Acı sınaq  

 

6 fevral 2023-cü ildə qardaş Türkiyədə

son 120 ilin ən dəhşətli zəlzələsi baş verdi

 

Zəlzələ... dağıntı... itkinlik... ölüm...

Deməyin bu dərdi bölən olmadı...

Qaraya büründü millətim, elim,

Bəla hardan gəldi - bilən olmadı...

 

Bir yandan boz tüpü, bir yandan yağış,

Yel əsir bəyaz qar əprimlərilə.

Yerə soyuq dəyib bəlkə bu qış;

Hərdən çabalayır depremlərilə...

 

Bu, necə bir şərin əmsalı, görən?!

Yoxsa bir seysmik suçmu, qınaqmı?!

Ya bir qərarsızmı qərarı verən?!

Qəfil fələk çəkən acı sınaqmı?!.

 

Uca dağlarımın qəddi bükülüb,

Quşlar qan ağlayır gözlərim kimi...

Donmuş şəlalələr sınıb-tökülüb

Dilimdə qırılan sözlərim kimi...

 

Mizrabla çırpılan amansız hökmü

Tarımda titrəyib car edir kök sim!..

Kövrək ovqatımın hüzn hakimi...

Yarğanlı ümmandır yaralı köksüm!..

 

Aman, bu fəryad, bu sitəmdir,

Özül , divar da, daş da ah çəkir?!

Ruhumuza çökən elə bir qəmdir

Onu güc sahibi bir Allah çəkir!..

 

Böyüyüb, ucalıb bir ər olası

Neçə qırğı gözlüm yaş altındadır...

Yağılar gözünə neştər olası

Cavanlar, cocuqlar daş altındadır...

 

Əlləri qoynunda ata-analar

Qədim ulusun bel büküşü deyil...

Mərtəbə-mərtəbə çökən binalar

Basılmaz bir yurdun çöküşü deyil!..

 

...Yeddi günlük matəm... Keçəcək o da,

Keçsə bizimdir ağrı-acılar...

Nələr itirsə ötkün dünyada,

Ümid itirməsin qardaş-bacılar!..

 

Dön, bax ulu, dözgün genlərinə ;

Sənsən sərt sınaqlar içrə bərkiyən...

Sıxılma kədərli günlərinə ,

Qoy başın sağ olsun, məğrur Türkiyəm!

 

07.02.2023

 

Yusif Nəğməkar

 

Ədəbiyyat qəzeti.- 2023.- 11 fevral.- S.14.