, gördün necə gözəl
"təcnis" barmağı elədi?! Və
qucaqlayıb Şakirin əvəzinə Faruqu öpdü.
Bu nida elə bil aşığın özünə də
əyan oldu. Həmin axşam oxuduqlarını ancaq sazın və
balabanın müşayiəti ilə oxudu.
Ən
aşağı "sort"dan olan aşıqları,
balabançıları bu "müstəqillik illərində"
tərifləyib göyə qaldırırlar. Halbuki
onların heç biri nə Şakirin, nə Həsrətin,
nə də Ağasəflə İzzətalının əlinə
su tökməyə də yaramır. Di gəl tərifləyirlər...
Aşıq Şakirlə bağlı Mərkəzi Komitəyə
(Heydər Əliyevə!) göndərdiyi diləkçəni
Faruq mərhum Mikayıl Azaflıya da
qollatdırmışdı. Mikayıl kişi
Şakirin adını eşidib belə demişdi: - Allah rəhmət
eləsin. Onun bir dənə "Boylana-boylana"sı elə
hər şeyə dəyər! Verin, qol çəkim!
Şakir arada gəzən söz-söhbətə sənətilə
cavab verirdi. Bu təşəbbüsü böyük
Bülbül bəyənirdi, alqışlayırdı. Rəşid Behbudov alqışlayırdı.
Qara Qarayev alqışlayırdı... Çünki
onlar da həmin dönəmlərin yenilikçiləri idi.
***
Deyirlər ölümünə bir neçə ay
qalmış Şakir Ağsu mədəniyyət sarayında konsert
verirmiş. Konsertdən sonra adamlar öz aralarında
danışırmış, "Vallah, bu Şakirin sonuncu
konsertidi, vida konsertidi!"
Faruq belə bir söhbəti də eşitmişdi. Şakir deyirmiş: "Məni
öləndən sonra axtaracaqlar!"
Gerçəkdən də belə olmuşdu. Əsli
Qubadlıdan olan Əsgər Eyvazoğlunun tələkə
"Moskviç"iylə Faruq çox yerləri gəzib
dolaşmışdı. Bəlkə Şakirin
hansısa yeni lent yazısına rast gəldi. Ələ gələni
köçürtdürüb "qızıl fonda"
saldırsın.
Şamaxının
Quşçu, Çaylı, Göylər kəndindən,
Ağsunun "Qəşəd"indən, "Padar-Çöl"ündən,
altı nəfər Sosialist Əməyi Qəhrəmanı
olan Bico kəndindən əldə etdiklərinin heç biri
işə yaramadı. Televiziya-Radio Komitəsinin
arxivini axtartdırdı, əli boşa çıxdı.
Əlacı qaldı qırıq-qurtuq
yazılara. Amma heyif, adamı halbahal edən
o yazılar da yarımçıq idi. Əldə
olanların demək olar heç biri işə yaramadı.
İndi təkcə Şakirdən yox, Şirvan
oxuyanlarının heç birindən tutarğa olası bir
yadigar qalmayıb. Mirzə Məhəmmədhəsəndən, Mirzə
Bilaldan, aşıq Şakirdən, Pənahdan, Bəylərdən,
Məmmədağadan!... O vaxtın
"çadır" toyları haçandı unudulub. Faruq əlbəttə,
buna acıyırdı...
Dastançı aşığımız Xanmusa Musayevin
dilindən bir dastanı lentə aldırdı Faruq. Kiçik də
olsa yadigar qalsın. Xanmusa amma ayrı
yöndə aşıq idi. Şakir tamam ayrı! O adi əhvalatı
da böyük şövqlə, özü də yumorla
danışardı. Oxuduqca da halbahal edərdi.
Bir dəfə hacı-molla-şair Şərbalının
dilindən belə bir sözü eşitmişdi Faruq. O demişdi, "Gülverdi
müəllimin ölümündən sonra mən indi
bütün ölümlərə adi baxıram!". Həmin sözü elə
aşıq Şakir barədə də söyləmək
olar. Sap-sağlam Şakiri gerçəkdən
ölümə yaraşdırmaq olmurdu! Onun sənəti
təkrar olunmayacaq.
***
Koroğlunun
bir dəli
nərəsi vardısa
Aşıq
Şakirin zildə
dəli
bir zənguləsi vardı...
Elə-belədə
elə
bilərdin Xan Eyvazdı
Aşıq
Şakirə
nə qədər
tərif söyləsələr
vallah
azdı...
Oktay Şamil
Ədəbiyyat qəzeti.- 2023.- 11 fevral.- S.16-17.