Karvan” – musiqili səhra hekayəsi  

 

Sonu görünməyən səhra boyu süst sükutu yararaq hərəkət edən ləngərli dəvələr, üstündə yorğun yolçular, günəşin yaxıb-yandıran istisi, sonra "sakit gölə daş atan" şiddətli qum fırtınası, təbiətin şıltaqlığı ilə ağır mücadilə, vaxt keçdikcə yatışan səhra qumu, getdikcə nöqtəyə çevrilən dəvə karvanı, uzaqlaşan zınqırov səsi... Yəqin ki, "Karvan" simfonik muğamı hər bir dinləyicisinin xəyalında təxminən belə bir təsəvvürdən ibarətdir. Təsviri bunca musiqiləşdirə bilən az əsər, az bəstəkar tapılar. "Karvan" - müəllifinə "böyük bəstəkar" ünvanını qazandıran möhtəşəm sənət əsəri, musiqi ilə yazılmış bir səhra hekayəsidir.

41 yaşında o vaxtkı Azərbaycan SSR-in Xalq artisti (1960) kimi nüfuzlu fəxri ad alan Soltan Hacıbəyov, təbii ki, bir-birindən dəyərli sənət əsərlərinin müəllifidir. Amma "Karvan" Hacıbəyovlar nəslinin layiqli davamçısının şah əsəridir. Bu əsərdə Soltan bəy zərb nəfəs alətləri, simli alətlər qrupundan istifadə musiqi sənətinin ifadə vasitələri ilə dəvə karvanının səfərini böyük məharətlə canlandıra bilib.

Təhsil almaq məqsədilə doğulduğu Şuşadan paytaxta üz tutan gələcək bəstəkar əvvəlcə iqtisadçı olmaq istəsə , bir az içindəki musiqi sevdasından, bir az da müəllimi Üzeyir bəyin təsiri ilə institutu atıb konservatoriya təhsilini seçir. Əlbəttə, istedad faktoru gələcək uğurlar silsiləsini təmin edən əsas amil idi. Lakin Üzeyir Hacıbəyov kimi nüfuzlu sənətkarın qohumu (əmi nəvəsi) olması da, hər halda, rolunu oynamamış deyildi. Bioqrafiyasına nəzər salsaq, Azərbaycan Dövlət Filarmoniyasının 8 il bədii rəhbəri, 7 il direktoru; Azərbaycan Bəstəkarlar İttifaqının katibi (1953-1968) Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1969-1974) vəzifələrində çalışdığını görərik. Soltan Hacıbəyovun tutduğu vəzifələr milli musiqi mədəniyyətimizin inkişaf tarixindəki sanballı yerinin göstəricisidir. Bununla belə, onun sənət yolu heç həmişə hamar, maneəsiz olmayıb.

Konservatoriya təhsilini başa vurduqdan sonra orada 1 il müəllim işləyən Soltan bəy Moskva konservatoriyasının aspiranturasına, dahi bəstəkar Dmitriy Şostakoviçin sinfinə daxil olur. 1 il sonra - 1948-ci ildə kommunist partiyasının ədəbiyyat incəsənət haqqında bədnam qərarı ilə repressiyaların başlanması əksər işıqlı gənclər kimi, onun da yolunda sipərə çevrilir. D.Şostakoviç kimi böyük sənətkar müəllim konservatoriyadan qovulur; bir sıra bəstəkarlarla yanaşı, S.Hacıbəyovun "Karvan"ı da daxil olmaqla, bütün əsərlərinə qadağa qoyulur. Amma əlbəttə, ən zülmət gecənin belə sabahı açılır mənhus ideologiyanın sənətin qarşısına çəkdiyi sədlər bir gün aradan qaldırılır.

"Karvan" müəllifinə dünya şöhrəti gətirən, Azərbaycan sərhədlərini aşıb okeanın o tayında belə, musiqimizi sevdirən, alqışlar qazandıran dəyərli əsərlərdəndir. Keçmiş Sovetlər İttifaqında məşhur olan Soltan Hacıbəyov 1945-ci ildə Türkmənistan Dövlət Opera Balet Teatrının sifarişi ilə "Kəminə qazı" operasını yazmağa başlasa da, hansı səbəbdənsə işi başa çatdırmır. Bu əsər üçün yazılmış musiqi parçaları içərisində Orta Asiya mənzərələrini, obrazlarını təsvir edən orkestr lövhəsi əsasında müəllif "Karvan" simfonik lövhəsini yaradır. 1952-ci ildə bəstəkar əsərin yeni, hazırkı redaksiyasını işləyib hazırlayır. 1955-ci ildə son variant Niyazinin dirijorluğu ilə lentə alındıqdan sonra isə "Karvan" dünyaya ayaq açır. ABŞ-nin məşhur skripkaçısı Sidney Hort "Şur" muğamının "Hicaz" şöbəsi üstündə bəstələnmiş bu təkrarsız əsəri dinlədikdən sonra müəllifinə göndərdiyi məktubunda yazırdı: "Sizin "Karvan"ınız çox cazibədardır. Bu gözəl əsərin gözəl instrumentovkası da müəllifə layiqdir. Həyat eşqi ilə dolu, dərin məzmunlu bu əsəri Çikaqo şəhərində Evanston orkestri böyük məharətlə ifa etmişdir".

Soltan Hacıbəyov Azərbaycanı dünyanın müxtəlif ölkələrində ləyaqətlə təmsil edən müstəsna sənətkarlardandır. Təkcə elə dünyanın ən mötəbər konsert salonlarının səhnəsindən səslənən "Karvan" əsəri Azərbaycan musiqisinin möhtəşəmliyini, sənətkarımızın musiqi duyumunu dünyaya nümayiş etdirmək iqtidarındadır.

 

Mətanət VAHİD

 

Ədəbiyyat qəzeti.- 2023.- 11 fevral.- S.12.